Sosial mediada Azərbaycan ərazisində böyük sayda işıq selinin ardıcıl hərəkətini əks etdirən kadrlar yayılıb. Videonu çəkən şəxs oxşar hadisə ilə ikinci dəfə rastlaşdığını, lakin mənşəyi barədə hər hansı informasiyaya malik olmadığını bildirir.

Bu video ilə bağlı UNO, İsrail və ya Rusiya raketləri və s. təbiət hadisəsi olması haqda müxtəlif versiyalar səslənir.

Faktyoxla Lab. həmin kadrların mənşəyini araşdırıb.

Bu görüntüləri “tərsinə şəkil axtarışı” metodu ilə axtarışa verdikdə bəlli olur ki, səmadakı “işıq qatarı” yeni hadisə deyil, əvvəllər də müşahidə olunub. Bunlar İlon Maskın “Space X” şirkətinin “Starlink” peykləridir.

Məsələn, bu kadrları “SpaceX”-in tərəfindən 60 “Starlink” internet peyki orbitə buraxılandan bir gün sonra, 24 may 2019-cu ildə Hollandiyanın Leyden şəhərində Marko Lanqbruk tərəfindən lentə alınıb.

Starlink — dünyanın istənilən nöqtəsini yüksəksürətli internetlə təchiz etmək üçün yaradılmış böyük peyk sistemidir. Bu sistem İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanıb. 2024-cü ilin əvvəlinə qədər Yer orbitində 6000-ə qədər peyk fəaliyyətdə idi. Hazırda 7200-dən çoxdur.

Bəs, “peyk qatarı” necə formalaşır?

Peyklər orbitə hər qrupda 15-56 peyk olmaqla qrup halında göndərilir. Yerdən sürət yığan peyklər yer ətrafında eyni hündürlükdə, eyni sürətlə və ardıcıl düzülərək hərəkət edirlər. Məhz bu səbəbdən yerdən baxıldıqda buraxılışdan bir neçə gün ərzində “peyk qatarı” şəkilində görünür. Peyklər öz “iş orbitinə” çatdıqdan sonra “qatardan” ayrılırlar.

Bəzən bu “peyk qatarı”nı Uçan Naməlum Obyektlərə (UNO) bənzədib, narahatlıq keçirənlər də olur.  

Qeyd etməliyik ki, peşəkar astronomlar fəzada süni obyektlərin sayının artmasını bıəzi elmi araşdırmalar baxımından narazılıqla qarşılayırlar. Bundan başqa idarəsini itirmiş obyektlərin bir-birilə toqquşması da baş verir ki, bu da kosmik tullantıların kütləsini artırır.

“SpaceX” astronomlar üçün çətinlik yaradan peyk üstü parıltını qapatmaq üçün 2 yeni peyk növü “DarkSat” və “VisorSat”-ı sınaqdan keçirib.

Sonda qeyd edək ki, “peyk qatarı”nı öz gözü ilə görmək, lentə almaq istəyən Azərbaycan vətəndaşları (əslində dünyanın istənilən nöqtəsindən bunu etmək olur) bunu aşağıda qeyd edəcəyimiz şərtlər daxilində yerinə yetirə bilərlər.

Bunun üçün çoxlu sayda internet saytları və mobil tətbiqlər var. Misal üçün, “Satellite Tracker” mobil tətbiqi Azərbaycan üzərindən keçən bütün peykləri müşahidə etmək imkanı verir. Tətbiqdə peykin hərəkət trayektoriyasını və 3D modelini görmək mümkündür.

Skrində ekranın alt hissəsindəki 3 düymə ilə görüntü rejimlərini seçməklə  soldakı “dünya” düyməsi ilə hazırda axtardığınız peykin harada olmasını görmək,

bu skrində konkret hansı peyki (hamısını da seçmək mümkündür) izləmək,

bu sktində isə seçdiyiniz peykin hərəkətini necə izləyə biləcəyiniz göstərilib.

Bu tətbiqdən başqa Sky Tonight, Star Walk 2, Heavens-Above, N2YO.com, findstarlink.com sayt və tətbiqlərindən də yararlanmaq olar.

Sonuncu linkdən hazırda Bakı şəhəri üzərindən keçən və yüksək görüntülü peykləri belə müəyyən etmək olar:

Nəticə:

- Son günlər Azərbaycan ərazisində səmada müşahidə olunan hərəkətli, ardıcıl işıq seli nə UNO, nə də raketlərdir;

 - Ardıcıl hərəkət edən işıq seli "SpaceX"-in “Starlink” peykləridir.