“Burada Rusiya sülhməramlıları var, onlar öz öhdəliklərini uğurla yerinə yetirirlər. Azərbaycanın Qarabağ regionu ərazilərində fransızların hansısa şəkildə ortaya çıxması Bakının razılığı olmadan mümkün deyil.  Bu fikirləri “Milli müdafiə” jurnalının baş redaktoru,  hərbi ekspert İqor Korotçenko  bildirib.  Onun fikrincə əks təqdirdə, bu, Fransa tərəfinin  açıq  silahlı təxribatı kimi şərh ediləcək”.  Ekspert  Fransa hərbçilərinin Ermənistan ərazisinə yerləşdirilməsi fikrinin də  baş tutmasını  mümkün  saymayıb.

Qarabağda sülhməramalı missiyanın yerləşdirilməsi məsələsi danışıqlar prosesində müzakirə edilən prinsiplər sırasında  olub. Amma bu məsələ  istər Qarabağla bağlı baza, istərsə də  Madrid prinsiplərində ən sonuncu prinsip kimi nəzərdə tutulub. İlk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin geri qaytarılması  kimi  şərtlər  qoyulub. 

Azərbaycan  Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bu məsələyə  toxunub.   O bildirib ki,  Azərbaycanın icazəsi  olmadan hər hansı ölkə sülhməramlılarını Azərbaycan torpağına göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir”.  Azərbaycan prezidenti xatırladıb ki,  müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulub: “İlk növbədə isə torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil”.

Məlumdur ki, Ermənistan tərəfi  işğal etdiyi Azərbaycan torpaqlarından  beynəlxalq təşkilatların tələblərinə baxamayaraq qoşunlarını çıxarmayıb, əksinə “Qarabağ Ermənistan”dır  deyərək  məsələnin danışıqlar yolu ilə həllini mümkünsüz edib. 

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına qarşı  Azərbaycan Ordusunun həyata keçirdiyi  44 günlük  əks -hücum əməliyyatı  zamanı  Azərbaycan işğal altındakı torpaqlarının böyük hissəsini azad edib. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın təslim olmaqdan başqa yolu qalmayıb və  üçtərəfli bəyanatı imzalayıb.  2020-ci il 10 noyabr tarixində  Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı bəyanata əsasən Ermənistan ordusu daha 3 rayondan, Ağdam, Kəlbəcər  və Laçından çıxmaqla bağlı öhdəlik götürüb.

Beləliklə, Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin qətnamələrində əksini tapan  “işğal olunmuş  ərazilərin qeyd-şərtsiz azad edilməsi  prinsipini”  icra  edib.  Bundan başqa yuxarıda qeyd edildiyi kimi, bəyanatda məcburi köçkünlərin qaytarılması,  nəqliyyat əlaqələrinin, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən “Zəngəzur dəhlizinin” açılması,  erməni silahlı birləşmələrinin qalan hissəslərinin də Azərbaycan ərazilərindən çıxması şərtləri əksini tapıb. 

Araşdırmamızın əsas mövsuzu olan, Qarabağda  sülhməramlı missiyanın yerləşdirilməsinə gəlincə, məlum üçtərəfli 10 noyabr bəyanatındakı şərtlər  göstərir ki,  məhz Azərbaycanın tələbləri  sənəddə  əks olunduqdan sonra  sülhməramlı kontingentin  Qarabağ ərazisində yerləşdirilməsinə icazə verilib.  Yeri gəlmişkən, sülhmərmalı kontingentlə bağlı məsələ bəyanatın 3-cü bəndində  əksini tapıb.  Həmin  bənddə deyilir: Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti  yerləşdirilir.

Bununla yanaşı  nəzərə almaq  lazımdır  ki,  üçtərəfli bəyanatdan  bir gün sonra,  2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalayıb. 2021-ci ilin yanvar ayında  Ermənistanın işğalından azad olunmuş Ağdam rayonunun ərazisində Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin  əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.  Ekspertlər bildirirlər ki, mərkəzdə Türkiyə hərbçilərinin  təmsil olunması  məhz Azərbaycan tətəfinin  siyasi iradəsi sayəsində mümkün olub.   

Rusiya sülhməramalı kontingentin zaman-zaman statusu ilə bağlı müzakirələr aparıldığını nəzərər alaraq qeyd edək ki,  Qarabağa yerləşdirilən kontingent  Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasına daxildir.  Bu briqada isə   Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə qrupdur.

Yeri gəlmişkən,  münaqişələrdən sonra sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması məqsədilə yaradılan sülməramalı missiyalar  1948-ci ildən təşkil edilir.  Bu günə qədər  70-dən çox missiya həyata keçirilib.  Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d’İvuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.   Ümumilikdə BMT mandatı verilən 13 sülhməramlı missiya mövcuddur. 7 missiya isə BMT mandatı olmadan  fəaliyyət göstərir.

Sadalanan faktlar göstərir ki, Azərbaycanın razılığı ilə artıq Qarabağda Rusiya hərbçiləri, Birgə Monitorinq Mərkəzində 60 Türkiyə hərbçisi  sülhmərmalı missiyanə həyata keçirir.   Bu mənada başqa  bir  ölkənin hərbçilərinin Qarabağa gəlişi indiki halda müakirə mövzusus deyil.

Fransa hərbçilərinin Ermənistan ərazisinə yerləşdirilməsi ideyasına gəlincə,  qeyd edək ki, Ermənistanda bir sıra siyasətçilər, o cümlədən Nikol Paşinyan ATƏT-in Minsk qrupuna üzv dövlətlərə məxsus hərbi qüvvələrin Azərbaycanla Ermənistan sərhədində yerləşdirilməsi təklifi ilə çıxış ediblər.  Amma Ermənistan istəsə belə bu addımı ata bilməz.  Birincisi, bu,  Ermənistanın strateji müttəfiqi, bu ölkədə  böyük hərbi bazası yerləşən  Rusiyanın hərbi və siyasi maraqlarına zidd olan məsələdir.  İkincisi,  bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  çərçivəsində götürülən öhdəliklərin pozulması deməkdir. 

Məsələ burasındadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 2-cı maddəsində qeyd edilir ki, iştirakçı dövlətlər maraqlarına toxunan beynəlxalq təhlükəsizliyin bütün vacib məsələlərində bir-birləri ilə məsləhətləşməli və bu tipli  məsələlərdə mövqelərini  uzlaşdırmalıdırlar.

Təkcə bu amil Ermənistanı başqa ölkələrin, xüsusilə Fransa və ABŞ hərbi kontingentini ölkəyə dəvətdən çəkindirməyə kifayət edir.

Sadalanan faktlara əsaslanaraq bu qənaətə gəlirik ki, hərbi ekspert İqor Korotçenkonun açıqlaması əsaslıdır.