Ermənilərin daha bir ərazimizi necə ələ keçirməsinin tarixçəsini sizinlə bölüşəcəyik.

Faktların araşdırılması üzrə ixtisaslaşan saxta.info saytı bununla bağlı tarixi faktlar əsasında araşdırma apararaq məqalə hazırlayıb.

Bu kənd Azərbaycanın ilk işğal olunan ərazisidir. Ermənilər bu kəndi ruslardan ibarət 7-ci ordunun köməyi ilə işğal edib. Ermənistanın cənubu ilə şimalını birləşdirən yolun üstündə yerləşən bu yaşayış məntəqəsi əslində 1990-cı illərdə deyil, 20-ci əsrin 30-cu illərindən bəri ermənilərin hədəfəində idi. Zaman-zaman ətraf əraziləri ələ keçirib, nəhayət kəndi mühasirəyə salmışdılar. Söhbət Naxçıvanın qəhrəman Kərki kəndindən gedir. Əvvəlcə Kərki toponimi ilə bağlı məlumatlara diqqət edək. Kəndin adı qədim kərki türk tayfasının adı ilə bağlıdır. Azərbaycan Toponimlərinin Ensklopedik Lüğətində əksini tapan məlumata görə, mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat var. Arpaçayın sahilində yerləşən kənd 1728-ci ildə tərtib olunan “İrəvan quberniyasının müfəssəl dəftəri”ndə “Kərkiçik” kimi qeyd edilib. Kərki toponiminə Azərbaycanın, həmçinin türklərin yaşadığı digər ərazilərdə də rast gəlinir.

Məsələn, Azərbaycanın qədim torpağı olan, 1920-ci illərdə Ermənistana verilən Göyçə mahalının Basarkeçər rayonunda (İndiki Ermənistanın Geqarkunik vilayətinin Vardenis rayonu -red) Kərkibaş adlı kənd olub. 1988-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıb. 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya ediləndə Kərkibaş kəndinin sakinləri də Azərbaycana köçmək məcburiyyətində qalıblar. Bundan başqa Qarabağdakı Kərkicahan kəndi də kərki tayfasının adı ilə bağlıdır. Kərki tayfasının adına Türkiyədə, Özbəkistanda da rast gəlinir. Türkmənistanda isə Kərki adlı şəhər, rayon, dəmiryol stansiyası, həmçinin Kərkidağ adlı dağ var. Türkmənlərin ersarı tayfasının bir qolu kərki adlanıb. Bəzi tarixçilər “Kərki” toponimini kərkük türk tayfasının adı ilə də bağlayırlar. Kərki kəndi ərazisində “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlər də mövcuddur. Yeri gəlmişkən, kənd ərazisindəki şəhidlikdə 20-ci əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid olan türk əsgərinin türbəsi var. Kərki kəndi Azərbaycanın Ermənistan ərazisində yerləşən eksklav ərazilərdən biridir. 1990-cı ilin avqust ayına kimi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibində olub. 960 hektar sahəsi, 500 sakini olan kənd Azərbaycan Ali Soveti Rəyasət heyətinin 29 avqust 1990-cı il tarixili qərarı ilə yaradılan Sədərək rayonunun inzibati ərazi vahidinə daxil edilib. Həmin vaxta qədər artıq Kərki Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

Yaşayış məntəqəsinin işğalına gəlincə, erməni silahlıları hələ 1989-cu ildən kəndi atəşə tuturdular. 1990-cı ilin yanvar ayının ortalarında bu hücumlar daha da intensiv hal alıb. Nəhayət, 1990-cı il yanvar ayının 18-də ermənilər yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Şərur rayon Polis Şöbəsinin (keçmiş milis şöbəsi -red) 3 əməkdaşı və kəndin 30 nəfərədək sakini bu hücumun qarşısını almağa çalışsalar da erməni silahlılarının sayının çox olması, üstəlik keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun köməyi nəticəsində Kərki işğal olunub. Əslində ermənilər Kərkini işğal etməklə Naxçıvanın Sədərək bölgəsinə nəzarəti ələ keçirmək niyətində olublar. Kərki ilə yanaşı Sədərək də ermənilərin genişmiqyaslı hücumlarına məruz qalıb. 1990-1993-cü illərdə 14 dəfə ermənilər Sədərəyə hücum edib, 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyektlər dağıdılıb.

Amma yerli özünümüdafiə qüvvələrinin müqaviməti ermənilərin bu planlarını həyata keçirməyə imkan verməyib. Beləliklə, Kərki kəndi ermənilərin işğal etdiyi ilk Azərbaycan ərazisi olub. Kəndin sakinləri bu günədək Naxçıvanın Kəngərli rayonunda salınan Yeni Kərki kəndində yaşayırlar. 2019-cu ilin statistikasına görə, kəndin əhalisi 986 nəfərdir. Sədərəkdən 8-10 kilometr məsafədə yerləşən Kərki strateji əhəmiyyətə malikdir. Məsələ burasındadır ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən magistral yol Kərkinin ərazisindən keçir. Qeyd edək ki, ermənilər bu yaşayış məntəqəsinə sonradan gəldiklərini ilk dəfə etiraf etmirlər.