Azərbaycan və Türkiyə böyük iqtisadi hədəflərinin əsas atributlarından biri olan qarşılıqlı ticarətin artırılmasını stimullaşdıran Preferensial Ticarət Sazişinin bəndlərinə yeni əlavələr edib. İyunun 6-da Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında” Protokola əlavə və dəyişikliklərin təsdiq edilməsi ilə ticarət imtiyazlarının dairəsi genişləndirilib. 

Sazişə dəyişikliklərdə məqsəd nədir?

Dəyişikliklərin mahiyyətindən əvvəl “Preferensial Ticarət Sazişi” barədə qısa məlumat verək. Bu tipli sazişlər müxtəlif mallar üzrə tariflərin azaldılması və ya ləğv olunmasını, para-tariflərin və qeyri-tarif maneələrinin ləğvini, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsini və təşviqini nəzərdə tutur. Saziş bir-biri ilə sıx müttəfiqlik edən ölkələr üçün mal mübadiləsinin mühərrikliyini ilbəil artımını sürətləndirməyə xidmət edən iqtisadi alətlərdən biridir.

Azərbaycan və Türkiyə əsaslı bünövrə üzərində qurulmuş ticarəti şaxələndirmək və yeni bazar konyukturalarını əlaqələndirmək məqsədilə 2020-ci il fevralın 25-də “Preferensial Ticarət Saziş”inə imza atıbdır. İlk mərhələdə bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının qarşılıqlı idxalına tətbiq edilən gömrük rüsumlarının azaldılmasına qərar verilib. Hər iki ölkənin parlamenti və dövlət başçıları tərəfindən təsdiq edildikdən sonra 2021-ci il martın 1-dən qüvvəyə minmiş sazişə əsasən, güzəştli mal qrupu nomenklaturasına 15 məhsul daxil edilib. istinad

İki qardaş ölkə sonrakı dövrdə ticarətdəki artan müsbət dinamikanı və bir sıra ehtiyacları nəzərə alaraq güzəşt paketinin əhatəsini daha da artırmaq qərarına gəlib, qarşılıqlı əməkdaşlıqdan maksimum faydalanmaq üçün sazişin əhatə etdiyi məhsul siyahısına yenidən baxılması və genişləndirilməsi zərurətini nəzərə alaraq yeni təşəbbüslə çıxış ediblər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Türkiyənin ticarət naziri Mehmet Muş arasında 2023-cü il aprelin 14-də keçirilən görüş zamanı sözügedən təşəbbüslər dəstəklənərək “Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında protokol imzalanıb. istinad


Beləliklə, hər iki ölkənin hökumət üzvləri tərəfindən sazişə əlavələr paketi razılaşdırıldıqdan sonra layihə parlamentə çıxarılaraq təsdiq edilib. Yaxın günlərdə dövlət başçısının sənədi təsdiq etməsindən sonra qüvvəyə minəcək yeni saziş əsasında kənd təsərrüfatı və digər yeyinti mallarının, eləcə də qeyri-ərzaq məhsullarının əlavə güzəşt rejimi tətbiq olunacaqdır. Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıqlar, müxtəlif növ aparaturalar və s. kimi mallar daxildir. Beləliklə, güzəştli mal qrupuna daxil olan məhsulların çeşidi 15-dən 30-a qaldırılmış olacaq. istinad

Preferensial sazişə əlavələr ticarətdə və iqtisadi bağlantılarda hansı əhəmiyyət kəsb edəcək?

Türkiyə və Azərbaycanın başlıca ana hədəfi ticarət dövriyyəsinin həcminin 10-15 milyard dollara qədər çatdırmaqdır. Bunun üçün imkanlar, resurslar yetərlidir və bu hərəkətliliyi artırmağa kifayət edir. Son 2 ildə qarşılıqlı mal mübadiləsinin dinamikası da bunu təsdiq edir. Belə ki, 2022-ci ildə Azərbaycanla Türkiyә arasında əmtəə dövriyyәsinin həcmi 5 milyard 842 milyon dollara bərabər olub.
(Mənbə: Azərbaycan Respublikası Xarici ticarətinin gömrük statistikası. 2022-ci il. Səh 30) 2023-cü ilin birinci yarısında isə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi isə 3 milyard 570 milyon dollar təşkil edib. Yəni, bir aya təxminən 600 milyon dollar ticarət həcmi qeydə alınır. (Mənbə: Azərbaycan Respublikası Xarici ticarətinin gömrük statistikası. 2023-ci il. Yanvar-iyun, səh 30)

Mövcud statistika və qarşılıqlı əmtəə dinamikası ilin sonunda illik ticarət dövriyyəsinin həcminin 7 milyard dollara çatacağını şərtləndirir. Ötən 2 ildə ticarətin həcminin 50 faiz artmasını nəzərə alsaq, yaxın 2 ildə mal dövriyyəsinin həcminin 10 milyard dolları ötəcəyi şübhəsizdir.

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılmasını hədəfləyən fundamental dövlət sazişlərindən biri də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir. Bəyannamənin ən mühüm bəndlərindən biri iqtisadi-ticari bağlantıların uzunillik yol xəritəsini müəyyən edir. Həmin bəndə qeyd edilir ki, “Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər”. 
Göründüyü kimi Şuşa bəyannaməisnin əsas prioritetlərdinən biri olan sərbəst ticarətin təşkili sxemi də “Preferensial Ticarət Sazişi”nin ruhu ilə həmahəngdir və eyni milli hədəflərə fokuslanıb.
Sazişin digər əhəmiyyəti Türk bölgələrinin ticari coğrafiyasının qurulmasında açar rolunu oynaması və yeni çığırlar açmasıdır. Azərbaycan və Türkiyə bölgədə lokomotiv rolunu oynayaraq Türk dövlətlərinin ticarət zəncirinin qurulmasınında bilavasitə təşəbbüskardılar. Məhz bu təşəbbüskarlığın nəticəsi olaraq 2022-ci il noyabrın  11-də “Türk Dövlәtlәri Tәşkilatının hökumәtlәri arasında sadәlәşdirilmiş gömrük dәhlizinin yaradılması haqqında” Sәmәrqәnd Bəyannaməsi imzalanıb ki, sənəd Türk dövlətləri arasında azad gömrük zonasının yaradılmasını, yəni qarşılıqlı gömrük güzəştlərini nəzərdə tutur. istinad

Səmərqənd Bəyannaməsi Türk dövlətləri arasında azad ticarətin konseptini müəyyən etməklə Türk coğrafiyasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni bir modeli olan “ÜTT+” formalaşmasına da zəmin yaradır.  
Sazişə əsasən, Türk dövlətləri çoxtərəfli çərçivədə əməkdaşlığı daha da genişləndirmək məqsədilə ticari-tranzit şəbəkələrini birləşdirmək niyyətindədir. Bu çoxşəbəkəli tranzit ailəsinə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi, Orta və Mərkəzi Asiya arasından yeni magistralların birləşdirilməsi və nəhayət, Zəngəzur dəhlizinin tezliklə açılması daxildir. Xüsusilə də daşınmalarda açar qapılardan hesab edilən Zәngәzur dәhlizi hәm Şәrq-Qәrb, hәm dә Şimal-Cәnub dәhlizlәrinin kəsişdiyi qovşaq olmaqla Türkdilli dövlәtlәr arasında nəqliyyat arteriyası kimi hər bir ölkənin orta maraq vә prinsiplәrinә xidmәt edir.

 

Beləliklə, “Preferensial Ticarət Sazişi” və Səmərqənd Bəyannaməsinin fəlsəfəsi və iqtisadi ideyası həm Türkdilli ölkәlәr arasında azad gömrük zonasının qurulması fonunda qarşılıqlı ticarәt dövriyyәlərinin artırılmasına və Zəngəzur-Türkiyə-Orta Asiya koridorlarının bir çətir altında cəmləşməsinə xidmət edir.

Türk dövlətlərinin iqtisadi potensialı, ticarət axınları azad gömrük zonasının yaradılmasına imkan veririmi?

Bu tabloda da rəqəmlər ümidverici və gələcəyə baxış vizyonu nikbindir. Avrasiyada böyük coğrafiyaya malik Türkdilli dövlәtlәrin iqtisadi resursları kifayət qədər böyük və zәngindir. Sözsüz ki, Türkiyә iqtisadi potensialına, müasir sәnaye inkişafına görә, lider mövqeyә malikdir. Türkiyәnin illik ÜDM-i 905 milyard dollar təşkil edir. (2022-ci il üzrə). Qazaxıstanda bu rəqəm 220 milyard, Azərbaycanda 80 milyard, Özbәkistanda 80 milyard, Türkmәnistanda 46 milyard  vә Qırğızıstanda 11 milyard dollar nominal ÜDM istehsal olunub. Ümumilikdә, Türkdilli ölkәlәr 1 trilyon 350 milyard nominal ÜDM-ә malikdir. istinad
Türk dövlətlərinin illik xarici ticarət balansına gəlincə, göstəricilər cədvəldə təqdim olunur.

Cədvəl hazırlanarkən tr.euronews, customs.gov.az, inbusiness.kz, review.uz, business.com.tm,trendeconomy istinad olunub

Beləliklə, yuxarıda adını çəkdiyimiz Türk dövlətlərinin ümumi xarici ticarət dövriyyəsinin həcmi təxminən 900 milyard dollara bərabərdir. Bunun təxminən 5 faizi, yəni 45 milyard dolları Türk dövlətlərinin öz aralarında apardığı ticarət əməliyyatlarının payıdır. Türk dövlətlərinin ümumi ticarətinin coğrafiyası isə  Rusiya, MDB ölkələri, Türkiyə, Çin, Koreya, Yaxın və Orta Şərq ölkələri və Avropa dövlətlərini əhatə edir.  

Həmin coğrafiyanın əsas kəsişmələri isə hazırda formalaşan Yeni İpək Yolu dövlətlərinin əhatə etdiyi ərazilərdir ki, burada da əsas tranzitlər birbaşa Türk dövlətlərini əhatə edir. Yəni, bu o deməkdir ki, azad gömrük və ticarət platformasının qurulması sayəsində Türk dövlətləri Asiya və Avropa regionundakı bütün tranzit-magistral yolların kəsişməsində dominant mövqe tutmaqla böyük bir ticarət xəritəsi qurmaq imkanındadır. Daha da sadələşdirsək, Türk dövlətlərinin 900 milyard dollar həcmindəki dövriyyəsinin ən azı 10-15 faizi, yəni 100 milyard dolları öz aralarında bölüşdürülə bilər.
Özünü bu ailənin üzvü hesab edən Pakistanın bu ticarət zəncirinə qoşulması isə dövriyyəni daha da böyüdəcək. Qeyd edək ki, Pakistan da Prefernsial saziş imzalamaq üçün Azərbaycanın təşəbbüsünü tam dəstəkləyib. istinad

Türk dövlətlərinin ticarət portfelində yer alan ən böyük 2 güc - Çin və Rusiyanın da bu tipli sazişlərə qoşulması istisna deyil. Çin ticarətdə daha çox Şərqə, Orta Asiya və Qafqaz, MDB regionunda maraqlıdır. Rusiyaya gəlincə, Qərbin ağır sanksiyaları ilə üzləşmiş Moskvanın Avropa Birliyi ilə iqtisadi tellərinin və tranzit xətlərinin bağlandığı şəraitdə Cənubi Qafqaz-Mərkəzi Asiya və Türkiyə  üçbucağına ehtiyacı daha çox artmaqdadır. Hər 3 region Rusiya uçün böyük meydandır, budan sonra sözsüz ki, ticari əlaqələrin həcm dinamikası və mal qruplarının sayı artacaq. Ona görə də Rusiyanın da Türk dövlətlərinin azad ticarət qovşağı hesab edilə bilən ÜTT+ formatına qoşulması tam mükündür.

Beləliklə, Preferensial sazişlər Türk dövlətlərinin timsalında regionda çoxvektorlu ticarət zəncirinin formalaşmasına və digər ölkələrin də bu sistemə inteqrasiya olunmasına yeni fürsətlər yaradır. Azərbaycan və Türkiyənin liderlərinin böyük uzaqgörənliklə düşündüyü bu müdrik siyasətin məğzi də məhz budur: Asiya-Avropa iqtisadi-coğrafi qurşaqlarını birbaşa Türk dövlətlərinin təsir dairəsinə daxil etmək.

Preferensial rejim daxili bazarda malların qiymətlərinə necə təsir edəcək?

Sazişə və sərbəst gömrük zonasının şərtlərinə əsasən, qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq mal qruplarının qiymətlərinin ucuzlaşması gözləniləndir. Çünki imtiyazlı mallar üzrə rüsumların ləğvi sahibkarların rüsum xərcini azaldacaq, məhsulun maya dəyərini aşağı salacaq.
Preferensial ticarət sazişlərinin imzalanması ölkənin davamlı iqtisadi inkişafı, qeyri-neft ixracının artımı, ixrac olunan məhsul çeşidinin genişləndirilməsi, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi, ixracatçılarımızın güzəştli şərtlərlə yeni bazarlara daxil olmasında mühüm rola malikdir.