Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı “Facebook”da yazdığı statusda Azərbaycanda və Ermənistanda qazın güzəştli limiti ilə bağlı müqayisə aparıb. Fuad Qəhrəmanlı yazıb: “Ermənistanda əhaliyə verilən qazın güzəştli limiti 10 min kub metr, Azərbaycanda isə 1200 kub metrdir. Demək ki, xalqın öz içindən hökumət çıxara bilməsi, yerin altından neft, qaz çıxarmaqdan daha önəmli imiş”.

Doğrudanmı, qazı başqa ölkədən alan Ermənistanda güzəştli limit 10 min kubmetrdir? Faktyoxla Lab. bu iddianı araşdırıb.

2020-ci ilin aprel ayında “Sputink Armeniya” “Qazprom Ermənistan” əhalinin təminatsız təbəqələri üçün güzəştləri ləğv etmək istəyir” başlıqlı məqalə dərc olunub. Məqalədə deyilir ki, “Qazprom Ermənistan” QSC qaz qiymətlərinə yenidən baxılması üçün dövlət xidmətlərinin tənzimlənməsi komissiyasına müraciət etməyi planlaşdırır. Şirkətin yaydığı bəyanatda qeyd olunur ki, “Qazprom Ermənistan” və “Transqaz” 2020-ci il iyulun 1-dən istehlakçılar üçün tariflərin dəyişdirilməsini təklif edir. O cümlədən, ildə 600 kubmetrədək qaz istehlak edən təminatsız abonentlər üçün tarifin qaldırılması istənilir. Təklif qəbul olunarsa, aztəminatlı ailələr üçün 1 kubmetr qazın qiyməti 100 dramdan 135,9 drama yüksələcək. 

Bu açıqlamadan görünür ki, Ermənistanda aztəminatlı ailələr üçün güzəştli qaz limiti Fuad Qəhrəmalının yazdığı kimi, 10 min kubmetr yox, cəmi 600 kubmetrdir. Yəni Azərbaycandakı güzəştdən 2 dəfə az. Bəs Fuad Qəhrəmanlı 10 min kubmetr iddiasını haradan götürüb? Məqalədə daha sonra yazılanlara nəzər salaq: “Ayda 10 000 kubmetrədək qazdan istifadə edən abonentlər (məişət təsərrüfatları, əksər kiçik və orta sahibkarlar) üçün isə qiymətin 139 000 dramdan 135 900 drama endirilməsi təklif edilir. Beləliklə, aztəminatlı ailələr üçün güzəştli qiymət ləğv ediləcək”.

Üstəlik qeyd edilir ki, ayda 10 min kubmetrdən çox qaz istehlak edən abonentlər - istixana təsərrüfatları və emal müəssisələri üçün tarif artacaq. Həmin vaxt Ermənistan əhalisi üçün qaz tarifi hər kubmetr üçün 139 dram (29 sent) təşkil edib. Təminatsız ailələr üçün illik ilk 600 kubmetr üçün qiymət 100 dram olub. 

Beləliklə, aydın olur ki, Ermənistanda aztəminatlı ailələr üçün güzəştli qaz limiti 10 min yox, cəmisi 600 kubmetr olub.

Onu da qeyd edək ki, "Qazprom Ermənistan"ın təklifləri qəbul edilməyib. Yəni aztəminatlı ailələr üçün illik 600 kubmetr güzəşt limiti saxlanılıb. Əvəzində daha çox qaz istehlak edən təsərrüfat və şirkətlər üçün qiymətlər qaldırılıb.

Yanvarın 19-da  Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə deputatların suallarını cavablandırarkən bildirib ki, əhalinin təminatsız təbəqəsi üçün qaz tarifinin 2022-ci ildə də dəyişməyəcəyinə inanır: “"Mən inanıram ki, əhalinin təminatsız təbəqəsi üçün qaz tarifi dəyişməyəcək. Və belə bir ehtimal var, çünki kalorililik hesablansa belə, bu, istehlakçıların əhəmiyyətli hissəsinə təsir etməyəcək" (Mənbə)

Hazırda Ermənistanda qazla bağlı güzəştli limiti və tariflər belədir: Aztəminatlı ailələr üçün 600 kubmetr güzəştli qazın hər kubmetri 100 dramdır. Limiti aşdıqda isə abonement hər kubmetr üçün 139 dram ödəyəcək.

İri istehlakçılar üçün tarif isə belədir: kənd təsərrüfatı sektorunun nümayəndələri üçün hər 1000 kubmetr üçün 224 dollar, ayda 10 min kubmetrdən çox qaz istifadə edən abonentlər üçün isə hər 1000 kubmetrə görə 255,92 dollardır.

Nəticə: Fuad Qəhrəmanlının iddiasının heç bir əsası yoxdur.  Fuad Qəhrəmanlı ya rus dilini pis bildiyi üçün tərcümədə yanlışlığa yol verib, ya da qəsdən dezinformasiya yayır. Hələ “kub metr” sözünün bitişik, yəni “kubmetr”  yazıldığından xəbərsiz olmasını demirik.

Oxucuları isə yalan məlumat yayan Fuad Qəhrəmanlının kütləni necə aldatması, kütlə şüuru ilə necə manipulyasiya etmələrini, faktdan xəbəri olmayan sıravi vətəndaşların belə yalançılara necə inandıqlarını əks etdirən məlumatlarla tanış olmağa dəvət edirik. Scrinlər F. Qəhrəmanlının həmin statusundan götürülüb.