ABŞ və Avropanın çap və vizual mediası seçki günü yaxınlaşdıqca, Türkiyə və Prezident Ərdoğana qarşı qalmaqallı yazıların və başlıqların dozasını artırırlar.

Son zamanlar Amerikanın “Foreign Policy” jurnalı, “The Wall Street Journal”, “The Economist”, “Bloomberg”, “Washington Post” və nəhayət Almaniyanın “Stern” jurnalı natamam, təhrif olunmuş və yalan xəbərlərlə Türkiyəni və Prezident Ərdoğanı hədəf alır (mənbə).

Bundan başqa, BBC-dən “The Economist”ə, “Foreign Policy”dən “Le Monde”a, “Washington Post”dan “Financial Times”a qədər demək olar ki, bütün media prezident Rəcəb Tayyib Ərdoğana qarşı “qara piar”a başlayıb.

Məsələn, Britaniyada nəşr olunan “The Economist” jurnalı 14 may seçkilərini üz qabığına çıxarıb. Jurnalın “2023-cü ilin ən əhəmiyyətli seçkisi” başlıqlı yazısında AK Partiya hökumətinin 14 May seçkilərində məğlub ola biləcəyi şərh edilib. Həftəlik beynəlxalq münasibətlər və iqtisadiyyat jurnalı bu nömrədə Kılıçdaroğlunu “ürəkdən” dəstəklədiklərini bildirən məqalə dərc edib. Jurnal, üz qabığında “2023-cü ilin ən mühüm seçkisi” yazaraq “Demokratiyanı xilas et”, “Ərdoğan getməlidir” və “Səsindən yararlan” etiketlərindən istifadə edib (istinad).

BBC “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə hazırladığı müsahibəyə "Təhlükə fərqli formalarda gəlir. Türkiyənin uzun müddətdir lideri olan Rəcəb Tayyib Ərdoğan üçün bu, sabiq dövlət məmurunun əlləri ilə düzəltdiyi ürək emojisi şəklində gəlir” cümləsi ilə başlayır.

Fransanın “Le Point” jurnalının qalmaqallı üz qabığında “Ərdoğan, digər Putin” yazılıb. Xəbərin spotunda isə "Putin kimi “islamçı prezident” də imperiya xülyasının arxasınca qaçır və öz avtokratik meyllərini açıq şəkildə ortaya qoyur. Seçkilər ərəfəsində dünya nəfəs alaraq gözləyir” kimi nifrət dolu cümlələrə yer verilib.

Fransanın digər jurnalı “L'Express” “Ərdoğan, xaos riski” başlıqlı üz qabığı ilə çıxıb. Üz qabığında “Avropa, qaçqınlar, Yaxın Şərq...” sözləri ilə yanaşı, “Türkiyə: Bütün təhlükələrin seçimi, Putinlə razılaşma” kimi təxribat xarakterli ifadələrdən  istifadə edilib.

“American Foreign Policy” jurnalı “Türkiyə seçkiləri azad və ədalətli olmayacaq” başlığı ilə dərc etdiyi təhlildə “Yalnız müxalifət qalib gələ bilər” deyərək Ərdoğana qarşı olduğunu bildirib.  (istinad).

Faktyoxla Lab. ABŞ və Avropanın çap və vizual mediasında Ərdoğan əleyhinə yazıların dərc olunmasının səbəblərini araşdırıb.

Əvvəla, qeyd edək ki, 2023-cü il seçkiləri öncəsi keçirilən bütün sorğular göstərir ki, prezident Ərdoğanın reytinqi sürətlə yüksəlir. Belə olan təqdirdə Qərbin, Ərdoğanın seçki qutusu önündə məğlub olacağı ilə bağlı ümidləri də ölür. Elə buna görə də, hər tərəfdən Ərdoğana qarşı hücuma keçiblər.

Xəbərlərində “qərəzsizlik” prinsipinə məhəl qoymayan, tərəddüd etmədən prezident Ərdoğanın ünvanına böhtanlar yazan Qərb mediası “Türkiyədə müxalifət qalib gəlməlidir” başlıqları ilə “altılı masa”nı təbliğ edirlər (istinad).

Əslində, Qərb mediasında tez-tez rast gəlinən, lakin xüsusilə seçkilər öncəsi yüksələn belə xəbərlər ölkədə ictimai quruluşu manipulyasiya etmək məqsədi daşıyır. Ekspertlər də Türkiyənin 2023-cü il prezident seçkilərinə getdiyi bir vaxtda Ərdoğana qarşı “qara piar”ın kampaniyaya çevrildiyinin açıq şəkildə diqqət çəkdiyini bildirirlər. Müxtəlif ölkələrin KİV-lərində dərc olunan bu xəbər-şərhləri diqqətlə araşdırdıqda, görürük ki, bu cür xəbər-şərhlərin bütün mətnlərində ilk baxışdan nəzərə çarpmayan birlik var və onlar bir-birini tamamlayırlar. (istinad).

Əslində, mövzu ilə bağlı ən yaxşı müşahidəni Yaxın Şərq üzrə ekspert Kristof Hörstel 2018-ci ildə edib. Ərdoğana qarşı düşmənçiliyin dünyaya hakim olan kartellərin oyunu olduğunu deyən Hörstel müxbirin “Niyə Ərdoğanı vurmaq istəyirlər” sualına “Ərdoğanı, onların oyununa çomaq soxduğu, ABŞ və PKK-nın ölkəsini bölməyə izn vermədiyi üçün vurmaq istəyirlər” cavabını verib.

Fransada son illərdə müsəlmanlara qarşı tez-tez yazılar dərc edən, beləliklə də onların hüquqlarını pozan həftəlik “L'Express” jurnalı 4 may tarixli sayında prezident Ərdoğanın 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumundan sonra demək olar ki, bütün səlahiyyətləri bir əldə topladığını iddia edir. Jurnalın digər məqaləsində “diktator” və “avtokrat” kimi xüsusiyyətlərdən istifadə edilir. (istinad)

Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin atdığı gedişləri saysaq, Qərb mediasının dərdini anlamaq olar. Türkiyə xarici siyasət sahəsində ən aktiv dövrlərdən birini yaşadığı bir vaxtda, məhz bu siyasət Qərb mediasında tənqid olunur və mənfi gündəmə çevrilir. Məsələn, Türkiyənin qanuni Liviya hökumətinə dəstəyi və bəzi sahələrdə əməkdaşlığı, Qarabağın azad edilməsindəki rolu və Azərbaycan-Ermənistan sülh danışıqlarını təşviq etməsi, Suriyada humanitar böhrana son qoymaq üçün siyasi həll təşəbbüsləri, Rusiya-Ukrayna müharibəsində oynadığı konstruktiv rol xalqlar tərəfindən yüksək qiymətləndirilir. Bu da Qərb mediasını qane etmir, ona görə də tənqid edirlər.

Türkiyənin müsbət töhfə verdiyi bu regional problemlər Qərb mediasında əksinə - Türkiyənin “silahlı müdaxiləsi” kimi şərh olunur. Bu çıxışlar həm beynəlxalq, həm də Türkiyə ictimaiyyətinə mesajlar ehtiva edir. Bununla demək istəyirlər ki, Türkiyə üzünü Qərbin istəmədiyi səmtə çevirir.

Məsələni dəyərləndirən “Sabah” qəzetinin yazarı Burhanəddin Duran Qərb mediasının seçkinin son həftəsində prezident Ərdoğana qarşı kampaniyanı sürətləndirdiyinə diqqət çəkərək, haqlı olaraq, “Uyumlu və itaətkar Türkiyəni istədikləri, Ərdoğanın  milli maraqlara əsaslanan aktiv siyasətindən, beynəlxalq sistemin dəyişən tarazlığında təsirli olacaq hərəkətlərdən narahat olduqları üçün onu sevmirlər”- deyib

“Aydındır ki, Ərdoğanın uduzması və Kılıçdaroğlunun qələbəsi Qərb paytaxtlarının marağındadır.“S-400”-ləri depoda saxlayacaq, Rusiya ilə münasibətlərdə qərbçi davranacaq, NATO-dan gələn tələblərə “hə” deyəcək, YPG ilə bağlı fərqli siyasət yürüdəcək müxalif iqtidar Qərb üçün daha məqbuldur”, - Qərbin media vasitəsilə Ərdoğana hücumuna daha bir reaksiya isə Kommunikasiya naziri Fahrettin Altundan gəlib.

Altun, "Ölkəmiz buxovlardan qurtulduqca, Qərbə əsaslanan hücumların şiddətinin artdığını müşahidə edirik. Cənab Rəcəb Tayyib Ərdoğan millətimizin mənafeyini ön planda tutduqca, Qərb mediası da tərəfsizlik prinsipinə məhəl qoymur” ifadələrini işlədib. (istinad)

Tək biz yox, bir çox yerli və xarici şəxslər deyir ki, bu, təkcə Türkiyənin deyil, dünyanın taleyini həll edəcək bir seçkidir. (https://en.qantara.de/content/elections-in-turkey-the-end-of-the-erdogan-era).

Yekun olaraq:

- Qərb mediasının Ərdoğan əleyhinə yazılar dərc etməsi, əlbəttə ki, yeni bir hadisə deyil.

- Bu yazılar və şərhləri diqqətlə araşdırdıqda onların ümumi “beyin mərkəzləri”nin tezisləri ilə yazıldığı dərhal aydın olur.

-Türkiyənin müstəqil xarici siyasəti bu mərkəzləri narahat edir və bu səbəbdən Ərdoğana hücum edir, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün cəmiyyətə təsir etməyə çalışırlar.