Türkiyədə aralarında tanınmış yazıçı, jurnalist, siyasətçi və hüquq müdafiəçiləri olan bir qrup fəal beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda tətbiq etdiyi “blokada”nın aradan qaldırılması üçün hərəkətə keçməyə çağırıblar.

 Faktyoxla Lab. həmin müraciəti imzalayanların kimliyini araşdırıb.

Abdullah Demirbaş 1966-cı ildə Diyarbakırın Lice rayonunun Sisê (Yolçatı) kəndində anadan olub. 1987-ci ildə Fırat Universitetinin Ədəbiyyat fakültəsini bitirib, 17 il müxtəlif yerlərdə müəllimlik edib. 1990-cı ildən həmkarlar ittifaqlarında çalışır.

2004-cü ildə Sur Bələdiyyəsinin sədri seçilib. 2007-ci ilin iyulunda "çoxdilli bələdiyyə" ilə bağlı Şura qərarı ilə Danıştay tərəfindən vəzifəsindən azad edilib. 2009-cu il yerli özünü idarəetmələrə seçkilərdə 65% səslə yenidən Sur bələdiyyəsinin sədri seçilib. 30 Mart 2014-cü ildə seçkilərdə Sülh və Demokratiya Partiyası (BDP) Gaziantep Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olub, amma seçilə bilməyib.

Bu, həmin Abdullah Dəmirbaşdır ki, 2013–cü ildə ABŞ-da qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən Türkiyəni tövbə etməyə və günahlarını qəbul etməyə çağırmışdı. mənbə 

 

Sur bələdiyyəsinin sədri işlədiyi vaxtlarda bələdiyyənin nəzdində Diyarbəkir Erməni İcması Fondu və "Kürd Dili" Araşdırma və İnkişaf Dərnəyinin birgə təşkilatçılığı ilə erməni dilini öyrənmək üçün kurslar təşkil etmişdi.( mənbə)

 

A.Demirbaş 2013-cü ildə Sur bələdiyyə sədri olarkən qondarma erməni soyqırımının türklər tərəfindən həyata keçirildiyini bütün dünyaya göstərmək məqsədi ilə sədri olduğu bələdiyyənin ərazisində ortaq “vicdan heykəli” adlanan bir heykəl hazırlatdırmış və açılışda özü şəxsən iştirak etmişdi.( mənbə)

Yenə həmin dövrdə Abdullah Demirbaşın anadan olduğu kənddə, yəni Sise kəndinin Sarkis məhəlləsində PKK terror təşkilatı məzarlıq açmışdı. Düzdür, Abdullah Demirbaş həmin "tədbirdə" iştirak etməmişdi, amma məzarlığın salındığı ərazinin adı belə Abdullah Demirbaşın ermənilərə niyə bu qədər dəstək verdiyinin köklərini bizlərə əyani şəkildə göstərir. 

Həmçinin qeyd etməliyik ki, Dəmirbaş 2015-ci il avqustun 4-də o dövrdə prezident olan Serj Sarkisyanın dəvəti ilə Ermənistana gedib. Bundan başqa, həmin səfərdə Türkiyənin əsasən kürdlərdən ibarət olan müxalifət partiyalarından "Xalqların Demokratiyası" və "Sülh və Demokratiya" partiyalarının aparıcı nümayəndələri iştirak etmişdilər. mənbə

44 günlük Vətən müharibəsi davam edərkən bir qrup ermənipərəst ziyalı “sülhə bəli, müharibəyə yox” adı altında bir bəyənat imzalamışdı ki, Türkiyəni dolayısı ilə Azərbaycanın tərəfində dayanmaqda günahlandıran həmin bəyənatı imzalayanlardan biri də təqaüddə olan müəllim, Surun keçmiş bələdiyyə sədri Abdullah Dəmirbaş idi.( istinad)

Müraciətə imza atanlardan biri Doğu Güneydoğu Dərnəklər Federasiyasının sədri Abdülhakim Daşdır. Abdülhakim Daş gah “Qızıl Soros” ləqəbli Osman Kavalanı dəstəkləyən bəyənatda imzasının olması, gah kürd dilinin rəsmi dil elan edilməsi haqda qalmaqallı açıqlamada, gah da Diyarbakırda keçirilən, Henrix Bol Fondunun dəstəklədiyi konfransda "İrlandiya modeli"ndən bəhs edərək Türkiyəni bölmə cəhdinə dəstək verənlər sırasında olması ilə xatırlanır. 

İmza atanlardan digər biri İnsan Haqları Dərnəyinin həmsədri Eren Keskindir. Bu şəxs cəmiyyətdə hər zaman ermənipərəst mövqeyi ilə seçilib.

Erməni mətbuatına verdiyi açıqlamalarda 2005-ci ildən bəri qondarma "erməni soyqırımı"nı andıqlarını deyən Eren Keskin 2019–cu ildə İnsan Haqları Dərnəyinin Diyarbakır şöbəsinin təşkilatçılığı ilə keçirilən toplantıda qondarma “erməni soyqırımı” məsələsinin Türkiyənin müzakirəyə açıq olmayan qırmızı xətlərindən biri olduğunu iddia etmişdi. "Düşünürəm ki, Türkiyənin öz rəsmi ideologiyası ilə qarşı-qarşıya qalmasını istəyənlərin cəmi 10 faizi var"- deyən Keskin “bu görüşün Diyarbakır şöbəsində keçirilməsinin bizim üçün mənalı olduğunu deyə bilərik” əlavə etmişdir. 2005-ci ildə İHD-nin İstanbul şöbəsində dövlətin 1915-ci ildə baş vermiş "erməni soyqırımı" ilə bağlı bəyanatla çıxış etmiş, bu tədbirə medianın da qatıldığını bildirmişdir.

Keskin, "Biz dinləmədik, açıqlama verməkdə qərarlı olduğumuzu söyləyərək bəyanatımızı verdik. Böyük təhdidlər aldıq, amma nəticədə yaxşı bir şey oldu. Bizim adlarımız Ermənistandakı "soyqırım abidəsini" ziyarət edənlər kimi hallandırırlar. Hallandırsınlar, eybi yox”-deyərək mediaya açıqlama vermişdir

Ermənilərə heyranlığından “Erməniləri tanıyanda 12 yaşım var idi. Əmim ikinci dəfə Jozefina adlı bir erməni qadınla evlənmişdi. Sonra da bizim həyatımızın ‘ən gözəl günləri’ başladı.”- deyə bəhs edən Eren Keskin qarşımıza 2013–cü ildə inqilabçı “Sosialist İşçi Partiyası”nın təşkilatçılığı ilə hazırlanan marksist toplantılarında qondarma “erməni soyqırımı”nı müdafiə edən çıxışları ilə diqqət cəlb edir. 

Daha sonra qatıldığı bir radio proqaramında Türkiyənin Şimal Kipri işğal etdiyi iddiasını səsləndirir, 2014 və 2015–ci illərdə keçirilən aksiyalarda hazırlanan bəyanat mətnlərini oxuyur və bu canfəşanlığı 2017–ci ildə “Hrant Dink Fondu” tərəfindən mükafatlandırılır. Belə ki, Beynəlxalq Hrant Dink mükafatlarının doqquzuncusu hüquq müdafiəçisi və vəkil Eren Keskinə təqdim olunub.

Eren Keskin həmin mükafatdan sonra daha çox erməni məsələsini Türkiyə KİV–lərində və toplantılarda dilə gətirməyə başlayıb. Məsələn, bu ilin 24 aprelində İnsan Haqları Dərnəyi (İHD) İstanbul Şöbəsi “İrqçilik və Ayrı-seçkiliklə Mübarizə Komissiyası”nın hazırladığı qondarma soyqırımı anım toplantısında çıxış edən Eren Keskin “Biz hüquq müdafiəçiləri deyirik ki, soyqırımı bir siyasətə, diplomatiyaya və ya beynəlxalq münasibətlər məsələsinə endirmək olmaz. 

Unutmaq olmaz ki, soyqırım hər şeydən əvvəl dövlət tərəfindən insan hüquqlarının ən kütləvi şəkildə pozulmasıdır. Soyqırım nəticəsində doğma yurd-yuvasından qoparaq, dünyanın dörd bir yanına səpələnmiş ermənilərin hesaba sığmayacaq qədər böyük itkilərin ödənilməsi ilə bağlı tələblərinə, arzu və istəklərinə cavab verilməlidir. İnkar isə bu cür təzminat və ədalət prosesinin qarşısında dayanan bir maneədir. Ona görə də biz illərdir çağırış edirik: “Soyqırımı Tanı, üzr istə və kompensasiya ödə!”-deyərək Türkiyəyə meydan oxuyur.

Müraciətə imza atanlar arasında axtarışda olan, FETO-çu, Almaniyaya qaçan Ergun Babahan da var. 

Bu şəxs seçkilərdən öncə qələmə aldığı bir yazısında Erdoğana və Türkiyəyə qarşı nifrət və kin dolu cümlələrdən istifadə edərək, Türkiyədə kütlələrin 100 ildir erməni, yunan və kürdlərə qarşı “digərləri” düşmənliyi ilə yetişdirildiyini iddia etmişdir

E.Babahan uzun müddət erməni jurnalist Alin Özinianla bir yerde artigercek.com saytının baş redaktoru kimi fəaliyyət göstərmiş, saytda yenə bu bədnam müraciətə imza atan ermənipərəst Rakip Zarakoluya, Baskın Orana,Celal Başlangıça yer ayırmış, eyni zamanda Aris Nalciya, Murat Mihciya və hətta bir müddət Moskvada yaşayan yezidi jurnalist İşxan Mirzoyevə də köşə yazarlığı etmələri üçün şərait yaratmışdı.

2008 -ci ildə “Sabah” qəzetində çalışdığı zaman Ermənistana səfər etmiş, həmin səfərdən bəhs edən yazılarında Ermənistan xarici işlər naziri Vardan Oskanyanla olan görüşlərini xatırlatmış və sətiraltı olaraq sərhədlərin açılmasının vacibliyi haqda mesajlar vermişdir. 2012 - ci ildə yazdığı “Bir erməniyə sahib çıxmaq” məqaləsində Türkiyə prezidentinin Böyük Birlik Partiyasının mərhum lideri Muhsin Yazıcıoğlu ilə Hrant Dink arasında sırf Hrant Dinkin erməni olduğuna görə irqi ayrı-seçkilik etdiyini vurğulqamışdır. Ümumiyyətlə bu şəxsin demək olar ki, bütün yazılarında Türkiyənin regionda atdığı addımlardan narahat olduğu açıq sezilir.  

Müraciətə imza atan digər şəxs, araşdırmaçı-yazar Adnan Çelikdir.  2015 - ci ildə Namık Kemal Dinclə birlikdə qələmə aldığı “100 illik ah: İctimai yaddaşın izində Diyarbakır 1915-ci ildə" kitabı illərdir Türkiyədə qondarma "erməni soyqırımı"nın olduğunu iddia edən, bu fəaliyyətinə görə hətta 2014 -cü ildə İrəvan Dövlət Universitetində Gevorg Surenyants medalı təqdim olunan İsmail Beşikçinin adına qurulan fond tərəfindən nəşr olunub.

Türkiyədəki solçu mediaya özünü antropoloq-yazar kimi təqdim edən Adnan Çelik iddia edir ki, türklər tərəfindən ermənilərdən sonra kürdlərə qarşı da soyqırım həyata keçirilib. (mənbə)

"Soyqırımdan"(?!) sonra həyatda qalan ermənilərin məcburi şəkildə müsəlmanlaşdırılmasından bəhs edən, hətta Hrant Dink Fondu tərəfindən təşkil olunan bir konfransda çıxış edən Adnan Çelikin tərcümeyi-halını araşdıranda iki maraqlı məqam diqqətimizi çəkdi: birincisi, Adnan Çelikin bir müddət Paris Ehess Universitetində “90-cı illər Kürdüstanında dövlətin həyata keçirdiyi zorakılıq və intra-Kürd çalışmalarının sosioantropoloji formaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etməsidir. İkinci məqam isə Hrant Dink Fondunun təşfiq müsabiqəsinin 2013-cü il qalibləri arasında Adnan Çelik və Namık Kemal Dincin birlikdə qələmə aldığı “100 illik ah: İctimai yaddaşın izində Diyarbakır” kitabınin da olmasıdır. (istinad)  

Əslində bu iki fakt Adnan Çelikin bu müraciəti imzalamasının arxasında dayanan səbəblərin mahiyyətini açıb göstərir.

Müraciəti imzalayanlardan Akın Atauz ekologiya sahəsində müstəqil ekspert olaraq çalışır.

Avropa İttifaqından aldığı qrantlarla Anadolunun müxtəlif yerlərində yaşamış ermənilərlə bağlı yazılar qələmə aldığı bəllidir. mənbə

Akın Atauzun adı həmçinin ermənilərlə bağlı imzalanan bir çox müraciətlərdə hallanır. Bunlardan ən çox diqqət çəkəni 2021 -ci ildə təqribən eyni şəxslərin imzaladığı “Qənimətlər parkı”nın bağlanması ilə bağlı beynəlxalq ictimaiyyətə edilən müraciət olub. 

Həmçinin, hər il Ankarada keçirilən Hrant Dinki yadetmə proqramlarında da Akın Atauzun yeri yuxarı başda olur. "68-ci illər sosialistləri"ndən olan Atauz eyni zamanda HDP-nin yerinə yaradılan “Yaşıl Sol Partiyası”nın qurucu üzvlərindən də biridir.( mənbə)

Müraciətə imza atan siyasətçilərdən biri də hal-hazırda Yaşıl Sol Partiyasından Kocaeli millət vəkili olan Ömer Faruk Gergerlioğludur.

Ömer Faruk Gergerlioğlu 28 sentyabr 2020–ci il tarixində İstanbulda Azərbaycana dəstək məqsədi ilə keçirilən yürüyüşü paylaşaraq belə bir tvit atmışdı: “Erməni vətəndaşlarımızı bu şəkildə narahat etmək Azərbaycanı dəstəkləmək demək deyil. Siz ancaq təhlükəli təxribatlarda oyuncağa çevrilirsiniz. Münaqişə yox, sülh lazımdır. Qeyd edim ki, bura Kumkapı Erməni Patriarxlığının yerləşdiyi küçədir.”

Həmçinin, Ömer Faruk Gergerlioğlu qondarma erməni soyqırımı ilə bağlı hər il 24 apreldə nəsə paylaşmağı adət halına gətirib. Ötən il onun atdığı tvit xalqın qəzəbinə tuş gəlmişdir: “1915-ci il aprelin 24-də erməni soyqırımında həyatını itirən bütün insanların ağrısını hiss edirəm. Tarixlə üz-üzə gəlmək və empatiya göstərmək lazımdır. Biz hər ağrıya həssas olmalıyıq”.  

Türkiyə prezidentinin "soyqırımı" iddiaları ilə bağlı real addım atmağa hazır olduğunu dəfələrlə qeyd etməsinə baxmayaraq, Ömer Faruk Gergerlioğlu kimi düşünənlər “Bu inkar anlayışı ilə Türkiyə heç yerə gedə bilməz. Hakimiyyət günü xilas edir, daxildə populizm edərək səslərini artırır, amma bu münasibət problemlərinin həllini ertələmiş, içə dönük Türkiyə yaratmaqdan başqa bir iş görmür.” – deyə hakimiyyəti ittiham edirlər. (mənbə)

(ardı var)

Nəticə olaraq:

- Bu müraciəti imzalayanlar ermənipərəst və Türkiyə əleyhinə fəaliyyət göstərən fondlardan maliyyələşən şəxslərdir;

-Mətnin dili, üslubu, toponimlərin Azərbaycanca yox, ermənilərin səsləndirdiyi formada verilməsi (“Stepanakert”, “Qoris” və s.), Azərbaycana qarşı sərt mövqe sərgilənməsi, “Bakı diktaturası” sayaq ifadələrindən istifadə edilməsi və digər arqumentlər mətnin erməniəsilli şəxslər tərəfindən hazırlandığını təsdiq edir.

- Müraciəti imzalayan qeyri– hökümət təşkilatları nümayəndələri, yazıçı, jurnalist, siyasətçi və hüquq müdafiəçilərindən ibarət olan bu qrup daha əvvəllər də Azərbaycan və Türkiyə əleyhində bəyənatlara imza atıblar.