“Hər yerim ağrıyır, elə bil bütün sümüklərim qırılırdı. İlk əlamətləri hiss edən kimi test versəm də, neqativ çıxdı. Qızdırmam olmadığından testin neqativ çıxmasıyla rahatladım və normal həyatıma davam etdim. Təqribən bir həftə sonra qardaşım əməliyyat olunurdu. Bu səbəbdən biz də test verməli olduq. Testin nəticəsini götürməyə gedəndə xəstəxanada öyrəndim ki, sən demə yoluxmuşam. Onsuz da hər yerim ağrıyırdı, evə qayıdandan sonra vəziyyətim daha da ağırlaşdı, nəfəs ala bilmədim. Gecəylə həkim çağırdıq. Evdə rentgen etdilər və məlum oldu ki, ciyərlərimdə 25 faiz buzlaşma var. Həkimlər bir iynə vurdular, nisbətən yaxşılaşdım. Ancaq daha da pisləşərəmsə, reanimasiyaya yerləşdirmək lazım gələcəyini dedilər. 2 ay çox ağır günlər keçirdim. Ancaq xəstəxanaya getmədim, müalicəmi evdə davam etdirdim”.

Bu, koronavirusa yoluxan bir xəstənin söylədikləridir. Billur Vəliyeva yoluxduğundan xəbərsiz bir neçə gün təhlükə saçıb. Təəssüf ki, o, şübhələndikdən sonra da ehtiyatsız davranaraq aramızda gəzməyə davam edib. Hər gün işə xəstəxanaya gedib-gəlib, kimlərə necə, nə qədər ziyan vurduğundan xəbərsiz.

Bəs, nə etməliyik ki, öncə özümüzü, sonra başqalarını qoruyaq?

Bunun üçün ilk şübhələndiyimiz andan etibarən atmalı olduğumuz addımlar var. Addım-addım həmin yollara nəzər salaq.

İlk şübhə

COVİD-19 virusuna yoluxduğuna şübhəsi olanlar fəaliyyətini məhdudlaşdırmalı, özünü təcrid etməli, ilk növbədə test verib yoluxub-yoluxmadığını dəqiqləşdirməlidir. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Ərazi üzrə Ailə Sağlamlıq mərkəzlərinə telefon vasitəsilə zəng edilir. Sahə həkimi sorğu-sual əsasında xəstənin vəziyyətini dəyərləndirir. Həkim də yoluxmadan şübhələnərsə, COVİD-19 testini keçirmək məqsədilə xəstənin evinə tibb işçisi yönləndirilir. Testin cavabı 1-3 gün ərzində SMS vasitəsilə bildirilir. Bu müddətdə sahə həkimi xəstənin vəziyyətini izləyir və test nəticəsi müsbət olarsa, o, qeydiyyata alınır.

Qeydiyyatdan sonra

Səhiyyə Nazirliyi evdə müalicə ilə bağlı qaydalar müəyyənləşdirib. Həmin qaydalara əsasən yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirənlər müvafiq həkim rəyindən sonra yaşadıqları və ya olduqları yerdə təcrid olunur və tibbi müşahidə altında tutulur. Yoluxanlar evdə müalicə üçün lazım olan dərman preparatları ilə təmin olunurlar. Lazım olan dərman dəstinə gəlincə, siyahıya vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol daxildir. Adı çəkilən preparatlar müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə təyin olunur.

Müşahidə altında keçən 21 gün

Bu, xəstəliyin bəlkə də ən ağır mərhələsidir. Hər kəsdən təcrid olunmanız gərəkdiyi, həyatın səssizləşdiyi, özünü kimsəsiz hiss etdiyin o an. An olsa nə var ki, bu, düz 21 gün çəkir…

İlk yoluxma şübhəsindən tam sağalana qədərki “kimsəsiz” müddətdə prosesi Ailə Sağlamlıq mərkəzlərinin həkimləri müşahidə etdiyindən virusla mübarizədə yoluxan şəxslərə ən yaxın olan da sahə həkimləri sayılır. Özü yanında, əlin əlində olmasa belə. Xüsusən, xəstədə ağırlaşma baş verməz və onun müalicəsi evdə davam edərsə…

Hökməli Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Hürü Osmanova “Faktyoxla.az”a bildirib ki, siyahıya vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamoldan ibarət dərman dəsti testi müsbət çıxan xəstələrə təyin edilir: “Əgər yoluxma yüngül simptomlarla müşahidə olunur və xəstəliyin ağır  klinik əlaməti yoxdursa, siyahıda qeyd olunan dərmanlardan istifadə edilir. Lakin öskürək, asqıraq, qızdırma varsa, favipravir, yəni antivirus tərkibli preparat təyin edilir. Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır. Testi pozitiv çıxsa da, heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir. Bu şəxslər ev şəraitində 2 həftə özünü təcrid etməlidir. Covid-19-un inkubasiya dövrü 21 gün təşkil etdiyindən bu müddətdə xəstələrə yaşayış yerlərini tərk etməyə icazə verilmir”.

Evdə müalicə

H.Osmanova qeyd edib ki, yoluxanların evdə müalicəsinə Ailə Sağlamlıq mərkəzinin həkimləri nəzarət edir. Lakin təlimata görə, həkimlər qeydiyyatdakı xəstələrlə təmas qurmur: “Pandemiyayla əlaqədar evlərə çağırış, sadəcə təcili tibbi yardım vasitəsilə qəbul edilir. Azərbaycanda COVİD-19-u törədən koronavirusa yoluxmuş şəxslər simptomlardan asılı olaraq ev şəraitində müalicə olunur. Həkimlərimiz yalnız telefon vasitəsilə xəstənin vəziyyətini yoxlayır. Ailə karantinə alındığından xəstəyə dərman paketini əsasən Mərkəzin sürücüsü ilə göndəririk. Sahə həkimlərimiz və tibb işçiləri gündə bir neçə dəfə əlaqə saxlayırlar. Yüngül hallarda tövsiyə olunan dərman paketi kifayət edir. Sahə həkimlərimiz koronavirusa yoluxmuş evdə müalicə alan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edirlər, əgər ağırlaşma olarsa, o zaman həkimlər stasionar şəraitdə müalicənin davam etdirilməsi barədə qərar verirlər”.

H.Osmanovanın sözlərinə görə, evdə müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər: "Hər xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər".

Koronavirus şübhəsi və  yol verilən yanlışlar

COVİD-19-u törədən koronavirusa yoluxanlar həkim məsləhəti olmadan müalicəyə başlayırlar. Hətta test etdirmədən, sadəcə şübhələnməklə bu dərmanlardan istifadə hallarının kütləviləşməsi müşahidə olunur. Bəs, həkim göstərişi olmadan müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə təyin olunan dərmanlardan istifadə doğrudurmu?

Həkim-infeksionist Vüqar Cavadzadə başqalarının istifadə etdiyi dərmanları qəbul etməyin doğru olmadığı qənaətindədir.

Onun fikrincə, həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər. Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmədiyini söyləyən Vüqar Cavadzadə deyib ki, xəstəliyi orta-ağır keçirənlərə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməli və onun düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır: "Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur".

O, insanların ehtiyac olmadığı venadaxili infuziyalardan istifadə etdiyini, nəticədə xəstəliyin gedişinin ev şəraitində ağırlaşdığını, hətta xəstəni xəstəxanaya köçürməli olduqlarını bildirib: "İnsanların çox hissəsi sanki düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır".

Vüqar Cavadzadə COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyinin elmi-tədqiqatlarla sübuta yetirilmədiyini bildirib. Həkim məsləhəti olmadan belə dərmanların qəbulunun müxtəlif fəsadlara yol aça biləcəyini deyib: "Bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, bu da sonradan müxtəlif fəsadlara yol açır".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə koronovirus şübhəsinə düşənlərin yol verdiyi başqa bir yanlışı qeyd edib. Onun fikrincə, insanlar yoluxduqlarından şübhələndiyi zaman kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirlər: “Bu, doğru addım deyil. Çünki əksər hallarda yoluxmanın ilk dövründə virus ağciyərlərə təsir etmir.

İnsanlar isə ağciyərlərə təsirin olmadığını görüb arxayınlaşırlar, lakin sonradan infeksiya ağırlaşmalara səbəb olur. Bu baxımdan ən doğru addım COVID-19 testi verərək virusa yoluxub-yoluxmadığını müəyyənləşdirməkdir”.

Özünü təcrid et, başqalarını yoluxdurma

Nəticə: Covid-19virusuna yoluxmusunuzsa, ya da yoluxduğunuzu düşünürsünüzsə, əmin olmağın və tez sağalmağın ən qısa yolu testdir. Öncə test verib onun nəticəsinə uyğun  sonrakı addımları müəyyənləşdirmək, əmin olana qədər isə doğmalarımızdan, yaxınlarımızdan uzaq durmalıyıq ki, sonra peşiman olmayaq.