Son günlər mediada ABŞ-da 20 il polis işləyən azərbaycanlı Şəhla Abbaslı ilə müsahibə böyük maraqla qarşılanıb. Müsahibə  mediada, habelə sosial mediada böyük rezonans doğurmuş və dəfələrlə paylaşılmışdır.

Faktyoxla Lab. ABŞ-da polis işlədiyi iddia edilən xanımla bağlı bəzi məlumatları dəqiqləşdirməyə çalışıb. Doğrudanmı azərbaycanlı xanım ABŞ polisində çalışır və bu müddət ərzində niyə media olaraq bizim bundan xəbərimiz olmayıb?

Müsahibədə Şəhla Abbaslının ABŞ-a gedib, polis işləməyə başladığı dövrə qədər olan hissədən belə anlaşılır ki, Volqoqradda polis məktəbinə  təhsil almaq üçün gedib, lakin qəbul etməyiblər. Bildirilib ki, məktəbə daxil olmaq üçün staj olmalıdır. Qaydalara görə 2-3 il işlədikdən sonra, əvvəl kursant, daha sonra müstəntiq olmaq mümkündür. “Həmin ali polis məktəbində general Qabrilov (əslində Qavrilovdur. Milis general-mayoru A.K. Qavrilov 1978-1988-ci illərdə Volqoqrad Ali Milis Məktəbinin rektoru olub-red.) vardı. Onun yanına yollandım, özü ilə söhbət etdim və müstəntiq olmaq istədiyimi dedim. O mənə dedi ki, əgər siz bizim bu məktəbdə işləsəniz, 3 ilə  bura daxil ola bilərsiniz”. Ş. Abbaslı deyir ki, gündüzlər işləyib, axşamlar karateyə(?-red.) gedib. 3 il sonra Ali polis məktəbinə qəbul olunması Azərbaycandan göndərilməli olan sənədlərdə problem olduğu üçün baş tutmayıb. “4 il orada işlədim” deyən xanım müsahib sonra əlavə edib ki, “Qarabağ müharibəsi başladı, qarışıqlıq düşdü. Mən də Azərbaycana qayıtdım. 1 il işlədim, eyni zamanda xalq təsərrüfatı filialının planlaşmasında oxudum. Sonra yenidən Volqoqrada qayıtdım. Orada evləndim, bir oğlum oldu. 3 il də qiyabi orada oxudum”.

Qarabağ müharibəsinin Rusiyadakı qarşıqlığa nə aidiyyatı olduğunu, “xalq təsərrüfatı filialının planlaşması” deyilərkən nəyi nəzərdə tutduğunu və nəhayət 3 il qiyabi oxuduğu “orada”nın hara olduğunu müəyyən etmək çətindir. Jurnalistin israrlı “ABŞ-a necə gedib çıxdınız” sualına nəhayət ki, belə cavab verir:  “Yenidən bir il Azərbaycanda yaşadım və Niderlanda getdim. Orada ingilis dilini oxudum. İki il təhsil aldıqdan sonra ABŞ-a gəldim”. Çox təəssüf ki, burada da Şəhla xanım 2 il harada təhsil aldığını qeyd etmir.

Və müsahibənin bu hissəsindən sonra isə əsl sürprizlərlə rastlaşırıq.

Müsahibədə deyilir:Müxtəlif yerlərə müraciət edərək polis məmuru işləmək istədiyimi dedim. Azərbaycan türk, ingilis, rus və fars dillərini bilirəm, ispancanı 30-35% başa düşürəm. 173 boyda 60 kq çəkidəyəm. Sənədlərim də qaydasında idi. Bura gələndə birbaşa müstəntiq kimi başlamadım. Əvvəl stajor kimi çalışdım. İki il sonra isə nişan aldım. Ondan sonra ABŞ-da polis işləməyə başladım. Artıq 20 ildir Kaliforniya ştatının San-Diyeqo şəhərində işləyirəm

Bizim şərh: Gəlin, əvvəlcə ABŞ-da polis olmaq üçün hansı mərhələlərin keçildiyi ilə tanış olaq. (Mənbə: pixabay.com)

ABŞ-da yalnız bu ölkənin vətəndaşlarına polis olmaq şansı verilir. Amerika polisində xidmətə düşmək üçün ciddi şəkildə hazırlıqlı olmaq, sözün əsl mənasında çox əziyət çəkmək lazımdır. Çünki burada işə qəbul üçün rəqabət hədsiz böyük və ağır şərtlərlə doludur. Qəbul üçün tələblər:

Namizədin 

  1. ABŞ vətəndaşı olması əsas şərtdir
  2. 21-35 yaşlılar qəbul olunur
  3. Orta məktəbi bitirmək haqda sənəd təqdim etməli (ABŞ məktəbləri nəzərdə tutulur)
  4. Orduda 2 illik xidmət çəkməli və ya kollecdə yüksək nəticəli təhsi sənədi təqdim etməlidir
  5. Qəbul üçün məktəb predmetləri, hüquq və psixologiyadan imtahan verməsi.
  6. Fiziki hazırlıq və sağlamlıqla bağlı tibbi komissiyadan keçməsi lazımdır.

Bundan sonra Polis Akademiyasında 6-12 aylıq təhsil mütləq şərtdir. Təhsil müddətində gələcək polis işçiləri bu peşənin peşəkarlarından işin xırdalıqlarını öyrənir, qanun və qaydaları oxuyub, mənimsəyirlər. 6 ay işlədikdən sonra “zabit” rütbəsi almaq mümkündür. Bu işin öhdəsindən gələnlərə polis nişanı, forma və vəsiqə verilir. Bununla da ABŞ-da polis işçisinin ilk iş yeri “küçədə patrul xidməti” çəkmək mərhələsi başlayır.  

Müsahibədə sual edilir:

- Polis kimi hansısa bir rütbəniz varmı?

- Burada polisdə rütbələr yoxdur. Sadəcə, nişanlar verirlər ki, neçə ilin stajı var. Burada əvvəlcə ilk yardımı, sonra adamları necə tutmaq lazımdır, qolu burmaq və s. öyrədirlər.

Bu məqamı araşdırmağa çalışaq.

Qeyd etdik ki, kursant Polis Akademiyasında təhsil aldıqdan sonra ona “Polis zabiti” rütbəsi verilir. Bu rütbədə 3 il xidmət edən, karyera pilləkənləri ilə addımlamaq istəyənlər çox ağır və zəhmət tələb edən imtahanları keçdikdən sonra “dedektiv” rütbəsi ala bilər. “Leytenant” rütbəsi üçün isə azı 3 il “dedektiv” kimi xidmət çəkmək, sonra müəyyən müddətlik ali təhsil almaq və yenidən testdən keçmək lazımdır. Leytenantdan sonra kapitan, inspektor, şef, polis şefi, komissar köməkçisi və komissar vəzifələri var.

Qeyd edək ki, ABŞ-da polis rütbəsi nadir hallarda xidmət etdiyi illərə görə verilir. Elələri var ki, pensiyaya zabit rütbəsində, yəni ən aşağı rütbədə çıxırlar. Ümumiyyətlə isə ABŞ-da vahid polis idarəsi yoxdur. Hər ştatda, böyük şəhərdə, habelə yaşayış məskənində özlərinin polis idarələri olur və başqa heç bir rəsmi quruma tabe olmurlar. 

ABŞ-da polis vəzifələrinə gəldikdə isə bunlar mövcuddur:

  1. Şerif- Müəyyən ərazi, rayon və qəsəbəyə məsuldur.
  2. Federal polis – dövlət miqyaslı araşdırmalarla məşğuldur.
  3. Ştat polisi- Adətən xırda qanun pozuntularını araşdırır.
  4. Şəhər polisi- Yalnız şəhər ətrafı ərazilərdə xidmət çəkirlər
  5. Əxlaq polisi- əxlaq və mənəviyyatla bağlı, misal üçün, əxlaqsızlıq, azartlı oyunlar, narkotik və əyyaşlığa qarşı işlər aparırlar. 
  6. “Drujinniklər”- Əsasən könüllülərdir. Onların silahı, vəsiqəsi, forması və maşını olmur. Bu vəzifə sahibləri yalnız polisə xırda cinayət törətmiş şəxsləri tutmaqda yardımçı olur, cinayətin üstünün açılmasında kömək edirlər. Bu işdə uğuru olanların polisdə işə qəbul şansı yaranır.

Xüsusi olaraq qeyd edək ki, rütbə sistemi ştatlar arasında fərqlidir. Misal üçün, Nyu-York Polis departamentində sıralama belədir: zabit/dedektiv, serjant, leytenant, kapitan, inspektor, (1,2,3) ulduzlu şef, polis şefi, komissar köməkçisi, komissar. Bəzi ştatlarda aralıq rütbələr də mövcud olur və bu rütbələr tam fərqli səslənə bilər.

Göründüyü kimi, Şəhla Abbaslının əvvəl stajor, daha sonra nişan alması polisdə çalışması anlamına gəlmir. Amerikada polis sistemində "stajor" rütbə və vəzifəsi yoxdur. 

Müsahibədə diqqət çəkən ikinci məqam bu xanımın təqdim etdiyi fotolar və fotolarda əks olunan polis mundiridir.

Fotoda Şəhla xanımın əynində olan uniformanın şevronunda “Allied Universal Privat Security” yazılıb. Bu isə polis uniformasına xas deyil. Belə ki, Amerika polisində uniforma ilə bağlı xüsusi qaydalar var. Uniformalar 3 növə bölünür.

A Class – 2 qabarıq döşüstü cibləri olan, (sol döş cibin üstündə nişan-jeton ( rütbə və fərdi nömrə yazılır), sağ döşün üstündə isə anodlaşmış lövhədə soyad yazılır), üzərində, misal üçün, "Los Angeles Police" yazılmış gümüşü rəngli oksidləşmiş düymələr olan uzunqol köynək, tutqaclı qara qalstuk, şalvar və kəmər, silah və digər ləvazimatlar taxılmış polis kəməri, qara və ya tünd göy rəngli corablar, qara çəkmələr və ya yarımbotlar, baş geyimi. 

 
.
B Class – qalstuksuz, açıqyaxalı uzunqol köynək, köynək altındda ağ futbolka, uniforma şalvarı, qara çəkmə və furajka



C Class – qalstuksuz qısaqol köynək, altdan ağ futbolka, uniforma şalvarı, qara çəkmə və furajka.


Müsahibədə Şəhla Ababslının polis geyimi haqda dediyi bu fikirlər isə doğrudan təəccüblü və qəribədir: “Hər xidmət növündə fərqli formalar var. Məsələn, inspektor kostyumumu hazırda istifadə etmirəm. Amma saxlamışam ki, lazım olar. Biz qalstuk da taxırıq, çünki vəkillərlə işləyirik”.

Bu fikirlər ən azından polis işində olmayan insana məxsus ola bilər. Az əvvəl təqdim etdiyimiz izahatda da qeyd olundu ki, polis qalstukdan “vəkillərlə görüşdüyü” üçün deyil, sadəcə “A class” uniformanın şərtlərinə uyğun istifadə edir.  

Şəhla Abbaslının formasında xüsusi diqqət çəkən məqam sol qola vurulan şevrondur (qola vurulan məlumat birkası). Amerika polis uniformasının şevronunda hansısa şirkətin, birliyin, özəl qurumun adı yazıla bilməz. Şevronda mütləq və mütləq həmin şəxsin hansı polis idarəsini təmsil etdiyi əks olunur:

Roçester Polis Departamenti

Detroyt Polis Departamenti

Nyu-York Polis Departamenti

Foster City Polis Departamenti

Şəhla Abbaslı müsahibədə bildirib ki, artıq 20 ildir Kaliforniya ştatının San-Diyeqo şəhərində işləyir. Bu məqsədlə Kaliforniya Polis Departamentinin bütün idarələrini axtarsaq da Şəhla Abbaslı adlı əməkdaş tapmadıq. San-Diego PolisiSan Diego Polis Departamenti və San Diego Şerifi

Maraqlananlar hətta "Shakhla Abbasli" yazıb axtarışa verə bilərlər. 

Bəs, Şəhla xanımın uniformasında qeyd olunan “Allied Universal Privat Security” nədir? 

Allied Universal” obyektlərə təhlükəsizlik xidməti göstərən şirkətidir. 1957-ci ildə yaradılıb. 90-dan çox ölkədə fəaliyyət göstərir və 800.000 işçisi var. Şirkət, Şimali Amerikada Allied Universal, beynəlxalq arenada isə G4S brendi altında fəaliyyət göstərir.

Adı şevronda qeyd olunan şirkətin San-Diego nümayəndəliyində axtarış versək də eyni nəticəni aldıq. Bunu, şirkətin daxili təhlükəsizlik qaydaları və ya Amerika qanunları ilə bağlılığını əsas götürüb axtarışı dayandırdıq.  

Tək geyim və polisə qəbul şərtləri deyil, müsahibə boyu soydaşımızın işlətdiyi ifadələr, səsləndirdiyi irqçi fikirlər də onun hüquq mühafizə orqanlarında işləməyinə şübhə yaradır. Şəhla Abbaslının qaradərililər və bomjlar haqda işlətdiyi ifadələr isə sözün əsl mənasında təəccüb doğurur.

Burada kriminallar bomjlar və s. onların çoxunun psixi problemləri var” və yaxud “Oğluma yolda bomjları göstərib deyirəm ki, hamısı narkotikdən olub” və s. fikirlər bu qəbildəndir.

Şəhla Abbaslının fikirlərindəki irqi ayrıseçkilik yağan düşüncələr onun gələcək karyerası üçün ciddi problemlər yarada bilər. Polis işçisinin (əgər dediyi doğrudursa-red.) bu fikirləri səsləndirməsi faktiki mümkün deyil.

Diqqət edək:

- Burada kriminalların çoxu qaradərililər olur. Bəziləri isə var ki, qaradərili olduqları üçün hətta utanırlar. Qaradərililərə sonradan azadlıq verilib. Onların arasında təhsillilər də azdır. Burada qaradərililər ağları sevmirlər, çünki ağlar daha çox təhsillidir, yüksək vəzifələrdə işləyirlər. Bu vaxta qədər 50-60 müxtəlif ərazidə - həbsxanada, insanlara yardım olunan yerlərdə, hərbi gəmi zonalarında və s. işləmişəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, sanki qaradərililər hər kəsə küskündürlər və ağları cəzalandırmaq istəyirlər.

ABŞ-dakı qaradərililərin hardasa 35%-i oxuyub. Bu gün ABŞ-da çöldə yaşayanların çoxsusu qaralardır.

Məsələn, bir dəfə zalda bir qaradərili və ağdərili qadın oturmuşdular. Hərəsinin də yanında övladı vardı. Qaradərili qadının uşağı qaçır, digərini vurur, səs-küy salırdı. Mən xanıma irad bildirəndə, o dəqiqə etiraz etdi ki, qarayam deyə belə deyirsiniz.

Ş. Abbaslının digər fikirləri də onun polis sistemi ilə əlaqəsinin olmadığına işarədir. Lakin biz bu yerdə dayanırıq.

Biz, bu araşdırmanı təqdim edərkən soydaşımızın yalanını üzə çıxarmaq, onu rüsvay etmək, özümüzü göstərmək və s. fikirlərindən tam uzaq olmuşuq. Sadəcə ABŞ polis sistemində soydaşımızın xidmət etməsi bizim üçün xoş təsadüf oldu və hamı kimi biz də sevindik. Sadəcə müsahibədəki bəzi uyğunsuzluqlar bu araşdırmanın aparılmasına rəvac verdi. Nəticə göz önündədir. Jurnalist faktları dəqiqləşdirmədən sensasiya arxasınca qaçıb, həmsöhbəti isə XXI əsrdə-qlobal, şəbəkələşən dünyada yaşadığını unudub. Təəssüf edirik.