Bu günlərdə dərc olunmuş beynəlxalq “World Population Review 2023” və ya “Crime Rate by Country 2023” hesabatında dünya ölkələrinin ictimai-siyasi sabitlik, cinayət hadisələrinin sayı və sabitlik dərəcəsi ilə bağlı reytinqi müəyyənləşib. Reytinqdə ölkələrin yeri və balı ümumi cinayətlərin nisbətinə və hər 100.000 nəfərə düşən cinayətlərin sayına əsasən hesablanıb. Cinayətlərin sayına görə, dünyada ən pis nəticə Venesueladadır. Bu ölkə 83,76 bal - cinayət indeksi ilə ən yüksək göstəriciyə malikdir. mənbə

Cinayətlərin sayının ən aşağı olduğu və cinayət indeksi üzrə ən yaxşı 10-luq ölkəsi isə Qətərdən başlamaqla Gürcüstanda bitir. Həmin 10-luq ölkələri qrupunda Ermənistan 22,79 balla 9-ci yerdə qərarlaşıb. Azərbaycan 32,02 balla 33-cü yerdə, Türkiyə isə 39,62 balla 48-ci yerdə qərarlaşıb. 


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 2019-cu ildən sonra ölkədə hüquq islahatlarının aparılması, cinayət hüquqpozması sahəsində qanunvericilik paketinin qəbul edilməsi irəliləyişlərə səbəb olub və bu amil “World Population Review 2023” və “Crime Rate by Country 2023”  hesabatlarında ölkənin mövqeyinin yaxşılaşmasına səbəb olub.

Hesabatda əks edilən rəqəmlər nə dərəcədə doğrudur? Faktyoxla Lab. bu istiqamətdə araşdırma aparıb.

Statistikaya görə, 2019-cu ildən sonra Ermənistanda ümumi cinayətlərin sayı ilbəil artmağa başlayıb. Həmin il Ermənistanda 26.850 cinayət qeydə alınıb. 2020-ci ildə cinayət hadisələrinin sayı sabit qalsa da, 2021-ci ildə xeyli artım baş verib. Həmin ildə qeydə alınan cinayətlərin ümumi sayı 14,3% və ya 3.777 fakt artaraq 30.245 təşkil edib.

 

2022-ci ildə isə vəziyyət daha dözülməz həddə çatıb. Ermənistanın baş prokuroru Anna Vardapetyan 2022-ci ildə ölkəsində 37 min 612 cinayət hadisəsinin qeydə alındığını bildirib, bu isə 2021-ci illə müqayisədə 7367 və ya 24,4 faiz çox cinayət hadisəsi deməkdir. Xüsusilə də ağır cinayətlərin sayı 29,8 % artıb. Cinayətlərin 21 min 604-ü təkcə paytaxt İrəvanda törədilib. Bu ümumi cinayət sayının 68 faizi deməkdir.
Baş prokuror qeyd edib ki, cinayətlərin mütləq əksəriyyətini (84,1%) az və orta ağırlıqda olan cinayətlər təşkil edir.
Ötən il Ermənistanda əhalinin sağlamlığına zərər vurma, məişət zorakılığı halları ilə yanaşı, şəxsiyyət, ictimai asayiş və təhlükəsizlik, oğurluq və s. üzrə cinayətlərin də sayı artıb. Bu da ölkədə qeyri-sabit ictimai vəziyyətin mənzərəsini ifadə edir. (istinad)
Ermənistan Daxili İşlər Nazirliyinin hesabatına əsasən, 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi 743, silah alveri 173, avtoxuliqanlıq halları 3602 fakt artıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı açılmış cinayətlərin həcmi rekord vurub, 76,3 faiz artım baş verib. Eləcə də ölkədə qanunsuz silah saxlama halları xeyli yüksəlib. istinad
Xüsusilə də oğurluq və cibgirlik sayaq xırda cinayətlər hədsiz artıb. Ermənistanın yeni cinayət məcəlləsinə görə, cibgirlik daha ağır cinayət sayılır və ona görə cinayət qanunvericliyinə son illərdə dəfələrlə yeni maddələr əlavə edilib, cəzalar ağırlaşdırılıb. Ancaq buna baxmayaraq ölkədə işsizlik və yoxsulluq səviyyəsinin artması bu cinayət hallarının sayının azalmasının qarşısını ala bilmir. 2020-ci ildə paytaxt İrəvanda 390 cibgirlik hadisəsi qeydə alınıbsa, 2022-ci ildə bu rəqəm 468 fakta çatıb


Göründüyü kimi 2019-2022-ci illərdə Ermənistanda qeydə alınmış cinayətlərin ümumi sayı 26,8 mindən 37,6 minə çatmaqla 45 faiz artıbdır.
Bu statistika göstərir ki, Ermənistanda kriminogen durum daha pisdir. Belə ki, əhalisi 2,9 milyon nəfər olan Ermənistanda ötən il törədilmiş cinayətlərin sayı 37,6 min, 10,2 min nəfər əhalisi olan Azərbaycanda isə 36,9 min olmaqla əhalinin sayına böldükdə ümumi cinayət statistikası bu ölkədə bir neçə dəfə böyüyür. Əgər bu rəqəmləri ümumi əhalinin sayına və yaxud dünyada qəbul edilmiş praktikaya uyğun olaraq, hər 100 min nəfərə bölsək, Ermənistanda  əhalinin hər 100 min nəfərinə düşən cinayət sayı 1260 fakt edir (37.612/2,9 milyon = 1.260), Azərbaycanda isə hər 100 min nəfərə 361 cinayət hadisəsi düşür. mənbə
Hakimiyyətin öz siyasi rəqiblərinə qarşı amansız rəftarı, qeyri-demokratik mübarizə üsullarından geniş istifadə və bu proseslərdə hüquq-mühafizə orqanlarının gücünə arxalanaraq siyasi sabitliyi qorxu və güc altında qorumaq Ermənistanın xarakterik idarəçiliyini əks etdirir.
ABŞ-ın “İnteqrasiya edilmiş ölkə strategiyası 2022” hesabatında Ermənistandakı siyasi vəziyyətlə bağlı risklərə yer verilib. Sənəddə bu ölkədə siyasi təşkilatlara, vətəndaş cəmiyyəti institutlarına, müstəqil mediaya qarşı fiziki və mənəvi zorakılıq halları, məhkəmə cinayətləri və ictimai sabitliyə təhlükə yaradan digər hallara yer verilib.

 

Eləcə də ABŞ Dövlət Departamenti Ermənistandakı polis toqquşmaları ilə bağlı ictimai sabitlikdən narahatlığını ifadə edib.
Ermənistanın Helsinki Komitəsi ictimai sabitliyin təhlükə altında olmasına dair bir neçə dəfə hesabat təqdim edib.
“Freedom House”un “Keçiddə olan millətlər-2022” hesabatında Ermənistan ictimai sabitliyin daha çox pozulduğu ölkələr sırasında yer alıb. “Sərhədsiz Reportyorlar” təşkilatının hesabatında isə ictimai-siyasi vəziyyətlə bağlı məqamlar ifadə olunub. istinad

Bundan başqa, Ermənistan qeyri-sabit, regionda təhlükəsizliyin vəziyyətinə görə, ən pis ölkələrdən biri kimi qiymətləndirilib. ABŞ hökuməti dəfələrlə öz vətəndaşlarına müraciət edərək həyati təhlükəyə, qeyri-sağlam ictimai sabitliyə görə, Ermənistana səfər etməməyə çağırıb.

Nəticə:

- Ermənistanda ictimai, siyasi sabitlik nəinki yaxşılaşmağa doğru gedib, daha da pisləşib, ölkədə kriminogen durum da ağırlaşıb, mülki və digər xarakterli cinayətlərin sayı artıb;
- Qeyd edilən fakt və statistika təsdiqləyir ki, hər 100 min nəfərə düşən cinayət sayına görə, Ermənistan dünyada ən pis ölkələrdən biridir;
- “Crime Rate by Country 2023” hesabatında isə bu ölkənin ən yaxşı 10-luq qrupuna daxil edilməsi və 9-cu yerdə sıralanması faktların təhrif edilməsidir;  

- Ermənistanın hüquq-mühafizə və prokurorluq orqanlarının, ictimai təşkilatların açıqladığı rəqəmlərə və qeydə alınmış cinayət statistikasına diqqət etdikdə, həm “Crime Rate by Country 2023”  hesabatının saxtakarlığa əsaslandığını, həm də  Paşinyanın yalan danışdığını görmək mümkündür.