Keçmiş müsavatçı Yagidar Sadıqlı “Meydan TV”də İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyni ilə mərcəyi- təqlid olmuş təbrizli nüfuzlu şiə mərcəyi- təqlidi Ayətullah Məhəmmədkazım Şəriətmədari arasında mövcud olmuş soyuq münasibətlərə dair məqalə yazıb. Məqalədə təzadlı fikirlər, yanlış şərhlər və qərəzli yönləndirmə açıq-aşkar sezildiyi üçün bu mövzuya diqqət ayırmalı olduq.
Faktyoxla Lab. həmin məqamları təqdim edir.
Yadigar Sadıqlının iddiasına görə, Ayətullah Seyid Hüseyn Təbatəbayi Borucerdi “Məhəmməd Rza şahla “atəşkəs” rejimində yaşayrdı”, siyasətə qarışmırdı və şagirdi Ruhulla Xomeyniyə də siyasətə qarışmağa qadağa qoymuşdu. Müəllif hətta müəllimi həyatda olduğu müddət ərzində Ruhullah Xomeyninin onun bu qadağasına tabe olaraq siyasətə qarışmadığını çəkinmədən iddia edir.
Əvvəla, Yadigar Sadıqlının bu fikri yanlış və əsassızdır. Bu iddianı əsaslandırmaq üçün şiə fiqhi tarixinə qısa nəzər salmaq lazım gəlir. Belə ki, 20-ci əsrdə şiə dünyasının nüfuzlu din xadimlərindən biri olan Ayətullah Seyid Hüseyn Təbatəbayi Borucerdi həm də 17 il müddətinə Qum Elmi Hövzəsinə rəhbərlik etmişdir. O, ruhanilərin dövlət idarəetməsinə və siyasi arenaya daxil olmasına qarşı idi. Ayətullah Borucerdi bildirirdi ki, din xadimlərinin idarə etdiyi dövlətdə mövcud olan yanlış idarəetmə və neqativ hallar xalqda bu neqativlərin dindən qaynaqlanması fikrini formalaşdıracaq və onların dini inanclarının sarsılması ilə nəticələnəcək. Bu, Ayətullah Borucerdinin şəxsi fikrindən qaynaqlanmırdı. Ayətullah Ruhullah Xomeyninin 1979- cu il inqilabından sonra hakimiyyəti və siyasi idarəetməni tamamilə ələ almaq üçün özünə yaxın din xadimləri ilə formalaşdırdığı “vilayəti- fəqih” nəzəriyyəsinə qədər heç bir şiə fəqihi ruhanilərin dövlət idarəçiliyini ələ almasını və siyasətə qarışmasını dini baxımdan məqbul görməmişdir. Çünki şiə fiqhinə əsasən, İmam Mehdinin qeydə olduğu dövrdə “kərimə dövləti” adlandırılan islam hökuməti qurmaq caiz (icazə verilən- red.) deyildir. Tarixdə də bunun misalları mövcuddur. Məsələn, Səfəvi hökmdarı şah Təhmasib Osmanlı imperatorluğu ilə dini- ideoloji mübarizədə din xadimlərinin köməyinə ehtiyac duyduğundan fəqihlərin təmsil olunduğu siyasi təşkilat qurmağı qərara alır. O, həmin təşkilatı qurmaq və ona rəhbərlik etməyi dövrün nüfuzlu din xadimi, Nəcəfin böyük fəqihlərindən olan Şeyx İbrahim Qüteyfiyə təklif edir. Lakin Şeyx Qüteyfi şiə fiqhinə əsasən İmam Mehdinin qeybdə olduğu dövrdə fəqihin siyasi vəzifə tutmasının qadağan olduğunu əsas gətirərək bu təklifdən imtina edir.
Şiə məzhəbinin tarixində ruhanilərin dövləti idarə etməsini nəzərdə tutan “vilayəti- fəqih” məsələsini ilk ələ alan müctəhidlərdən biri 19-cu əsrdə yaşamış şiə alimi Murtuza Ənsari Şuştəridir. O, “əl-Məkaseb” kitabında şiə fiqhi baxımından fəqihin 3 sahədə- fətva, qəza (insanlar arasında müxtəlif mübahisə və münaqişələrin şəriət qanunları ilə tənzimlənməsi, dini məhkəmə- red.) və siyasətdə mənsəbə sahib olub- olmamağını incələyib. Murtuza Ənsari ilk iki sahədə fəqihin tam fəaliyyət göstərməsinə fiqh qaydaları ilə icazə verildiyini, lakin fəqihin siyasi idarəetmədə və siyasi vəzifə tutmasının yolverilməz olduğu qənaətinə gəlib.
Beləliklə, həm Ayətullah Şəriətmədari, həm də Ayətullah Borucerdi şiə fiqhinə tam riayət etdiyindən onlar siyasi arenada fəaliyyət göstərmir, dövlət vəzifəsi tutmaq və ya dövləti ələ keçirərək dini hakimiyyət qurmağı məqbul görmürdülər. Yadıgar Sadıqlının iddialarının əksinə olaraq hələ Ayətullah Borucerdi sağ olarkən Ruhullah Xomeyni onun siyasi baxışlarını bəyənməmiş, “İran Xalq Fədai Partizanları Təşkilatı”nın üzvlərinin şah hökuməti tərəfindən edam edilməsi ətrafında yaranmış fikir ayrılıqlarına görə Xomeyninin Borucerdidən tamamilə uzaqlaşması ilə nəticələnmişdi. Qarşılıqlı olaraq Borucerdi də Xomeyninin sözügedən təşkilatın üzvlərini dəstəkləməsindən məmnun qalmamışdı.
Yadigar Sadıqlının Borucerdi və Şəriətmədarini “qatı mühafizəkar olmayan və müəyyən mütərəqqi görüşlərə malik” din xadimləri kimi təqdim etməsinin səbəbi onun tarixən şiə fiqhində dini dövlət quruluşu ilə bağlı mövcud olmuş şəriət qaydaları və “vilayəti- fəqih” nəzəriyyəsi barədə məlumatsız olmasından qaynaqlanır. Əksinə, Ayətullah Borucerdi və Şəriətmədari mühafizəkar din xadimləri olmuş, Xomeyni ilə fikir ayrılıqları da sonuncunun şiə fiqhinin qaydalarına zidd olaraq fəqihin hakimiyyəti ələ alıb idarə etməsinə nail olmağa çalışması səbəbindən yaranmışdır.
Yadigar Sadıqlının digər iddiası belədir: “Borucerdi kimi Şərətmədari də qatı mühafizəkar deyildi və müəyyən mütərəqqi görüşlərə malik idi. Hərçənd, o, ustadı qədər siyasi məsələlərə susqun deyildi. Məsələn, 1962-ci ilin oktyabrında hökumət yerli seçkilər haqqında yeni qanun qəbul edəndə Şəriətmədari “İran şahının “Ağ inqilab”ı adlı məqaləmdə göstərdiyim səbəblərdən buna etiraz etmişdi.”
Yadigar Sadıqlı bu məsələdə də yanlışa yol verir. Əksinə, şahin “Ağ inqilabı”na qarşı çıxan Ayətullah Borucerdi və Ayətullah Şəriətmədari olub. Məhz Ayətullah Borucerdinin islahatlar nəticəsində əldə edilmiş torpağı “haram” və “nəcis” elan edəcəyi barədə şaha xəbərdarlıq etməsindən sonra sonuncu Ayətullah Borucerdinin ölümünə qədər bu layihəni reallaşdıra bilməmişdi (Mənbə) . Məhz Ayətullah Şəriətmədarinin şiə fiqhinə tam riayət edərək siyasi proseslərə müdaxilə etməməsi səbəbindən İranın hazırki teokratik quruluşu və onun tərəfdarları Ayətullahı, hətta şahla “gizli razılaşmada” belə ittiham etməkdən çəkinmirlər. (Mənbə)
Yadigar Sadıqlının məqaləsində bundan başqa da müxtəlif təhrif olunmuş fikirlər və məlumatsızlıqdan qaynaqlanan əsassız iddialar mövcuddur. Lakin onun məqaləni məntiqi sonluqla, yəni Ayətullah Xomeyni ilə Ayətullah Şəriətmədarinin münasibətlərinin ən pik nöqtəyə çatdığı, Xomeyninin sonuncunu mərcəyi- təqlid dini titulundan və ruhanilikdən məhrum edərək ev dustağına çevirməsi və öldükdən sonra vəsiyyətinə məhəl qoymadan layiq olmadığı formada dəfn etdirməsinin səbəblərini qeyd etmədən bitirməsi Sadıqlının qərəzindən xəbər verir.
Belə ki, iki Ayətullah arasında ziddiyyətlər İranda 1979-cu ildə baş verən inqilabdan sonra yeni qəbul ediləcək Konstitusiyaya “vilayəti- fəqih”lə bağlı maddənin əlavə edilməsi, yəni dini rejim qurulması və din xadiminin hakimiyyəti ələ alaraq dövləti idarə etməsi ətrafında başlandı. Ayətullah Şəriətmədari Ruhullah Xomeyninin hakimiyyəti ələ almaq üçün şiə fiqhinin din aliminin dövləti idarəetmə ilə bağlı yuxarıda qeyd etdiyimiz qadağasına əməl etmədən “vilayəti- fəqih” nəzəriyyəsi ilə özünü İmam Mehdinin nümayəndəsi elan edərək siyasi hakimiyyətə sahiblənməsinə qarşı çıxırdı. Bu yolda Ayətullah Şəriətmədari tək deyildi, Xomeyninin bu addımına qarşı əksər şiə mərcəyi- təqlidləri mövqe bildirmişlər. Hazırda da şiə dünyasının nüfuzlu alimləri, eləcə də Nəcəf məktəbinin nümayəndəsi Ayətullah Seyid Əli Sistani və digər onun kimi saysız- hesabsız şiə alimlərinin İran İslam Respublikasına qarşı birmanalı mövqeyinin olmaması bununla əlaqədardır. Şəriətmədari də bu nəzəriyyənin şiə fiqhi ilə ziddiyyət təşkil etdiyi qənaətində idi, çünki İmam Mehdinin zühuruna qədər “kərimə dövləti” adlanacaq dini dövlət qurmağa şiə fiqhi icazə verməmişdi. Bu fikirlər Ruhullah Xomeyni və onunla eyni sırada dayanan və hakimiyyəti ələ keçirməyə çalışan ruhanilər tərəfindən birmənalı qarşılanmamış, Şəriətmədariyə qarşı təqiblər bundan sonra başlamışdır.
Müəllifə tövsiyəmiz budur ki, belə dərin mövzular haqda yazmazdan əvvəl yalnız bir neçə qəzet və saytdan götürülən məqalə və xəbərlərlə kifayətlənməyib, daha çox mütaliə etsin. Ən azından 1979- cu il inqilabından sonra İranda dini dövlətin qurulmasını dəstəkləyənlərdən və “vilayəti- fəqih” nəzəriyyəsinin banilərindən biri, “vilayəti- fəqih” prinsipinin İranın Konstitusiyasına salınmasında mühüm rol oynamış və bu ölkənin ilk ali rəhbəri Ayətullah Xomeyninin müavini olmuş Ayətullah Hüseynəli Müntəzirinin sonradan bu nəzəriyyədən üz döndərməsi, İranın siyasi quruluşunun mahiyyəti ilə bağlı bildirdiyi fikirləri oxuması da bu istiqamətdə faydalı ola bilər. Bu istiqamətdə əsas qeyd edilməli mənbələrdən biri də tanınmış iranlı müctəhid, islamşünas, yazıçı və filosof Möhsün Kədivərin “İslam adına nə istəyirlər, edirlər” adlı kitabın oxumaq məsləhət görülür. Burada Xomeyninin dəstəkçilərindən biri, mərcəyi- təqlid və Şirazın imam-cüməsi olmuş Şeyx Bəhaəddin Məhəllatinin İran İslam Respublikası və onun rəhbərliyinin islam prinsiplərinə əməl etmək yolunu tərk etdiklərinə dair Xomeyniyə yazdığı tənqidi məktublarda diqqət edilməli olan çox mövzular var.
Və nəhayət məqalənin əvvəlində qeyd etdiyimiz məqama qayıdaq. Biz, Yadigar Sadıqlıya bir çox mənbələri göstərir və ona bilik və məlumatlarını artırmağı məsləhət görürük. Lakin Yadigar Sadıqlı öz ampluasındadır. O, tövsiyələri tamam yanlış dərk edərək, ziyalıya yaraşmayan addım atıb. Belə ki, onun Meydan TV-nin internet səhifəsində yayımlanan “Ayətulla Şəriətmədari monarxiya zamanı” məqaləsi oğurluqdur. O, yazıda istifadə etdiyi əksər fikirləri "Azadlıq radiosu"nun farsdilli şöbəsi olan "Radio Farda"nın 2019- cu ildə Ayətullah Şəriətmədarinin oğlu Həsən Şəriətmədaridən aldığı müsahibədən götürüb.
Daha doğrusu, müsahibənin bəzi yerlərini texniki tərcümə edərək müəllif yazısı kimi Meydan Tv-yə təqdim edib və onlar da mövzudan kənar olduqları üçün bu məqama diqqət yetirmədən dərc ediblər. Başqa birinin fikirlərini özünkiləşdirib məqalə adı ilə təqdim etmək, bu yolla oxucuları aldatmaq yaxşı hal deyil. Ola bilsin, Yadigar Sadıqlı bunu xüsusi istedad hesab edir. Amma bunun bir adı var: plagiatlıq, yəni mədəni oğurluq.
Beləliklə, Yadigar Sadıqlının məqaləsində
- ♦ Qeyd edilən dövrdə baş verən hadisələrə səthi, bir çox hallarda isə qərəzli yanaşılıb.
- ♦ Tarixən mövcud olmuş şiə fiqhi, fəqihləri, onların ruhaniyyətin siyasətə qarışıb- qarışa bilməyəcəyinə dair fətvaları və “vilayəti- fəqih” nəzəriyyəsindən məlumatsızlıq açıq-aşkar sezilir.
- ♦ Ruhullah Xomeyninin Şəriətmədari və Borucerdi ilə soyuq münasibətlərini sonuncuların şaha qarşı çıxmamaları ilə əlaqələndirmək saxtakarlıqdır.
- ♦ Din xadimləri arasında olan soyuq münasibətlərlə bağlı yanlış məlumatlar vermək, onların bu formada münasibətlərə sahib olmalarını siyasi baxışlarından qaynaqlanırmış kimi təlqin etmək spekulyasiyadır.
- ♦ Məqalə plagiatdır. İstifadə edilən fikirlərin əksəriyyəti Şəriətmədarinin oğlu Həsən Şəriətmədarinin 2019- cu ildə "Radio Farda"ya verdiyi müsahibədən götürülüb.