Bu foto keçmiş SSRİ-nin populyar jurnallarından biri olan “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (Buraxılış N14-15 ) dərc olunub. Konstantin Smirnovun “Qorxu” sərlövhəli məqaləsindəki fotonun müəllifi isə italiyalı, “SİPA“ fransız agentliyinin fotoqrafı Enriko Sarzinidir. Bu foto əlində üçrəngli Azərbaycan bayrağını tutan çəlimsiz oğlanın iki erməni döyüşçü tərəfindən əsir götürülmə anında, ora Fransadan ezam olunmuş, qeyd edilən fotoqraf tərəfindən lentə alınıb.
“Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər.”
Bu sözlər, Xocalı sakini, ermənilər tərəfindən əsir götürülmüş yüzlərlə azərbaycanlı dinc sakindən biri- Cəfər Cəfərova məxsusdur. Bu arada qeyd edək ki, 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görən azərbaycanlılardan biridir. (Mənbə)
Cəfər Cəfərov danışır: «Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik.
Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum”.
...Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar.
Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».
Natiq Qasımovun qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşdü. Bu qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə «Oqonyok»un xidməti əvəzsiz oldu. Redaksiya şurasında Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və V.Korotiç kimi ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbiri K.Smirnov özü də bilmədən vaxtilə kitablardan oxuduğumuz və filmlərdən seyr etdiyimiz cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini təkrarlamış Natiq Qasımovun düşmənə əyilməzliyini, onun qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi müəyyən qədər də olsa özünü büruzə verib.
“...Tezliklə biz Stepanakertdən (əsl adı Xankəndi-red.) Əsgərana tərəf yollandıq. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əsgərana gedib çıxmadıq, çünki yolda silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Şübhəsiz, buradakı dəstənin yaraqlıları «iş dalınca» gedirdilər. Onların aldıqları məlumata görə, bir neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları sıxışdırıb çıxartsalar da köhnə kilsədə (Alban kilsəsində-red.) Azərbaycan Milli Ordusunun bir qrup «boyeviki» qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə azərbaycanlıların sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər itirmişdi. Hücumçular müxtəlif vasitələrə - gözyaşardıcı qazdan qumbaralaradək əl atsalar da məqsədlərinə nail ola bilmədilər. Təbiidir ki, biz onların izinə düşdük.
Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyindəki yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq o böyük əks-sədaya səbəb oldu. Belə ki, nə bu gün, nə də ertəsi gün yaraqlılar kilsəni ələ keçirə bilmədilər. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbirstanlığı geri qaytarmışlar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”.
Bu sətirlər keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun "Qorxu" sərlövhəli məqaləsindəndir.
Tanınmış jurnalist Səbuhi Məmmədli 2016-cı ildə yazırdı:
“2015-ci ilin fevralı. İtaliyanın Milan şəhəri, “Myatos” oteli.
Səhər tezdən feysbuk səhifəmdə mesaj qutusuna bu şəkil göndərilmişdi. Altında da qısaca şərh:
“Bu fotonu yəqin görmüsüz mətbuatda. Natiq Qasımovdur. Fotonu isə italiyalı fotoqraf Enrike Sarsini çəkib. Gör onu tapa bilərsənmi İtaliyada. Bu şəklin tarixçəsini, Natiqin sonrakı taleyini öyrənə bilərsənmi?”
...Biz Enriko Sarsinini Peruca şəhəri yaxınlığında yerləşən Todi qəsəbəsində tapdıq. Təqaüddədir. Qocalmış, xəstəhal olsa da, şəkli tanıdı. “Mən çəkmişəm” - dedi, Qarabağda. Sonradan isə dostum, “Oqonyok”un müxbiri Konstantin Smirnova verdim. O da jurnalda dərc etdi.
Bəs Natiq?
- Mən onu ermənilərin dindirdiyi zirzəmidə də çəkdim. Özünü qəhrəman kimi apardı. Çox soyuqqanlıydı. Amma təəssüf, sonrakı taleyindən xəbər tuta bilmədim.
Biz uzun müddət hadisənin digər şahidi Konstantin Smirnovu da axtardıq. Rusiyanın müxtəlif telekanallarında öz layihələri ilə verilişlər hazırlayan Smirnovun koordinatlarını tapa bilmirdik ki, bilmirdik.
Uzun axtarışlardan sonra indi özəl teleşirkətlərdən birinə rəhbərlik edən Konstantin Sergeyeviçi, nəhayət, tapdıq…
5 aprel, 2016-cı il.
Moskva, Arbat, Aktyorlar Evi.
Vədələşdiyimiz vaxtda da gəlib çıxdı.
- Əlbəttə, xatırlayıram, bütün yazılarımı xatırlayıram. Mən Qarabağdan çıxanda Natiq sağ idi. Onu dindirmək üçün yüksək rütbəli adamlar da gəlmişdi. Hansısa hərbi sirri öyrənmək istəyirdilər yəqin. Amma o, adi bir döyüşçü idi. Kimlər dindirirdi? Mən onları tanımırdım axı? Amma bir nəfər mənim yaddaşımda qalıb. Robert idi adı. Bir dəqiqə, nəydi onun familiyası? Hə, hə, Koçaryan. Məhz o, ərazidəki jurnalistlərə dedi ki, onu öldürməyəcəklər. Ermənistana aparıb, müharibə qanunları ilə ittiham edəcəklər.
- Apardılarmı?
- Onu bilmirəm, mən Moskvaya qayıtdım, xəbərim olmadı…” (Mənbə)
Bura qədər baş verənlərdən əksər Azərbaycanlılar məlumatlıdılar. Onun qəhrəmanlığı, komandir əmri ilə sona qədər döyüşməsi, bayrağımızı əlindən yerə qoymaması əsl qəhrəmanlıq salnaməsidir və azərbaycanlılar üçün şücaət məktəbidir. Natiq haqqında müxtəlif yazılar, kitablar, filmlər var. Yazı isə bu haqda deyil.
Məsələ burasındadır ki, Natiq Qasımov presedenti I Qarabağ müharibəsində ermənilər tərəfindən əsir götürülən yüzlərlə azərbaycanlılar arasında unikaldır. Belə ki, Natiq Qasımov əsir götürüldüyü anda onu 2 xarici fotomüxbir müşahidə edib və Xocalı faciəsinin zərərçəkənlərdən biri isə təslim olması üçün danışıqlar aparıb. Bu fakt Ermənistan hərbi rəhbərliyi üçün hüquqi prosedurların başlanması üçün ciddi əsas ola bilər.
Belə ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Bəs, beynəlxalq hüquq və normalarda bu haqda nə yazılıb?
Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. (Mənbə) Hal-hazırda dünyanın 190-dan çox dövləti Cenevrə Konvensiyalarına imza atmışdır. Qeyd edək ki, Azərbaycan hökuməti də 1993-cü ildən bu Konvensiyalara qoşulub.
Bu konvensiyalardan biri isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. (Mənbə)
Cenevrə Konvensiyasının 3-cü maddəsi Beynəlxalq səviyyədə olmayan silahlı münaqişələr baş verdikdə hər iki tərəfin aşağıdakı qaydaları tətbiq etmək məcburiyyətində olduğunu əks etdirir:
Hərbi əməliyyatlarda birbaşa iştirak etməyən şəxslərə, həmçinin Silahlı Qüvvələrdən olan, lakin silahı yerə qoyaraq hərbi əməliyyatlarda xəstəliyi, yaralanması, saxlanılması və ya istənilən digər səbəbdən iştirakını dayandıranlara istənilən halda insani münasibət göstərilməlidir.
1. Dərisinin rənginə, dininə, inancına, mənşəyinə, cinsinə, əmlak vəziyyətinə və ya hər hansı bir oxşar meyarlara görə yuxarıda göstərilən şəxslərə münasibətdə aşağıdakı hərəkətlər hər zaman və hər yerdə qadağan edilir:
a) insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s;
b) girov götürmə;
c) insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış;
d) sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək.
Maddə 4. Bu Konvensiyaya görə, rəqib hakimiyyətinə əsir düşən aşağıdakı kateqoriyalardan olan insanlar:
1) Münaqişədə iştirak edən Silahlı Qüvvələrin şəxsi heyəti, bu qüvvələrə daxil olan könüllü dəstələr.
2) Digər könüllü qurumların əməkdaşları, partizanlar, mütəşəkkil müqavimət hərəkatının personalı, qarşıdurmada iştirak edən tərəflərdən birinə aiddirsə və aşağıdakı şərtlərə cavab verirsə:
a) tabeliyində olanlara məsul olan rəhbər şəxs (komandir) mövcuddursa,
b) uzaq məsafədən aşkar görünən müəyyən fərqlənmə nişanları daşıyırsa,
c) aşkar silahlıdırsa,
d) müharibənin qanun və adətlərinə riayət edirlərsə "hərbi əsir" hesab olunur.
Maddə 5. Bu Konvensiya 4-cü maddədə göstərilən şəxslərə düşmən hakimiyyətinin əlinə düşdükləri andan etibarən, onların buraxılması və ya geri qaytarılmasına qədər tətbiq edilir.
Hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar bu Konvensiya ilə qorunur.
Sadalanan şərtlər mövcud olduqdan və ya təsdiqləndikdən sonra ələ keçən şəxslərə qarşı hərbi əsir rejimininin tətbiqi reallaşa bilər.
Hərbi əsirin - tərkisilah edilən düşmən olduğunu, onların hərbi əsirlər ilə rəftara dair Konvensiyanın tələbinə görə dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlətin onların taleyinə görə tam məsuliyyət daşımalı olduğunu qeyd etmək vacibdir.
Bu hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır və onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz.
Əslində Ermənistan hərbiçiləri bu hadisəyə qədər də dəfələrlə 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq öz torpağında girov götürdükləri mülki vətəndaşlara qarşı qəddar və amansız davranıb, onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetiriblər.Azərbaycan tərəfinin əldə etdiyi məlumatlar göstərir ki, bu siyahıda olan insanların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Bu günə qədər siyahıda olanların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur.
Əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Əfsuslar olsun ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da, bu insanlığa yaraşmayan praktikaya qəsdən göz yumulur və reaksiya verilmir.
Amma müharibədən sonra situasiya dəyişib. Bildiyimiz kimi, Azərbaycan tərəfinin 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinin əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir. (Mənbə)
Bu haqda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb.
Beləliklə, əgər Natiq Qasımov sağdırsa, qeyd edilən Konvensiyaya görə, onu uzun müddət əsirlikdə saxlamaq, bütün beynəxalq qanunlara ziddir. Yox, əgər hərbi əsir kimi dindirildikdən sonra məhkəmə qərarı olmadan, qətlə yetirilibsə, yenə də həmin Konvensiyaya görə Ermənistan hərbi rəhbərliyi buna görə məsuliyyət daşıyır. Bu presedentlə bağlı ciddi məşğul olmalı, qəhrəman Azərbaycan əsgərinin tapdanmış hüququnu bərpa etməliyik.
Materialın videosunu təqdim edirik: