“Azadlıq” qəzetinin “facebook” səhifəsi Zöhrab Novruzoğlu adlı istifadəçinin yazdığı ironik statusu paylaşıb. Paylaşımda Azərbaycanla Estoniya arasında minimum əməkhaqqını müqayisə edilib və belə bir təəssürat yaratmağa çalışılıb ki, sözügedən Baltikyanı ölkədə sosial rifah səviyyəsi və həyat şəraiti normaları bizim ölkədən bir neçə dəfə yaxşıdır.  

Faktyoxla Lab. müxalifyönlü siyasilərin, jurnalist və blogerlərin Azərbaycanla Avropa, MDB və Cənubi Qafqaz ölkələri ilə apardıqları qiymət müqayisələrinə dəfələrlə aydınlıq gətirib. 

Ətraflı bu linklərdə

Türkiyədə qiymətlərin Azərbaycandan ucuz olması haqda- Özünüz müqayisə edin

Gültəkin Hacıbəylinin hesablamalarına görə Avropada qiymətlər Azərbaycandan ucuzdur

Bu mövzuya bir daha qayıdırıq.  

Əvvəla, onu nəzərə almaq lazımdır ki, Estoniya ittifaq respublikalarından fərqli olaraq Avropa iqtisadi institutlarına daha tez inteqrasiya olunub. 1991-1992-ci illərdə Azərbaycanda müharibə getdiyi, “cəbhə hakmiyyəti”nin səriştəsiz idarəçiliyi dövründə, ölkədəki hərc-mərclik, vəzifə davası və digər siyasi və sosial təbəddülatlarla əlbayaxa olduğu vaxt, Estoniya Avropa yolunda irəliləyirdi. Bu amil Estoniyanı daha sürətli NATO və Avropa İttifaqına, Şengen Zonasına qoşulmaqda, Baltikyanı ölkələr arasında ilk olaraq Avrozonaya üzv seçilməsində müstəsna rol oynayıb. Çünki, iqtisadi-siyasi amillər Estoniyanın Aİ tərəfindən əlverişli kredit və subsidiyalarla təmin edilməsinə, xüsusi iqtisadi güzəştlərlə əhatə olunmasına səbəb olub, nəticədə Azərbaycan və digər ittifaq ölkələrinə nisbətən keçid iqtisadiyyatını ən azı 7-8 il daha tez başa vurub. Bu isə iqtisadi inkişaf prioritetlərinə daha tez çatmağa və milli iqtisadiyyat quruculuğu sayəsində dayanıqlı resurs gəlirləri formalaşdırmaqda mühüm təsirə malikdir.

Ancaq bütün bunlara rəğmən, Estoniya iqtisadi inkişaf səviyyəsinə və ÜDM-in həcminə görə, dünya sıralamasında Azərbaycandan geridə qalır. Bu, faktdır! 2022-ci ildə Azərbaycanda istehsal olunan ÜDM-in həcmi 133,8 milyard manat təşkil edib. Bu, beynəlxalq valyuta ifadəsi ilə təxminən 79 milyard dollar deməkdir. Ölkəmizdə ötən il ÜDM 4,6 faiz artıb, inflyasiya 13,6 faiz olub. mənbə
Estoniyada isə 2022-ci ildə 39 milyard dollar həcmində ÜDM istehsal olunub, yəni milli gəlir baxımından bizim ölkədən 2 dəfə geridədir. mənbə
Azərbaycanın büdcəsi də Estoniyanın xəzinəsindən böyükdür. 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat (18 milyard dollar və ya avro), xərcləri isə 33,4 milyard manat (20 milyard dollar və ya avro) təsdiq edilib. mənbə
Estoniyanın dövlət büdcəsinin gəlir və xərcləri isə 2023-cü ildə 15,5 milyard avro, xərcləri 16,7 milyard avro təşkil edir. Yəni, Estoniyanın dövlət büdcəsinin gəlir və xərcləri də Azərbaycandan azdır.  Sual oluna bilər, ÜDM və büdcə resursları Azərbaycandan az olmasına baxmayaraq, Estoniyada orta və minimum aylıq əmək haqqının, pensiyaların həcminin yüksək olmasının səbəbi nədir?
Bunun bir səbəbi var: Estoniyanın əhalisi Azərbaycandan 8 dəfə azdır, bu ölkədə cəmi 1,3 milyon nəfər yaşayır. Ölkənin milli gəlirlərinin əhali arasında bölgüsünün 8 dəfə fərqli olması təbii ki, adambaşına düşən xərclərin həcminə təsir edir. Sadə misal çəkək, 1 milyard dolları 10 milyon nəfər arasında da bölək, 1,3 milyon nəfər arasında da. Sözsüz ki, əhalisi az olan ölkəyə daha çox pay düşəcək. 

Bütün hallarda reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti Estoniyadan daha çox qazanır və daha çox xərcləyir. Ölkəmizdə pensiya, maaş, minimum əməkhaqqı, müavinət, təqaüd və s. sosial sahələrə büdcədən yönəldilən vəsaitlərin həcmi Estoniya hökumətinin ayırdığı büdcə xərclərindən 2-3 dəfə çoxdur. Məsələn, Azərbaycanda dövlət büdcəsi xərclərinin təxminən 45,7 faizi sosial xərclərə sərf olunur. Həcm baxımından bu rəqəm 15 milyard manat 249 milyon manat, yaxud 9 milyard dollar (8,8 milyard avro) deməkdir. Xərclərin tərkibində əməyin ödənişi xərcləri 8 milyard 508,3 milyon manat ( 5 milyard dollar və 4,9 milyard avro) təşkil edir. Büdcədə sosial müdafiə və sosial təminat xərcləri isə 4,4 milyard manat (2,6 milyard dollar və yaxud 2,5 milyard avro) nəzərdə tutulub. (“Vәtәndaşın Budcә Bәlәdcisi”. Səh 29-30).

Estoniyada cəmi 250 min nəfər pensiya alır, büdcə təşkilatlarının sayı təxminən 260 min nəfərdir. (mənbə) Dövlət büdcəsində müəllimlərin əməkhaqqı 2023-cü ildə 1749 avro, hüquq-mühafizə orqanı əməkdaşlarının əməkhaqqı 1849 avro, orta aylıq əməkhaqqı 1679 avro, minimum əməkhaqqı 725 avro, yaşa görə əmək pensiyasının orta aylıq həddi 704 avro təşkil edir. mənbə

Azərbaycanda isə əmək pensiyası, müavinət, təqaüd alanlarla birlikdə ümumi pensiya alanların sayı 2 milyon, eləcə də büdcə təşkilatlarında çalışanların sayı 1,7 milyon nəfərdir. Nəticədə say nisbətinin 7-8 dəfə az olması Estoniyada büdcə təşkilatlarına və sosial qruplara daha çox pul verməyə imkan yaradır. Bu səbəbdən Estoniyada orta aylıq və minimum əməkhaqqı Azərbaycana nisbətdə yüksəkdir. 

Əgər Estoniyada əhali sayı Azərbaycandakı kimi 10,5 milyon nəfər olsaydı, onda bu ölkədə orta aylıq əməkhaqqı 7 dəfə azalaraq 240 avro, pensiya 102 avro, minimum əməkhaqqı 105 avro təşkil edərdi. Dövlətin mövcud maliyyə resursları və gücü bundan artıq pensiya və maaş verməyə çatmazdı. Və yaxud başqa müqayisə aparaq, Azərbaycanda əhalinin sayı Estoniyadakı kimi 1,3 milyon nəfər olsaydı bizim ölkədə orta aylıq əməkhaqqı 839,4 manat deyil, 7 dəfə çox, yəni 5800 manat ( 3450 avro), minimum əməkhaqqı 345 manat deyil, 2415 manat və ya 1420 avro, orta aylıq pensiya 423 manat deyil, 2961 manat, yaxud, 1740 avro təşkil edərdi.

Bütün bunlara rəğmən, Estoniya bahalı ölkədir. Bu ölkədə kommunal xidmət, yanacaq, enerji, infrastruktur, nəqliyyat, mənzil tarifləri, ərzaq və qeyri-ərzaq mallarının qiymətləri Azərbaycanla müqayisədə xeyli bahadır. Hətta inkişaf etmiş aqrar-sənaye ölkəsi olmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir. Estoniya regionda taxıl və buğda ixraçatçılarından biridir, ancaq 500 qramlıq ağ çörəyin qiyməti 1 avrodur. Yəni, Azərbaycanın pul vahidi ilə 1 manat 80 qəpikdir. mənbə

Bizim ölkədə isə 500 qram çörək market və mağazalarda 55 qəpikdir, Estoniyadan 3,2 dəfə ucuz. mənbə
Estoniyada mal ətinin 1 kq-ı 13 avro, yəni 23,4 AZN-dir. Azərbaycanda bu məhsul 14-16 manata satılır. Toyuq əti Baltikyanı ölkədə (1kq) 6-7 avro, yəni 12 manatdır. Azərbaycanda “Bazarstore”də bu məhsulu 6-7 manata almaq mümkündür. Estoniyada kolbasanın 1 kq 14 avro (25AZN), kəsmik 4 avro (7 AZN), alma 1,6 avro ( 2,7 AZN), portağal 1,8 avro (3,3 AZN), kartof 0,85- 1,7 avro (orta qiymət 2,5 AZN), pomidor 2,4 -5 avro (orta qiymət 5-6 AZN), armud 1,9 -3 avrodur (4 AZN) mənbə
Azərbaycanda həmin ərzaq məhsulları 2-3 dəfə ucuzdur. Bunu əyani şəkildə marketlərdən birinin orta qiymət əmsalı əsasında görə bilərik. mənbə
Estoniyada 12 ədəd yumurta 2,1-3,6 avro arasında dəyişir. Orta hesabla bir ədəd yumurta 0,28 avro, yaxud 42 qəpikdir. Azərbaycanda "Giləzi yumurtası"nın bir ədədi 19 qəpikdir. mənbə
Müqayisə etdiyimiz ölkədə yerli pendirin 1kq-ı 8,9 avro (16 AZN) təşkil edir. Azərbaycanda isə yerli “İvanovka” pendirinin 1 kq-ı 8,8 manatdır. mənbə
Şərab, pivə, siqaret də Estoniyada Azərbaycanla müqayisədə 3-4 dəfə bahadır. mənbə
Estoniyada restoranda ən ucuz yemək 12 avrodan (22 AZN) başlayır. “McDonalds”da adi burger 7 avro (13,6 AZN) təşkil edir. 0,33 litrlik “Kola” və ya “Pepsi”nin qiyməti 1,9 avro (3,4 AZN), adi qəhvə 3 avro (5,6 AZN) təşkil edir. mənbə
Estoniyada nəqliyyatda bir gediş haqqı (avtobus, metro, trolleybus və s.) 1,5 avrodur. Azərbaycanın valyutası ilə 2 manat 70 qəpik, yəni bizim nəqliyyat tariflərindən (0,40 AZN) 6,8 dəfə bahadır. Benzinin 1 litri 1,8 avrodur, bizim pulla 3 manat 25 qəpik olmaqla 3,2 dəfə bahadır. Taksi qiymətləri də Azərbaycanla nisbətdə 4 dəfə bahadır. mənbə
Tallinin mərkəzində 1 otaqlı mənzilin aylıq kirayəsi 551- 587 dollar təşkil edir. mənbə
Bu ölkədə şəhər mərkəzlərində orta sahəli mənzildə (85 kv.metr) aylıq kommunal ödənişlərə (işıq, istilik, su, zibil) 252 avro (450 AZN) pul sərf olunur. Azərbaycanda həmin kommunal xərc tutumu ən yüksək halda 70-80 manata bərabərdir. Aradakı fərq ən azı 6-7 dəfədir. İnternetin qiyməti (60 Mbps) 25 avro (45 AZN) olmaqla bizdən 2 dəfə bahadır. mənbə
Estoniyada geyim də bizim ölkə ilə müqayisədə 3-4 dəfə bahadır, cins şalvar 77 avro (138 AZN), idman ayaqqabısı 75 avro (135 AZN), dəri ayaqqabı 95 avro (170 AZN) təşkil edir.
Bu müqayisəni bir çox mal qrupları üzrə də uzatmaq olar, ancaq ehtiyac görmürük.
Reallıq ondan ibarətdir ki, Estoniyada ərzaq və qeyri-ərzaq, kommunal xidmət və s. digər istehlak xərcləri Azərbaycanla müqayisədə 4-5 dəfə yüksəkdir. Yəni, bizim ölkədə 190 avroya bərabər olan minimum əməkhaqqı ilə Estoniyada istehlak xərclərini qarşılamaq üçün təxminən 740-750 avro pul lazımdır. Həmin ölkədə minimum əməkhaqqının 725 avro olduğunu vurğulamışdıq. Aradakı fərq mənzərəni ifadə etdiyindən əlavə şərhə ehtiyac duymuruq.

Yekunda bir əlavəmiz var: “Azadlıq” qəzetinin paylaşımının son cümləsini belə dəyişmək mümkündür: “Azadlıq” qəzeti faktlarla manipulyasiya edərək hər dəfə oxucularını aldadır, oxuclar isə hələ də bu yalanlara inanırlar. Özünüz fikirləşin, belə manipulyativ məlumat niyə 2781 nəfər tərəfindən bəyənilməli, 202 dəfə təkrar paylaşılmalıdır?