22 aprel 2023-cü ildə Şuşa rayonunun Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış minaya düşərək partlamışdır. Hadisə nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb. Müdafiə Nazirliyinin mühəndis-istehkam bölməri tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2 ədəd tank əleyhinə və 19 ədəd piyada əleyhinə mina aşkar edilib.

Bu hadisə ilk belə fakt deyil. Ermənistanın "mina terroru" 44 günlük müharibədən(2020-ci il) sonra daha böyük fəsadlar törədir. Təkcə son 7-8 ayın xronologiyasına baxsaq dediklərimiz təsdiq olunar.

♦ 31 avqust 2022-ci ildə yayılan məlumata görə, 2022-ci ilin yalnız 15-31 avqust zaman aralığında Laçın rayonu ərazisində 1 318 ədəd “PMN-Э” növlü minalar aşkar edilib. (istinad)

♦ 05 oktyabr 2022-ci ildə yayılan məlumata görə, erməni təxribatçılarının Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib. (mənbə) Bildirilib ki, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd "PMN-Э" tipli piyada əleyhinə və 4 ədəd "TM-62M" tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd "PMN-Э" tipli piyada əleyhinə mina aşkar olunub. 

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə "PMN-Э" tipli 5 ədəd tələ-mina aşkarlayıb. mənbə

♦ Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlayıb. Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə "PMN-Э" və 9 ədəd tank əleyhinə "TM-62" tipli minalar aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. mənbə

♦ Avqust-noyabr ayları ərzində Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb. Qeyd olunub ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. mənbə

♦ Noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.

Bu faktlar hədsiz çoxdur. Biz faktyoxla lab. olaraq qeyd edilən piyada əleyhinə minaların Ermənistan istehsalı olması faktını dəqiqləşdirməyə çalışacağıq.

Bunun üçün 10 ildən artıq müddətdir fəaliyyət göstərən partlamamış hərbi sursatlar üzrə ixtisaslaşmış “Collective Awareness to UXO” (Partlamamış hərbi sursatlar üzrə kütləvi maarifləndirmə) saytına diqqət etmək lazım gəlir. Həmin saytın axtarış bölümündə "Ermənistan" yazıb axtarış versək bu ölkədə istihsal olunan və kütləvi tətbiq edilən minaların siyahısı və haqlarında məlumat ala bilərik. İkinci cəhddə isə yenə həmin saytda “mina istehsal edən ölkə” qrafasında “Ermənistan”“tətbiq edildiyi ölkə” qrafasında isə “Azərbaycan” yazıb, axtarışa versək Z-001M (З-001M) tipli piyada əleyhinə mina aşkar olunur.

Bu mina haqqında məlumat bölümündə isə yazılır: "Bu, Z-001M (З-001M) minası Ermənistan istehsallıdır. Yüksək partlayıcı (HE) effektli, piyadaları yaralamaq və öldürmək üçün nəzərdə tutulmuş minadır. Bütün göstəriciləri Rusiya istehsalı olan “PMN” minasına uyğundur". 

Ermənistanın piyadalar əleyhinə minaların qadağan olunması üzrə Konvensiyalara məhəl qoymaması beynəlxalq təşkilatlar və bu sahə üzrə ixtisaslaşmış qurumlar tərəfindən də təsdiqlənir.   

“Landmine Monitor” və “İnternational Campaign to ban landmines” təşkilatlarının birgə hessabatında “İmza atmayanlar- Ermənistan” bölümündə qeyd olunur ki, münaqişə nəticəsində mübahisəli Dağlıq Qarabağ bölgəsində təxmini 100 min ədəd mina var. (U.S. Department of State, Hidden Killers, September 1998, p. A1). Bundan başqa, Ermənistan-Azərbaycan sərhədi boyunca 6-8 min ədəd minaların döşənməsi də təxmin edilir. ( Felix Corley, "Landmine Use Now Set to Continue", Jane's Intelligence Review - Pointer, Vol. 5, No1, 1 January 1998, s. 2. ) Həmçinin ABŞ Dövlət Departamenti 1993-cü ildə Ermənistanın Türkiyə və İranla sərhədləri boyunca naməlum miqdarda minaların olduğunu bildirmişdi. (ABŞ Dövlət Departamenti, Gizli qatillər, iyul 1993, s.48.) 

Hesabatda qeyd olunur ki, Ermənistan 1996, 1997 və 1998-ci illərdə BMT Baş Assambleyasının qətnamələrinin lehinə səs verib və müqavilənin hazırlıq görüşlərində iştirak edib. Lakin 1997-ci ilin iyununda müqavilə tərəfdarının Brüssel bəyannaməsini dəstəkləməyib və sentyabrda keçirilən Oslo müzakirələrinə qatılmayıb. Bir sözlə Ermənistan 1997-ci il “Minaların qadağan olunması” müqaviləsini imzalamamışdır. Dekabr ayında Ottavada müqavilə imzalanması konfransına isə müşahidəçi qismində iştirak etmişdir. Ermənistan nümayəndə heyəti müqavilə imzalama konfransında demişdi: «Ermənistan öz təhlükəsizlik məsələləri ilə bağlı fikirlərindən asılı olaraq, hesab edir ki, piyada əlehinə minalarının insan və sosial xərcləri onların hərbi əhəmiyyətindən qat- qat üstündür... Ermənistan Konvensiyanı dəstəkləyir və müqavilənin təminatlarına uyğun tədbirlər görməyə hazırdır.... Ermənistanın Konvensiyada tam iştirakı regionun digər tərəflərinin də müqaviləyə riayət etmək və onun rejiminə əməl etmək kimi siyasi öhdəliyinin oxşar səviyyədə olması ilə bağlıdır". (Ottava, 4 dekabr 1997-ci il. Müqavilə İmzalama Konfransı və Mina Fəaliyyət Forumunda Ermənistan nümayəndə heyətinin bəyanatı, Felix Corley, "Landmine Use Now Set to Continue", Jane's Intelligence Review - Pointer, Vol. 5, No1, 1 January 1998, s. 2. Həmçinin baxın: "Ermənistan minaları qadağan etmək istəmir", RFE/RL Newsline, 18 November 1997.) 

Ermənistan 1980-ci ildə qəbul olunmuş “Konvensional silahlar haqqında Konvensiyanın” (CCW) da tərəfdarı deyil. Ermənistan Cenevrədə keçirilən "Silahsızlaşma üzrə Konfransın" (CD) üzvü olmasa da, minalara qlobal qadağa qoyulması üzrə danışıqların mərkəzi forumu olduğuna inandığını bildirib.  Münaqişənin birinci mərhələsi zamanı, yəni 1989-1990-cı illərdə ermənilər minalardan geniş istifadə edirdilər. 1992-ci il mayın 15-də imzalanmış Daşkənd razılaşmasının nəticəsi olaraq, ermənilər Rusiyadan piyadalar əlehinə minalar almışdır. Ermənistanın beynəlxalq mina aksiyaları proqramlarına nə töhfə verdiyi hələ məlum deyil. Ermənistan mina təmizləməsi üçün istifadə edilə biləcək sovet avadanlıqlarını miras alıb. ( U.S. Department of State, Hidden Killers, July 1993, p. 48.) 

Yekun olaraq, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur.

Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir. 

Əlavə mənbələr: apminebanconvention.org mineactionreview.org the-monitor.org