Azərbaycanda keçiriləcək 7 fevral Prezident seçkiləri öncəsi ölkəmizə, dövlətin ali rəhbərliyinə qarşı böhtan və dezinformasiya kampaniyası geniş vüsət alıb. Azərbaycana qarşı aparılan bu kampaniyada "Azadlıq radiosu" ilk sıralarda qərarlaşıb. Son günlərdə radionun hazırladığı bir neçə dezinformasiya və yalan xarakterli materialını faktyoxla metodları ilə ifşa etmişik. Bu qəbildən olan növbəti materialı təqdim edirik.
“Azadlıq” radiosunun hazırladığı son videosüjetdə qeyd olunur ki, 2013-cü ildə növbəti dəfə Prezident seçilən İlham Əliyev sosial sahədə verdiyi vədləri yerinə yetirməyib. Reportajda diqqətə çatdırır ki, Prezident həmin çıxışlarında 2020-ci ilədək minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 %-nə çatdırılmasına söz verib.
Faktyoxla Lab. "Azadlıq radiosu"nun reportajında səslənən iddialara aydınlıq gətirib.
Öncə onu bildirək ki, “Azadlıq” radiosu süjetin ilk saniyələrindən saxtakarlığa əl atır, dövlət başçısının çıxışları üzərində manipulyasiya etməyə çalışır, zamana və çıxışın mətninə aidiyyatı olmayan mövzudan danışır.
Diqqət etsək görərik ki, Prezidentin çıxışları ilə radionun sosial sahəyə aid təqdim etdiyi kadrlar arasında heç bir əlaqə və bağlantı yoxdur. Belə ki, kadrlardakı ilk fraqmentlər İlham Əliyevin 2018-ci il aprelin 11-də keçirilmiş Prezident seçkilərində qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan konsert proqramındakı çıxışdan kəsilmiş hissədir.
Radio isə açıq-aşkar dövlət başçısının çıxışını və səsləndirdiyi fikirləri təhrif edərək, qondarma fikirlərlə mövzudankənar süjet hazırlayıb. Həmin görüşdə Prezident İlham Əliyev ona göstərilən yüksək etimada görə, xalqa minnətdarlığını bildirir, fəaliyyətində Azərbaycan xalqının dəstəyinin əsas rol oynadığını vurğulayır. Qeyd edir ki, son 15 il ərzində Azərbaycan qədər nəticə gətirən ölkə olmayıb. Söhbət həmin illərdə qeydə alınmış iqtisadi artımdan gedir. (istinad)
Həqiqətən də Azərbaycan bu illər ərzində dünyada iqtisadi artım templərinə görə, dünyada böyük uğurlar əldə edən ölkələrdən biri olmuşdur. Xüsusilə də 2005-2009-cu illərdə ən yüksək inkişaf templəri nümayiş etdirən Azərbaycan iqtisadiyyatda keçid dövrünü başa çatdırıb.
“Azadlıq” radiosunun süjetinin növbəti hissəsində Prezident İlham Əliyevə istinadı isə Azərbaycan Prezidentinin 19 oktyabr 2013-cü ildə andiçmə mərasimindəki kadrlarından götürülüb. Dövlət başçısı həmin çıxışında uğurlardan, Azərbaycanın iqtisadi, siyasi, beynəlxalq nailiyyətlərindən və ölkəmizin mövqeyinin güclənməsindən söhbət açır. Çıxışında xüsusi olaraq Ermənistanın hərbi təzavüzünə, beynəlxalq birliyin işğala göz yummasına və Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini, dünya miqyasında güclü ordular sırasında yer alan Azərbaycan Ordusunun daha da gücləndiriləcəyini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün bütün addımları atacağını bəyan edir. mənbə
Cənab İlhanm Əliyevin həmin çıxışlar zamanı verdiyi vədlərə hansı əzmkarlıq və müdriklik, təmkinlə nail olduğunu sübut etməyə ehtiyac yoxdur.
Göründüyü kimi, Prezidentin həm 2013-cü il, həm də 2018-ci il çıxışlarının “Azadlıq radiosu”nun təqdim etdiyi minimum əməkhaqqı və orta əməkhaqqı mövzusu ilə heç bir bağlılığı yoxdur.
Bu, məsələnin bir tərəfidir, məsələnin digər narahatlıq doğuran hissəsi “Azadlıq” radiosunun minimum və orta aylıq əməkhaqqı mövzusunda birtərəfli və qərəzli müqayisə aparmasıdır. Reportajda Dövlət başçısının 2012-ci ilin sonunda təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasına istinad edilir və burada növbəti saxtakarlığa yol verilir.
Radionun sitat gətirdiyi həmin sənəddə (“İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” üzrə 7-ci bölməsinin “Sosial müdafiə sisteminin təkmilləşdirilməsi” adlı 7.3 bənd) qeyd edilir ki,“işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə -orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək”. mənbə
Birincisi, sənəd vəd deyil, qarşıya qoyulmuş tədbirlərə planıdır, müəyyən edilmiş prioritetlərə çatmaq üçün yol xəritəsidir, strateji baxışdır.
İkincisi, “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasında 2020-ci ilin sonunda minimum əməkhaqqının nominal əməkhaqqının 60 %-ə bərabər olacağı konkret qərar kimi təsbit edilmir, qeyd olunan müddətdə həmin rəqəmə çatmaq istiqamətində tədbirlər görülməsindən söhbət gedir.
Bəs, hökumət bu istiqamətdə hansı tədbirləri həyata keçirib?
Hökumət 2012-ci ildən sonra minimum əməkhaqqının dinamikasının daha çox böyüməsinə nail olub. Minimum əməkhaqqı 2012-ci ildə 95,5 manat idisə, 2019-cu il sentyabrın 1-də 250 manata çatdırılıb. mənbə
2019-2023-cü illər ərzində isə minimum əməkhaqqı 2 dəfə artırılaraq 250 manatdan 345 manata çatdırılıb. istinad
Beləliklə, 2012-2023-cü illərdə minimum əməkhaqqı 3,5 dəfə artılaraq 95,5 manatdan 345 manata yüksəlib.
Müqayisə olunan həmin dövrdə isə orta aylıq əməkhaqqı 2.4 dəfə artıb. Belə ki, 2012-ci ildə 398,4 manata bərabər olan orta aylıq əməkhaqqı məbləği 2023-cü ildə 918,8 manat təşkil edib.
Yəni, bu o deməkdir ki, hökumətin yürütdüyü təşviqedici iqtisadi siyasət sayəsində son 12 ildə minimum əməkhaqqı artımı orta aylıq əməkhaqqı artımını 2 dəfəyə yaxın üstələyib. Yuxarıda da qeyd etdiyimiz kimi həmin dövrdə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının isə 2,4 dəfə artması aradakı fərqin azalmasına və sosial balansın tarazlaşmağa doğru istiqqamətlənməsinə səbəb olmaqdadır. Bu isə hökumətin vəd etdiyi sosial tarazlığın həlli ilə bağlı sosial iradəsindən xəbər verir.
Konkret olaraq müqayisə olunan 2012-2020-ci illərdə minimium əməkhaqqı orta aylıq əməkhaqqı arasındakı faiz fərqi isə daha çox idi. Belə ki, 2012-ci ildə minimum əməkhaqqı 93,5 manat, orta aylıq əməkhaqqı isə 398 manat olub. Rəqəmlərdən görünür ki, arada 4,2 dəfə fərq olub. 2020-ci ildə isə minimum əməkhaqqı 250 manat, orta aylıq əməkhaqqı 707 manat təşkil edib və aradakı fərq 2,8 dəfəyə bərabər olub. Yəni, hökumət iki sosial göstərici arasındakı fərqi təxminən 2 dəfə azaltmağa nail olub. 2012-2023-cü illərdə isə fərq daha da aşağı düşüb. 2012-ci ildə həmin göstəricilər 93,5 - 398 manat həddində idisə, 2023-cü ildə bu rəqəm 345-918 manat aralığında olub. Aradakı fərq 2,6 dəfədir.
Ümumiyyətlə, 2018-ci ildən sonra başlanmış yeni sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqının mütəmadi artımı təmin edilir (son beş ildə bu istiqamətdə 2.7 dəfə artıma nail olunub) və xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti 2022-ci ildə 41 %-i ötüb.
Rəqəmlər bir daha təsdiq edir ki, hökumət minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasında fərqi azaltmaq istiqamətində kifayət qədər addımlar atıb və bu siyasət sosial optimallaşdırmaya doğru müsbət yöndə gedir.
Bundan başqa, minimum əmək haqqı insanların sosial rifahı baxımından orta aylıq əməkhaqqı ilə yanaşı, yaşayış minimumuna paritetliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Belə ki “Yaşayış minimumu haqqında” Qanunun 5-ci maddəsində qeyd edilir ki, “ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir”. mənbə
Bu baxımdan hökumət 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasında əsas sosial hədəflərdən biri kimi minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına çatdırılmasını qarşıya qoymuşdu və buna da nail olunubdur. 2012-ci ildə ölkədə minimum əməkhaqqı 93,5 manat, yaşayış minimumu ölkə üzrə108 manat təşkil edirdi. 2020-ci ildə isə minimum əməkhaqqı 250 manata çatdırılmaqla həmin il üzrə 190 manata bərabər olan yaşayış minimumunu 60 manat üstələdi. istinad
Yəni hökumət 2012-ci ildə hədəf seçdiyi sosial prioritetlərdən birinə tam nail oldu. Yeri gəlmişkən, hazırda minimum əməkhaqqı 345 manat təşkil etməklə 270 manat təşkil edən yaşayış minimumunu 75 manat üstələyir.
Onu da nəzərə almaq lazımdır ki, minimum əməkhaqqının artımı və səmərəliliyinin əsas amillərindən biri iqtisadi fəal əhalini əhatə etməsidir. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı təxminən 5,4 milyon nəfərdir. Minimum əmək haqqı artımları təxminən 600 min nəfərə təsir edir və nəticədə iqtisadi fəal əhalinin 12 faizi bundan faydalanır. Yəni, qeyri-rəsmi məşğulluq buna imkan vermir. Azərbaycanda isə muzdlu (əmək müqaviləsi və aylıq maaşla çalışan) işçilərin sayı isə 1 milyon 732 min nəfərdir. mənbə Ona görə də, hökumət son illərdə minimum əmək haqqının səmərəliliyinin artırılması məqsədilə qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasına xüsusi yer verir. Bu tədbirlər çərçivəsində son 5 ildə 340 mindən çox əmək müqaviləsinin bağlanılmasına nail olunub. Pandemiya dövrü də daxil olmaqla son 5 ildə 340 min, ildə isə orta hesabla 75 min yeni iş yerinin rəsmiləşdirilməsi təmin edilib. mənbə
Təkcə, 2023-cü ildə əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb. istinad
Göründüyü kimi son 5 ildə qeyri-leqal məşğulluğun təmin edilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq əmək müqavilələrinin sayı 1 milyon 809 minə çatıb ki, bu da nəticədə muzdlu işçilərin sayının artmasında özünü göstərir. Beləliklə, bu siyasət əsas etibarilə minimum əməkhaqqı artımının əsas fəlsəfəsi olan bütün muzdlu işçilərin əmək haqqı artımının optimallaşmasına xidmət edir.
Prezident İlham Əliyevin sosial islahatlarla bağlı verdiyi vədlərin gerçəkləşməsinin nəticəsidir ki, son 20 ildə dövlətin maliyyə gəlirləri həm orta aylıq əməkhaqqının, həm də minimum əməkhaqqını artımlarında hər il artan əsas xərc maddələri olub. Belə ki:
• dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsində sosial xərclərin həcmi 678,2 milyon manat idisə hazırda 12 milyard manata bərabərdir.
• minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb.
• orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb.
• əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib.
• pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 mlrd. manat (70 faiz) artaraq 6 mlrd. manata çatıb.
• ünvanlı sosial yardım proqramına başlandığı 2006-ci ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb.
istinad
Göründüyü kimi, Azərbaycan Prezidentinin sosial sahəyə xüsusi diqqətinin nəticəsində təkcə 2013-cü ildən sonrakı dövrdə deyil, ümumilikdə son 20 ildə əksər sosial göstəricilər üzrə əhəmiyyətli artımlar baş verib.
Nəticə:
- "Azadlıq radiosu" hazırladığı videosüjetdə növbəti dəfə saxtakarlığa əl atıb, dövlət başçısının çıxışları üzərində manipulyasiya etməyə çalışır, zamana və çıxışın mətninə aidiyyatı olmayan mövzudan danışıb;
- Prezidentin həm 2013-cü il, həm də 2018-ci il çıxışlarının “Azadlıq radiosu”nun təqdim etdiyi minimum əməkhaqqı və orta əməkhaqqı haqda süjeti ilə heç bir bağlılığı yoxdur.
- Reportajda Dövlət başçısının 2012-ci ilin sonunda təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasına istinad edilir və burada növbəti saxtakarlığa yol verilir. Belə ki, radionun sitat gətirdiyi həmin sənəddə minimum əməkhaqqı məbləğinin orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması vədi deyil, bu istiqamətdə tədbirlər görüləcəyi nəzərdə tutulur.