“The Wall Street Journal”ı (WSJ) İranın sanksiyalar tətbiq edildiyi dövrlərdə qadağan olunmuş qaydalara məhəl qoymayaraq milyardlarla dollarlıq ticarət sövdələşmələri həyata keçirməsi barədə yazı dərc edib.
Məqalədə qeyd edilir ki, İran hökuməti sanksiyalardan yan keçən gizli bank və maliyyə sistemi quraraq xarici kommersiya banklarında, İrandan kənarda qeydiyyatdan keçmiş vasitəçi törəmə şirkətlərdəki və qadağan olunmuş əməliyyatları koordinasiya edən təşkilatlardakı hesablardan, habelə ölkə daxilində hesablaşma mərkəzindən istifadə edilib. WSJ yazır ki, bütün bunlar Tehrana İranı 2015-ci ildə qəbul edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qaytarmağa çalışan ABŞ prezidenti Co Baydenin təzyiqlərinə müqavimət göstərməyə imkan verib və ona hətta, danışıqlar dövründə də nüvə proqramını davam etdirmək üçün vaxt verib.
Son 8 ildə sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatı 2010-2013-cü illərdəki inkişafdan məhrum olsa da, böyükhəcmli valyuta dividentlərini və strateji rezervlərini itirsə də, bununla belə, ticarət dövriyyəsinin həcmini orta sabit səviyyədə saxlamağa nail olub, son 3 ildə hətta iqtisadiyyatın cüzi də olsa böyüməsi baş verib. Bu, özlüyündə belə qənaət formalaşdırır ki, qlobal səviyyədə sanksiyalara baxmayaraq, qadağalara məruz qalan ölkələr müxtəlif vasitələrlə sanksiyalardan yayına bilir.
WSJ-nin iddiasına əsaslansaq, İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi gizli sistemə xaricdəki bank filialları və bank hesabları, xarici ölkələrdə qeydiyyatdan keçmiş firmalar və onların Tehrandakı müştərək ticarət palataları və digər ticari birlikləri aid etmək mümkündür. Fakt odur ki, həqiqətən də İran həmin dövrdə ən yaxın strateji tərəfdaşları ilə sanksiyalaşdırılsa belə, bank-maliyyə əməliyyatlarını davam etdirib. Onların sırasında isə ilk yerlərdən birini Ermənistan tutur və bununla bağlı kifayət qədər faktları söyləmək mümkündür.
Beynəlxalq maliyyə-bank şəbəkəsi sanksiyalar səbəbindən İranı “SWIFT” sistemi ilə əlaqəsi kəssə də, İran müxtəlif yollarla Ermənistanın banklarına “inteqrasiya olunaraq” İrəvandan əməliyyatlar aparıb.
Bu prosesdə İranın İrəvandakı filialı kimi fəaliyyət göstərən “Bank Mellat İran” (“Bank Mellat”) xüsusi fəallıq nümayiş etdirib. 1996-cı ildən Ermənistanda fəaliyyət göstərən “Mellat Bank” Ermənistan və İran arasında ticarətlə məşğul olan kiçik və orta müəssisələrə, həmçinin iranlı və erməni turistlərə bank-kredit xidmətlər göstərsə də, sonrakı illərdə iri kommersiya müəssisələrinə, nəqliyyat, logistika şirkətlərini də öz müştərisinə çevirib. Bank İranın dondurulmuş vəsaitlərinin cəlbində də əsas aparıcı rol oynayıb. “Mellat” İrana qarşı beynəlxalq sanksiyalar dövründə İranın Ermənistandakı dondurulmuş aktivlərini cəlb edib və 2014-cü ilin birinci rübündə öz kapital ehtiyatlarını 19,3 milyard dramdan 23 milyard drama qədər artırıb. (financialtribune)
İrana mal ixrac edən erməni iş adamları da etiraf edirlər ki, onlar bizneslərini İrəvanda fəaliyyət göstərən “Mellat”dan istifadə etməklə nizamlayırlar. Həmin bankda pul dəyişmə büroları İran rialını drama və digər valyutaya çevirərək açıq-aşkar köçürmələrlə yanaşı, nağdlaşdırmaya imkan tapırlar. İranın turizm agentlikləri də öz hesablaşmalarını həmin bank vasitəsilə, həmçinin, “İnecobank” və “Byblos Bank Ermənistan”la aparıb. (eurasianet)
Hətta Ermənistanın “IDBank”ı sanksiyalara məhəl qoymadığını öz açıq fəaliyyəti ilə nümayiş etdirib. Norvuz bayramını və Yeni İli Ermənistanda qeyd edən minlərlə iranlı turistin məhz İrəvandakı banklar vasitəsilə öz vəsaitlərini dollar və avroya çevirmək üçün bu bank daha çox müraciət ediblər. Bu bank ənənəvi olaraq Ermənistanın İranla davam edən ticarət əlaqələrində vasitəçi qismində çirkli pulların yuyulmasında da yaxından iştirak edib. Ermənistan Mərkəzi Bankını nümayəndəsi Siranuş Simonyan da bu cür halların olmasını etiraf edib və açıqlamasında bildirib ki, Ermənistanda fəaliyyət göstərən bütün kommersiya banklarına İran vətəndaşlarına və ya rezidentlərinə xidmət göstərməmək barədə tapşırıq verilməyib. O, cümlədən də, “IDBank” İran və digər ölkələrin vətəndaşlarının hesablarına xidmət göstərməkdə davam edir və iranlı müştərilərin hesablarına heç bir məhdudiyyət tətbiq etməyib. Bank öz pul siyasətini yalnız Ermənistan qanunlarının tələbləri ilə müəyyən edir. Yəni, beynəlxalq bank qanunvericliyinə məhəl qoymur. (Mənbə)
Dünyanın nüfuzlu media orqanı “Reuters” agentliyi “İran bankları sanksiyalardan yan keçmək ümidi ilə Ermənistana can atır” adlı dərc etdiyi məqalədə Tehranın Qərb ölkələrindən beynəlxalq təcridinin artdığı vaxtda Ermənistanın gizli maliyyə sövdələşmələi apardığından dəfələrlə bəhs edib. Agentlik apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlib ki, İranın Ermənistanla ticarəti transsərhəd bankçılığı yolu ilə davam edir. Ermənistanın “ACBA Credit Agricole Bank”ı açıq şəkildə İranla ticari-maliyyə əlaqələrinin hesablaşma vasitəsi olub ki, bu da faktiki olaraq İranın “SWIFT” ə çıxışını təmin edib. Həmçinin, İranın “Mellat Bankı”nın Ermənistan filialı maliyyə -pul əməliyyatlarında körpü rolunu oynayır. (reuters)
BMT isə öz qətnaməsində “Bank Mellat”-ın terrorizmə və çirkli pulların dövriyyəsinə dəstək verməsi barədə ciddi fikirlərə yer verib. Bu Bankın ən aktiv maliyyə portfellərinin Ermənistan və Suriyada formalaşması həqiqətən də çox ciddi və gizli mətləblərdən mesaj verir. Hər iki ölkənin qanunsuz silah ticarəti və terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulmasında geniş poliqona çevrilməsi heç kimə sirr deyil. Məhz bu baxımdan BMT Qətnaməsində deyilir ki, son yeddi il ərzində “Bank Mellat” İranın nüvə, raket və müdafiə müəssisələri üçün yüz milyonlarla dollarlıq əməliyyatları gerçəkləşdirib. reuters
Sözügedən bank həm İrəvanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində çirkli pulların yuyulması sxemini qurmuşdu. İrandan idarə edilən bu “biznes” layihələri əsasında ərzaq və məişət malları kimi aktlaşdırılan məhsullar əslində mənşəyi şübhə doğuran təhlükəli mallar olub, İrandan gələn həmin malların etiketi dəyişdirilərək sənaye məhsulu adı altında Rusiya və Avropa bazarlarında Ermənistan malı kimi satılıb. Bu prosesdə maliyyə vasitəçisi “Mellat Bank” və “Markel” QSC olub. Hazırda ABŞ tərəfindən həmin təşkilatların qara siyahıya salındığına dair məlumatlar var. (Mənbə)
Sanksiyalaşdırılmış sahələrdən biri enerji proqramlarını nəzərdə tutsa da, Ermənistan-İran yüksək gərginlikli elektrik xəttinin tikintisi həyata keçirilib və bu prosesdə hər iki tərəfin bankları iştirak edib.
ABŞ hökuməti Ermənistan bank sisteminin beynəlxalq bank qanunvericliyinin tələblərini pozmasından xəbərdar olub. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun 2018-ci il oktyabrın 25-də İrəvana səfəri və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündə əslində üstüörtülü də olsa, erməni hakimiyyətinə sanksiyalara riayət etməməsi mesajını verib. Boltonun səfərində ABŞ-ın dövlət və xəzinə nazirliklərinin ekspertləri də təmsil olunub və onlar Ermənistan Mərkəzi Bankının sədr müavini, eləcə də özəl banklar, Ermənistandakı Amerika Ticarət Palatasının üzvləri ilə görüşüblər. Söhbət zamanı Ermənistan-İran mövzusu “əhəmiyyətli bir məsələ” kimi diqqətdə olub. (Mənbə)
Göründüyü kimi Ermənistanın İranın gizli pul əməliyyatlarında iştirakına dair məlumatlar kifayət qədərdir. Əlbəttə, kiçik bir ölkə olan Ermənistan sanksiyalar dövründə gizli sövdələşmələrin əsas mərkəzlərindən biri olub, bununla yanaşı, “The Wall Street Journal”ın qeyd etdiyi böyükhəcmli pulların mübadiləsində, milyardlarla dollar dəyərində ticarət əməliyyatlarının aparılmasında o qədər də geniş meydan hesab edilə bilməz. Bu prosesdə sözsüz ki, İranın yaratdığı gizli bank və maliyyə sistemində digər böyük ölkələr də yer alıb.
İranda bir neçə beynəlxalq statuslu bank vardır ki, onların illik əməliyyatları milyardlarla dollar təşkil edir. İranın bank fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı sanksiyalara baxmayaraq, bu ölkədə bir çox Avropa bankının milyardlarla dollarlıq ticarət müqavilələri imzaladığına dair məlumatlar da kifayət qədərdir. Onların sırasında “Deutsche Bank”, “Standard Chartered”, “BNP Paribas”, “Banco Santander”, “Société Générale”, “ING Bank”, “HSBC Holdings” və digərlərinin qismən də olsa müxtəlif müqavilələr üzrə əməliyyatları davam edib. Həmin banklar əslində bunu İrandakı çoxminli müştərilər üçün yaratdqıları biznes imkanlarını itirməmək və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirməmək problemi ilə izah edirlər. Təbii ki, onlar ABŞ-ın sanksiyalarına görə, beynəlxalq maliyyə sistemindən (SWIFT) çıxıb, ancaq müxtəlif törəmə şirkətlər vasitəsilə müqavilələri yerinə yetririb. (internationalwealth)
Heç kimə sirr deyil ki, İrandakı islam hökuməti ilə Fransanın çox yaxın strateji münasibətləri var. Fransa Avropa Birliyində İranın əsas siyasi-iqtisadi dayaqlarından biri olub. Tehran və digər iri şəhərlərdə ən çox ticarət nümayəndəlikləri, biznes şəbəkələri, bank filialları da Fransaya məxsusdur. Fransa İranın ən böyük ticarət tərəfdaşı olub, illik əmtəə dövriyyəsi 28 milyard avro təşkil edib, ancaq sanksiyalardan sonra bu rəqəm 3 dəfədən çox azalıb, ancaq bununla belə illik 8 milyard avroluq dövriyyə qalmaqdadır.
İranın maşınqayırma və avtomobil sənayesinin böyük bir hissəsi fransız şirkətlərinə məxsusdur. “Peugeot” və “Renault” zavodlarının əsas səhmdarları fransızlardır. İranın təyyarə parkının 90 faizi Fransanın airbuslarına məxsusdur. Həmin təyyarələrin böyük bir hissəsi Parisdə yerləşən “BNP Paribas”ın kreditləri ilə cəlb olunub. Ümumiyyətlə, İranın maliyyə sistemində Fransanın “BNP Paribas” və “Societe Generale” bankları hökmran mövqeyə malikdir. Bunun nəticəsidir ki, sanksiyalar dövründə, “BNP Paribas”ın İranla maliyyə bağlantılarını təmin edib, lakin 2014-cü ildə maliyyə sanksiyalarını pozduğuna görə 9 milyard dollar cərimə olunduqdan sonra rabitə dondurulub. Ancaq bununla yanaşı, tərəflər əvvəlki münasibətlərə xələl gətirən addımlar atmayıb. İranın keçmiş prezidenti Həsən Ruhani və bir sıra nazirlər və biznes liderlərinin 2016-cı ilin yanvarında Fransaya səfəri də çox isti qarşılanıb, səfər çərçivəsində hər iki ölkənin böyük biznes icmasının iştirakı ilə Biznes-Forum keçirilib, iqtisadi əməkdaşlıq müzakirə olunub. İranın sənaye naziri Məhəmməd Rza Nemətzadə Forumda deyib ki, Fransa banklarının və şirkətlərinin İranla iş aparmasına mane olan heç bir maneə yoxdur. (france24)
Rəsmi Tehran Fransa banklarını sanksiyalardan əvvəlki qaydada xarici sərmayələri cəlb etməyə çağırıb və bu səylərin müsbət nəticəsi olub, sanksiyaların bir qismi götürülüb. Fransa və İran Mərkəzi bankları arasında əməkdaşlıq rəsmi şəkildə bərpa olunub. Fransanın ən böyük ixrac-kredit sığorta təşkilatı olan “Coface” İran hökuməti ilə sığorta əməliyyatları üzrə müqavilə imzalayıb. (reuters)
Maraqlıdır, deyilmi?
Tehran hökuməti sanksiyalar dövründə gizli neft satışı üzrə də böyük təcrübə toplayıb. İranın vitse-prezident İsaq Cahangiri bir neçə il əvvəl bildirmişdi ki, Amerikanın təzyiqlərinə və sanksiyalarına baxmayaraq, biz neftimizi başqa yollarla satmağa davam edirik. (Mənbə)
Neftlə dolu tankerlərin izlənməsini məhdudlaşdıran xüsusi radioötürücülərin köməti ilə 10-dan çox neft dolu tanker Fars körfəzində gizli alıcılara daşınıb. Əsas alıcılar olan Avropa ölkələri və Cənubi Koreya İran neftinin alışını bütünlüklə dayandırsa da, Çin saknksiyalara qoşulmadığından yanacaq idxalını davam etdirib. Ancaq bu, gizli yolla deyil, normal bazar əməliyyatları yolu ilə həyata keçirilib. Çin öz gəmilərini İranın tankerlərinə dəyişməklə gerçəkləşdirib. Həmçinin, İran neftinin gizli alıcıları sırasında Hindistan da əsas rol oynayıb, ABŞ-ın tanıdığı güzəşt hüququndan istifadə edən Dehli gizli yollarla İrandan neft idxalını qat-qat artırıb.
Rusiya isə sanksiyaların heç bir maddəsinə qoşulmayaraq İran neftinin dünya bazarına daşınmasında özü təminatçı qismində çıxış edib. İran və Rusiya nefti tərkibinə görə oxşar və eyni keyfiyyətdə olduğuna görə, ruslar yanacağı öz nefti kimi Avropanın emal zavodlarına satıb. Məhz bunun nəticəsidir ki, 2017-2018-ci illərdə Rusiyadan Avropaya neft satışı xeyli artmışdı. Sövdələşmələrə gəlincə, neftin dəyərinin ödənməsi üçün müxtəlif variantlardan istifadə olunub, ərzaq və texnoloji avadanlıqlar, qızıl və s. mallarla əvəzləşmələr həyata keçirilib. (Mənbə)
Beləliklə, İran banklarının “SWIFT” sistemindən ayrılmasına baxmayaraq, nefti istehlak edən ölkələrlə ticarət dövriyyəsini saxlaya bilib və müxtəlif sxem və mexanizmlər tapmaqla törəmə banklar və xarici kontragentlər tərəfindən ölkəyə pul köçürmələri təmin edib. Pul dövriyyəsinin sxemi Ermənistan-Rusiya, Yaxın Şərq və Cənub-Şərqi Asiyadakı bank filialları üzrə qurulub. İran banklarının Rusiyadakı “MirBusinessBank”, Tacikistandakı “Tejarate Iran” və ya Belarusdakı “TK Bank” nümayəndəlikləri vasitəsilə rubl, dollar və ya avronun İrana köçürülməsi SWIFT sistemindən istifadə etmədən həyata keçirilir. Köçürmələrdə “Hawala” sistemi daha etibarlı hesab olunur. İranda bu xidmət İran rialını sərbəst məzənnə ilə dəyişdirən demək olar ki, bütün “Sarafi” valyutadəyişmə məntəqələrində mövcuddur.
Həmçinin, İranda “VISA” və “Master Card” istifadə üçün ciddi qadağalar qoyulmayıb, ölkənin bir çox satış məntəqələrində, əsasən xalça satışı, turizm mərkəzlərində və bəzi otellərdə həmin bank kartlarından istifadə etmək mümkündür. “VISA” və “MasterCard” üzrə ödəniş terminalları isə Dubaydakı banklara məxsus olduğundan BƏƏ-də yerləşən şirkətlərin hesablarına köçürmələrlə bank xidmətləri aparılır. (Mənbə)
İranın mövcud “təcrübəsi” onu deməyə əsas verir ki, ABŞ-ın və Qərbin sanksiyalarına baxmayaraq, müxtəlif gizli maliyyə kanalları ilə xarici kommersiya bankları, ölkədən kənarda qeydiyyatdan keçmiş vasitəçi şirkətlər vasitəsilə “koordinasiyalı” pul əməliyyatları aparmaq mümkündür. Bu baxımdan Rusiyaya qarşı sanksiyaların müqabilində qeyri-leqal sövdələşmələrin Moskva üçün də məhdud olmadığı təsəvvürü yaradır.