Məlum olduğu kimi Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdu parlamentdə çıxışı zamanı Azərbaycan və Türkiyə arasındakı enerji və digər iqtisadi sahələdə əlaqələri qarışıq və qaranlıq əlaqələr kimi təqdim edib. CHP-li deputat iddia edib ki, Azərbaycan və Türkiyə arasında neft, qaz, enerji və iqtisadi sahədə həyata keçirilən proqramlar iki ölkənin mənafeyinə xidmət etmir, Türkiyə ildə 1,5 mlrd dollar itkisi olur. (Mənbə)
A.Ərdoğdunun eyham vurduğu enerji layihələri deyərkən sözsüz ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və qardaş ölkədə qurulmuş iri yanacaq infrastrukturları nəzərdə tutulur.
Faktyoxla Lab. olaraq CHP-li millət vəkilinin iddialarını həm siyasi, həm də iqtisadi yöndən araşdırdıq.
CHP İstanbul Millət vəkili Aykut Erdoğdu Azərbaycan və Türkiyə arasında enerji sahəsində köklü əməkdaşlığı gələcəyə daşıyan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə bağlı real olmayan şərhlər verməsi və 1 milyard 400 milyon dollar izafi ödəmə etdiyini bildirməsi, Azərbaycan qazını Avropaya çatdıracaq və illik 1,5 milyard dollardan çox nəqletmə gəliri təmin edəcək strateji dəyər zəncirinin ən mühüm həlqəsi olan bu layihə ilə bağlı nadan və çirkin iddiaları məhz Şuşa Bəyənnaməsinin imzalanması zamanı səsləndirməsi diqqət cəlb etməyə bilməzdi.
Bu iddiaları səsləndirən şəxsin nəinki təmsil etdiyi partiyanın kulislərində, habelə Türkiyədə də öz partiyadaşı olan bələdiyyələrdən xərac almasını bilməyən yoxdur.
Təhqirdən tutmuş korrupsiyaya ittihamlarına görə məhkum olduğu cərimə və təzminatları partiyasına ödətdirən CHP başkan yardımçısı Aykut Erdoğdunun digər istedadı qanunsuz villa saldırmaq sevdası ilə bağlıdır.
O, Azərbaycan və Türkiyənin dövlət məmurlarına böhtanlar yağdıran, stol qıran, şüşələri sındıran, çıxdığı verilişlərdə qışqıran, bağıran, şər atan, çağırışlar edən, korrupsiya və qanunsuz tikililərdə “manqalda kül sovurmayan” “solçu” siyasi aktyor.
Türkiyədə CHP-li deputatın türk millətini təhqir etməsi zaman-zaman gündəmə gəlib.
Məhz Almaniyanın avtomobil nəhəngi Volkswagen-in yük maşını zavodu olan MAN-ı Türkiyədən köçürmə qərarından sonra CHP-dən Aykut Erdoğdudan sərmayə qərarına mane olacaq, milləti təhqir edəcək qalmaqallı açıqlama gəldi.Bir çox firmanın Türkiyəyə daşınmasına məhəl qoymayan, Volkswagen-i misal gətirərək Türkiyənin inkişafında paz olmaq siyasətini izləyən CHP-li Erdoğdunun “Burada barbarlar, adamyeyənlər var” sözləri ilə milləti təhqir etməsi vətəndaşların reaksiyasına səbəb olub. (Mənbə)
Edoğdu müqəddəs şəhidlərimiz haqqında düşünmədən (bəlkə də bilərəkdən) danışmaqdan çəkinməyən birisidir. CHP-li Aykut Erdoğdunun Şırnak Cizre sərhəd zastavasında törədilən terror aktı nəticəsində şəhid olan piyada sıravi Tarık Tarcana başsağlığı mesajı vətəndaşların sərt təpgisinə səbəb olub.Erdoğdu PKK terrorçuları tərəfindən şəhid edilən Tercan üçün “Ürəyim ağrıdı, barışa bilmədik, sağ qala bilmədik” ifadəsini işlətməsi sosial medianı lərzəyə gətirdi. Vətəndaşlardan "Kimlə barışmadın?" sayaq suallar yağış kimi yağdı:"Kimlə barışıq? Müharibə yoxdur, terrorla mübarizə var".-Nə demək istəyirsən ki, kimlə anlaşa bilmədik?"Şəhidimizi yad edəndə belə barış deyirsiniz. Siz barışın, biz qatillərimizlə barışmırıq"."Nə dediyinin fərqindəsən? Terrorçu ilə barışacaqdıqmı? Biz qanlı cinayətkarlar və onların tərəfdarları ilə heç vaxt barışmayacağıq." Kimlə barışırsan? Bu nə şərhdir? CHP təəccübləndirməkdədir.""27 yaşlı arzuları olan gənc PKK terrorçuları tərəfindən şəhid edilir, sən "Barış edə bilmədik" deyirsən? Çox təəssüf ki, PKK sizi öz əlinə alıb. Bu ictimaiyyət qarşısında etirafdır, sən bir şey etdin”.Alınan reaksiyalardan sonra başqa açıqlama verən Aydoğdu, "Vətənpərvərliyimi heç kimlə müzakirə etmirəm. PKK terror təşkilatıdır. Kürd problemi milli birlik içində demokratiya ilə həll edilə bilər" dedi.( Mənbə)
Prezident Ərdoğan 2022-ci ilin ilk günlərində vəkili vasitəsilə iştirak etdikləri televiziya proqramında onun ünvanına dedikləri sözlərə görə Engin Özkoç və Aykut Erdoğduya qarşı Ankara Baş Prokurorluğuna cinayət işi açılması tələbi ilə çıxış etmişdi. Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydının Ankara Respublika Baş Prokurorluğuna təqdim etdiyi cinayət işi ərizəsində 14 yanvar 2022-ci il tarixində Tele 1 kanalında keçirilən proqramda adı çəkilən şəxslərin söylədiyi sözlərin şəxsi hüquqların pozulması, böhtan və təhqir olduğu, ifadə azadlığının sərhədlərinin aşıldığı bildirildi. (Mənbə)
Gördüyünüz kimi, Azərbaycan və Türkiyə dövlət rəsmilərinə böhtan və böhtanlar atan CHP-li deputat öz qaranlıq işlərindən geri çəkilmirlər. Təəvvür etmək belə çətindir ki, öz pezidentini təhqir edən birisi, qanlı PKK-nın siyasi qanadı Xalqların Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş üçün “Ümid edirəm ki, Səlahəddin Dəmirtaşı prezident olaraq görəcəyik” (Mənbə) deyirsə, Azərbaycan haqda nələr danışmaz.
Araşdırmalarımız zamanı bəlli oldu ki, CHP İstanbul millət vəkili Aykut Erdoğdu ilk dəfə deyil belə iddialarla çıxış etməyi. O, 2015-ci ilin oktyabrında təmsil etdiyi partiyanın İstanbul şəhər təşkilatında təşkil edilən mətbuat konfransında çıxışı zamanı hökumətin enerji korrupsiyası ilə bağlı apardıqları “araşdırmaların” Türkiyə cəmiyyətində maraq oyatdığını dilə gətirmişdi. “Ar Enerji”, “Zirve Holding”, “Power Trans” və digər şirkətlərin Türkiyədəki hökumətlə əlaqəsi olduğunu iddia edən Erdoğdu, paralel olaraq Azərbaycan və SOCAR-ı bu şirkətlər vasitəsilə maliyyə-enerji korrupsiyasında ittiham edib. Erdoğdunun bu qondarma ittihamlarını illərlə bir kənarda saxlayıb, 6 ildən sonra özlərinə türk mediası deyən, əslində isə müxtəlif transmilli fondlardan qidalanan media vasitəsilə ortaya atması da bir çox məqamlardan xəbər verir.
Fakt: Özlərinə sosialist desələr də, daha çox ermənisevər olmaları ilə tanınan “Evrensel” qəzetinin xəbərinə görə, Aykut Erdoğdu Azərbaycanın təbii qaz və neft şirkəti olan SOCAR-a əhəmiyyətli üstünlüklər verildiyini bildirərək ictimaiyyətin necə zərər çəkdiyini açıqlayıb. “Ar Energy Company” ilə ortaqlığına görə: “2001-ci ildə Azərbaycanla Təbii Qaz Alqı-Satqı müqaviləsinin müddəaları Türkiyənin zərərinə dəyişdirildi və Türkiyə 1,5 il ərzində 1,4 milyard dollar qiymət fərqi ödəməli oldu. Bu müqavilənin 20 illik tarixi var və Türkiyənin təbii qaz qiymətlərindən asılı olaraq cəmi 10 milyard dollar zərər dəyib. Dəyişikliklə Türkiyənin qaz ixracı hüququ da əlindən alınıb və bu vəziyyət Türkiyəni “al ya da ödə” şərti ilə təxminən 4 milyard dollarlıq öhdəlik qoyub. Nabucco layihəsindən sonra irəli sürülən TANAP layihəsində BOTAŞ tərəfindən 11 dollar dəyərində qazın ölkədaxili nəqli hüququ SOCAR-BP-BOTAŞ ilə ortaq şəkildə qurulan şirkətə bu 15 illik razılaşmaya görə illik 500 milyon dollarlıq müqavilə əsnasında təxminən 7,5 milyard dollar dəyərində dövlət itkisinə səbəb oldu.” (Mənbə)
Erdoğdunun qardaş ölkənin Azərbaycandan təbii qaz alışında 1 milyard 400 milyon dollar əlavə ödəniş edildiyi iddialarını təqdim etməsinin Azərbaycanla Türkiyə arasında qüvvəyə minəcək Şuşa bəyannaməsi ilə üst-üstə düşdüyünü görməmək sadəlövhlük olardı. 2015-ci ilin fevralında etdiyi əsassız iddialardan yeddi il sonra bütün bunları dilə gətirməsi də onun bu məsələdə xoşməramla hərəkət etmədiyini göstərir. Üstəlik, Aykut Erdoğdu yenə Türkiyədə özünü ana müxalifət adlandıran partiyaya yaxın olan və xaricdən pul alan media qurumlarını müdafiə etməyə alışan Tele1 kanalında qonaq qismində çıxış etsin, həmin canlı yayında "Azərbaycandan təhdidlər alıram" desə də, əlində həmişəki kimi tutarlı bir fakt olmasın (Mənbə), CHP rəhbərliyi və başqan Kamal Kılıçtaroğlunun deməyə bir sözü olmasın?
Niyə belə düşünürük?! Əgər bunun əksi olsaydı, CHP rəsmiləri və başqan Kamal Kılıçdaroğlu, bu hadisəyə, həmçinin, keçən il 2-ci Qarabağ müharibəsində Azərbaycanın qazandığı hərbi uğurlara kölgə salmağa çalışan Musa Özuğurlunun "Bir həftədən çox orada idim. Hətta o vaxtlar mindən çox azərbaycanlı əsgərin itkisindən bəhs edilirdi. Onlar öz əksini tapmır. Camaat öz arasında danışırdı” - kimi çıxışlarına (Mənbə), CHP sədrinin müavini Əhməd Ünal Çeviközün Habertürk kanalından (Mənbə) Türkiyənin bölgəyə cihadçı göndərməsi ilə bağlı iddialarına, yenə CHP-yə yaxın Halk TV ekranlarından, "Ümumiyyətlə, Azərbaycan dövlətdir? Bu günə qədər layiqli bir dövlət qurmayıb. Torpaqları da 30 ildir işğal olunub" – sözləri ilə açıq şəkildə ermənilərə dəstək verən qondarma jurnalist Levent Gültekinin dediklərinə ən sərt reaksiya verərdilər.
Ana müxalifət partiyası olan CHP-nin İstanbul millət vəkili Aykut Erdoğdu Azərbaycan prezidenti Əliyevi və dövlət şirkətlərini korrupsiyada ittiham edərkən, ona ən çox dəstək verən media qurumlarından biri də Norveç Nazirliyinin vəsaitindən dəstək alan “Duvar” qəzeti oldu. ABŞ-da yerləşən Chrest Fondundan sonra Norveç Xarici İşlər Nazirliyinin müvafiq fondlarından qrantlar alan “müxalif” və "sosialist" kimliyi ilə tanınan, 2020 və 2021-ci illərdə ümumilikdə 1 milyon Kron (112 min 868 ABŞ dolları) dəstək alan Vedat Zencir və Cansu Çamlıbelin rəhbərlik etdiyi “Duvar English” və “Gazeteduvar” saytlarında çoxlu sayda müxalif jurnalist çalışır.(Mənbə)
Bundan əlavə, “Duvar English” saytının baş redaktörü hələ 2015 – ci ildə “Hürriyyət” qəzetində işləyəndə, qondarma erməni soyqırımının 100 – cü il dönümünü izləmək məqsədi ilə İrəvana səfər etmişdi.( Mənbə)
2016 - cı ildə “Duvar English” saytının baş redaktoru kimi fəaliyyətə başladı və sayt davamlı olaraq ermənipərəst abu – havaya büründü. 2019- cu ildə Gülgün Türkoğlu Pagy adlı genetika aliminin “Erməni soyqırımı yoxdur” adlı yazısını yayınlamışdılar, sonra dərhal qəzet üzr istədi və yazını saytdan sildilər. Bunun nəticəsində Gülgün Türkoğlu Pagy adlı jurnalist saytdakı vəzifəsindən istefa verdi. ( Mənbə)
İndi isə Aykut Ərdoğdunun iddiasını iqtisadi yöndən araşdıraq.
Parlament kimi mötəbər tribunadan ittihamlar səsləndirən bu adam anlamalıdır ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər nəhəng enerji layihələrinin müəllifi iki qardaş ölkə olsa da, bu trans-kontinental layihə beynəlxalq konsorsium – ABŞ, Böyük Britaniya, İtaliya, Yaponiya, Fransa, Norveç və digər ölkələr tərəfindən koordinasiya edilir, nəql, qiymət siyasəti, ixrac tarifləri və s. məsələlər birgə qərarlar əsasında nizamlanır. Yaxud, Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP kəməri 12-dən artıq ölkənin təmsil olunduğu (ABŞ, Boyük Britaniya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, İtaliya, Yunanıstan, Rumıniya, Türkmənistan, Xorvatiya, Monteneqro və Macarıstan) Məşvərət Şurası tərəfindən koordinasiya edilir. Bu mövzuda qeyri-şəffaflıqdan, maddi maraqlar və mənafelərdən danışmaq xəstə təfəkkürün məhsulu ola bilər.
Bu xüsuslarda A.Ərdoğdunun və onun təmsil olunduğu CHP-nin diqqətinə bəzi məqamları xatırlatmaqda fayda vardır.
Uzunluğu 1768 km olan və 2005-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Ceyhan kəmərinin 1076 km-i Türkiyədən keçir. Qardaş ölkə böyük tranzit ərazisinə malik olmaqla hər il böyükhəcmdə tranzit haqqı əldə edir. Boru xətti ilə nəql olunan neftin bir hissəsi isə Ceyhan limanında inşa olunmuş neft emalı müəssisələrində emal olunaraq Türkiyəni yanacaq məhsulları ilə təmin edir.
2018-ci ilin oktyabrında istifadəyə verilən “Star” Neft Emalı zavodunda isə il ərzində 8-10 milyard dollar həcmində yanacaq istehsal olunur. Zavodda hər il 10 milyon ton xam neft, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd emal edilir. Müəssisə 5 milyon ton dizel yanacağı istehsal etməklə Türkiyənin həmin yanacağa olan tələbatının yarısını ödəyir və nəticədə ölkədə idxalın payı 40 faizə düşməkdədir. Zavodun işi sayəsində mayeləşdirilmiş qazın idxal səviyyəsi isə 70 faizə enməkdədir. (Mənbə)
Beləliklə, Türkiyənin avtomobil, təyyarə benzini, dizel və digər bütün növ yanacaq məhsulları ilə təminatı Azərbaycanın nəql etdiyi “Azeri Light” markalı neftin emalı hesabına həll olunmaqdadır.
Azərbaycan həm də Türkiyənin ən etibarlı və ən böyük qaz təchizatçılarından biridir. 2007-ci ildən nəql edilən yanacaq həm Bakı-Tbiliis-Ərzurum, həm də Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. İndiyə qədər Azərbaycan “Şahdəniz” yatağından qardaş ölkəyə 85 milyard kubmetrdən çox təbii qaz ötürüb. TANAP 2018-ci ilin ikinci yarısından istismara buraxıldıqdan sonra qaz bu marşrutla daha çox nəql olunur, 2018-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql edilib. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8,5 milyard kub metr qaz nəql edib və yanacağın təxminən 70-75 faizi TANAP-ın payına düşür. (Mənbə)
Azərbaycan hökuməti 2021-ci ilin aprel ayında “Şahdəniz-1” üzrə qaz müqaviləsini yenilədi və sənədə əsasən, 2024-cü ilin sonunadək Türkiyəyə illik qaz ixracının həcmi 10 milyard kubmetri ötəcək. “Şahdəniz-2” qazını da əlavə etsək, Türkiyə əlavə qaz həcmi əldə edəcəkdir, yəni TANAP-la Türkiyəyə 12-14 milyard kub.metrə qədər qaz veriləcək. (Mənbə)
CHP yetkililəri onu da xüsusi olaraq diqqətə almalıdırlar ki, Azərbaycan başqa dövlətlərdən fərqli olaraq yanacaq məhsullarının, neftin, qazın və digər enerji ixraclarını dünya bazar qiyməti ilə satmır, əsil qardaşlıq nümunəsi nümayiş etdirərək 7-8 qat ucuz qiymətə təklif edir. Hazırda Avropada qazın qiyməti 1000 kub.metr üzrə 950-1150 dollar arasında dəyişməkdədir. Azərbaycan qazının Türkiyəyə orta ixrac qiyməti isə təqribən 150 dollar təşkil edir. (Mənbə)
O da yaddan çıxmamalıdır ki, Türkiyə, həmçinin, TANAP-ın coğrafi sahibi olmaqla uzunluğu 3500 km-ə bərabər Cənub Qaz Dəhlizinin 55 faizlik tranzit ərazisinə malikdir. Yəni, uzunluğu 1850 km olan TANAP-ın tranzit gəlirləri tamamilə Türkiyəyə çatır. Çünki Trans-Adriatik Qaz kəməri (TAP) ilə Avropaya nəql olunan qaz TANAP-dan keçir. Azərbaycan TAP-la Qərbə qaz nəqlinə 2020-ci il dekabrın 31-də başlayıb və bir ildə 19 milyard kub.metr qaz ixrac edib, onun 8,5 mlyardı Türkiyəyə, 7 milyard kub.metri İtaliyaya, 2,5 milyardı Gürcüstana, 1 milyardı isə Yunanıstana və Bolqarıstana ixrac olunub. Beləliklə, Avropaya nəql olunmuş 8 milyard kub.metr qaza görə qardaş ölkənin tranzit gəlirləri də kifayət qədər normaldır.
Türkiyədə bir çox biznes maqnatları öz əhalisinə amansız qiymət artımları tətbiq etsə də, Azərbaycan həqiqi qardaşlığa sadiqdir, bütün biznes sektorlarında ən sərfəli tariflərlə kifayətlənir. “SOCAR” ən böyük sərmayələri qardaş ölkəyə yatırır, təkcə “Petkim” neft-kimya kompleksinə 2,4 milyard dollar investisiya yatırıb. “SOCAR-Türkiyə”nin Türkiyə iqtisadiyatına yöləltdiyi investisiyaların həcmi 19,5 milyard dolları ötüb. Türkiyə məhz bu şirkətin hesabına xaricdən yanacaq tədarükünə son verməkdədir.
CHP-li millət vəkili Azərbaycan sərmayəsi əsasında qurulmuş bu sənaye kompekslərinin Türkiyənin yanacaq ehtiyacları üçün hansı vacib həyati əhəmiyyət daşıdığını tam anlamırsa, bir eyib, anlayıb, bu faktlarla manipulyasiya edib, fikir yayındırırsa, daha böyük eyib.
CHP-li millət vəkili onu da bilməlidir ki, Azərbaycan və Türkiyə hökumətləri tərəfindən 2020-ci ildə imzalanmış və Prezident İlham Əliyevin 2020-ci il mayın 31-də təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Qanunun qüvvəyə minməsindən sonra iqtisadi və ticari əlaqələrdə tamamilə yeni səhifə açılıbdır. (Mənbə)
Məhz Azad Ticarət sazişinin imzalanmasından sonra 2021-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 14 faiz arataraq 4 milyard 661 milyon dolları (8 milyard manat) ötüb. Beləliklə, bu əlahəzrət rəqəmlər iki ölkənin iqtisadi müttəfiqliyinin çox aydın mənzərəsi və müstəqillik tariximizdə ən yüksək ticarət dövriyyəsinin rekord göstəricisidir. (Mənbə)
İqtisadi proseslərə laqeyd və soyuqqanlı yanaşan CHP və digərlərinə müqayisə üçün 5 il əvvəlki fakt və iqtisadi tablonu xatırlatmaqda bir fayda vardır. 2017-ci ildə Azərbaycanla Türkiyə arasındakı ticari dövriyyənin həcmi 2017-ci ildə isə 2,6 milyard dollar, 2018-ci ildə 3,4 milyard dollar, 2019-2020-ci illərdə 4,3 -4,4 milyard dollar və hazırda 4,7 milyarda yaxın dinamika. Hazırda isə son 5 ilə nisbətən iqtisadi dövriyyə 78 faiz artıb.
Vardırmı, Türkiyənin son 5 il ərzində ticarət tərəfdaşları arasında mal dövriyyəsinin həcmini 78 faiz nisbətində artımına nail olmuş başqa bir ölkə? Yoxdur.
Azərbaycanın 178 ticarət tərəfdaşı arasında dövriyyəni bu həcmdə artırdığı başqa bir dövlət vardırmı? Türkiyədən başqası yoxdur.
Yaxud, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 4 ildir işləyir, daşınan yüklərin həcmi 2020-ci ildə 2 dəfə, 2021-ci ildə 2,5 dəfə artıb. Həmçinin, Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım qeydə alınıb və 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 faiz olub. Bu, region ölkələri ilə müqayiəsədə ən yüksək rəqəmdir.
Hazırda Azərbaycanda 4 mindən artıq Türkiyə şirkəti, Türkiyədə isə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türk dövlətləri içərisində bu ən böyük göstəricidir. (Mənbə)
Və bu, yeni bir başlanğıcdır, iki qardaş ölkə iqtisadi sahədə Ana hədəfə - yaxın 3 ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq üçün qol çırmayıb. 2021-ci il fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda Baş nazir Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay iqtisadi əməkdaşlığı Zirvəyə daşıyan daha 11 mühüm dövlət sənədi imzalayıb. Bu sazişlərin də fəlsəfəsi, qanı-mayası məhz 15 milyard dollarlıq hədəfə hesablanıbdır. Bu, o deməkdir ki, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Türkiyənin payı 44 faizə çatacaqdır. (Mənbə)
Qarşıdakı yaxın onillikdə iqtisadi dinamizmi təmin edəcək ən nəhəng Saziş isə təbii ki, Şuşa Bəyannaməsidir. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin bir neçə bəndi məhz iqtisadi əlaqələrin yeni qızıl qaydasını müəyyən edir.
- Tərəflər arasında ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi;
- Perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi;
- Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunun artırılması;
- İki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirilməsi;
- Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi;
- Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi
(Mənbə)
Zəngəzur dəhlizinin açılması və dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi bu tarnsmilli nəhəng nəqliyyat arteriyasının qollarını daha da genişləndirəcək və Şuşa Bəyannaməsində də vurğulandığı kimi Azərbaycan və Türkiyə beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcəkdir.
Qardaşlığın daha bir nümunəsi: Azərbaycanını Dövlət Neft Fondu bu günlərdə 1 milyard avro depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirməklə maliyyə bazarındakı gərginliyi səngitmək üçün qardaş əlini uzatdı.
Göründüyü kimi, CHP təmsilçisinin Azərbaycan-Türkiyə iqtisadi və siyasi münasibətləri haqda söylədikləri yanlış şərh, doğru olmayan analiz və qərəzli yanaşmadır. İqtisadi və siyasi analizdə qeyd olunduğu kimi, Türkiyə-Azərbaycan münasibətlərinə hansısa bir uyruq, uzantı təsir edə bilməz.