Suriyada 53 illik Əsəd rejimi 8 dekabr 2024-cü ildə rəsmən sona çatdı. Dəməşqin nəzarətinin Heyət Təhrir əl-Şamın (HTŞ) əlinə keçməsi ilə paytaxtdakı Sednaya həbsxanasının qapıları müxalif qruplar tərəfindən açıldı və minlərlə məhbus azad edildi.

Sosial mediada paylaşılan fotoda Suriyada həbsxanadan xilas edilən Səddam Hüseynə bənzəyən məhbusun göründüyü iddia edilib.

Bu görüntü sosial mediada böyük müzakirələrə, Səddam Hüseynin sağ olmasına dair saysız-hesabsız məlumatların yaranmasına yol açıb.

Faktyoxla Lab. xarici medialara istinadən bu faktı araşdırıb.

Tərs görünüş axtarışı nəticəsində iddialara yol açan fotoşəkilin tam formasını tapmaq mümkündür. Tam formada Səddam Hüseyn olduğu iddia edilən şəxsin yanında iki əsgər var və aşağıda lent yazısını görmək mümkündür. Aşağıdakı lent yazısında “ Səddam Hüseyn ölüm xəbərinin yayılmasından 19 il sonra Sednaya həbsxanasındakı tuneldə sağ tapıldı” yazılıb.

Tərs şəkil axtarış metodundan istifadə edərək bu fotoşəkili axtardığımız zaman 2017-ci ilin dekabrına aid bəzi xəbərlərlə rastlaşırıq.

Xəbərlər araşdırıldığında, Səddam Hüseynin olduğu iddia edilən fotoşəkilin əslinə rast gəlirik. Xəbərlərdəki orijinal fotoda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2017-ci il, dekabrın 5-də Ukraynanın paytaxtı Kiyevdə saxlanıldığı an əks olunub.

Orijinal foto ilə iddiaları müşayiət edən fotoşəkil müqayisə edildikdə, Səddam Hüseynin göstərildiyi iddia edilən fotonun rəqəmsal müdaxilə ilə yaradıldığı aydın olur.

İki fotoşəkil arasındakı oxşarlıqlar aydın görünür. Məsələn, hər iki fotoşəkildə görünən əsgərlərin texnikası və uniforma nömrələri eynidir. Arxa planda görünən jurnalistlərin eyni adamlar olduğunu da görmək olar.

 Fotoşəkil Süni İntellekt vasitəsi və ya rəqəmsal müdaxilə ilə yaradılmışdır.

Orijinal fotoda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əks olunub.

Suriya ilə bağlı daha bir fakt: Dar tuneldə bir adamın göründüyü fotoşəkil - onun da Sednaya həbsxanasından xilas edildiyi iddia olunur.

Tərs vizual axtarış nəticəsində təsvirin süni intellekt tərəfindən yaradıldığı müəyyən edilir. İlk dəfə “@sansaruu” adlı “TikTok” hesabında paylaşılan görüntü, süni intellekt etiketi və süni intellektlə yaradıldığı xəbərdarlığı ilə diqqət çəkir.

Böyük bir həşərat tutaraq tuneldən çıxan adamın görüntüləri real deyil. İddia edilən şəkil bu görüntüləri ehtiva edən beş saniyəlik videonun lap əvvəlindən götürülüb.

Videonu paylaşan “@sanzaruu” adlı hesab profil məlumatında hər şeyin süni intellekt tərəfindən istehsal edildiyini qeyd edib. Eyni şəkildə, dar tuneldən çıxan müxtəlif insan və canlıların bənzər süni intellekt videolarını paylaşıb.

Foto Sednaya həbsxanasında çəkilməyib. Foto süni intellektin yaratdığı videodan götürülüb.

Sednayada çəkildiyi iddia edilən daha bir foto

Fotoda ayaqları qandallı bir şəxs əks olunur. 

Tərs vizual axtarış nəticəsində öyrənə bilirik ki, bu foto Vyetnamdakı Müharibə Qalıqları Muzeyinə məxsus bir videodan götürülüb. 

Sonda qeyd edək ki, bu araşdırma Sednaya həbsxanasında yaşanan insan faciələrini təkzib etmir. Sadəcə yanlış və saxta məlumatları araşdırmışıq.