İqtisadçı Akif Nəsirli facebook profilində belə bir paylaşım edərək bildirir ki, müsəlman ölkələrində qurbanlıq qoyun ətinin ən yüksək qiyməti Azərbaycanda qeydə alınıb. Qeyd edir ki, həmin ölkələrdə qurbanlıq qoyun ətinin dollarla satış qiyməti Azərbaycanda 11, Türkmənistanda 12 dollar təşkil edir, digərlərində daha ucuzdur. Belə ki, qoyun ətinin 1 kiloqramının qiymətinin İranda 5,5 dollar, Qazaxıstanda 5,5 dollar, Pakistanda 6 dollar, Əfqanıstanda 6 dollar, Tacikistanda 6,5 dollar, Qırğısıstanda 6,6 dollar, Özbəkistanda 8 dollar, Türkiyədə isə 8 dollar olduğu bildirilir.
Faktyoxla Lab. A.Nəsirlinin dediklərinin nə dərəcədə əsaslı olub-olmadığını araşdırmaq üçün siyahıda adını çəkdiyi ölkələrdə qoyun ətinin bazar və ət dükanı şəbəkələrində pərakəndə satış qiymətlərini nəzərdən keçirməyə çalışıb.
Məlum oldu ki, İranda qoyun ətinin qiyməti 5,5 dollar deyil. Bu ölkədə qoyun ətinin pərakəndə satış qiyməti hər kiloqram üçün 5,5-8,5 ABŞ dolları arasındadır. Yaxud bu ölkənin öz milli pulu ilə hesabladıqda bir kiloqram 275 min - 425 min riala təklif olunur. Azərbaycan manatı ilə (1 manat 24,8 min rial) hesablayanda 11-15 manat arasında qiymət deməkdir. mənbə
Əfqanıstan və Pakistanda da 5,5 dollara qoyun əti satılmır. Əfqanıstanda qoyun ətinin qiyməti Azərbaycandan ucuz deyil. Bu ölkədə qoyun ətinin pərakəndə satış qiyməti təxminən hər kiloqram üçün 9,6 -11,43 ABŞ dolları arasındadır. mənbə
Pakistanda qoyun ətinin pərakəndə satış qiyməti hər kiloqram üçün 1791- 2400 rupi arasında dəyişir. (1 dollar 288 rupiyə mübadilə edilir). Ümumilikdə, Pakistanda bölgələrin və paytaxtın müxtəlif ərazilərində qoyun əti çəkisi və yaşından asılı olaraq 6,3- 8,4 dollar arasında dəyişir. Bunu beynəlxalq satış qiymətləri cədvəlindən də görmək olar. mənbə
Qazaxıstanda qoyun ətinin bir kiloqramı 2016-cı ildən indiyə qədər təxminən 150 faiz bahalaşaraq 1190 tengədən 2700 tengəyə yüksəlib. Hazırda 1 kq qoyun ətinin kiloqramı 2726 təngəyə satılır. (mənbə) Bir Azərbaycan manatı təxminən 255 qazax tengesinə bərabərdir. Bu isə o deməkdir ki, Qazaxıstanda 1 kq ətin qiyməti bizim pulla 11 manatdır. Bu dollar ifadəsi ilə təxminən 6,7 dollar deməkdir. Beləliklə, cədvəldə göstərildiyi kimi Qazaxıstanda qoyun əti 5,5 dollara bərabər deyil.
Qırğızıstanda isə qoyun əti 596,8 soma satılır. Bu ölkədə də qoyun əti ilin əvvəlindən başlayaraq hər ay artmağa başlayıb. Hazırda 1 Azərbaycan manatı 51 qırğız somuna mübadilə olunur ki, adıçəkilən ölkədə bir kq qoyun əti Azərbaycan pulu ilə 12 manata satılır. Təxminən 7,1 dollar. mənbə
Özbəkistanda qoyun və quzu əti 100-110 min som arasında dəyişir. Daşkənddə quzu əti 110 min soma, bölgələrdə 105-100 min soma satılır. 1 dollar 11,4 min soma bərabərdir. Yəni, bu ölkədə qoyun ətinin 1 kiloqramı 9-9,5 dollara satılır. mənbə
Türkmənistanda, o cümlədən paytaxt Aşqabadda və bölgələrdə qoyun ətinin son bir ildə kəskin bahalaşması müşahidə olunur və iyun ayında 17-18 kq çəkisi olan qoç və ya qoyun 1000 manata (286 dollar) kimi yüksəlib. Quzu ətinin bir kiloqramı təxminən 48-50 manatdır. Bu, Azərbaycan manatı ilə ( 1 AZN = 2Türkmən manatı) 25 manat edir. Dollara çevirdiksə isə 15 dollar deməkdir. mənbə
Türkiyədə 20-23 kq-lıq qurbanlıq qoçun qiyməti 8590 Tl-dən satılırdı. Yəni, 1 kq-ı 390-395 TL. Dollara çevirdikdə bu (1 dollar 26 Lirə) 15,2 dollar deməkdir. (mənbə) Akif Nəsirlinin dərc etdiyi cədvəldə isə Türkiyədə qiymət 8 dollar göstərilir. Yəni qiymətləri 2 dəfə aşağı göstərməklə 100 faiz saxtalaşdırmaya yol verdiyi açıq görünür.
Burada bir məqamı da nəzərə almaq lazımdır ki, İran, Pakistan və Əfqanıstanda körpə, yəni 10-12 kq quzu kəsilməsi ümumiyyətlə yolverilməz hesab olunur və həmin ölkələrdə ən azı 25-30 kq çəkidə qoyunun kəsilməsinə icazə verilir. Azərbaycanda 25-30 kq çəkidə yaşlı qoyun ətinin qiymətlərini nəzərə aldıqda ( təxminən 10-11 manat təşkil edir) Əfqanıstan və Pakistanla eyni qiymətədir.
Azərbaycanda qoyun əti paytaxt və regionlarda çəkisinə və yaşına görə fərqli qiymətlərə satılır. Belə ki, 4-5 aylıq 12-13 kq çəkiyə malik quzu əti rayonlarda 15, Bakıda 16 manatdır. 1 yaşa yaxın 18-25-30 kq çəkiyə malik qoyun əti isə 11-13 manata satılır. Orta qiymət təxminən 13 AZN-dir. Dollara çevirdikdə isə bir kiloqram ətin qiyməti 7,5 dollar deməkdir. Yəni, Nəsirlinin iddia etdiyi kimi 11 dollara, yəni 19 manata Azərbaycanda ət satışı ümumiyyətlə yoxdur və bu rəqəmin müəllifi tamamilə yalan məlumat paylaşır.
Yuxarıda qeyd etdiyimiz əmsallar iyun ayında ət dükanlarında satılan qoyun və quzu ətinin orta satış qiymətləridir.
İndi isə Qurban bayramı günlərində yəni, iyunun 27-28-də həmin islam ölkələrinin bir neçəsində qurbanlıq qoyunların qiymətlərini müqayisə etməyə çalışaq. Müqayisəsi təqdim etdiyimiz ölkələrdən Azərbaycanda bir qurbanlıq qoyunun qiyməti 150 – 170 dollar (255 – 289 manat), Tacikistanda 150 – 175 dollar (255 – 297 manat), Qazaxıstanda 156 – 170 dollar (256 – 289 manat), Qırğızıstanda 172 – 183 dollar (292 – 311 manat), Özbəkistanda 250 – 280 dollar (425 – 476 manat), Türkiyədə 253 – 270 dollar (430 – 459 manat) və Türkmənistanda 300 – 320 dollar ( 510 – 544 manat) təşkil edib.
Göründüyü kimi, həmin müsəlman ölkələrində qurbanlqı qoyunların qiyməti Azərbaycanla təxminən eyni məbləğdə, bəzilərində isə daha baha satılıb. mənbə
Azərbaycanda qurbanlıq qoyunun qiymətinin yuxarıda sadaladığımz ölkələrlə müqayisədə daha ucuz olmasının səbəbi dövlətin paytaxt və bölgələrdə xüsusi satış yarmarkaları təşkil etməsi, heyvandarlıqla məşğul olan fermerlərin birbaşa satış bazarına çıxışlarının və satıçı- alıcı əlçatanlığın təmin olunmasıdır. Nəticədə bu dövlət tədbirlərinin sayəsində qiymətlərə üçüncü şəxslərin qiymət təyin etməsinin qarşısı alınır ki, bu da ət dükanları ilə müqayisədə qiymətin hər kiloqramda 2-3 manat aşağı olmasına səbəb olur. 2023-cü ilin Qurban bayramı günlərində Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində təşkil olunmuş 138 qoyun satışı və kəsimi məntəqəsinin fəaliyyəti nəticəsində qoyunların qiymətində bahalaşmanın qarşısı alınıb. Həmin yarmarkalarda satılan qurbanlıq qoyunların bir ədədinin qiyməti çəkisindən asılı olaraq təxminən 250-300 manat arasında satılıb. mənbə
Beləliklə, müsəlman ölkələrinin əksəriyyətində, demək olar ki, cəmi 1-2 ölkə istisna olmaqla, hamısında qoyun ətinin qiyməti Azərbaycanla nisbətdə daha bahadır. A.Nəsirlinin iddia etdiyi qiymət cədvəli həqiqəti əks etdirmir və real bazar göstəricilərini təhrif edir.