“Azadlıq radiosu” Cəbrayıl şəhərində inşa olunan ilk yaşayış kompleksinin tikintisi zamanı bir sıra pozuntulara yol verilməsi, 72 milyon manata başa gələn layihədə korrupsiya ehtimaları mövcudluğu barədə süjet hazırlayıb. Süjetdə qeyd olunur ki, evlərin dəyəri şişirdilib, tenderlərə eyni şirkətlər cəlb olunub və satınalma prosesləri qeyri-şəffaf keçirilib, hesabatlılıq təmin olunmayıb, tikintiyə dair zəruri məlumatlar ictimaiyyətdən gizlədilib.
“Azadlıq radiosu” ekspert kimi memar Elçin Əliyev və iqtisadçı Toğrul Vəliyevin fikirləri və rəyi əsasında sözügedən yaşayış kompleksinin inşası zamanı şəhərsalma və tikinti normativlərinin pozulduğunu, memarlıq ənənələrinin yerinə yetirilmədiyini, maliyyə xərcləri ilə əlaqədar qaydalara əməl edilmədiyini əsaslandırmağa çalışıb.
Faktyoxla Lab. radionun hazırladığı süjetdə səslənən iddialara aydınlıq gətirib.
“Azadlıq radiosu”nun süjetinin ilk kadrlarından bu layihəni məqsədli şəkildə gözdən salmaq üçün müxtəlif manipulyasiyalar etməsi, ayrı-ayrı şəxslərin bu layihə barədə sosial mediada aylar öncə yazdıqları şərhləri bu günün postları kimi təqdim edərək kompleksinin inşasında qüsurların olmasını əsaslandırmağa çalışıb.
Diqqət edək, süjetdə (1:22 -1:40) həmin yaşayış kompleksin keyfiyyəti və tikintisi ilə bağlı sosial şəbəkələrdə narazılığa səbəb olan fikirlər təqdim edilir. Qeyd edək ki, adıçəkilən yaşayış kompleksi oktyabrın 4-də istifadəyə verilib. Həmin fikir və rəylər oktyabrın 4-ü, yəni kompeks istifadəyə verilən gün deyil, 2024-cü ilin yanvar ayına, evlərin istifadəyə verilməsindən 9 ay əvvələ aiddir. Həmin statusların müəllifləri - Natiq Cavadli, Zamiq Məmmədli, Rasim Mədət, Elçin Bayramlı kompeksdə binların tikintisinin yeni başladığı və işlərin hələ tamamlanmadığı günlərdə iradlarını ifadə ediblər. Onlar binaların bir-birinə yaxın olması, layihə və şəhərsalma planlaşdırılmasının düzgün aparılmaması, yolların dar olması, yaşıllıq sahələrinin nəzərə alınmaması, həyətlərdə “besedka”ların nəzərdə tutulmaması, “Xutor” oxşaması və s. fikirlərini paylaşıblar.
Onların bu iradları kompeksdə işlər tamamlanmadığı dövrlərə təsadüf etdiyindən sözsüz ki, qeyri-ciddi və yarımçıq təsir bağışlayır. Radionun kompleks istifadəyə tam hazır olmasına 9-10 ay qalmış öngörənlik edən bu şəxslərin layihəyə verdikləri yarımçıq qiyməti süjetə daxil etməsi ucuz şou yaratmaq istəyidir.
Radionun bu reportajında diqqət çəkən digər məqam kadr arxasından kimliyi bəlli olmayan bir şəxsin dili ilə Cəbrayıl yaşayış kompleksinin həyətindəki asfalt yolun dar olması, binalar arasındakı məsafənin gözlənilmədiyi və sanki Xırdalandakı apartman tipli evlərə oxşadığı, bununla da ərazidə guya torpaq sahəsinə qənaət edilməsi haqda iddiaları ilə bağlıdır.
Məlumat üçün deyək ki, Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir və kifayət qədər geniş həyəti var. Kompleks şəhərçik tiplidir və bütün binaların arasında ən azı 30 metr məsafə var.
Bütün binaların qarşısında yaşıl zonalar yaradılıb, sakinlərin istirahəti üçün bütün binaların həyətində kiçik park və istirahət guşələri, idman meydançası, “besedkalar” yaradılıb
Binanın həyətindəki asfalt yola gəldikdə isə bildirək ki, binalararası yollar nəqliyyatın intensiv hərəkəti üçün müəyyən edilən ikitərəfli yol statusu daşımır, avtomobillərin hərəkət zolağı üçün nəzərdə tutulmayıb. Bunu avtomobillərin giriş və çıxışını tənzimləmək üçün irəliyə doğru sağ və sol istiqamətlər üzrə yolayrıcılardan da görmək olar. Bir məqamı da xüsusi qeyd edək ki binanın həyəti maşın saxlamaq üçün nəzərdə tutulmayıb, ərazi sakinlərin rahat hərəkətinə hesablanıb, avtomobillər üçünsə yeraltı qaraj yaradılıb.
Yeri gəlmişkən, qeyd etdiyimiz bu relyef xüsusiyyətləri və ərazi imkanları, dayanıqlı infrastrukturlar və hərtərəfli şərait yuxarıda vurğuladığımız bəzi sosial media istifadəçilərinin yanvar ayındakı ekstrasens statuslarında iddia etdikləri arqumentlərin - layihədə yaşıllıq sahələrinin və “besedka”ların nəzərdə tutulmaması, şəhərçiyin “Xutor”a və ya Xırdalana oxşaması və s. fikirlərinin hər birinin böhtan və iftira olmasını bir daha təsdiqləyir.
“Azadlıq” radiosunun “ekspert” kimi danışdırdığı memar Elçin Əliyev və iqtisadçı Toğrul Vəliyevin layihənin icrası zamanı şəhərsalma qaydalarının pozulması, memarlıq üslubu və prinsiplərinə əməl edilməməsi, binaların keyfiyyətsiz inşası, şəffaflığın və hesabatlıllığın qorunmaması və digər arqumentlərə diqqət yetirək.
Əvvəlcə Cəbrayıldakı Yaşayış Kompleksinin sifarişçisinin niyə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) seçilməsinə aydınlıq gətirək.
Bunun yeganə və başlıca səbəbi xarici ölkələrin inşaat sektorunda böyük uğur qazanmış “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində Azərbaycanda müasir tikinti ənənəsi yaradan MİDA-nın sosial evlər və digər güzəştli layihələrin icrasında qazandığı yüksək peşəkar təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq etmək istəyidir. Məhz bu prinsip və meyarlar əsas götürülərək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadəni təşkil və təmin etmək, habelə tikintidə müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən prinsipləri həyata keçirmək məqsədilə “MİDA MMC” yaradılıb.
MİDA 2022-ci ilin may ayından başlayaraq Füzuli, Cəbrayıl və digər ərazilərdə tenderdə iddialı olan saysız şirkətlərin tender təkliflərini qiymətləndirərək, onları layihələrə cəlb edir. Onların sırasında “T.T.Ş İnşaat” MMC, “Merkuri-İnşaat” MMC, “Araz İnşaatçı” MMC, “Ricon” MMC, Bakı Dövlət Layihə İnstitutu, “Azərmemarlayihə”, “MKS Pyramıda” MMC və digərlərini göstərmək olar.
Yəni tenderin qalibi olmuş şirkətlərin sırasının geniş və fərqli olması bu sahədə rəqabətin və tenderlərin sağlam prinsiplərə söykəndiyini təsdiqləyir, “Azadlıq radiosu"nun da “tenderlərdə digər şirkətlərə seçim yoxdur” iddiasını da yalan olmasını göstərir.
Qeyd edilənlər məhz şəffaflıq, geniş seçim və azad rəqabətin nəticəsidir ki, Cəbrayıl şəhərindəki ilk yaşayış kompleksinin tikintisində açıq tender yolu ilə 10-a yaxın şirkətlə müqavilə bağlayıb.
“MİDA” MMC sifarişçi kimi elan etdiyi tenderlərin və bağladığı müqavilələrin hər biri ilə bağlı öz səhifəsində bütün zəruri informasiyaları yerləşdirir ki, bu da hesabatlılığın tam təmin edilməsinin göstəricisidir. Cəbrayıl şəhərindəki çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elanlarında ən kiçik detallar dəqiqliklə və təfərrüatlı şəkildə ictimaiyyətə açıqlanıb.
Bu faktlar memar Elçin Əliyevin tenderlərin gizli və qapalı şəkildə keçirilməsi barədə söylədiklərinin məsuliyyətsiz iddia olmasına dəlalət edir. MMC hər il icra edilən layihələr barədə audit hesabatını dərc edir ki, bu sənədlərdə tikinti fəaliyyəti ilə bağlı bütün detallarla tanış olmaq mümkündür.
Bu faktlar da layihələrin icrasında hesabatlılıq və şəffaflığın olmaması barədə Elçin Əliyevin və Toğrul Vəliyevin dediklərinin yalan olmasını təsdiqləyir. Binaların şəhərsalma və memarlıq prinsiplərinə uyğun gəlmədiyi, keyfiyyətsiz tikilməsi barədə deyilənlər əsassızdır. Bu kompleksdəki hər binanın, mənzilin tikintisinin hansı keyfiyyətlə aparılmasını, evlərin qapı, pəncərə, eyvan və digər hissələrindəki materiaların ən son tikinti avadanlıqlarına əsaslanması, binaların eksteryer və interyerindəki xüsusi dizayn və müasir şəhərsalma xüsusiyyətləri, ekoloji və enerji səmərəliliyi tələblərinin təmin edilməsi əsl peşəkarlıq nümunəsidir.
Nəhayət, Cəbrayıl kompleksinə xərclənmiş vəsaitlərin dəyərinin şişirdilməsi və bu binalardakı evlərin dəyərinin MİDA-nın Bakıda inşa etdiyi evlərin qiymətindən baha olması barədə iddiaları da aydınlaşdırmağa çalışaq.
Cəbrayıl şəhərindəki kompeksin ümumu xərc portfelinə tam təmirli olan mənzillərin dəyəri ilə bərabər, hər bir evdə quraşdırılmış mətbəx mebeli və qaz plitəsi, “kombi” isitmə sistemi və “kombi” cihazı, su, qaz və elektrik sayğaclarının maddi dəyəri də daxildir. Həmçinin, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, o cümlədən istirahət guşələri, uşaq əyləncə və idman meydançaları yaradılıb ki, bunlar da layihənin xərc paketində yer alıb. istinad
Ona görə də, 72 milyon manat ümumu xərc portfelinə təkcə mənzillərin qiyməti daxil deyil və müqayisəni yalnız mənzillərin dəyəri əsasında aparmaq həm savadsızlığın əlamətidir, həm də qəsdən ictimaiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdür.
Bütün bunlara rəğmən, Cəbrayıldakı yaşayış kompleksindəki evlərin qiyməti MİDA-nın paytaxta inşa etdiyi yaşayış binalarındakı mənzillərin qiymətindən baha deyil, xeyli ucuzdur. Məsələn, Yasamal Yaşayış Kompleksində inşa edilmiş binaların yerləşdiyi ərazinin sahəsi, evlərin kv.metri Cəbrayıldakı mənzillərdən xeyli kiçikdir. Belə ki, ümumi sahəsi 7,8 hektar olan Cəbrayıl kompleksində evlər 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Binalarda, ümumilikdə 712 mənzil yerləşir ki, 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir. 712 mənzilin ümumi sahəsi təxminən 70-75 min kv.metrdir. Bu kompleksdə orta məktəb, uşaq bağçaları, futbol meydançası, ictimai iaşə və xidmət obyektləri də inşa edilib ki, onların da inşaat xərcləri ümumi qiymət portfelində, yəni 72 milyon manat xərclərin tərkibində yer alır. mənbə
Yuxarıda da vurğuladıq ki, bütün mənzillər mebel və qaz plitəsi, kombi isitmə sistemi və digər vasitələrlə təchiz olunub ki, onların əksəriyyəti MİDA evlərində yoxdur. Beləliklə, bütün bu xərcləri çıxdqıda Cəbrayıl Yaşayış Kompleksində bir mənzilin 1 kv. metri 800 manatdan da aşağıdır.
Yasamal Yaşayış Kompleksindəki mənzillərin dəyər zəncirinə də baxaq. Bu kompleksdə 1 otaqlı mənzilin sahəsi 35 kv.m², studio tipli mənzillərin sahəsi 33,52 - 35,00 m², ikiotaqlı mənzillərin sahəsi 55,91 - 60,02 m², üçotaqlı mənzillərin sahəsi 72,55 -76,79 m², dördotaqlı mənzillərin sahəsi 96,10 - 96,67 m² təşkil edir. mənbə
Göründüyü kimi Yasamaldakı mənzillərin sahəsi Cəbrayıldakı mənzillərin sahəsindən ən azı 30-40 faiz azdır. Bu isə mənzillərin ümumi xərc smetasına əhəmiyyətli təsir göstərir. Həmçinin, Yasamalda binalar 9-12, Cəbrayılda isə 4-5 mərtəbəlidir, ümumi olaraq layihələndirmə, tikinti planı, ərazinin landşaftı və digər amillər baxımından da ümumi xərclərə təsir edir. Yəni 5 mərtəbəli bir binanın xərc tutumu, 12 mərtəbəli binanın xərc tumundan daha baha başa gəlir.
Yasamal Yaşayış Kompleksində 1 otaqlı mənzillərin qiyməti bina istismara verildiyi 7-8 il əvvəl 33.222 manat, 2 otaqlı mənzillərin qiyməti 53.732 manat, 3 otaqlı mənzillərin qiyməti 68.904 manat, 4 otaqlı mənzillərin qiyməti 91.295 manat olub. Həmin dövrün qiyməti ilə 1 kv.metr təxminən 950-1000 manat təşkil edib. mənbə
Hazırda Yasamal kompleksində evlərin qiymətləri bahalaşıb və bunu təkrar bazar üzrə satış qiymətlərində də görmək mümkündür. Bu kompleksdə sahəsi 80 kv.m olan 3 otaqlı mənzil 137 min manata satışa təklif edilir ki, 1. kv.metr 1700 manatdan bahadır. mənbə
Göründüyü kimi, MİDA-nın Bakıda inşa etdiyi mənzillərin qiymətinin işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl şəhərindəki kompleksdəki mənzillərdən baha olması barədə fikirlər də tamamilə yalan və böhtandır.
Nəticə:
• 72 milyon manat ümumi xərc portfelinə təkcə mənzillərin qiyməti daxil deyil və müqayisəni yalnız mənzillərin dəyəri əsasında aparmaq həm savadsızlığın əlamətidir, həm də qəsdən ictimaiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdür
• “Azadlıq radiosu” da süjetdə köhnə sosial media statusları üzərində spekulyasiya edərək guya sosial media istifadəçilərinin kompleksin məhz istifadəyə verilməsindən sonra “nöqsanlar” barədə narazılıqlarını ifadə etdikləri görüntüsünü yaradır. Bu, media prinsiplərinə və ən azı etik davranışa ziddi olmaqla bərabər, radionun açıq təxribat və saxtakarlığına dəlalət edir.