Türkiyəli tarixçi Taner Akçam nöbəti dəfə ermənilərin xeyrinə açıqlama ilə gündəmə gəlib. O, Qarabağdakı terrorçularla terroru dəstəkləyən dövləti birləşdirən yeganə yolun (Laçın dəhlizi) bağlanmasından və bunun nəticəsində yarandığı iddia edilən humanitar böhrandan narahatlığını ifadə edib. Akçam sosial media hesabındakı paylaşımında bunları yazıb: “Ermənilər Milad bayramını qeyd edirlər. Bütün erməni dostlarımızın Milad bayramı mübarək olsun. Qoy bu bayram hamımıza xoşbəxtlik, əmin-amanlıq və xoş günlər gətirsin. Əlavə etmək istərdim ki, bizim qəlbimiz və hisslərimiz Qarabağdakı ermənilərin çox çətin günlərində onların yanındadır. 120.000-dən çox insan Azərbaycanın mühasirəsindədir, gələcəkləri qeyri-müəyyəndir. Və dünya təəssüf ki, gözümüzün qabağında baş verənlərə göz yumur”. istinad
Faktyoxla Lab. olaraq Taner Akçamın yazdıqlarına, iddialarına aydınlıq gətirərək, onun kimliyini oxucuları üçün araşdırıb.
“120.000-dən çox insan Azərbaycanın mühasirəsindədir, gələcəkləri qeyri-müəyyəndir” -deyən bu “tarixçi”nin iddialarına cavab vermək niyyətində deyilik. Dəfələrlə “120 min” rəqəminin şişirtmə rəqəm olduğunu, Xankəndinin isə “blokada” şəraitində qaldığını, əhalinin aclıq və səfalət içində yaşadığı haqda filkirlərin isə saxta olduğunu sübut etmişik.
Amma Taner Akçam kimliyi haqda danışmaq və bu "türkiyəli" tarixçini tanıtmağa ehtiyac duyuruq. Taner Akçam deyiləndə ilk ağıla gələn onun, 1985-ci ildə Avropada Dev-Yol hərəkatını parçalaması və Almaniya dövlətinin maraqları ilə üst-üstə düşən “Mühacir Hərəkatı” adlı bir qrup qurması, müəyyən dairələrin dəstəyi ilə sürətlə yüksəlməsi ya da yüksəldilməsi faktıdır. Araşdırmalarımız zamanı məlum oldu ki, əvvəli "sosialist" olan T.Akçam "inqilabçı" kimi 9 il azadlıqdan məhrum olunub, 1977-ci ildə həbsdən qaçaraq Almaniyaya gedib. Məhz bundan sonra həyatında böyük bir "dəyişikliklər" baş verib. Belə ki, keçmişini, mübarizəsini, dostlarını, vətənini bir kənara atan Taner Akçam Almaniya kəşfiyyatının “qonağı” olur, əvvəl “siyasi qaçqın” statusu alır, sonra isə “Almaniya vətəndaşlığı”. O, Tessa Hofman ilə tanış olur. mənbə
Əslində buradakı maraqlı və qorxulu məqam Akçamın yanında yetişdiyi alman xüsusi xidmət orqanlarının agenti Tessa Hofmanın kimliyi və fəaliyyətidir. Çünki Tessa Hofman, BND-nin (Bundesnachrichtendienst, Almaniya Federal Kəşfiyyat Xidməti -red.) gizli dəstəyi ilə Tamer Akçama sponsorluq etdiyi kimi, araşdırmaları ilə də onun yanlış istiqamətə yönəltməyə nail olub. Qeyd etməliyik ki, Berlində erməni diasporunun əsasını qoyan keşiş Müqəddəs Lepsius kimi Tessa Hofman da Ermənistan Yazıçılar Birliyinin fəxri üzvüdür və qondarma erməni soyqırımının 20-ci əsrin ilk və sistematik soyqırımı olduğunu iddia edir. Yəhudi soyqırımının Türklər tərəfindən həyata keçirilməsi və qaz kameralarının da ilk dəfə türklər tərəfindən quraşdırılması da onun fantaziyalarının məhsuludur. Bu, əslində alman BND-sinin nəzəriyyəsidir və nasist Almaniyasının törətdiyi yəhudi soyqırımını dünyaya unutdurmaq, diqqəti türklərin üzərinə yönəltmək və nifrət etdirmək məqsədi daşıyan gizli siyasi düşüncədir. Bu ideya, Almaniya tərəfindən bəzən açıq, bəzən də gizli olaraq hər platformada dəstəklənir.
Agent Hofmana görə, “İttihadçılar” qaniçən irqçi bir toplumdur (Tamer Akçamın “İnsan Haqları və Erməni Sorunu” kitabında “İttihat və Tərəqqi Komitəsi və Türkçülük” mövzusu xırdalıqlarına qədər (səh. 96-209) və paralel baxışları nəzərdən keçirməklə diqqətlə incələnib); Mustafa Kamal isə iki milyondan çox erməni və yunanı qətlə yetirib. Amma elə ki, məsələ erməni üsyançılarına gəlir, onlar həm də ümidsizlik cəsarəti ilə döyüşən ailə başçıları olurlar. Hofmanın fikrincə, Van, Ərzurum, Bitlis, Trabzon, Qarabağ, Naxçıvan hamısı ermənilərin vətənidir. istinad
Hoffmann, Berlin Hür Universitetində Türkiyə və Qafqazda azlıqların münaqişələri üzrə “ekspert” kimi fəaliyyətə başladıqdan sonra Alman kəşfiyyatının “fikir mərkəzi” sayılan Hamburq Sosial Araşdırmalar İnstitutu dərhal Akçama “araşdırma təqaüdü” verməyə başlayıb. 1988-ci ildə institutun maaşlı işçisi kimi işə qəbul olunan Taner Akçam Hamburq Elm və Mədəniyyəti Təşviq Fondunun təqaüdü ilə “Türkiyə və Şərq Sorunu” adlı dosentlik dissertasiyasını hazırlayıb. Tessa Hoffmann və Alman Şərq İnstitutu, Akçamın "araşdıracağı" mövzuları əvvəlcədən müəyyən edir, Akçam isə verilən əmrləri böyük fəxrlə yerinə yetirməyə çalışırdı: “Türk tarixində şiddət”, “Türk tarixində işgəncə”, “Erməni soyqırımı” adlı kitablar buna misaldır.
“Hürriyət” qəzetinin yazarı da haqlı olaraq 2005-ci ildə yazdığı məqaləsində Taner Akçama və onun kimi düşünənlərə suallar yönəldirdi: “Məsələn, erməni tərəfi “soyqırımı” dogma hesab etdiyi üçün onlarla 1915-ci ildən danışmaq mümkün olacaqmı? Taner Akçam və dostlarının qəzəbli mübahisələrində Dr. Tessa Hoffman və Udo Steinbachın töhfələri nələrdir? Taner Akçamın erməni tezislərini müdafiə edən kitabı nə üçün bir erməni fondu olan “The Zoryan Institute of Canada” tərəfindən nəşr olundu? Bəlkə bir gün bu suallar veriləcək. Gözləyək!” mənbə
Araşdırmalarımız zamanı həmçinin, Taner Akçamın uzun illər yaşadığı Avropada türk-kürd, sünni-ələvi qarşıdurmaları yaratmaqla bağlı aldığı tapşırıqları o qədər də mükəmməl yerinə yetirmədiyi məlumdur. Məhz onun müxtəlif beynəlxalq tədbirlərdə maliyyə aldığı təşkilatların ritorikasına uyğun olaraq illərlə “qarşılaşaq”, “tanış olaq”, “qəbul edək”, “üzr istəyək” – kimi fikirlər tədbir iştirakçılara təlqin olunub. istinad
Araşdırmalarımız zamanı o da məlum oldu ki, Taner Akçam tez – tez məqalələrində qəsdən təhriflərə, saxtakarlıqlara yol verir. Bu da təbii ki, həqiqəti bilən tədqiqatçıların nəzərindən yayınmır. Məsələn, 21 aprel 2019-cu il tarixində “Aqos” qəzetində Taner Akçamın “Ermənilərin məhvi ilə bağlı Bahaettin Şakirin məktubları” başlıqlı məqaləsi dərc olunub. Həmin yazıda Akçam, sübut etməyə çalışır ki, Aram Andonyanın dərc etdirdiyi və Bahaettin Şakirə aid edilən hər iki məktub gerçəkdir. O, bunu Andonyanın məktublarındakı imzaların Bahaettin Şakirin yazı və məktublarının həqiqi imzalarına bənzəməsi ilə izah edir. Avrasiya İncələmələr Mərkəzi (AVİM) araşdırmalarında Akçamın Andoniyan sənədlərini yoxlamaq üçün nəşr etdirdiyi kitabda belə hansı saxtakarlıqlar etdiyi, tənqid etdiyi Şinasi Orel və Süreyya Yucanın ifadələrini kontekstdən kənarda necə təhrif etdiyi barədə ətraflı izahı verilib. Yazıda müəllif göstərir ki, hər zaman olduğu kimi, Akçamın iddia və açıqlamaları yalnış ifadələrlə, eyni zamanda böyük nöqsanlarla doludur və imzalarla bağlı arqumentlərində ciddi ziddiyyətlər var.
Əvvəla, saxta imzalarla həqiqi imza nümunələri arasında təxmini oxşarlıq olsa da, imzalar ətraflı araşdırıldıqda Andonyanın sənədlərində aşkar edilən həqiqi imzalarla saxta imzalar arasında ciddi fərqlərin olduğu üzə çıxır. Aşağıda təqdim olunan cədvəlin sol sütununda Bahaettin Şakir bəyə məxsus həqiqi imza nümunələri verilib. Sənədin sağ tərəfində isə Andonyan sənədlərində dərc olunan və Bahaettin Şakirə aid edilən saxta məktubların imzaları təqdim olunur. Oxucuların iki imza arasındakı fərqləri daha yaxşı görmələri üçün saxta nümunələrdə olmayan həqiqi imza nümunələrinin fərqli hissələri qırmızı dairədə göstərilib.
Sənəddən də aydın göründüyü kimi, həqiqi imza ilə saxta imza arasında ciddi fərqlər var və məlum olur ki, kimsə həqiqi imzaları təqlid edərək imitasiya edib. Bu məqamda oxucuların beynində Bahaettin Şakirin imzalarının hansı əsaslarla təqlid edildiyi ilə bağlı suallar yarana bilər. Ancaq Bahaettin Şakirin imzası həm İttihad və Tərəqqi Komitəsinin aparıcı simalarından biri olduğu üçün, həm də müxtəlif “Gənc Türk” media orqanlarına yazdığı açıq məktublardan artıq ictimaiyyət tərəfindən tanınırdı. Yəni, pul qazanmaq üçün saxta sənədlər hazırlayan biri müxtəlif dövrlərə aid qəzet və jurnallara baxaraq Bahaettin Şakirin imzasını yamsılamağı bacarıb. Əslində, aşağıda təqdim olunan və 1902-1910-cu illər arasında nəşr olunan “Şura-yı Ümmet” qəzetinin bir nömrəsində Bahaettin Şakir bəyin imzası olduqca açıq şəkildə dərc edilmişdir.
Bu səbəbdən saxta imza qrupunda olan imzaların təqribən və formal olaraq həqiqi imzalara bənzəməsi təəccüblü olmamalıdır.
Üstəlik, bu imzaların saxta olmasının yeganə göstəricisi həqiqi imza ilə saxta imza arasındakı fərq deyil. Andonyan sənədlərindəki hərflər coğrafi yerləşmə və xronologiya baxımından da şübhəlidir. 1915-ci ilin fevral və mart aylarında İstanbuldan Adanaya göndərildiyi iddia edilən Bahaəddin Şakirə aid edilən iki məktub araşdırmaçıları ciddi fikir ayrılığına salıb. Çünki məktublar göndərilən vaxt Taner Akçamın iddia etdiyi kimi Bahaəddin Şakir bəy İstanbulda yox, Ərzurumda idi. Akçam son zamanlar təhrif edilmiş erməni söhbətinin sözçüsünə çevrilən “Aqos” qəzetində yazdığı məqalədə Bahaettin Şakirin o vaxt Ərzurumda olduğunu və 1915-ci ilin aprel ayına qədər İstanbula qayıtmadığını etiraf edir. Lakin məktubların İstanbuldan göndərilməsi faktına məhəl qoymayaraq, sənədlərin saxta olduğunu göstərən bu ziddiyyəti görməzdən gəlir və sənədlərin real olması ilə bağlı əsassız iddialarını davam etdirir.
Məktublardakı imzaların təfərrüatlı müqayisəsi və sözügedən məktubların məzmun və tarix baxımından tədqiqi Andoniyan sənədlərinin saxta olduğunu heç bir şübhə yeri qoymadan ortaya qoyur. Akçamın “Aqos”dakı məqaləsi isə həmişə olduğu kimi istifadə etdiyi mənbələri təhrif edərək nəticə əldə etmək səyindən o yana keçmir. mənbə
Mehmet Akif Ersoy Universiteti Beynəlxalq Əlaqələr Bölümü Müəllim Dos. Dr. Esma Sarac Özdaşlı da mətbuata verdiyi açıqlamada, Andonyanın rəsmi olduğunu iddia etdiyi heç bir sənədi gizlətməyə ehtiyac duymaması və buna görə də həqiqi olduğu iddia edilən bu sənədlərin əslinin heç birinin mövcud olmaması kitabın etibarlı olmasına şübhələr yaradır. Özdaşlının sözlərinə görə, bütün bu dəlillərə baxmayaraq, Andonyanın yalanları hələ də qondarma soyqırımı müdafiə edən araşdırmalarda yer alır: “Əslində bunu ermənilər də bilirlər, amma yenə də bu kitabı onlara uyğun gəldiyi üçün sübut kimi təqdim edirlər. Məsələn, Zoryan İnstitutunun prezidenti Gerard J. Libaridian tədqiqatçı-yazar Erix Feyqlə müsahibəsində Andonyanın kitabındakı sənədlərin saxta olduğunu açıq şəkildə bildirib.
Feyql bunu “Erməni mifomaniyası” kitabında yazır. Bütün bu dəlillərə baxmayaraq, Taner Akçam hələ də “Naim Əfəndinin xatirəsi və Tələt Paşa teleqramları” kitabında Andonyanın kitabının gerçək olduğunu iddia edə bilir. Təbii ki, bu dəlil nə Akçam üçün, nə də daha əvvəl müxtəlif araşdırmalarda vurğuladığım kimi, “Soyqırım” sənayesindən faydalanan digər yazarlar üçün heç bir əhəmiyyət kəsb etmir.” istinad
Göründüyü kimi,
-Bir iddiaya görə, Gürcüstanın Axısqa bölgəsində yaşamış, daha sonra qarışıqlıqlar zamanı Ərdəhana köçən erməni mülkədar Akop nəvəsi olan Taner Akçam (mənbə) hər addımda erməniləri müdafiə edir və dünyada “zalım Türk” obrazı yaradır,
-Taner Akçam illərdir yazdığı yalanlar, etdiyi saxtakarlıqlar dəfələrlə həqiqi, obyektiv alimlər tərəfindən üzə çıxarılmasına baxmayaraq, hələ də öz yalanlarını cəmiyyətə sırımağa davam edir,
- Qondarma erməni soyqırımı yalanını illərdir Türkiyəyə qarşı istifadə edən Qərb Taner Akçama və onun kimilərə hələ də qucaq acır, daxilindəki oyuncağı olan erməni lobbisinin bu cür insanlar vasitəsi ilə yalan və böhtan kampaniyalarını davam etdirmələrinə göz yumur.
- Bütün bu izahlardan sonra “bizim qəlbimiz və hisslərimiz Qarabağdakı ermənilərin çox çətin günlərində onların yanındadır. 120.000-dən çox insan Azərbaycanın mühasirəsindədir, gələcəkləri qeyri-müəyyəndir” ifadələrinin Akçam kimi biri tərəfindən səslənməsinə təəccüblənməyə dəyərmi? Hansı erməni bu sözü demir ki?