"Rusiyada bazarında tərkibində albalı olmayan albalı şirələri  aşkarlanıb. Azərbaycan məhsulu olduğu bildirilən şirələrin tərkibində albalı əvəzinə insan sağlamlığı üçün ciddi təhlükə yaradan, qadağan olunmuş kimyəvi birləşmələr var".

Bu barədə Rusiyanın NTV telekanalı sujet yayımlayıb. Sujetdə göstərilib ki, Azərbaycan məhsulu olan  “Plodovoye"«Дары Азербайджана» markalarının laboratoriyada analizi həyata keçirilib və tərkibində mütəxəssislər tərəfindən bilinən və hətta bilinməyə müxtəlif maddələr, dadlandırıcılar, boyalar və kanserogenlər aşkarlanıb. Yüz faiz saxta olan məhsulun tərkibində giləmeyvə, meyvə və tərəvəzdən əsər-əlamət yoxdur. “Plodovoy”un  tərkibi o qədər mürəkkəbdir ki, hətta mütəxəssislər belə ondan baş çıxara bilməyiblər. Sujetdə iddia edilir ki, sözügedən içkinin tərkibində bilinməyən maddələr var və həmin maddələrin qanunla icazə verilməyən əlavələr olması ehtimalı çox güclüdür. Məhsulun tərkibində mütəxəssislərə tanış olan zərərli maddələr də tapılıb. NTV-.nin əsaslandığı mütəxəssislər nektar və şirələrə əlavə edilməsi qadağan edilən sintetik boya - azorubinlə rəngləndirildiyini müəyyənləşdirə biliblər.

“Plodovoy”dan fərqli olaraq, "Azərbaycan Hədiyyələri" nektarında olan əlavələr tanışdır: E102, E110, E122, E133, həmçinin qanunun icazə verdiyi dozanı aşan miqdarda limon turşusu.)

“Faktyoxla Lab. faktı araşdırıb və adı çəkilən bu saxta məhsulların istehsalçısını müəyyənləşdirməyə çalışıb. Maraqlıdır ki, nə daxili bazarda, nə də Rusiyaya ixrac edilən məhsillar arasında hələlik "Azərbaycan Hədiyyələri" və“Plodovoy”un izinə rast gəlinməyib. Sujetdə də məhsulun istehsalçısı ilə bağlı hər hansı məlumat yer almayıb. Nəinki şirə istehsalçı, heç analizləri kimin, harada həyata keçirdiyi də bəlli olmur.

Şirələr SAXTA ola bilər…

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub  Hüseynov bildirib ki, hər ölkənin bazarında saxta məhsullara rast gəlinir: “Təəssüf ki, belə hallar mövcuddur. Azərbaycanda da belə faktlara rast gəlinir. Dünyada texnologiya inkişaf edib. Elə texnologiyanın, kimya elminin inkişafı  da istehlakçıların həyatında öz mənfi izlərini  qoyur. Məsələn, “E”lərlə ifadə olunan 3000-dən çox inqrediyentin əksini tapdığı siyahı var. Onların bir çoxu qadağan olunub. Ümumiyyətlə, bazar əsrində yaşayırıq. İstehlakçıları aldatmaq əsridir”.

Odur ki, Rusiyada saxta Azərbaycan məhsuluna rast gəlinməsi ehtimalı yox deyil: “Adətən, qəbul edən tərəf aldığı məhsulun tərkibini araşdırır. Görünür, bu dəfə qəbul edən də qiymət ucuz olduğu üçün analiz aparmaqda maraqlı olmayıb. Bir sözlə, ola bilsin ki, Azərbaycandan belə saxta məhsul gedib və qiyməti sərfəli olduğu üçün orda qəbul olunub. Amma təsdiq olunmalıdır. Mütləq dövlət və istehlakçı təşkilatlar bunu araşdırmalıdır”.

Xəbər sifarişlidir?

Ancaq sujetdə bu saxta məhsulun kimin, necə ortaya çıxardığı barədə hər hansı məlumatın verilməməsi də bəzi şübhələrə yol açır. Azad İstehlakçılar Birliyinin yaxın partnyoru olan Rusiyanın istehlakçı təşkilatı da bu barədə heç nə bilmir: “Rusiyanın istehlakçı təşkilatı ilə əlaqə saxladım. Bu barədə məlumatları olmadığını söylədilər. Bu ekspezanın nə Rusiyanın  istehlakçı təşkilatı, nə də ‘Rospotrebnadzor’ (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) tərəfindən aparıldığı barədə məlumat var. Təəssüf ki, sujetdə də şirələrin kimin tərəfindən yoxlanıldığı öz əksini tapmayıb”.

Eyyub Hüseynov xəbərin siyasi və ya hər hansı sifariş əsasında ortaya çıxma ehtimalını da istisna etməyib: “Biz bilməliyik ki, bu cür antireklam materiallarının  sifarişli olması ehtimalı var. Rəqib firmaların sifarişi əsasında ortaya çıxma ehtimalı 40 faiz, antireklamda siyasi amillər isə 20 faiz təşkil edir. Bir məhsulu öz bazarlarına buraxmamaq üçün antireklam işi də görürlər”.

Sujetdə iddia edilənlərin həqiqəti əks etdirdiyi ehtimalı qədər, etdirmədiyi də mümkündür. Belə ki, istehsalçı xəbərdə deyilənlərin əksini iddia edərsə, AİB-ə müraciəti yetərlidir: “Əgər yerli istehsalçı Azad İstehlakçılar Birliyinə müraciət edərsə, araşdırma aparıb Rusiyanın istehlakçı təşkilatı və onun da üzvü olduğu beynəlxalq İstehlakçılar təşkilatı (Comsumers İnternational) ilə birgə araşdırma apararaq təkzib verilməsinə nail ola bilərik”.

Pozulan hüquqları təmənnasız müdafiə etdiyini bildirən Eyyub Hüseynov əlavə edib: “Biz istəmərik ki, Azərbaycanın adı ilə bağlı olan hər hansı məhsul əleyhinə Rusiyada bu şəkildə kampaniya, antireklam  aparılsın. Tərkibinin zənginliyinə və ekoloji təmizliyinə görə tanınan Azərbaycan şirələri Yeni Zellandiyaya, Kanadaya gedib çıxıb. Keyfiyyətli məhsullarımızı dünya bazarında görmək bizi sevindirir”.

Fakt AQTA –da da araşdırılır

 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən  Faktyoxla Lab.-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı Agentlikdə hər hansı məlumat yoxdur. Belə bir Azərbaycan məhsulunun olması və istehsalçısının müəyyən olunması istiqamətində araşdırmalara başlanılıb: “Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı Agentlik tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi ilə barədə Sizə məlumat veriləcək”.

Xatırladaq ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Burada risklər təhlil edilir, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işi aparılır, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatı verilir. Habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarəti həyata keçirilir. Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılır, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar verilir.

Adı “Azərbaycan hədiyyələri” mənası verən məhsulun istehsalçısı Rusiya çıxdı

Nəticə: Faktyoxla Lab.-ın araşdırmalarının nəticəsi olaraq məlum olub ki, adı “Azərbaycan”dan götürülən şirələr Rusiyada istehsal olunur. Həmin şirələrin Azərbaycana heç bir dəxli yoxdur. Belə ki, sözügedən məhsullar - yenidən qurulmuş, pasterizə edilmiş, şəkər əlavə edilmiş albalı suyu “Darı Azərbaycana” ticarət nişanı altında “Standard” MMC tərəfindən,

“Plodovoye” ticarət nişanı altında şirinləşdirici olan albalı nektarı isə "Plodovoye-2009" MMC tərəfindən istehsal edilir.

Sujetdə adı çəkilən məhsulların heç biri Azərbaycandan idxal edilmir.