ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistanda səfərdə olarkən dövlət və biznes nümayəndələri ilə görüşdən sonra belə bir açıqlama ilə çıxış edib ki, Paşinyan hakimiyyətə gələndən sonra ölkədə aparılan demokratik iqtisadi islahatlar, azad iqtisadiyyat quruculuğu sayəsində iqtisadiyyat 30 faiz, maaşlar isə 87 faiz artıb.

Faktyoxla Lab. Ermənistandakı iqtisadi artımın bu ölkənin həqiqi iqtisadi imkanları və resursları, biznesin gücü və iqtisadi islahatlar nəticəsində, yoxsa Qərbin sankisyalarından yayınaraq Rusiyaya mal və xidmətlər ötrücülüyü sayəsində baş verdiyini araşdırmağa çalışıb.

 
Bəllidir ki, 2022-ci ilin fevral ayından başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Kremlə qarşı tətbiq olunmuş ağır sanksiyalardan sonra regionun əksər ölkələri Rusiyaya mal ixrac etməkdən ehtiyat etdiyindən ticari əməliyyatları gizli sxemlər əsasında Ermənistan üzərindən həyata keçirməkdədir. İrəvan hökuməti bu qaranlıq idxal-ixrac sxeminin əsas həlqəsi olmaqla 2 ildir ki, re-eksport (yenidən ixrac) funksiyasını yerinə yetirir. Nəticədə bir çox ölkənin mal və məhsullarının Ermənistan vasitəsilə Rusiyaya daşınmasından İrəvan gəlir əldə edir və başqa ölkələrin məhsullarının yaratdığı əlavə dəyər Ermənistan iqtisadiyyatını süni olaraq şişirdir. Bu səbəbdən idxal-ixrac statistikasının böyüməsi Ermənistanın ÜDM-ni böyüdür və region ölkələrinin verdiyi süni nəfəs hesabına iqtisadi artım rəqəmi 5-6 dəfə şişirdilmiş olur.
Bütün bunları konkret olaraq Ermənistanın son illərdəki, Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildən 2024-cü ilin hazırkı dövrünə qədər olan iqtisadi statistikaya diqqət yetirməklə göstərə bilərik.
Bunun üçün müqayisə apardığımız hesabat dövrünü 2 mərhələyə ayıraq. Birincisi, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövr (2018-2021-ci illər), ikincisi, müharibədən sonrakı 2 il (2022-2023-cü illər). 
Nikol Paşinyanın hakimiyyətdə olduğu ilk 4 ildə (2018-2021) ÜDM 12,4 milyard dollardan 13,8 milyard dollara qədər yüksəlib, 4 illik nominal dəyər cəmi 1,4 milyard dollar olub ki, bir ilə düşən əlavə dəyər 350 milyon dollar deməkdir.
İkinci mərhələdə, yəni Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı 2 ildə isə ÜDM 13,8 milyard dollardan 24,2 milyard dollara yüksəlib. 2022-2023-cü illərdə 10 milyard dollardan çox əlavə dəyər yaranıb ki, bu göstərici illik 5 milyard dollardan çoxdur. mənbə
Ölkədə 2 illik müharibə dövründə ÜDM-in artımı 4 illik əvvəlki dövrdəkindən 8 dəfə çox olub. Ermənistan iqtisadiyatının cəmi 2 ildə bu qədər istehsal və dəyər yaradacaq gücü olmadığı halda, ÜDM-in bu həcmdə artımı əsaslı şübhələr yaradır.

Nədir bu şübhələr?

Ermənistan son 2 ildə üçüncü ölkələrə məxsus mal və xidmətləri öz ərazisindən təkrar ixrac (re-eksport) etməklə daşınmaların axıcı funksiyasını icra etməkdədir. Özünün milli iqtisadiyyatına və resurslarına heç bir aiddiyyatı olmayan, başqa ölkələrin mallarının yaxın region ölkələrinin bazarlarına daşınması sayəsində 2022-2023-cü illərdə Ermənistanın ixracının və idxalının həcmi kəskin şəkildə böyüyübdür. Belə ki, Ermənistanın ixracı 2021-ci ildəki 2,9 milyard dollardan 2022-ci ildə 5,3 milyard dollara, 2023-cü ildə isə 8,4 milyard dollara qədər yüksəlib. İdxal isə 2021-ci ildə 5,3 milyard dollar olubsa, 2023-cü ildə 12 milyard dolları ötüb. mənbə

Cəmi 2 ildə bu ölkənin ümumi ticarət dövriyyəsinin həcmi 8,2 milyard dollardan 20,4 milyard dollara yüksəlməsi, ələlxüsus da Ermənistanın istehsal etdiyi mal və xidmətlərin həcmində 4-5 faiz artımlar olduğu halda birdən-birə 2 il ərzində ixracın 2,9 milyard dollardan 8,4 milyard dollara qədər böyüməsi əsaslı şübhələri dərinləşdirir. Ölkədə ixracın arxasında dayanan resurslar olmadığı halda əlavə olaraq 5,5 milyard dollar dəyərində mal və məhsulun haradan və necə ortaya çıxması da çox maraqlıdır.
Maraq doğuran bu “sirrin” kökündə isə başqa ölkələrə məxsus malların Ermənistandan Rusiyaya daşınması dayanır. Bunu iki ölkə arasında əmtəə mübadiləsinin rəsmi statistikası tam çılpaqlığı ilə ortaya çıxarır.
Ermənistanın ticarət dövriyyəsində ilk yeri tutan Rusiya ilə mal mübadiləsinin həcmi 2022-ci ildə 91,7% artaraq 5 milyard dollara çatıb. mənbə


Halbuki müharibə başlamamışdan bir əvvəl, 2021-ci ildə qarşılıqlı ticarətin həcmi 2,6 milyard dollar təşkil etmişdi. Yəni, müharibə başlayandan sonra 10 ayda ticarət dövriyyəsi birdən-birə 2,4 milyard dollar artıb. istinad
Dövriyyənin 1,8 milyard dolları Rusiyanın payına düşüb, qalan 800 milyon dollarlıq hissəsi Ermənistanın ixracı olub. istinad
İdxal-ixrac rəqəmləri sonrakı illərdə daha da yüksəlib, ələlxüsus da 2022-ci ilin ikinci yarısında bu dinamika ən sürətli perioda daxil olub ki, bu da Rusiyaya qarşı sanksiyaların ən şiddətli dövrlərinə təsadüf edir. Əgər həmin ilin birinci yarısında Rusiyaya ixrac təqribən 546 milyon dollar təşkil etmişdisə, ikinci yarımildə bu rəqəm üç dəfə artaraq 1,8 milyard dolları ötüb. mənbə
2023-cü ildə ticarət əməliyyatları isə rekord həddə yüksələrək 7,3 milyard dollar təşkil edib. Ermənistandan Rusiyaya ixrac 3,5 milyard dollara çatıb ki, bu əlavə olaraq yenidən 1 milyard dollar ixrac gücü deməkdir
Göründüyü kimi Rusiya-Ukrayna müharibəsinin başlamasından sonrakı 2 ildə Ermənistanın Rusiya ilə mal mübadiləsi iqtisadi ticarətin tarixində heç vaxt görünməmiş bir rekorda çatıb, dövriyyə 2 ildə 4,7 milyard artmaqla 2,6 milyard dollardan 7,3 milyard dollara yüksəlib.
Ümumilikdə isə 2018-2021-ci illərdə Ermənistanın ixracında Rusiyanın payı 28 %-ə bərabər idisə, 2022-2023-cü illərdə 79 %-ə çatıb.
Ermənistanın Rusiyaya ixrac etdiyi malların böyük qismi, ən azı 70 faizi yerli mallar deyil. Belə ki, 2023-cü ildə Ermənistandan ixracın strukturunda təbii və mineral maddələrin, qiymətli daş və metalların, onlardan hazırlanmış məmulatların dəyəri 3,2 milyard dollar (38%) təşkil edib. Halbuki 2 ilə əvvəl bu rəqəm 800 milyon dollardan da az olub. Cəmi 2 ildə əlavə olaraq 2,4 milyard dollarlıq və ya 4 dəfə çox mineral resursların istehsalı heç cür mümkün deyil. Çünki Ermənistanda həmin istehsal potensialı yoxdur. Yaxud ixrac edilən 988 milyon dollar dəyərində elektrik maşın və avadanlıqları və onların hissələri, səs yazıcıları və reproduktorları, radiocihazqayırma məmulatları və onların hissələri bu ölkədə istehsal edilmir. Ermənistanın 302 milyon dollar dəyərində nüvə reaktorları, qazanlar, maşınlar və mexaniki cihazlar istehsal edəcək yerli müəssisələr, dəmir yolu və tramvay üçün ehtiyat hissələri hazırlayan zavod və müəssisələr ümumiyyətlə yoxdur. Belə olan halda 517 milyon dollar dəyərində həmin adda malların ixracı birbaşa re-exsportun nəticəsində mümkün olub. Həmçinin, Ermənistanda tütün istehsalının dəyəri 60 milyon dolları ötmədiyi halda, 380 milyon dollar dəyərində tütünün ixracı da kənar ticarətin payına yaranan statistik dəyər hesab edilə bilər. mənbə


Yaxud da Ermənistanın 2023-cü ildə maşın, avadanlıq və mexanizmlərin dəyəri 1,3 milyard dollar (artım 79,6 %) təşkil edib ki, həmin malların ölkədə hazırlanmasını həyata keçirə bilən 1 müəssisə belə yoxdur. mənbə
Ermənistanda 2022-2023-cü illərdə sənaye istehsalı 8-9 % artdığı halda ixrac 190%-dən çox olub. Bu, “fraer iqtisadiyyat” (“fraer business”) deməkdir və real iqtisadiyyatla heç bir bağlılığı yoxdur.
Məsələ ondadır ki, Ermənistanın ixracı ilə bərabər, idxalının böyüməsi də milli iqtisadiyyatın tələbatına əsaslanmır. Bu dövrdə Avropa ölkələrindən və ABŞ-dan Rusiyaya birbaşa ixrac kəskin azalsa da, Aİ və ABŞ-dan Ermənistana ixracda əhəmiyyətli artımlar baş verib. Avropa, Asiya, Yaxın Şərq və digər region ölkələri Rusiyaya qarşı sanksiyalardan ehtiyat edərək öz mallarını birbaşa deyil, məhz Ermənistan üzərindən çatdırır ki, bu da faktiki olaraq Ermənistanın idxalının 4 dəfəyə yaxın artaraq 12 milyard dollara çatmasına səbəb olub. Təkcə, 2022-ci ildə Avropa İttifaqından Ermənistana mal tədarükü 43,8 artaraq 1,2 milyard dollardan 2 milyard dollara çatıb.

 

2023-cü ildə isə Aİ ölkələrindən Ermənistana idxalın həcmi daha 27,1% artaraq 2,3 milyard dollar təşkil edib. Aİ ölkələrindən Ermənistana idxal olunmuş əsas mallar maşın, avadanlıq və mexanizmlər, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, yerüstü və hava nəqliyyatı vasitələri, mədənçıxarma sənayesi malları, sənaye məhsulları olub. mənbə
Həmin mallar Ermənistanın daxili tələbatı üçün yox, Rusiyaya ötürülmək üçün idxal edilib. Çünki Ermənistanın 2023-cü ildə qeydə alınmış 12,3 milyard dollar dəyərində idxala ehtiyacı yoxdur, ölkənin tələbatı 5 milyarddan çox deyil.
Ermənistan re-eksport dinamikasını 2024-cü ildə də sürətlə davam etdirib, yanvar-may aylarında rəqəmlər bir qədər də böyüyüb, hətta mart ayında Ermənistanda misli görünməmiş dərəcədə - 1,86 milyard dollar həcmində mal ixracı qeydə alınıb. istinad


Bütün bunlar onu göstərir ki, Ermənistanın Rusiyaya və digər region ölkələrinə ixrac etdiyi məhsulların 70 faizindən çoxu özünün istehsalı deyil, başqa dövlətlərin mallarıdır, Ermənistan bu prosesdə sadəcə vasitəçi, qara diler ölkə rolunda çıxış edir.
Bunu Ermənistanın maliyyə nazirinin müavini Vahan Sirunyan da etiraf edib ki, Ermənistandan Rusiya Federasiyasına mal ixracınınn 85% artımının təxminən 80%-i təkrar ixracın payına düşür.
Bir müddət əvvəl məşhur  maliyyə tədqiqatçısı,“Goldman Sachs” iqtisadi analitika mərkəzinin baş strateqi və Beynəlxalq Maliyyə İnstitunun baş iqtisadçısı Robin Bruks da Ermənistanın 2023-cü ildəki süni böyüyən 8,4 milyard dollarlıq saxta ixracının mahiyyətini əsl peşəkar mütəxəssis dəqiqliyi ilə şərh etmişdir.
İqtisadçı bildirib ki, erməni “Statkom”unun ixrac rəqəmləri əslində başqa region və ölkələrdən, o cümlədən Aİ-dən Ermənistan üzərindən Rusiyaya daşınan malların ticarət statiskasıdır, bunun isə Ermənistanın xalis ixracı ilə heç bir əlaqəsi yoxdur. Ermənilərin bu propaqandası sadəcə ticarət fantastikasıdır.
R.Bruks qeyd edir ki, Ermənistanın Rusiyaya ixracının müharibədən sonra əvvəlki dövrlə müqayisədə 430% artması başqa ölkələrin mallarının Rusiyaya təkrar ixracı sayəsində qeydə alınan süni artrımdır.


Həmin ixrac malları gizli qapı olan Ermənistandan keçdiyindən erməni gömrüyü bunu milli ixrac kimi qeydə alır, ölkə “Statkom”unun ixrac nomenklaturasında yer alan həmin malların isə Ermənistana heç bir aidiyyatı yoxdur. istinad

“The New York Times”da ötən il dərc edilmiş məqalədə Ermənistan 2022-ci ildə ABŞ və Avropa İttifaqından çip və prosessor idxalının 5 dəfə artdırılması və həmin məhsulların 97 faizinin Rusiyaya re-eksport edildiyi bildirilir. istinad


“Bild” nəşrinin araşdırmasına görə, Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra Almaniyadan Orta Asiya və Ermənistana ixrac 2 dəfədən çox artıb. Həmin məhsulların böyük əksəriyyəti isə Ermənistan vasitəsilə re-eksport sxemi üzrə Rusiyaya çatdırılır. mənbə

ABŞ və Avropadan son 2 ildə nəqliyyat avadanlıqları və avtomibillərin Ermənistana ixrac rəqəmləri MDB regionunda heç bir ölkədə qeydə alınmayıb. Ermənistan 2022-ci ildə Gürcüstandan 1 milyard dollarlıq avtomobil idxal edərək onun 800 milyon dollardan çoxunu Rusiyaya göndərib, bu dövrdə təkcə avtomobil üzrə təkrar ixrac 225 dəfə artıb.
Ermənistana gətirilən avtomobillərin və hissələrin əksəriyyəti Gürcüstandan keçərək ölkəyə daxil olub, burada əsasən zədələnmiş avtomobillər ABŞ-dan daşınıb. Eləcə də BƏƏ-dən yeni avtomobillər və elektromobillər gətirilib və Ermənistana İran vasitəsilə daşınıb. Ermənistana gətirildikdən sonra avtomobillər Gürcüstan ərazisindən “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə Rusiyaya daşınmazdan əvvəl təmir olunur, sonra re-eksport edilir. istinad

Məsələ ondadır ki, USAİD-in rəhbəri Samanta Pauerin öz ölkəsi də Ermənistanın bu re-eksport sxemində fəal iştirak edir. ABŞ-dən köhnə, istismar müddəti başa çatmış avtomobillər Ermənistana idxal edilərək təmir olunduqdan sonra “Tuning biznes” əməliyyatı vasitəsilə Rusiyaya göndərilir. Son 2 ildə Ermənistanda “Tuning”lə məşğul olan şirkətlərin sayının artması da bununla bağlıdır. mənbə


Ermənistanın sanksiyalardan yayınaraq gizli ticarət sxemləri qurması ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) hesabatında da əksini tapıb. Rusiyanın hərbi sənayesində istifadə olunan elektrotexnika və radiotexnologiyaların, ciplərin, digər bu tipli məhsulların məhz Ermənistan üzərindən daşınması öz təsdiqini tapıb. istinad


OFAC Ermənistana məxsus “Taco” MMC-ni Rusiyaya elektronika məhsulları və radioavtomaika avadanlıqlarının tədarükünü həyata keçirdiyinə görə, eləcə də “Milur Electronics” MMC Rusiyaya mikroçiplər, elektron və telekommunikasiya avadanlığı ixrac etdiyinə görə sanksiya siyahısına salınıb. 
ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Departamentinin direktoru Cim O'Brayen Ermənistanı Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək edən ölkələrdən biri hesab edir.
Beləliklə, Ermənistan açıq-aşkar re-eksport yolu ilə öz iqtisadi imkanlarını genişləndirir, iqtisadiyyatın bir çox sahələrində, xüsisilə də nəqliyyat və rabitə, maşınqayırma, xidmət, yük daşınmaları sektorlarında əlavə dəyərin yaranması məhz bu yolla təmin edilir. Ermənistanda son 2 ildə yaradılmış 1-2 nəfərlik mikromüəssisələrin böyük əksəriyyəti İT və nəqliyyat xidmətləri şirkətləridir ki, təkcə, avtomobil xidməti və təmiri göstərən kiçik müəssisələrin sayı 2022-ci ildə 6892-dən 2023-cü ilin avqustunda 7313-ə yüksəlib. Bu, ümumi əlavə dəyərin artımına süni nəfəs verib və 2023-cü ildə Ermənistanda ÜDM-in strukturunda təkcə avtomobil biznesinin payı 3,7% təşkil edib.
Ermənistanda ÜDM-in süni olaraq son 5 ildə  30 faizə yaxın artması da bunun nəticəsidir. Ermənistanda ÜDM-in tərkibində yer alan mal və xidmətlərin 2/3-i xarici faktorla sıx bağlıdır, bu baxımdan yerli gəlirlər, orta aylıq əməkhaqqı, büdcə yığımları və s. bütün iqtisadi normativlərin hər biri süni xarakter daşıyır.
Əgər azad və güclü  iqtisadiyyatın, potensial biznes bazasının və sahibkarlığın imkanları bu qədər böyükdürsə, Ermənistanda həqiqi artım 2018-2021-ci illərdə 1,4 milyard yox, ən azı 10 milyard dollar olmalıydı.
“Hetq.am” araşdırma platformasından Seda Herqnyan “Euractiv”ə bildirib ki, Ermənistanın Rusiyaya ixracının artması əsasən üçüncü ölkələrdən məhsulların təkrar ixracı hesabına baş verir və bu, ciddi narahatlıqlar yaradır.  Çünki artım tempi istehsaldan yox, xarici amillərdən asılıdır. 



Nəticə:

- USAİD-in rəhbəri Samanta Pauerin “Ermənistan iqtisadiyyatı 2018-ci ildən sonra demokratik istisadi islahatlar nəticəsində inkişaf edib” fikirləri həqiqəti əks etdirmir;

- Ermənistanda orta aylıq əməkhaqqının 87 faiz, iqtisadiyyatın 30 faiz artması milli iqtisadi inkişaf və yerli resurslar hesabına deyil,  ABŞ və Aİ-nin sankisyalarından yayınmaqla Rusiyaya  re-eksport nəticəsində baş verib;

- Əgər azad və güclü  iqtisadiyyatın, potensial biznes bazasının və sahibkarlığın imkanları bu qədər böyükdürsə, Ermənistanda həqiqi artım 2018-2021-ci illərdə 1,4 milyard yox, ən azı 10 milyard dollar olmalıydı;

- S.Pauerin  “X” sosial platformasında başqa ölkələrin mal və xidmətləri hesabına Ermənistanda formalaşan “köpük iqtisadiyyatı”nı azad iqtisadiyyat kimi təbliğ etməsi çoxmilyonluq sosial auditoriyanı aldatmaq cəhdi və riyakarlıqdır.