İstifadəçilər tərəfindən edilən canlı yayımlar və platformadan qazanılan pullarla Çin mənşəli video paylaşma proqramı “TikTok” gündəmdədir.
Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, son 6 ayda 13 hesab meneceri “TikTok”dakı paylaşımlarına görə həbs edilib.
Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Kanallar Komitəsinin sədri Hüseyn Yayman “A Haber”in canlı yayımında bir çox Avropa ölkəsində TikTok-un qadağan edilidiyini iddia edib:
“Biz Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyası olaraq 7 dekabrda millətimizin bütün təbəqələrinin şikayətlərinə səbəb olan “TikTok”un Avrasiya təmsilçisinə çağıracağıq və komissiya üzvlərimiz ona suallar verəcək”.
Ölkələrin “TikTok”la bağlı narahatlığı yeni deyil. Bir çox ölkələr, o cümlədən Avropa ölkələri, xüsusilə platforma ilə bağlı təhlükəsizlik narahatlığına görə müxtəlif məhdudiyyətlər tətbiq edib.
Avropa ölkələrindən Belçika, Birləşmiş Krallıq, Niderland, Danimarka, Fransa və Norveç “TikTok”a qadağalar tətbiq ediblər. Bununla belə, bu ölkələr yalnız “TikTok”un dövlət məmurlarının dövlət tərəfindən verilmiş telefonlarında istifadəsini qadağan ediblər. Qadağaların ümumi səbəbi tətbiqin kibertəhlükəsizliyə təhlükə törətməsi ilə bağlı narahatlıqdır. Bununla belə, Avropa İttifaqının üç mühüm orqanı olan Avropa Parlamenti, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəsmilərinə 23 fevral 2023-cü il tarixində Aİ tərəfindən verilən iş telefonlarında “TikTok”dan istifadə qadağan edilib. Üstəlik, Avropa İttifaqı öz işçilərindən tətbiqi şəxsi telefonlarından da silməyi xahiş edib. istinad
Yəni bu ölkələrdə “TikTok” tamamilə qadağan edilməyib.
ABŞ, Kanada və Yeni Zelandiya da oxşar səbəblərə görə dövlət məmurlarının telefonlarında “TikTok” istifadəsini qadağan edən ölkələr sırasındadır. Əslində ABŞ-da “TikTok”un tamamilə qadağan edilməsi təklifi irəli sürülüb, lakin 30 mart 2023-cü ildə rədd edilib.
Digər tərəfdən, ABŞ-da “TikTok” müzakirələri uzun müddətdir ki, davam edir. “TikTok” 2019-cu ildə ABŞ-da milli təhlükəsizlik narahatlığına görə araşdırılıb. 2020-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp faktiki olaraq “TikTok” ilə “müharibə”yə başladı. mənbə
Tramp “TikTok”un ABŞ-dakı əməliyyatlarının ölkədə yerləşən şirkətə satılmayacağı təqdirdə, tətbiqi qadağan edəcəyini açıqlayıb. Əslində “TikTok” Çin mərkəzli “ByteDance”də fəaliyyətini davam etdirdiyi üçün ABŞ-da müxtəlif məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Hökumət rəsmilərinin proqramdan istifadəsinə qoyulan məhdudiyyətlərlə yanaşı, Montana “TikTok”un şəxsi cihazlarda istifadəsini qadağan edən ilk ştat oldu.
ABŞ-da tətbiqlə bağlı qaldırılan digər məsələ “TikTok”dakı məzmunun Çin Kommunist Partiyasının maraqlarına uyğun ictimai rəyi formalaşdırmaq potensialına malik olması ilə bağlı narahatlıqdır.
Hindistan və Tayvan milli təhlükəsizlik səbəbi ilə “TikTok” da daxil olmaqla bir çox digər Çin proqram təminatını qadağan edib.
Platformanın əxlaqsız məzmun yaydığını əsas gətirərək gənclərin “yolunu azmasının” qarşısını almaq üçün “TikTok”u qadağan edən ölkələr arasında Pakistan və Əfqanıstan da var.
Narahatlığın səbəbləri
Hökumətlərin “TikTok”la bağlı narahatlığının əsas səbəbi onun sahibi “ByteDance”in Çində yerləşməsidir. Çin qanunlarına görə hökumətin, lazım gəldikdə şirkətdən daxili məlumat tələb edə bilməsi narahatlıq doğurur. Platformanın məzmun tövsiyələrinin yalan məlumatların yayılması üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıq qadağaların səbəbləri arasındadır. istinad
“TikTok”, bütün digər sosial media platformaları kimi, istifadəçilərinin məlumatlarını saxlayır. Məlumat və Sosial Tədqiqatlar İnstitutundan Robyn Kaplanın sözlərinə görə, platformanın saxladığı məlumatların miqdarı digər sosial media platformaları ilə eyni deyil. Bu, tətbiqlə bağlı narahatlığı artıran başqa bir səbəbdir.
Platformanın cavabı nədir?
Platforma araşdırmaların və ona qarşı qadağaların başladığı ilk günlərdən Çin hökumətindən tamamilə müstəqil olduğunu bəyan edib. Şirkət bu qadağaların səbəblərinin sübuta yetirilmədiyini də bildirir. “TikTok” rəsmiləri, həmçinin kibertəhlükəsizliklə bağlı hökumətləri əməkdaşlığa çağırır.
“TikTok” sözçüsü Broke Obervetter məhdudiyyətlərlə bağlı deyib: “Əgər məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, bu tələb problemi həll etmir. Tətbiq sahibinin dəyişməsi məlumat axınına və ya girişə heç bir yeni məhdudiyyət qoymur".
Obervetter deyir ki, artıq mövcud olan güclü üçüncü tərəf monitorinqi, nəzərdən keçirilməsi və yoxlanması, həmçinin Amerika istifadəçi məlumatlarının və sistemlərinin şəffaf, ABŞ mərkəzli mühafizəsi narahatlıqları aradan qaldırmaq üçün kifayət edəcək.
“TikTok” hökumətlərin və istifadəçilərin suallarına aydınlıq gətirmək üçün platforma haqqında "Miflər və Faktlar" başlığı altında bəyanat yayıb. Platforma Çin ilə məlumat paylaşdığı, “ByteDance”in idarə heyətində Çin hökumətinin rəsmilərinin olduğu və “TikTok”la bağlı inzibati qərarların Pekin tərəfindən verildiyi iddialarına cavab verib.
Nəticə
- Avropa ölkələrində “TikTok” tamamilə deyil, dövlət işçilərinə və dövlət məmurlarına dövlət tərəfindən təqdim olunan telefonlarında “TikTok”dan istifadə etmək qadağandır;
- Avropada tətbiq edilən bu məhdudiyyətin əsas səbəbi ölkələrin kibertəhlükəsizlik narahatlığıdır;
- “TikTok”un dövlət məmurlarına təqdim edilən telefonlarda istifadəsi ABŞ, Kanada və Yeni Zelandiyada da qadağandır;
- Hindistan və Tayvanda bir çox Çin proqram təminatı, o cümlədən “TikTok” milli təhlükəsizlik səbəbi ilə tamamilə qadağan edilib;
- Əxlaqsız məzmunun paylaşıldığı səbəbi ilə tətbiqi qadağan edən ölkələr arasında Əfqanıstan və Pakistan da var.