Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda baş verən və ətraf əyalətlərdə böyük dağıntılara səbəb olan 7,7 bal gücündə zəlzələdən sonra həmin regiondakı su bəndlərin dağılması ilə sosial mediada məlumatlar yayılır.

Məsələn, İrana yaxınlığı ilə bilinən “Haqqın səsi24” teleqram kanalı bununla bağlı yazıb: “Belə görünür ki, Türkiyənin cənub-şərqindəki Atatürk bəndi 7,5 və 7,8 ballıq iki dağıdıcı zəlzələdən sonra kritik vəziyyətdədir. Türkiyədən gələn xəbərlər göstərir ki, güclü zəlzələlərdən sonra bənddə çoxlu çatlar əmələ gəlib. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bənd hər an dağıla bilər və nəticədə faciə baş verə bilər ki, bəndin yaxınlığındakı 30 kvadrat kilometrlik əraziyə təsir edə bilər. Atatürk Barajı GAP (Güneydoğu Anadolu Projesi) layihəsinin əsas bəndlərindən biridir və tikinti həcminə görə dünyanın 4-cü ən böyük bəndidir. Hazırda GAP layihəsinə 7-si Fərat çayı, 6-sı isə Dəclə çayının üzərində qurulmuş 13 bənd daxildir.

Tehrandan idarə olunan teleqram kanalının belə üzücü xəbərinə izləyicilərin (trolların) reaksiyasına xüsusi diqqət.

Bundan başqa, Türkiyə və İraqda bəzi insanlar sosial şəbəkələrdə bəndin boşaldıldığını  göstərən video paylaşaraq, Atatürk bəndində davam edən yer altı təkanlardan çatlar əmələ gəldiyini yazıblar. Bu scrində isə tvitin atılma zamanına diqqət etmək gərəkdir. 

Faktyoxla Lab. olaraq bu iddiaların nə qədər doğru olub olmadığını araşdırdıq. 

Araşdırmalarımız zamanı sosial şəbəkələrdə müxtəlif hesablardan yayılan məlumatlarda "Bölgədəki bəndlər təcili yoxlanılmalıdır. Atatürk bəndində çatların əmələ gəldiyinə dair xəbərlər var" iddiaların irəli sürüldüyü məlum olub.  Sözügedən iddiaların sosial media istifadəçilərinin diqqətini çəkdiyi görünsə də, paylaşımlarda heç bir rəsmi mənbə yer almadığı da açıq-aşkar ortadadır. Digər iddia isə Birecik bəndində böyük çatların əmələ gəlməsi ilə bağlıdır.

Maraqlıdır ki, mütəxəssislər bu düşüncələri qətiyyən qəbul etmirlər. !Atatürk bəndi"nin təkanlar ucbatından çökə bilmə ehtimalı ilə bağlı sosial mediada yayılan iddiaları dəyərləndirən zəlzələ mütəxəssisi və Geologiya Mühəndisləri Dərnəyinin üzvü Dr. Bülent Özmen bu iddiaları yalanlayaraq bildirib ki, ölkədə baş verən iki böyük zəlzələdən sağ çıxan bəndlərin afterşok təkanlardan təsirlənəcəyini təsəvvür etmək doğru deyil. (mənbə)

Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuat Oktay da oxşar açıqlama verib. O, açıqlamalarında zəlzələ bölgələrindəki bəndlərin təbii fəlakətdən dərhal sonra yoxlanıldığını qeyd edib. F. Oktay 07.02.2023-cü il tarixində saat 00:36-da AFAD Mərkəzindən verdiyi son açıqlamada, "Bütün bəndlərimizlə bağlı bütün bölgə yoxlanılıb və baxılır. Bizim heç bir problemimiz yoxdur. Yalnız bir bəndimiz var, Malatya Sultansuyu. Açılış olduğu üçün yalnız riskə görə ehtiyat məqsədi ilə tədricən suyun boşaldılmasına başlayacağıq. Əgər yaxınlıqda yaşayan vətəndaşlarımız buna şahid olarsa, bu, sadəcə ehtiyat tədbiridir, həmin suyu tədricən boşaldırıq ki, boşalma riski yaşanmasın” - deyib.( mənbə)

Həmçinin, Şanli Urfa merliyi və Birecik rayon nümayəndəliyi də Birecik bəndi ilə bağlı iddiaları yalanlayıb. Şanlı Urfa şəhər merliyi bildirib ki, vətəndaşlarımızın müxtəlif KİV-lərdə, xüsusilə sosial mediada bilərəkdən və ya bilməyərəkdən paylaşılan əsassız məlumatlara inanmaması, düzgün məlumat üçün rəsmi mənbələri izləməsi böyük əhəmiyyət kəsb edir.( mənbə) Davamında isə meriya Birecik bəndində vəziyyətin nəzarət olduğunu şəhər sakinlərinə çatdırıb.( mənbə)

Birecik rayon nümayəndəliyi də öz növbəsində Birecik bəndi ilə bağlı deyilənlərin sadəcə şayiə olduğunu və əhalinin təşvişə düşməsinə ehtiyac olmadığını  qeyd edib. Müraciətdə həmçinin bütün dövlət qurumlarının səylə çalışdığı da xüsusi ilə vurğulanıb.( mənbə)

 

Maraqlıdır ki, İranın sosial media istifadəçiləri ilə yanaşı, yunan mediası da bu saxta iddianı tirajlayıb. rua.gr saytının ingilis versiyasında yayımlanan məqalədə aşağıdaki iddialar yer alıb: “Türkiyədən “güclü zəlzələlərdən sonra Atatürk bəndində çoxlu çatların olduğu” xəbərləri gəlir. Artıq ətraf ərazilər boşaldılıb. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bənd hər an qırıla və nəticədə bəndin yaxınlığındakı 30 kvadrat kilometrlik ərazidə dağıntılar yarada bilər. Hətta türkiyəli seysmologiya professoru Dr. Naci Görurə istinadən bu xəbəri də paylaşıblar: “Mən maraqlı tərəflərə müraciət edirəm: bölgədəki bəndləri yoxlayın”( istinad)

Nəticə:

- Zəlzələ baş verən ərazilərdə yerləşən “Atatürk” və digər su bəndlərinin zəlzələdən zərər görməsi iddiaları tamamı ilə əsassızdır,

- Rəsmi qurumlar bu iddiaları təkzib edib,

- Bəzi sosial media istifadəçilərinin bu haqda paylaşımları isə sırf təxribat xarakterli paylaşımlardır