“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi”nin (OCCRP) Azərbaycanla bağlı yaydığı qərəzli və tamamilə saxtalaşdırılmış informasiyalarla dolu sonuncu “araşdırma”sı bu layihənin Azərbaycana qarşı mövqeyini birdəfəlik bəlli etdi.
Bu təşkilatın indiyə qədər “korrupsiya”, “pulyuma” və digər saxta iddialarla bəzədilmiş, arqumentsiz, əsassız yazılarına mediada dəfələrlə cavab verilsə də, OCCRP-nin yaranma səbəbi, destruktiv, şantajçı fəaliyyəti və ümumiyyətlə əsl məqsədləri haqda geniş araşdırılma aparılmayıb.
Mega-sızdırma layihələrinin yaranma səbəbləri
Anonim mənbələrdən məlumat sızmasının tarixi və gələcəyi haqda yazılmış ən populyar kitablardan biri olan "Bu maşın sirləri öldürür" (This Machine Kills Secrets) kitabında Culian Assancın “WikiLeaks” meqa-sızıntı layihəsinin ABŞ-nin dünyanın digər dövlətlərinə qarşı gələcək fəaliyyətini necə dəyişməsinə toxunulub. Kitabda qeyd olunur ki, ABŞ siyasi rəhbərliyi, ordusu, hərbi-sənaye kompleksi, İraqda müharibə və s. ilə bağlı böyük kompromat fayllarının və məxfi sənədlərin geniş ictimaiyyətə açıqlanması (sızdırılması) ilə nəhəng informasiya sızmaları (mega-leaks) erasının başladığına işarə oldu.
Bildirilir ki, gələcək üçün ciddi planlar hazırlayan ABŞ onun dövlət nüfuzuna böyük zərbə vuran “WikiLeaks” layihəsindən həm də atılacaq addımları yenidən planlamaq, gələcəkdə görüləcək böyük dəyişikliklər üçün istifadə etdi. Yəni məhz bu sızıntıdan sonra ABŞ oxşar formatda yeni informasiya sızıntı-layihələri yaradıb bu metodla dünyaya geosiyasi təzyiq vasitəsi kimi tətbiq etmənin mümkünlüyünü anladı. Onlar dərk etdilər ki, “WikiLeaks” nümunəsində olduğu kimi, böyük sızdırma, sındırma (hack), izləmə (surveliance) və s. texnologiyalarla ABŞ-ni hədəfə alanlara, eləcə də getdikcə sərhədsiz imkanlara malik olan IT nəhənglərinə qarşı dayanmaq üçün bu layihələrin bənzərini yaratmaqla mübarizə aparmaq mümkündür. Kitabda qeyd olunur ki, “WikiLeaks” qalmaqalından sonra ABŞ-də texnologiya milyarderləri, Vaşinqtonun siyasi rəhbərliyi, Mərkəzi Kəşfiyyat İdarəsi, onların təsiri altında olan böyük media şəbəkəsi, kibertəhlükəsizlik, izləmə və hakerlik texnologiyaları sahəsində ən qabaqcıl laboratoriyalarla işbirliyinin qurulmasına nail oldular.
Bu məqsədlə C.Assanc kimi müstəqil deyil, dövlətin dəstək olduğu, yönəltdiyi yeni qalmaqal yaratmaq və sınaqdan çıxarmaq məsələsində əvvəlcə “Eduard Snouden işi” dövriyyəyə buraxıldı. Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşı E.Snouden çalışdığı quruma məxsus faylları şəxsi əqidə və etiraz səbəbindən yayması görüntüsü yaradıldı. Bununla da ictimaiyyətə mesaj verilirdi: “ABŞ xüsusi xidmət orqanları vətəndaşları izləyir”. Axı, burada qeyri-adi, sensasiyalı bir iş, məlumat yoxdur. Bu tezisi kim bilmir ki? Hətta analitiklər bununla bağlı sarkazmla yazırdı ki, Snouden prestijli yerdə, ildə 200 min dollar maaş aldığı işini, bahalı evini, tanışlarını qurban verdi ki, desin: ...dövlət bizi izləyir. “Snouden işi” şousunda ictimaiyyəti şoka salan tək hamıya bəlli olan mesajın açıqlanması deyildi, düzəldilmiş xain obrazının tərcümeyi-halındakı uyğunsuzluqlar da layihənin primitiv hazırlandığına dəlalət edirdi. Məsələn, sonradan aşkar edildi ki, Snouden nəinki Milli Təhlükəsizlik Agentliyində çalışıb, heç ABŞ ordusunda da xidmət etməyib.
Mütəxəssislər bu qənaətdə idilər ki, əslində ABŞ rəhbərliyinin yeni informasiya geosiyasətini “WikiLeaks” qalmaqalları formatında sınaqdan çıxarması, ən mühüm məqsəd isə nəhayət, Amerikanın nüfuzuna güclü zərbə vuran “WikiLeaks”-i arxa plana keçirməklə təqib etdiyi və həbs etməyə çalışdığı Culian Assancı unutdurmaq idi. Beləliklə, E.Snoudenin sızdırdığı informasiyaları “təhvil alıb” tirajlamaq üçün müvafiq media-informasiya orqanı yaradılmalı idi ki, proses davamlı ənənəyə çevrilsin, ictimaiyyət vaxtaşırı “sızdırılacaq” sənədləri gözləsin, müxtəlif ölkələrdə zənginlər, siyasətçilər, parlamentarilər, iş adamları davamlı “qorxu” altında olsun, bir sözlə onlara tuşlanmış silahdan yararlanaraq, yeni təzyiq alətləri yaratsınlar.
E.Snouden nümunəsində böyük sızıntılar (“mega leaks”) sınaqdan keçirildikdən sonra ABŞ bu layihəni davamlı ənənəyə çevirmək məqsədilə bir neçə QHT və “layihə” adlı təzyiq vasitələri təsis etdi və ya əvvəl olanların profilini dəyişdi. Onların sırasında ən mühümü, fəaliyyətində Azərbaycana “xüsusi” yer verən OCCRP layihəsi əsas “silah” olaraq müəyyən edildi. Digər iki - ICIJ (International Consortium of Investigative Journalists) və GIJN (Global Investigative Journalism Network) bu sahədə şəbəkənin əhatəliliyi, müxtəlif təşkilatların qoşulması fonunu, bir sözlə məlumat mənbələrinin müxtəlifliyi görüntüsünü yaratmaq və ya böyük maliyyə dövriyyəsini (oxu, pul yuyulması-red.) gizlətmək üçün istifadə olunurdular.
Bunu, prosesi izləyən təhlilçilər də təsdiqləyirlər. Onlar “Pandora sənədləri”ni açıqlayan araşdırmaçı şəbəkə ilə “WikiLeaks” arasındakı fərq məsələsində birincini ABŞ dövlətinin, ikincini isə C.Assancın özünün müstəqil şəkildə yaratması düşüncəsindədirlər.
Nəticədə araşdırmaçı jurnalistikanın yeni, qlobal miqyasda təşkilatlanması ABŞ-nin ona dünyada sərf etməyən “rejimlərin dəyişikliyi” texnologiyasının, yumşaq və sərt gücün sintezi olan hibrid müharibənin reallaşdırılma vasitəsinə çevrilməsi prosesi baş verdi. Bu sahədə əsas aktorlar - bir tərəfdə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), ABŞ Dövlət Departamenti, USAID (ABŞ Beynəlxalq Əməkdaşlıq Agentliyi), NDI (Milli Demokratiya İnstitutu), NED (Demokratiya Fondu), Soros fondu, digər tərəfdə IT sahəsində nəhəng şirkətlər, investisiya maqnatları, meqa-donorlar və s. olmaqla işbirliyinin əsası qoyulub. “Qlobal araşdırmaçı jurnalistlər” adlanan mütəşəkkil şəbəkə dünya siyasi xəritəsini regionlar üzrə (Ərəb ölkələri, Latın Amerikası, Asiya ölkələri, Mərkəzi və Şərqi Avropa, MDB məkanı, Cənubi Qafqaz və s.) filiallar - dayaq nöqtələri ilə təsis edib, “xüsusi tapşırıqla araşdırma” adlana biləcək transmilli şəbəkə yaradılıb. “İnsan hüquqları” əvəzinə, “antikorrupsiya” ritorikası altında informasiya müharibəsinə, “ofşor qalmaqalları” silsiləsinə, fərdi məlumatların sındırılaraq mənimsənilməsi, bəlli kanallarla sızdırılması ilə ölkələrdə xaos yaratmağa, bəzən isə uyğun olmayan iqtidarların devrilməsinə start verilib.
Araşdırmaçı jurnalist şəbəkəsinin yaranma və fəaliyyət xronikası:
• 1989-cu ildə ölkədaxili araşdırma profilli “İctimai Bütövlük Mərkəzi” (Center for Public Integrity - CPI) yaradılıb. (Direktor: Çarlz Lyuis).
• 1997-ci ildə bu mərkəzin nəzdində Çarlz Lyuis tərəfindən ortaq fəaliyyət platforması kimi “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (International Consortium of Investigative Journalists - ICIJ) layihəsi yaradılıb. (Direktor: Cerard Rayl (Gerard Ryle) ). 2000-ci illərdən ABŞ təşkilatın profilini tamamilə dəyişib.
• 2003-cü ildə bənzər ad və funksiyalı “Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi” (Global Investigative Journalism Network - GIJN) yaradılıb. (Direktor: Brant Houston)
• Eyni vaxtda, 2004-cü ildə bütün qlobal şəbəkənin maliyyələşdirilmə kanalı qismində ''Jurnalistikanın İnkişafı Şəbəkəsi'' (The Journalism Development Network Inc. - JDN), 2006-cı ildə qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (Organized Crime and Corruption Reporting Project - OCCRP) yaradılıb.
• 2006-cı ilin oktyabrında Culian Assancın “WikiLeaks” layihəsi İslandiyada təsis edilib. ABŞ başda olmaqla Qərb dövlətlərinin siyasi korrupsiya, hərbi cinayətlər, diplomatik sirlər və casus qalmaqalları ilə bağlı məxfi faylları tirajlanmağa başlayıb.
• Qərb dövlətləri nüfuz itkisini əvəzləmək, “WikiLeaks” qalmaqalını arxa plana keçirmək üçün Edvard Snouden işini dövriyyəyə buraxıb; informasiya müharibəsinin “sızdırma və tirajlama” mexanizmi kimi “ofşor qalmaqalları” yaratmağın mexanizmi sınaqdan çıxarılıb və işə salınıb.
• “WikiLeaks”ə əks-tədbir kimi ABŞ dövləti 2006-cı ildə OCCRP ilə eyni vaxtda Milli Demokratiya Fondu (National Endowment for Democracy) tərəfindən “Beynəlxalq Mediaya Yardım Mərkəzi” (The Center for International Media Assistance (CIMA) yaradıb. (Direktor: Nick Benequista)
• 2015-ci ildən başlayaraq, “ofşor” və s. sızdırma əsaslı qalmaqallar davamlı geosiyasi təzyiq vasitəsinə çevrilib.
“ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun (NED) tərkibində 2004-cü ildə "Beynəlxalq Mediaya Dəstək Mərkəzi" (Center for International Media Assistance - CIMA) yaradılıb. (http://www.ned.org/ cima/about-cima) Beləliklə, NED-in bir qolu kimi CIMA-ya dünyada araşdırmaçılığı yaymaq və maliyyələşdirmək, eyni zamanda, onların inkişafını, maliyyə sərfinin hesabatlarını vermək həvalə olunub. Hər il dünyada media və internet azadlığına dair reytinqlər hazırlanıb.
Bu məqama diqqət edək. CIMA ilə demək olar ki eyni vaxtda "Jurnalistikanın İnkişafı Şəbəkəsi" (The Journalism Development Network - JDN) təsis edilib. Rəhbəri Endrü Sallivan olub. Bu layihələrdə adı tez-tez çəkilən Endrü Sallivan kosmik texnologiyalar sahəsində mühəndislik ixtisasından tutmuş "Boeing" şirkətində çalışmağa qədər ciddi bir işdən vaxtilə komediya aktyoru, sonradan hekayələr yazan, qəzetlərdə müxbir kimi işləməyə qədər unikal bir ixtisas dəyişimi edib. Bu şəxsin karyera nailiyyətlərinin sxemini təkrar çəkək: texnologiyalar sahəsində mühəndis- komediya aktyoru- “standapçı”- kosmik müxbir- media developer- şəbəkə qurucusu. Bu qədər istedadı olan bir şəxsin “dünya nizamını dəyişə biləcək” böyük layihəyə rəhbər təyin olunmasında şübhəli detalı görməmək mümkün deyil.
Bu şəxsə yenidən qayıdacağıq, hələlik ən vacib olanı deyək: JDN adlı bu təşkilat Azərbaycana qarşı qərəzi ilə seçilən, saxta iddialarla ittiham səsləndirən “OCCRP”-nin özüdür. Yəni qeydiyyat sənədlərində “OCCRP” JDN kimi təqdim olunur.
Burada elə bir informasiya labirinti yaradılıb ki, araşdırmaçılar ilk baxışda anlamaqda çətinlik çəkirlər. Misal üçün, internetdə ''The Journalism Development Network'' adlı təşkilatın nə adı, nə də onun rəsmi saytına rast gəlmək mümkün deyil. Hətta “LinkedIn” səhifəsi boşdur.
İzahı isə çox sadədir: Qlobal şəbəkənin bir mərkəzdən idarə edilən və bütün planeti əhatə edən vahid araşdırmaçı “şəbəkənin” olduğuna dəlalət edən birinci cəhət bu şəbəkəyə daxil olan layihələrin, proqramların, təşkilatların hamısının sponsor, himayədar və maliyyə mənbələrinin eyni olmasıdır. Yəni məqsədlər eyni, adlar müxtəlifdir. Araşdırma zamanı bir xətti də aydın görmək mümkündür: eyni “araşdırmaçılar” bütün təşkilatların idarə heyəti və üzvlüyündə təmsil olunurlar. Müxtəlif adlarda bir neçə təşkilat görüntüsü yaradan şəbəkənin əslində bir adı və ideyası var: OCCRP. Mahiyyət bundan ibarətdir ki, ABŞ xüsusi xidmət orqanları ilə işbirliyində, qanunsuz yollarla əldə edilən məlumat - korrupsiya qalmaqalları növbə ilə gah bir təşkilata, gah da digərinə verilir və informasiya hücumu əməliyyatları başlayır. Bu, proseslərin arxasında duran qüvvə və məqsədlərlə bağlı ictimai rəyin aldadılmasına xidmət edir. Dolayısilə bu “manevrlər” şəbəkənin müxtəlif, obyektiv və çoxsaylı olması görüntüsünü yaratmaqla maliyyə donorlarından çoxlu vəsait qoparılması, məlumat mənbəyinin gizlədilməsi, onu sızdıran insayder-hakerlərin, ümumilikdə “əsas” təşkilatların hüquqi təqibdən qorunması və digər məqsədləri güdür.
Fəaliyyət mexanizmində diqqəti cəlb edən digər məqam: “araşdıran” haker, reportyor və s.-nin yalnız “öz dövlətləri əleyhinə çıxanlar” prinsipi ilə əməkdaşlığa cəlb edilməsi birmənalı olaraq sübut edir ki, bu fəaliyyətin müstəqil jurnalistikaya, ədalət prinsiplərinə aidiyyəti yoxdur.
Amerikalı araşdırmaçı jurnalist Robert Perri məqalələrinin birində yazır ki, OCCRP-nin əsas hədəf obyekti ABŞ hökumətinin razı qalmadığı dövlətlərin rəhbərləri, hökumət üzvləri və böyük şirkətlər olurlar. Jurnalistin bu açıqlaması təşkilatın yaradılmasını, onu külli miqdarda maliyyə və informasiya axını ilə təmin edilməsinin əsas səbəbini bəlli edir.
Qayıdaq araşdırmaya. Bir daha təkrarlayırıq: ABŞ-nin Merilend ştatında qeydiyyatdan keçən ''The Journalism Development Network'' təşkilatı baş qərargahı Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən “OCCRP” adlı təşkilatın əsas maliyyəçisidir. Qeyd: OCCRP ABŞ-də qeydiyyatda olan JDN-nin layihəsi olduğu və Sarayevoda yerləşdiyi yazılsa da, əslində layihə-təşkilatın rəsmi qeydiyyatı Rumıniya göstərilir.
Xüsusi xidmətin təsir silahı ‒ OCCRP
2006-cı ildə “jurnalistlər” Endryu Sallivan (Andrew Sullivan) və Pol Radu (Paul Radu) tərəfindən təsis edilmiş Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma-təhqiqat, KİV və jurnalistlərdən ibarət konsorsiumdur. OCCRP öz hekayələrini nümayəndəlikləri olan ölkələrin yerli mediasında, eləcə də öz saytı vasitəsilə ingilis və rus dillərində dərc edir.
Bu “komanda”nın ilk işi Rumıniyada yanacaq biznesi ilə məşğul olan şəxslər, iş adamları və treyderlərlə bağlı araşdırma olub. Onların təqdim etdikləri araşdırmada göstərilirdi ki, treyderlər yanacağı istehsal qiymətlərindən aşağı qiymətlərə alıb, baha satır, bu səbəbdən əhali daha yüksək komissiyalar ödəyir. 2007-ci ildə layihə “Global Investigative Journalism Network” tərəfindən verilən "Global Shining Light Award” (Qlobal Parlaq İşıq Mükafatı”) mükafatını alır. Radu və Sallivan “anlayırlar” ki, daha çox araşdırmalar aparılmalıdır və möcüzəvi “təsadüf” nəticəsində BMT Demokratiya Fondunun qrantını alaraq OCCRP-i “təsis edirlər”.
OCCRP təşkilatının qeydiyyat (Merilend 501 (c) 3) adı: “Jurnalistikanın İnkişafı Şəbəkəsi”dir (Journalism Development Network)
Qeydiyyat ünvanı: Inc. 4401A Connecticut Ave NW 321, Vaşinqton
Konsorsiumun üzvləri
Donorları:
Təşkilatın 2020-2023-cü illər hesabatlarına istinadən bildirək ki, OCCRP əsas donorları ABŞ Dövlət Departamenti, USAID, destruktivlik fenomenləri olan NED (Milli Demokratiya Fondu) və Corc Sorosun Açıq Cəmiyyət Fondlarıdır. Bunlardan başqa donorluq edən təşkilatlar:
• “Beynəlxalq Jurnalistlər Mərkəzi” (ICFJ)
• İsveçrə Konfederasiyası
• “Google Ideas”
• “Knight Foundation”
• “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu” (ICIJ)
• Stokholm İqtisadiyyat Məktəbi,
• “İnSight”,
• ARİJ (İordaniya) və s.
Əsas idarəçiləri:
Əməkdaşların tərcümeyi-hallarını təqdim etməkdə əsas məqsədimiz onların əsl işlərinin nədən ibarət olduğunu göstərməkdir.
Pol Kristian Radu (Paul Radu)
OCCRP-nin təsisçilərindən biridir. Rumıniya vətəndaşıdır. “Bellingcat”ın Müşahidə Şurasının üzvüdür. 2008-ci ildə ABŞ-nin “Beynəlxalq Jurnalistlərə Dəstək Təşkilatı”nın “Nite” mükafatını alıb. 2009‒2011-ci illərdə Stenfrod Universitetində kurs keçmək üçün təkrar bu mükafata layiq görülüb. Radu Rumıniyada OCCRP ilə əməkdaşlıq edən araşdırmaçı jurnalistlər və xakerlər üçün platforma olan “RISE Project”-in yaradıcısıdır. Bu layihənin donorları arasında Sorosun Açıq Cəmiyyəti Fondu ilə yanaşı, Niderland XİN, ABŞ Səfirliyi və “Google” da var.
Endryu Sallivan (Andrew Sullivan) - OCCRP-nin təsisçisi və baş redaktorudur
1997-2000-ci illərdə “The Tennessean”-da araşdırmaçı-reportyor, 2003-2009-cu illərdə Bosniyada “Jurnalist Araşdırmaları Mərkəzi”ndə (“Center for Investigative Reporting”, CİN) məsul redaktor, 2007-ci ildən bu günə kimi OCCRP-də redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistikaya gələnə qədər Sallivan aerokosmik "Rockwell International” hərbi konsernində mühəndis işləyib. O, “Space Shuttle Project” hərbi təyyarə layihəsi üzərində çalışırmış. Burada diqqəti cəlb edən məqam hərbi kəşfiyyatın tam nəzarətində olan bir mühəndisin xüsusi xidmət orqanlarının layihəsi olan layihədə jurnalist kimi işə başlamasıdır.
İlya Lazovski (Ilya Lozovsky)- yazıçı, Layihənin redaktoru.
Azərbaycan əleyhinə ən çox məqalə, “X” platformasında şərh yazan əməkdaşlardan biridir. 2011‒2012-ci illərdə Qırğızıstanda interna keçib, 2012‒2015-ci illərdə “Freedom House”-da Fövqəladə hallar üzrə Proqram direktoru olub, 2015‒2018-ci illərdə ABŞ Kəşfiyyatının əsas beyin mərkəzlərindən biri olan “Foreign Policy”-də redaktor müavini işləyib, son 7 ildə isə OCCRP-nin Bosniyada təmsilçiliyindən tutmuş baş ofisdə redaktor vəzifəsinə qədər yüksəlib.
Kamilla Eys (Camille Eiss)
2017‒2022-ci illərdə Qlobal Əməkdaşlıq üzrə direktor vəzifəsini daşımış bu xanım OCCRP-nin idarəçilərindən biri olub. Təşkilata gələnə qədər isə Obama Adminstrasiyasında Dövlət Katibinin Demokratiya məsələri üzrə köməkçisi işləyib. Kamilla Eys Dövlət Departamentindəki vəzifəsinə gələnə qədər isə ”USAID”-də və Sorosun Açıq Cəmiyyət İnstitunun “Açıq Hökumət” təşkilatında yüksək vəzifələr tutub. Hazırda o, əvvəlki iş yerinə- Dövlət Departamentinə qayıdıb və Sanksiyalar üzrə koordinatorun baş məsləhətçisidir.
Peter Geohegen (Peter Geoghegan) ilyarımdır ki, OCCRP-də redaktor-araşdırmaçı jurnalist kimi çalışır. Bu vəzifəyə gələnə qədər isə SOROS Fondunun “Open Democracy” təşkilatında CEO və baş redaktor vəzifələrini daşıyıb.
Bu təşkilatın sənədlərini araşdırarkən diqqətimizi bir detal cəlb etdi. OCCRP-nin sahibi olan “Jurnalistikanın İnkişafı Şəbəkəsi” (Journalism Development Network) bu təşkilat ABŞ-də Vergi Reyestrində “501(c)(3)” kodu ilə qeydiyyatdan keçib. Bu kod nə məna verir? Açıq mənbələrdə yazılandan sitat gətiririk: 501(c)(3) kodu Amerika Vergi Kodeksinin müvafiq bəndinə əsasən bu ölkədə fəaliyyət göstərən gəlir vergisindən azad edilmiş Amerika korporasiyaları, trest, qeyri-korporativ assosiasiya və digər təşkilatlara verilir. Ümumilikdə Amerikada bu kodla fəaliyyət göstərə biləcək 29 cür təşkilat forması var.
Bəs təşkilatlar hansı halda gəlir vergisindən azad olunurlar, yəni 501(c)(3) maddəsinə uyğun gəlirlər? ABŞ Vergi Kodeksində qeyd olunub: Dini, xeyriyyə, elmi-ədəbi və ya təhsil məqsədli və ya ictimai təhlükəsizliyi araşdıran, milli və beynəlxalq həvəskar idman yarışları təşkil edən, uşaqlara və heyvanlara qarşı qəddar davranışa qarşı fəaliyyət göstərən təşkilatlara 501(c)(3) maddəsi şamil olunur. mənbə
Əvvəl ABŞ-də fəaliyyət göstərən şirkətlərin, təşkilatların ümumi bazası olan “opencorporates”-dəki faktlara diqqət yetirək. QHT kimi təqdim etdikləri bu təşkilatın fəaliyyət növü “qeyri-auksion biznes fəaliyyəti”, biznes tipi isə “Korporasiya” kimi göstərilib.
Qeyd etdiyimiz bəndlərdə ''The Journalism Development Network'' təşkilatının gəlir vergisindən azad olunmasına şərait yaradan hər hansı müddəa tapmaq mümkün deyil.
(ardı var)