“Yeni Zelandiya guya özünün "bacarıqlı" hökumətinin sərt karantini ilə pandemiya dövründə fərqlənmişdi. İndi isə orada uşaqlar müxtəlif viruslara kütləvi şəkildə yoluxaraq ağır formada xəstəxanalara düşür, çünki karantin məhdudiyyətləri səbəbilə viruslarla vaxtında üzləşməyib, immunitet formalaşdırmayıblar”. Bu açıqlama ilə özünün feysbuk səhifəsində REAL partiyasının sədri İlqar Məmmədov çıxış edib. Partiya sədri deyib ki, bunun elmi adı "imunitet borcu"dur. Əhali onu ödəməlidir. Bu borc bütün əhalidə yaransa da, ən pisi gəncləri və uşaqları vurur.
Əvvəlcə Məmmədovun bu açıqlamasının hardan qaynaqlandığına diqqət edək. Bu barədə İngiltərənin The Guardian nəşrində dərc olunan məqalədə söhbət açılıb. Məqalədə bildirilir ki, hazırda Vellinqtonda (Yeni Zelandiyanın paytaxtı) tənəffüs yollarında yaranan xəstəliklərlə əlaqədar 46 uşaq xəstəxanaya yerləşdirilib. Onların çoxu körpələrdir. Bir çoxu tənəffüs aparatına qoşulub. Digər xəstəxanalarda da xəstələrin sayında artım müşahidə olunub.
Müəllif bəzi pediatrlara istinadən qeyd edib ki, bunun səbəbi pandemiya ilə əlaqədar sərt qapanma ola bilər. Çünki sərt qapanma bir sıra virus xəstıliklərinə qarşı immunitetin güclənməsinə mane olub. Qeyd etmək lazımdır ki, burada söhbət yeni növ koronavirusdan getmir.
Məqalədə qeyd edilir ki, “immunitet borcu” fenomeni ona görə meydana gəlib ki, əllərin tez-tez yuyulması, sosial məsafə və tibbi maska taxma kimi tədbirlər yalnız COVID-19-la mübarizədə effektli deyil. Bu vasitələr qrip, soyuqdəymə və digər az bilinən tənəffüs xəstəlikləri də daxil olmaqla oxşar şəkildə ötürülən digər yoluxucu xəstəliklərin yayılmasını maneə yaradır.
İnsan tənəffüs sinitial virusu (Human orthopneumovirus -ing) (RSV) tənəffüs yolu infeksiyalarına səbəb olan virus növüdür. Yenidoğulmuşlarda və yeniyetmələrdə aşağı tənəffüs yolu infeksiyalarının əsas səbəbidir. Normal şərtlərdə müalicə dəstəkləyici terapiya ilə məhdudlaşır, oksigen maskası istifadə etmək mümkündür.
The Guardian yazır: "Keçən qış Yeni Zelandiyada uşaq bağçalarının bağlanması qripə yoluxamalarda 99.9 %, RSV hallarında 98 % azalma ilə nəticələnib, və ümumiyyətlə Yeni Zelandiyada qışda baş verən ölüm halları aradan qalxıb". Məqalədə qeyd edilir ki, bununla yanaşı belə bir vəziyyət öz növbəsində problemlər yarada bilər. Yəni bakteriya və viruslar uşaqlar arasında dolaşmazsa immunitet inkişaf etməyəcək və bu da gələcəkdə daha böyük alovlanmalara səbəb olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ötən ilin fevralında Yeni Zelandiya ilə yanaşı dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da bir sıra məhdudiyyətlər tətbiq edilib. Bu ilin fevralından etibarən həmin qadağalar yumşaldılmağa başladı. Baza oxşarlığına baxmayaraq uşaqlarda xəstəliyinin baş verməsi hazırda yalnız Yeni Zelandiyada və qonşu Avstraliyada müşahidə olunur.
"İmmun borc" nəzəriyyəsində müəyyən rasionallığın olmasına baxmayaraq, bu nəzəriyyə mahiyyətinə görə kollektiv immunitetə təcridolunma qaydalarına zidd olaraq nail olinması tərəfdarlarının mövqeyi ilə üst-üstə düşür. Onlardan ən məşhuru isə Böyük Britaniyanın baş naziri Boris Consondur.
Kollektiv immunitet termini kifayət qədər insanın peyvənd olunması və ya çox sayda xəstələnib sağalan və immunitet qazanan insan vasitsilə əhalinin müdafiə olunması deməkdir.
Görünür, London bu nəzəriyyənin təsiri altında digər Avropa ölkələri ilə müqayisədə əhalinin təcrid ediıməsi və ölkə daxilində hərəkətin məhdudlaşdırılması, sərhədlərin bağlanması və peyvəndləmənin aparılmasını uzun müddət ləngidirdi.
İngiltərədə COVID-19 virusu aşkarlanandan bəri 4.7 milyondan çox adam koronavirusa yoluxub, onlardan 128 minindən çoxu həyatını itirib.
Reallıqlar Downing Street-in (Britaniya baş nazirinin iqamətgahı yerləşən küçə) kütləvi immunitetə qovuşma nəzəriyyəsinin iflasa uğradığını göstərir. Buna baxmayaraq, Boris Conson hökuməti pandemiyaya qarşı "zəif" mövqe nümayiş etdirməkdə israrlıdır. İngiltərədə, koronavirus pandemiyası ilə əlaqəli demək olar ki, bütün məhdudiyyətlərin 19 iyuldan etibarən ləğv edilməsi planlaşdırılır. Guardian qəzeti bu barədə İngiltərənin Baş naziri Boris Consona istinadən məlumat yayıb.
Maraqlıdır, Yeni Zelandiyada koronavirusla bağlı qapanma uşaqlar arasında kütləvi infeksiya yayılması ilə bu qədərmi bağlıdır?
Bu suala cavab verməzdən öncə qeyd edək ki, son infeksion xəstəliklər zamanı Yeni Zelandiyada baş verən uşaq ölümü ilə bağlı rəsmi olaraq statistika açıqlanmayıb. Bu ölkədə uşaqlar və gənclər arasında virus xəstəliklərinin yayılması ilə bağlı bir sıra KİV-lərdə əksini tapan narahatlıqlar əsasən bir qrup fransız həkimin yeni araşdırmalarının nəticələri və bir sıra tibbi mütəxəssislərin rəyləri ilə əlaqədardır. Belə rəylərdən biri də Oksford Universitetinin nəzəri epidemiologiya üzrə professoru Sunetra Quptaya aiddir. Bununla yanaşı professor Evening Standard nəşrinə müsahibəsində deyib ki, əldə olunan qənaətlərin açıq-aydın, birmənalı olmaması onları ixtisaslaşmış tibbi nəşrlərdə dərc etməyə imkan vermir.
Beləliklə, dünyada müşahidə olunan ümumi tendensiya, bu gün əhalinin təcrid olunması tədbirlərinin kütləvi peyvəndlə birlikdə yeni növ koronavirus pandemiyasının qarşısını almaq üçün praktikada yeganə təsirli və qismən sınaqdan keçirilmiş tədbir olduğunu göstərir. Yeni Zelandiyada infeksiyanın yayılması və bu səbəbdən ölkədə tətbiq olunan qapanma ilə pandemiya əleyhinə məhdudiyyətlərin qaldırılmasının fərziyyəyə əsaslanan üstünlükləri arasında əlaqə heç bir şəkildə sübut edilməyib.
Belə qeyri-müəyyən vəziyyətdə ikinci metodun birincidən faydalı olduğunu iddia etmək mümkündürmü? Əlbəttə yox.
İlqar Məmmədovun Facebookdakı paylaşımının mətinində Azərbaycanın xüsusi olaraq göstərilməməsi də təəccüblüdür. Buna baxmayaraq, mətnin emosional quruluşu oxucuya öz ölkəsində də koronavirusla bağlı məhdudiyyətlərin təhlükəli olmasını aşılayır.
Bu qənaətə gəlirik ki, İlqar Məmmədovun uşaq və gənclərdə immunitet itkisini karantin tədbirləri ilə əlaqləndirməsi əsaslı deyil.