Sosial mediada yayılan dezinformasiyanın əhatə dairəsi insanların təcrübə sahələrini əhatə edir. Bəs karyera və tərcümeyi-hal haqqında şübhəli və yanlış məlumatlardan necə qorunmalıyıq?

Türkiyədə bir gəncin tərəvəz və meyvə tullantıları ilə bioplastik istehsal etməyi bacardığı xəbərini görsəniz nə düşünərdiniz? Ona həmin dövrün Milli Təhsil Naziri tərəfindən hər cür dəstək vəd edildiyini desək, heyrətlənməzsiniz? Bütün bunlar doğru olsaydı, elm aləmində perspektivli bir inkişaf ola bilərdi.

2018-ci ildə tərəvəz tullantılarından bioplastik istehsalındakı uğuru ilə gündəmə gələn Əmirhan Belli o zamankı Milli Təhsil Naziri Ziya Tunçdan dəstək vədi alıb.

Bellinin mediada əksini tapan “nailiyyətləri” bununla da bitməyib. “İspanaqdan qaşıq istehsal edən” Əmirhan “Bilimsenol” adlı platforma da qurub, akademik təcrübəsi ilə bağlı zaman-zaman müxtəlif müsahibələr verib. Lakin Türkiyə mediasının araşdırdığı bu “parlaq hekayə”nin ziddiyyətlərlə dolu və həqiqətdən uzaq olduğu məlum olub.

Əmirhan və ispanaqdan istehsal etdiyini iddia etdiyi çəngəl sosial mediada zaman-zaman rastlaşdığımız təsdiq ehtiyacı olan məlumatlara bir nümunədir: Karyeraları, nailiyyətləri və CV-ləri haqqında, etibar, maddi gəlir kimi müxtəlif səbəblərlə yanlış məlumat verən insanlar. Həm dünyada, həm də Türkiyədə bu misallara tez-tez rast gəlinir. Sosial medianın qarşılıqlı əlaqəyə yönəlmiş quruluşu ilə, bu yanıldıcı, lakin diqqətçəkici hekayələr filtr və nəzarət olmadan bir çox istifadəçiyə çatır.

Bu insanların ifadələrindən asılı olmayaraq onların keçmişini tam təsdiqləmək mümkün olmaya bilər, lakin açıq mənbələrdən istifadə edərək izləyə biləcəyiniz bəzi üsullar var.

Yanlış karyera qlobal bir fenomendir

Əmirhanın saxta karyerası, həqiqiliyi yoxlanılması mümkün olmayan sənədlər, oğurlanmış layihələr, təhsili ilə bağlı uyğunsuzluqlar və adının Əmir olaraq dəyişdirilməsi kimi tapıntılar vasitəsilə üzə çıxıb.

Saxta diplomlarla, qeyri-real peşə təcrübəsi və ya təhsil hekayələri ilə vəzifəyə gələn insanlar təkcə Türkiyənin problemi deyil. Ən məşhur nümunələrdən biri 2012-ci ildə yaşanıb.

Məlum olub ki, ən çox istifadə olunan axtarış sistemlərindən biri olan “Yahoo”nun o zamankı CEO-su Skott Tompsonun kompüter elmləri məzunu olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Verdiyi qeyri-müəyyən cavablar Tompsonla bağlı şübhələr yaradıb və məzun olduğu il universitetdə belə bir kafedranın olmaması ilə də təsdiqlənib. Tompson əslində “Stounhill” Kollecini mühasibatlıq dərəcəsi ilə bitirib.

Stenford Universitetinin Kimya Mühəndisliyi fakültəsinin məzunu Yelizavet Holms və onun açdığı sağlamlıq texnologiyaları şirkəti “Theranos”un da oxşar hekayəsi var.  Sonradan məlum olub ki, “Theranos” daxilində inqilabi “qan analizi aparatı” hazırladıqlarını açıqlayan Holmsun əslində bu layihəni həyata keçirəcək texniki biliyi yoxdur.

Holmsun ifşasına səbəb isə 900 milyon dollar dəstək tapdıqda, onun proses zamanı verdiyi tutarsız cavablar olub. Holmsun keçmişi və layihə haqqında söylədiyi yalanlar “Wall Street Journal”-dan Con Karreyrounun laboratoriya nəticələrinin etibarsız olduğunu yazması ilə ortaya çıxıb.

Son vaxtlara qədər özünü "hava proqnozu mütəxəssisi" kimi təqdim edən və “X”-də proqnozlar paylaşan Kərəm Öktən ekranlara  və qəzetlərə qədər yol tapa bilib.

İştirak etdiyi proqramlarda adının "meteoroloq" kimi hallandırılmasına icazə verən Kərəm heç bir meteoroloji təhsil almadığı Meteorologiya Mühəndisləri Palatasının açıqlaması ilə ortaya çıxıb.

Sosial mediada “psikologbuseaydın” istifadəçi adı ilə paylaşımlar edən Busə Aydın psixologiya və cinsəl həyatla bağlı məsləhətlər verir. Aydının təkcə “İnstaqram”da 450 mindən çox izləyicisi var.

Özünü “cinsi terapevt” kimi təqdim edən Aydının tövsiyələrinin sensasiyalı olması onun karyerasının araşdırılmasına səbəb olub. Beləliklə, Aydının əslində yalnız psixologiya dərəcəsinə malik olduğu və cinsi sağlamlıq sahəsində məsləhət vermək səlahiyyətinin olmadığı üzə çıxıb. Nəticədə Reklam Şurası Aydını külli miqdarda cərimələyib.

Bütün bu misallarda yanlış məlumatlar arasında bir məqamı görmək mümkündür. İnsanların müzakirəsinə daxil olan saxta başlıqlar, şişirdilmiş şəkildə təsvir edilən təcrübələrlə dəstəklənir.

Çox vaxt bu insanlar tutarsız ritorika və sübutlarla təsdiqlənə bilməyən iddialarla maskalanırlar. İnsanlar zaman-zaman iddialarını saxta sənədlər və sertifikatlarla dəstəkləyə və ya manipulyasiya xarakterli və peşəkar görünüşlü şərhlər edərək insanları çaşdıra bilərlər.

İctimaiyyətin bütün bunlara inanmaq meyli, ümumiyyətlə, “səriştəli” mənbələrdən məlumat əldə etmək istəyinin birbaşa nəticəsidir. Xəbər və məlumat mənbəyi kimi istifadə edilən sosial mediada dezinformasiyanın yayılmasına təkan verir. Digər amil isə informasiya mənbələrinin sorğu-sual edilməməsidir. Bu, paylaşılan məlumatların istifadəçilərin inanc və istəklərinə uyğun olması ilə əlaqədardır. Ssenari gerçəkləşəndə məlumatın mənbəyini sorğulamadan onun yayılmasına töhfə verir.

Özümüzü saxta ekspertlərdən necə qoruyaq?

Bir şəxsin iddia edilən adı, ixtisas sahəsi və ya təcrübəsi ilə bağlı hər hansı bir şübhəniz varsa, bunun şəxsin diskursunda nə vaxt yerləşdiyini araşdırmaqla izi tapmaq olar. Açıq mənbələrdən və axtarış sistemlərindən istifadə edərək açar sözləri araşdırmaq sizə həmin şəxsin keçmişi haqqında məlumat verəcək.

Məsələn, jurnalist Fatih Altaylının “YouTube”-da yayımlanan proqramında qonaq olan iqtisadçı ekspert Bartu Soral özü haqqında danışarkən “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) keçmiş prezidenti” ifadəsini işlədib. Soral sonradan hadisənin dil sürüşməsi olduğunu açıqlasa da, bir müddət beyinlərdə şübhə qalıb.

Açar sözlərdən istifadə etməklə aparılan araşdırmada Soralın bir çox kontekstdə “keçmiş BMTİP prezidenti/direktoru” kimi təqdim edildiyini görünür. “Google”un qabaqcıl və tarix filtrli axtarış funksiyası sayəsində bu ifadələr 2008-ci ilə qədər izlənilə bilər.

Maraqlıdır ki, Soral “İnstaqram” hesabında “UNDP E. Director” ifadəsini işlədir. Yəni Bartu Soral son zamanlar adı gündəmə gələndə yaranan çaşqınlığın qarşısını almağa çalışsa da, onun sosial media profilindəki açıqlamaları və bu detal, əksinə, çaşqınlığı artırır.

Onun nə vaxt bu "saxta" başlıqla əlaqələndirildiyinə baxmaq vəziyyəti daha aydın başa düşməyə kömək edə bilər.

Çünki həmin şəxs daha əvvəl iddia etdiyindən fərqli mövqe ilə gündəmə gəlmiş ola bilər və şəxsin iddialarını əks etdirən məzmunun olmaması şübhə doğurmalıdır.

Təhsil və iş təcrübəsini təsdiqləyə bilərsiniz

Bacarıqlılığın ən bariz göstəricisi həmin sahədə alınan təhsil və iş təcrübəsidir. Məsələn,

- “meteoroloq” Kərəm Öktenin İTU Meteorologiya Mühəndisliyi fakültəsini bitirməsi gerçəyi əks etdirmir;

- Açıq mənbələrdən təhsil haqqında verilən məlumatlara tam nəzarət etmək həmişə mümkün olmasa da, bəzən mövcud olanlar kifayət edə bilər. Əgər şəxsin təhsil səviyyəsi ilə bağlı açıqlaması yalnız şifahidirsə, şöbə və məzuniyyət tarixi kimi məlumatlar sorğulana bilər.

- Skott Tompson, “Massachusetts Stonehill” Kollecində "kompüter elmləri" oxuduğunu iddia edib. Tompsonun təhsil aldığını iddia etdiyi dövrdə universitetdə belə bir bölmənin olmadığı barədə məlumatı açıq mənbələrdən asanlıqla əldə etmək olar;

- Yazının əvvəlində adını çəkdiyimiz Əmirhan Belli Qazaxıstan Milli Aqrar Universitetində kimya fakültəsində təhsil aldığını bəyan etsə də, universitetdə kimya fakültəsinin olmadığı üzə çıxıb;

- Sosial media platformalarında özünü "cinsi terapevt" kimi qələmə verən Buse Aydın insanlara müxtəlif cinsi pozğunluqlar haqqında məlumatlar verib. Yalnız psixologiya təhsili olduğu üzə çıxanda Aydın həkimlik sahəsinə aid mövzular haqqında məlumat verdiyi üçün cəzalandırılıb.  Aydının diplom və sertifikatlarının izinə düşülsəydi, bu manipulyasiyanın qarşısı daha əvvəl alına bilərdi.

- “LinkedIn” kimi peşəkar şəbəkələr də şəxsin təhsil və iş tarixini yoxlamaq üçün istifadə edilə bilər.

- Bəzi universitetlər məzun siyahılarını açıq şəkildə dərc edə bilərlər. Təqdim olunan məlumatları “Google”-da açar sözlərdən istifadə edərək arxivlərdə axtararaq yoxlamaq olar. Siz elektron poçt vasitəsilə müvafiq universitetlərdən məlumat tələb edə bilərsiniz və ya məzunlar assosiasiyası sizə öz məzunları haqqında məlumat verməyə razı ola bilərlər;

-Bundan əlavə, akademik sahədə ekspertiza iddiası varsa, bu sahədə yazılmış tezislərin və ya məqalələrin mövcudluğu yoxlanıla bilər. Açıq mənbəli “Google Scholar” və “Research Gate” kimi bəzi platformalar bu nəşrləri yayınlaya bilər. Bu məqamda həmin şəxsin nəşrlərinin və sitatlarının onun mütəxəssis olduğunu iddia etdiyi sahəni əhatə etməsi də vacibdir. Məsələn, bir şəxs Yaxın Şərq sahəsində akademik təcrübəyə sahib olduğunu iddia edirsə, onun bu sahədə yazılmış tezisi və ya məqaləsi olmalıdır.

Saxta ekspertlər böhran zamanı çoxalır

Saxta ekspertlərin informasiya ekosistemində özlərinə ən asan yer etdikləri dövr böhran dövrləridir. Daimi və aktual məlumat axınına ehtiyac duyulduğu böhran dövrlərində istifadəçilər mövzu ilə bağlı müxtəlif fikir və iddialarla qarşılaşır.

Bu məlumat kütləsi arasında saxta titullarını işıqlandırmaq istəyənlərin işi asanlaşır. Bəs belə vaxtlarda saxta ekspertləri realdan ayırmaq üçün hansı məsləhətlərə əməl edilməlidir?

Məsələn, 6 fevral Kahramanmaraş zəlzələsini 3 gün əvvəl proqnozlaşdırdığı iddiası ilə məşhurlaşan Frank Huqerbets vaxtilə adından çox söz etdirib. 

Bir çox qaynaqda özünü "Avstraliya astronomu", "zəlzələ kahini" və "zəlzələ proqnozçusu" kimi tanıdan Huqerbets özünü "planet həndəsəsi mütəxəssisi" olaraq da xarakterizə edib.

Mütəxəssislərin fikrincə, SSGEOS adlı bir qurumda tədqiqatçı olduğunu bəyan edən Huqerbetsin yazdığı yazıların geologiya, seysmologiya və ya astronomiya ilə heç bir əlaqəsi yoxdur. O, heç bir elmi adının olmadığını da etiraf edib və “kahin” olmadığını bildirib. Bunlara baxmayaraq, Huqerbetsin proqnozları və fikirləri sosial mediada üstünlük təşkil etməkdədir. Huqerbets zəlzələlərin səmada planetlərin düzülüşündən qaynaqlandığını iddia edir və öz saytında potensial zəlzələlər barədə xəbərdarlıqlar dərc etməyə davam edir.

Veb saytında Huqerbets "zəlzələ proqnozlaşdırıcısı" və "tədqiqatçı" kimi təqdim olunur.

Böhran zamanlarında ekspert seçimi ilə bağlı imtahan verən sosial media çox vaxt bu imtahandan keçə bilmir. Huqerbets kimi saxta ekspertlərin fikirləri, təcrübələri yoxlanılmadan əsas media kanallarına daxil olur. Heç bir elmi araşdırmaya, təcrübəyə əsaslanmayan bu və buna bənzər fikirlərin sürətlə yayılması indiki böhran şəraitində dəqiq informasiya axınına ciddi maneə yaradır.

Qeyd etmək lazımdır ki, hər bir elmi ad və ixtisasın arxasındakı məlumatlar etibarlı olmaya bilər. Akademik tələblərini yerinə yetirmiş, yüksək təcrübəyə malik olan və ya öz sahəsində nüfuzu olan insanların da cəmiyyəti çaşdırmaq ehtimalı var. Adlar və diplomlar insanın səriştəsinin mühüm göstəricisi olsa da, bizim yeganə əsasımız deyil. Bu, bizə xatırlatmalıdır ki, istənilən halda məlumatın məzmunu mənbə qədər təsdiqlənməyə ehtiyac duyur.

Nəticədə sosial şəbəkələrdə öz karyerası və CV-ləri ilə bağlı yalan məlumatlar yerləşdirənlərin sayı artır. Bu bir həqiqətdir ki, bu cür manipulyasiyalar sosial inamı zədələyir, ekspertiza inamını sarsıdır və dezinformasiyaya əsaslanan qərarlar verir. Ancaq açıq mənbələrdən düzgün üsullarla istifadə etməklə bu insanların iddialarını təkzib etmək, saxtakarlıqları aşkar etmək və insanlara etibarlı məlumat vermək mümkündür.