Məlum olduğu kimi 2022-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə edilərək parlamentin plenar iclasına çıxarılması qərara alınıb. Maliyyə Nazirliyi tərəfindən büdcəyə dəyişikliklərin bütün parametrləri açıqlandıqdan sonra büdcə zərfində nəzərdə tutulan dəyişikliklərin, daha doğrusu gəlir və xərclərin yeni bölgüsü də dəqiqləşib.
ADR hərəkatının rəhbəri Qubad İbadoğlu büdcədə gəlir və xərc maddələri üzrə artımlarla bağlı status yazıb, büdcədən ayrılan əlavə xərclərin əsas hissəsinin müdafiə və investisiya sahələri olduğunu qeyd edib.
O iddia edir ki: Büdcədən xərcləri artırılan istiqamətlərdən biri investisiya xərcləridir, hərbi sahəyə ayrılmış vəsaitlərin artırılması doğru deyil, dürüstləşdirilmiş büdcədən pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmayıb
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
Birincisi, Q.İbadoğlunun iddia etdiyi kimi büdcədən xərcləri artırılan əsas sahələr investisiya yönümlü deyil. Ümumiyyətlə, belə bir təsəvvürdə olmaq iqtisadçı üçün eyibdir. Artırılan büdcənin əsas xərc yükü birbaşa işğaldan azad edilmiş ərazilərdə bərpa və infrasturkturların yaradılmasını nəzərdə tutur. Büdcə bəyanatında da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturlarının təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi 1 milyard 447,0 milyon manat vəsait ayrılacaq. Bu, xərc paketinin təxminən 50 faizi deməkdir.
Qarabağa və Şərqi-Zəngəzurda aparılan fasiləsiz quruculuğun daha da sürətləndirilməsi, Böyük Qayıdışın daha sürətlə və tez başa çatdırılması, 1 milyona yaxın insanın 30 il həsrətlə gözlədiyi doğma evinə geri qayıtması üçün dövlətin bütün gücünü səfərbər etməsi nə vaxtdan investisiya xərcləri hesab olunur?
İnvestisiya xərcləri odur ki, dövlət hansısa sahəyə pul qoyub gəlirlər qazanmaq istəyir, böyük biznes planları həyata keçirir. İşğal müddətində talan edilən kənd, qəsəbə və şəhərlərimizin yenidən qurulması, yolların və körpülərin çəkilməsi, işıq, qaz, su və digər zəruri infrastrukturların yaradılması, məktəb, xəstəxana və digər sosial obyektlərin inşa edilməsi, ərazilərin minalardan təmizlənməsi, bir sözlə, sıfırdan başlanmış həyatı vacib işlərin sürətlə, fasiləsiz və daha tez başa çatdırılmasını investisiya layihəsi hesab etmək iqtisadçı üçün ciddi xətadır.
Maraqlıdır ki, iki gün öncə Qubad İbadoğlu facebook səhifəsində 20 iyun beynəlxalq qaçqınlar günü ilə bağlı status paylaşıb. Orada qeyd edilir ki, "müharibənin bitməsindən 1 il 8 ay ötsə də hələ ki 1 nəfər məcburi köçkün yurduna qayidıb, məskunlaşmayıb". Bu, öz-özünü təkzib deyil? Gah Qarabağın yenidənqurulması üçün ayrılan vəsaitə qarşı çıxır, gah da işğaldan azad olunmuş torpaqlara sakinlərin hələ də köçürülməməsindən narahatdır.
İkincisi, işğaldan azad edilmiş ərazilərə büdcə dürüstləşməsindən əvvəl, yəni dekabr ayında təsdiq olunmuş 2022-ci ilin büdcə zərfində 2,2 milyard manat ayrılmışdı ki, bu da 2021-ci ilin büdcə xərci ilə eyni məbləğdir. Yəni, indiki dəyişikliyə qədər azad edilmiş ərazilərə büdcədən ayrılan pulun məbləği eyni xərc təşkil etmiş, artırılmamışdı. Halbuki bu müddətdə büdcədən bütün sahələr üzrə xərclər artırlıb. Dövlət 6 ay əvvəl büdcəni artırarkən bütün diqqəti sosial sahəyə yönəltdi. Məhz indi maliyyə imkanları artdığından bu sahəyə də əlavə vəsaitlər ayırır.
Üçüncüsü, işğaldan azad edilmiş ərazilərə dəymiş zərərin həcmi 400 milyard manatdan da artıqdır, qiymətləndirmələrə görə, həmin ərazilərdə aparılan işlər üçün hər il 10 milyarddan da çox pul lazımdır. Ancaq hökumət yenə də tarazlı və sosialyönümlü büdcə siyasəti yürüdür, xərclərin 48 faizə yaxınını, yəni 14-15 milyard manatı sosial sahəyə yönəldir. İndiki halda Qarabağın bərpası üçün xərclər 2 milyard 670 milyon manata çatdırılsa da, yenə də azlıq təşkil edir. Belə olan halda Q.İbadoğlunun azad edilmiş ərazilərə ayrılmış vəsaitlərin artırılmasını qısqanclıqla qarşılaması başadüşülən deyil.
Q.İbadoğlunun hərbi sahəyə ayrılmış vəsaitlərin artırılması haqda narazılığına da aydınlıq gətirək. O, büdcədə hərbi xərclərin 594,8 milyon manat artırılaraq 5 milyard 84 milyon 760 min manat səviyyəsinə çatdırılmasını qəbuledilməz sayır.
Hamıya aydındır ki, Vətən müharibəsindən sonra yaranmış reallıqlar büdcə siyasətinə də yeni baxış formalaşdırıb, dövlət büdcəsi post-müharibə dövrünün çağırışlarına uyğunlaşdırılıb. 30 ildir ki, nəzarətsiz qalmış həm Ermənistan, həm də İranla dövlət sərhəd xətlərinin bərpa edilməsi və qorunması, təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər təhlükəsizlik orqanları üçün hərbi hissələrin və ən zəruri imkanların yaradılması, işğlaçı Ermənistan üzərində rəşadətli qələbə qazanmış güclü Ordunun müasirləşdirilməsi, yeni silah-sursatların alınması, həmçinin regionda baş verən geosiyasi proseslər dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsini və müdafiə xərclərinin davamlı artırılmasını tələb edir. Bu baxımdan Ordumuzun müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi öz aktuallığını qoruduğundan hərbi xərclərin artırılması tam normaldır.
Nəhayət, Qubad İbadoğlunun dürüstləşdirilmiş büdcədən pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmayıb" fikrinə diqqət yetirək. Sitat: “Aztəminatlıların sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728,598 milyon manat müəyyən edilib ki, bu da təsdiqlənmiş büdcə proqnozu ilə müqayisədə 86 milyon manat və ya 2,4 faiz çoxdur”.
Büdcəöncəsi bəyanatdan və parlamentə təqdim edilmiş büdcə layihəsindən də görmək olar ki, hökumət büdcədə nəzərdə tutulmuş 2,4 milyard manata yaxın maliyyə təminatının 519 milyon manatını sosial müdafiə sahəsinə yönəltməyi qərara alıb ki, bu da 22 faiz deməkdir. (Mənbə)
Onu da unutmaq olmaz ki, ötən ilin dekabr ayında Milli Məclis tərəfindən təsdiq olunan 2022-ci ilin dövlət büdcəsində ən böyük artım məhz sosial sahəni əhatə etdi, büdcənin artan xərclərinin 90 faizə yaxını məhz bu sahəyə yönəldildi. Belə ki, büdcənin sosial xərcləri 13,5 faiz artılaraq 46.4 faizə çatdırılıb ki, bu da 1 milyard 650 milyon manat artım deməkdir. (Mənbə)
Beləliklə, dürüstləşmədən sonra 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin son bir illik artımının ümumi məbləği 2 milyard 150 milyon manatı ötmüş olacaq. Bu isə ümumi büdcə artımlarında birinci yerdə dayanan xərc maddəsi anlamına gəlir.
Nəticə: Qubad İbadoğlunun büdcədə gəlir və xərc maddələri üzrə artımlarla bağlı iddialarıdan:
- - “Büdcədən xərcləri artırılan istiqamətlərdən biri investisiya xərcləridir”-fikri yanlışdır. Artırılan büdcənin əsas xərc yükü birbaşa işğaldan azad edilmiş ərazilərdə bərpa və infrasturkturların yaradılmasını nəzərdə tutur. Qarabağın yenidənqurulmasına ayrılan vəsait investiya layihəsi sayıla bilməz. Dövlət, məhz bu işdə fayda götürmək üçün xərc çəkmir.
- - “Hərbi sahəyə ayrılmış vəsaitlərin artırılması doğru deyil”-fikri manipulyasiya və ictimai fikri yönəltməkdir. Yuxarıda sadalanan məqamlar baxımından Ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi və digər arqumentlərə görə hərbi xərclərin artırılması labüddür.
- - “Dürüstləşdirilmiş büdcədən pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmayıb”-fikri isə tamamilə səhvdir. Belə ki, dövlət büdcəsində sosial xərclərin son bir illik artımının ümumi məbləğini nəzərə alsaq, bu göstəricinin ümumi büdcə artımlarında birinci yerdə dayanan xərc maddəsi olduğunu görmüş olarıq.