Rusiyalı senator, Federasiya Şurasında Həştərxan vilayətini təmsil edən Aleksandr Başkin bildirib ki, Rusiya Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana qaz kəmərinin çəkilməsinə icazə verməyəcək. Başkin deyib ki, Rusiya Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın tələblərinə uyğun olaraq kəmərin çəkilməsinə veto qoymaq hüququna malikdir və həmin sənədə əsaslanaraq belə bir addımın atılması nəzərdə tutulur. Sitat: “Xəzərin statusu haqqında sənədə əsasən, ekoloji təhlükəsizlik sahəsində həssas layihələrin həyata keçirilməsinə razılıq Xəzəryanı beş dövlətin hər biri tərəfindən verilməlidir. Qaz kəmərinin sualtı hissəsi ilə təmsil olunan Xəzər dənizinin ekoloji təhlükəsizliyinə mümkün təhlükə səbəbindən Rusiya onun tikintisinə razılıq verə bilməyəcək”. istinad
Söhbət 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində imzaladığı “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”dan gedir. Həmin sənədə əsasən, Türkmənistanın Xəzərdəki qaz yataqlarından hasil olunan yanacağın Xəzər dənizinin altı ilə çəkilməsi nəzərdə tutulan boru kəməri vasitəsilə Azərbaycana, oradan da Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. mənbə
TransXəzər boru kəməri adlanan bu layihə Xəzər dənizinin Türkmənistan və Azərbaycan aid sualtı hissəsini əhatə edir və Rusiyanın sərhəd xətlərinə toxunmur, eləcə də ekoloji təhlükə yaratmır. Ancaq buna baxmayaraq, rusiyalı senator “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı əsas gətirərək Rusiyanın həmin konvensiyanın tələbləri çərçivəsində TransXəzər boru kəmərinin çəkilşinə icazə verməyəcəyini iddia edir.
Bu açıqlama özü-özlüyündə Rusiyanın Trans-Xəzərə maneələr yaratmaq niyyətinin heç də hüquqi aspektlərlə, Xəzər konvensiyası ilə bağlı olmadığını, əsas etibarilə siyasi maraq və niyyətlərindən qaynaqlandığını ifadə edir. Moskva sadəcə “Xəzərin hüquqi statusuna dair Konvensiya”dan bəhanə və şantaj amili kimi istifadə etməyə çalışır.
Bəs Başkinin istinad mənbəyi kimi söykəndiyi “Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya” sənəddə nə deyilir? Konvensiyada Rusiya Federasiyasının Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini qadağan edən hansısa bir maddə, məhdudlaşdırıcı bənd varmı? Faktyoxla Lab. bu yöndə araşdırma aparıb.
2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri tərəfindən imzalanmış “Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya” sənədi Xəzəryanı ölkələrin resurslarının bölüşdürülməsini müəyyənləşdirir, digər qüvvələrin dənizdə hərbi birlik yaradılmasına maneə imkanlarını təsbit edir. Konvensiya bütün Xəzəryanı dövlətlərin parlamenti tərəfindən ratifikasiya olunub, dövlət başçılarının müvafiq sərəncamları ilə təsdiq edilərək qüvvəyə minib. Azərbaycan Konvensiyanı 2019-cu ildə təsdiq edib. Eyni zamanda, Konvensiya (Maddə 23) Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq Depozitari tərəfindən qeydiyyata alınıb. mənbə
Konvensiyanın 8-ci maddəsində qeyd edilib ki, “Xəzər dənizinin dibinin və təkinin sektorlara bölünməsi, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları nəzərə alınmaqla, yanaşı və qarşı-qarşıya yerləşən dövlətlər arasında razılaşmalar yolu ilə, onların dibin təkindən istifadəsinə və dibin və təkin resurslarının mənimsənilməsi ilə bağlı digər qanunauyğun təsərrüfat-iqtisadi fəaliyyətinə olan suveren hüquqlarının həyata keçirilməsi məqsədilə yerinə yetirilir”. 12-cü maddəyə əsasən, “hər bir tərəf, yəni ölkə öz sektoru hüdudlarında süni adalar, qurğular, tikililər və öz sualtı kabelləri və boru kəmərlərinə münasibətdə yurisdiksiyasını həyata keçirir”. Beləliklə, Türkmənistanın həmin maddəyə əsaslanaraq öz sektoruna aid hissədən istifadə etmək, boru kəməri inşa etmək səlahiyyətləri vardır.
Konvensiyanın 14-cü maddəsində göstərilib ki, tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər. Eyni zamanda, tərəflər Xəzər dənizinin dibi ilə sualtı magistral boru kəmərlərini onların layihələrinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun müvafiq protokolları da daxil olmaqla, tərəfi olduqları beynəlxalq müqavilələrdə müəyyən edilmiş ekoloji tələb və standartlara uyğun olması şərti ilə çəkə bilər. Bu, ikitərəfli enerji əməkdaşlığı üçün hüquqi baza deməkdir. Həmin maddə onu təsbit edir ki, Azərbaycan və Türkmənistan ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və tərəfdar olduqları digər beynəlxalq müqavilələrdə müəyyən edilmiş ekoloji tələb və standartlara əməl etməklə Xəzərin dibi ilə boru çəkmək səlahiyyətinə malikdir. Layihənin texniki-iqtisadi əsaslandırılması da təsdiq edir ki, boru kəmərinin keçdiyi ərazidə ekoloji tələblərə tam riayət edilir. Rusiyalı senatorun isə “ekoloji təhlükəsizlik sahəsində həssas layihələrin həyata keçirilməsinə razılıq Xəzəryanı beş dövlətin hər biri tərəfindən verilməlidir” fikri məntiqsizdir və heç bir hüquqi əsasa söykənmir.
Həmçinin, Konvensiya (Maddə 14) onu da təsbit edir ki, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üçün yolun müəyyən edilməsi, sualtı kabelin və ya boru kəmərinin keçəcəyi dibin sektorunun məxsus olduğu Tərəflə razılaşdırmaqla həyata keçirilir. Xəzərin dibi ilə nəzərdə tutulan yeni kəmərin keşdiyi ərazi, yəni dib sektoru birbaşa Azərbaycan və Türkmənistana aiddir. Rusiyanın ərazisinə aid deyil və boru kəməri başqa sahilyanı ölkələrin iqtisadi və siyasi təhlükəsizliyinə ziyan vurmur. Ona görə də, kəmərin çəkilişi bu 2 ölkənin öz aralarına razılaşdırılmaqla həyata keçirilə bilər. mənbə
Sənədin 16-cı maddəsinə əsasən, Xəzər dənizində Konvensiyaya tərəf olmayan dövlətlərin fiziki və hüquqi şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığı bu Konvensiyanın müddəalarına uyğun olaraq həyata keçirilir. Demək, Türkiyə sazişdə yer alan Xəzəryanı ölkə olmayan Türkiyə, eləcə də Avropa Birliyi təbii resursların kəşfiyyatı və istismarına tamamilə cəlb olunmaq səlahiyyətlərinə malikdir.
Konvensiyaya əsasən, Xəzərə dənizi inzibati-coğrafi ərazi kimi “dəniz” statusuna malikdir və status Beynəlxalq Dəniz Qanunun prinsiplərinə əsaslanır. Həmin Qanun sahilyanı ölkələrin dənizdən necə istifadə etməklə bağlı qaydaları müəyyən edir. Xəzərin təbii resurslarından, ərazi hüququ və ətraf mühit kimi sahələrindən sahilyanı ölkələrlə bərabər, başqa dövlətlər də resurs axtara və hasilat apara bilər. Bu, Türkiyənin birbaşa Türkmənistanda təbii resursların istismarında iştirakına hüquqi təminat verir.
Beləliklə, Senator Aleksandr Başkinin Türkmənistanın Xəzərin dibi ilə Azərbaycana qaz kəmər çəkməsinə Rusiyanın mane olacağı barədə iddiaları:
qeyri-ciddi olmaqla yanaşı reallıqdan uzaqdır, siyasi, iqtisadi və hüquqi baxımdan, ələlxüsus da “Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya”nın maddələrinin tələbləri nöqteyi-nəzərdən qeyri-mümkündür.
“Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya”da Türkmənistanın dənizin dibi ilə Azərbaycana qaz kəməri çəkməsi üçün Rusiya və yaxud digər sahilyanı dövlətin qadağa yaradacağı heç bir maddə, məhdudlaşdırıcı bənd yoxdur.
Türkmənistanın Konvensiyanın 12-ci maddəsinə əsaslanaraq öz sektoruna aid hissədən istifadə etmək, boru kəməri inşa etmək səlahiyyətləri vardır.
Rusiyalı senatorun isə “ekoloji təhlükəsizlik sahəsində həssas layihələrin həyata keçirilməsinə razılıq Xəzəryanı beş dövlətin hər biri tərəfindən verilməlidir” fikri məntiqsizdir və heç bir hüquqi əsasa söykənmir.