“Freedom House” təşkilatı “2024-cü ildə keçid dövründə olan ölkələr: Regionun avtokratiyalara və demokratiyalara bölünməsi” adlı hesabatını açıqlayıb. Sənəddə qeyd edilir ki, regionun 29 ölkəsindən 10-da demokratiya zəifləyib, 5 ölkədə vəziyyət yaxşılaşıb. Hesabatda demokratiya aşağı dərəcəyə malik olan ölkələr qrupunda Türkmənistan, Tacikistan, Azərbaycan və Rusiya  yer alıb. Ermənistan (3.07 bal) və Gürcüstan (3.04) qismən demokratik ölkələr kimi qiymətləndirilib.

Faktyoxla Lab. “Freedom House”un hesabatında Azərbaycanla bağlı irəli sürülən ittihamlara aydınlıq gətirməyə çalışıb.

Birinci məqam: Azərbaycanın Qarabağı “fəth etməsi və etnik təmizləmə”, yaxud avtoritar ekspansiya ittihamıdır. Təşkilat Azərbaycanın öz suveren ərazilərində separatçılara və qondarma rejimin silahlı birləşmələrinə qarşı apardığı antiterror tədbirlərini, özünün konstitusion hüquqlarını bərpa etməsini Rusiya-Ukrayna müharibəsi ilə eyniləşdirir və ekspansiya kimi qələmə verir. Sitat: “2023-cü ildə Azərbaycan qüvvələri aylarla davam edən blokada və iki günlük hərbi əməliyyatdan sonra 1994-cü ildən de-fakto müstəqillik əldə etmiş etnik erməni anklavı olan Dağlıq Qarabağa nəzarəti ələ keçirdi, siyasi liderlərin və müdafiə qüvvələrinin təslim olması ərazinin demək olar ki, bütün etnik erməni əhalisini Ermənistan Respublikasına qaçmağa sövq etdi. Nəticədə, bölgədə fəlakətli ekspansiya baş verdi”.
Ekspansiya bir dövlətin başqa bir dövlətin ərazisinə hərbi müdaxiləsidir. Azərbaycan öz suveren ərazilərində, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarında özünə qarşı ekspansiya həyata keçirə bilərmi? 

İkinci məqam: “Freedom House”un əvvəlki hesabatında olduğu kimi yenə də vətəndaş azadlıqları, demokratik islahatlar, məhkəmə-hüquq sahəsində vəziyyət, media azadlığı kimi sahələrdə Azərbaycana qarşı ənənəvi, əsassız iddialar yenidən dilə gətirilib. Əlavə olaraq, hesabatda “siyasi məhbuslar”, Qubad İbadoğlu və qaçaqmalçılıqda ittiham olunan digər şəxslərin həbsi, “Abzas Media” və “Kanal 13” işi və insan haqları ilə bağlı bəzi yeni məqamlar əksini tapıb. Yuxarıda qeyd edilən məqamların hər biri barədə Azərbaycan hökumətinin kifayət qədər izahatı beynəlxalq siyasi-ictimai icmaya da məlumdur, “siyasi məhbuslar”, Q.İbadoğlu, “Abzas Media”nın əməkdaşları və digərlərinin həbsi ilə bağlı konkret heç bir siyasi motivin olmadığı istintaq orqanları tərəfindən təkzibolunmaz əsaslı dəlillərlə sübut olunub. Bu barədə çox danışmadan, təkcə Qubad İbadoğlu ilə bağlı ABŞ konqresmenləri tərəfindən qəbul olunan 2 qətnamə layihəsində “Amerika Ermənilərinin Milli Komitəsi”nin (ANCA) rolunu ifşa edən bu məqaləni təqdim edib, növbəti iddialara keçirik. 

ABŞ Konqresində Qubad İbadoğlu ilə bağlı hazırlanan qətnamə layihələrinin arxasından anti-Azərbaycan və anti-Türkiyə qüvvələr çıxdı — Sensassiya doğuracaq faktlar! 

Üçüncü məqam. Azərbaycanla bağlı digər məqam, ölkəmizdə yaşayan xalqların, etniklərin siyasi, ictimai-humanitar, elmi-mədəni və milli hüquqlarının pozulması ilə bağlı ittihamdır. Konkret olaraq talış və ləzgi kimliyinin və azadlığının boğulmasına dair açıq böhtana yer verilir. Bu “ssenarinin” haradan gəldiyi sirr deyil, “Freedom House” təşkilatını idarə edən ABŞ-dakı erməni lobbisi dəfələrlə Azərbaycanda yaşayan milli azlıqlar arasında ədavət salmağa, milli birliyi pozmağa çalışıb, hələ Birinci Qarabağ müharibəsi zamanı da belə təxribatlara cəhdlər edilib, ancaq talış və ləzgilər belə çirkin oyunlara alət olmayıblar, milli ləyaqətləri ilə əsil azərbaycanlı olduqlarını ən çətin sınaqlarda sübut ediblər


Hər zaman mili dövlətçilik və həmrəylik ideologiyasına əsaslanan ləzgi və talışlar Azərbaycanda xalqlar və millətlər arasında nifaq salmağa çalışanlara öz yerini göstəriblər, dövlətə sədaqətlərini nümayiş etdiriblər.

2020-ci ildə 44 günlük müharibə zamanı keçmiş separatçı rejimin Bakıda təcridxanada yatan sabiq rəhbəri Araik Arutyunyan erməni, rus, ingilis, ləzgi, talış dillərində Azərbaycanda yaşayan talış və ləzgilərə müraciət edərək, onları işğalçı Ermənistana qarşı savaşı boykot etməyə çağırmasını xatırlayırıq. Ancaq talış və ləzgilərin bu təxribata cavabı çox sərt oldu, onlar əsl milli həmrəyliyi ifadə edən aksiyalarla ermənilərə və onların arxasında dayananlara layiqli cavab verdilər. Həmvətənləri ilə çiyin-çiyinə dayanaraq düşmənə qarşı mübarizə aparan digər azsaylı xalqların nümayəndələri öz Vətənləri uğrunda şəhid oldular.


Azərbaycanın ən tanınmış ziyalıları, şəxsiyyətləri sırasında kifayət qədər ləzgilər və talışlar vardır. Neçə illərdir ki, onlar dövlətin ən məsul vəzifələrində irəli çəkilib, Milli Məclisdə, Prezident Administrasiyasında, dövlət qurumlarında, nazirlik və komitələrdə, müxtəlif təşkilatlarda, özəl biznes sahəsində, təhsil, səhiyyə, elm, mədəniyyət, sosial müdafiə, hüquq-mühafizə, hərbi sahə və digər müxtəlif sektorlarda ləzgi və talışlar digər vətəndaşlarla bərabər qaydada təmsil olunurlar.
Ona görə də “Freedom House”un etnik azlıq qruplarının üzvlərinin ayrı-seçkiliyə məruz qalması barədə ittihamı böhtandır və Azərbaycanda milli birliyi pozmağa çalışan xarici kəşfiyyatın təxribat planlarına xidmət edir.

Azərbaycanda dini ayrı-seçkiliyə yol verilməsi barədə ittiham da başqa bir təxribat ssenarisinin tərkib hissəsidir. Azərbaycan milli, dini və etnik müxtəliflik baxımından Şərqi Avropanın, o cümlədən Cənubi Qafqazın ən zəngin dövlətidir. Ölkənin bütün vətəndaşlarının etnik xüsusiyyətləri nəzərə alınır, qorunur və inkişafı üçün şərait yaradılır. Azərbaycan Respublikasının Konstitusiyasında (48-ci maddə) dini azadlıq təsbit olunub. Sitat: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu respublika vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq hüquq bərabərliyini təmin edir.
Ermənistandan fərqli olaraq Azərbaycan dini baxımdan çoxkonfessiyalı ölkədir. Ölkəmizin ərazisində 2250 məscid, 16 kilsə, 7 sinaqoq, 748 ziyarətgah fəaliyyət göstərir.
Dövlət başçısının 27 noyabr 2014-cü il tarixli  “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamına əsasən, bütün dini konfessiyalara, dini ocaqlara yardım edilir
Dünya dini liderləri davamlı olaraq Azərbaycana toplaşaraq dini sammitlər, forumlar təşkil edir, təsadüfi deyil ki, Bakı dünyanın tolerantlıq məkanlarından biri hesab edilir. Ölkəmizə səfər edən dini liderlər, o cümlədən, Roma Papası Fransisk, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqu yüksək qiymətləndirərək dini ayrı-seçkiliyin heç bir təzahürünün olmadığını bəyan ediblər.

Bu reallığı görə bilməyən “Freedom House”un niyyəti əslində dini siyasiləşdirmək, Azərbaycanda dini ekstremizmi qızışdıranları təşviq etməkdir. Bunu təşkilatın “hakimiyyət ölkədə şöhrət qazanmış siyasi islam hərəkatını şiddətlə təzyiqlərə məruz qoyub” ifadəsindən də görmək mümkündür. Azərbaycanda dinin dövlətdən ayrı olduğu halda dinin siyasi hərəkat kimi hesabata salınması başqa bir təxribatın təzahürdür.

Beşinci məqam. “Freedom House”un Azərbaycanla bağlı qeydlərində gülünc doğuran və bizim ölkəmizə ümumiyyətlə, aidiyyəti olmayan iddiadır: Azərbaycanın Ermənistanda aparılan siyasi, hüquqi-iqtisadi və s. islahatlara mane olur

Hesabat müəlliflərinin fikrincə Azərbaycan Paşinyan hökumətinin hüquqi və iqtisadi islahatlar aparmaq iradəsinə mane olur. Hətta Ermənistanda “demokratikləşmənin risk altına düşməsinin”, artan korrupsiya hallarının qarşısının alınmasında hökumətin iradəsizliyinin və dövlət məmurlarının korrupsiya hallarında iştirakının qarşısının alınmamasının da günahkarı Azərbaycan hesab olunur.
Hesabatda qeyd edilir ki, Ermənistanda yüksək vəzifəli dövlət məmurlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya ilə məşğul olmalarına dair yetərli sayda sübutlara baxmayaraq, İrəvan Azərbaycanla münaqişədə olduğundan, bu cür hallarla mübarizə apara bilmir. 2020-ci il müharibəsindən sonra hakimiyyət “təhlükəsizlik problemləri tədbirlərinə” daha çox vaxt ayırdığından islahatlara gücü çatmır. Olduqca gülünc və cəfəng iddiadır.
Məsələ ondadır ki, “Freedom House”-un şəffaflıqla bağlı rəyinin növbəti bəndində yuxarıda Azərbaycanla bağlı deyilənlər tam təkzib olunur və hesabat müəllifləri bununla da özləri özlərini ifşa edirlər. Belə ki, növbəti hissədə qeyd edilir ki, Ermənistanda şəffaflıq problemi tarixən məhdud olub və dövlət məmurları hər zaman vəzifə imkanlarından istifadə edərək qeyri-qanuni yollarla əldə etdikləri gəlir və əmlak bəyannaməsini təqdim etmirlər. Ümumiyyətlə bu ölkədə hesabatlığa riayətetmə qaydalarının tətbiqi bütün hakimiyyətlərin dövründə həmişə zəif olub. Bu fikirlər bir daha Ermənistanda korrupsiya ilə mübarizənin heç vaxt ciddiyə alınmadığına işarədir və Paşinyandan əvvəl qalma “xəstəlik” olduğunu göstərir. Bu isə “hakimiyyətin şəffaflıqla bağlı apardığı islahatların Azərbaycanla müharibədən sonra ləngiməsi” iddiasını alt-üst edir, təşkilat bu cür ziddiyyətli rəyi ilə özünü gülünc vəziyyətə salır.
Yaxud Ermənistanda aqrar islahatların ləngiməsi, insanların kiçik biznes və aqrar təsərrüfatlarını inkişaf etdirə bilməməsinə görə də, Azərbaycan günahlandırılır. İddia olunur ki, Azərbaycanla sərhəd olan Sünik və Qeqarkunik əyalətlərində heyvandarlıq və əkinçiliklə məşğul olanların təsərrüfatlarına marağı son 2 ildə azalıb. Azərbaycanın sərhəddə, bütün dünya praktikasında olduğu kimi, gözətçi postlarının olmasının qonşu ölkənin ərazisindəki əkin-biçinə nə dəxli var? Axı 2 ildir ki, elə həmin bölgədə Avropa İttifaqının monitorinq missiyası onların keşiyini çəkir.
Bu cür rəy sadəcə Ermənistanda iqtisadi sahədə islahatlar apara bilməyən hökuməti sığortalamaq üçün bəhanələrdir.

Bəs Ermənistanda demokratiya, söz və ifadə, media azadlığı, insan haqları, şəffaflıq və digər sahələrdə əsl vəziyyət necədir və yaxud hesabat müəllifləri bunları niyə görməyiblər?

2023-cü ildə Ermənistanda insan haqlarının pozulması halları, ictimai, siyasi fəallara, müxalif media subyektlərinə qarşı təqiblər və həbslər daha da artıb. “Mənim şərəfim var” fraksiyasının rəhbəri, Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü Hayk Mamicanyan ölkəsində siyası məhbusların sayının 50-ə çatdığını və indiyə qədər heç vaxt bu sayda siyasi məhbus olmadığını bəyan edib.
Ötən il müxalifətin mitinqlərini təşkil edən siyasi fəallardan biri, “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan birbaşa siyasi fəaliyyətinə görə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin noyabrında keçirilən sorğuların nəticələrinə əsasən, respondentlərin 52%-i Ermənistanda siyasi məhbusların olduğuna qəti əminliyini ifadə edib.
Qadınlara qarşı zorakılıq
da Ermənistanda ictimai həyat vərdişinə çevrilib. Ötən ilin 9 ayı ərzində bu motiv üzrə 1051 cinayət şikayəti araşdırılıb ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən, 391 şikayət hadisəsi çoxdur. Ermənistanda məişət zorakılığından xilas olmaq üçün yaradılmış iki sığınacaqda yerləşənlərin sayı durmadan artır, ancaq buna baxmayaraq, qadınların müdafiəsi səmərəsiz olaraq qalır, polisin təcili müdaxiləsi ilə onlara qarşı zor tətbiq edən şəxslərin məhkəmə tərəfindən çıxarılmış cəzaları qüvvədən düşür.
"MPG konsaltinq" şirkəti (Marketing Professional Group - GALLUP Beynəlxalq Assosiasiyası) Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri də sübut edir ki, bu ölkədə siyasi və ictimai mövqeyinə görə, insanların təqib və həbs olunması adi hala çevrilib
Ermənistanın Ombudsmanı Anahit Manasyan da hüquq-mühafizə orqanlarının vətəndaşların sərbəst toplaşmaq hüququnu pozduğunu etiraf edir. O, vətəndaşların hüquqlarının qanunsuz məhdudlaşdırılması ilə bağlı şikayətlərin artdığını, xüsusən də polis zorakılığı və inzibati həbs barədə narahatlığını bildirib.
Ermənistanda son illərdə ən çox rast gəlinən hallardan biri diffamasiya sahəsində vəziyyətin pisləşməsi, qanunvericilikdəki məhdudiyyətlərin saxtalaşdırılmasından sonra dekriminallaşdırma meyillərinin güclənməsi, ictimai sektora və media üzvlərinə qarşı təzyiqlərin artması, uzun və məhkəmə çəkişmələrinin və cəzaların adiləşməsidir.
“Söz Azadlığının Müdafiə” Komitəsinin rəhbəri Aşot Melikyanın sözlərinə görə, 2023-cü ildə Ermənistanda mediaya qarşı təzyiqlər artıb. Ötən il 60 hal qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə beş hal çoxdur. Media nümayəndələrinə qarşı nifrət və təhdid təzahürləri də dərinləşib, 6 jurnalistə qarşı fiziki zorakılıq halı qeydə alınıb. Jurnalistlərin dövlət orqanlarının, o cümlədən parlamentin tədbirlərində iştirak üçün akkreditasiyadan məhrum edilməsi halları yenə də qalır.
Söz Azadlığının Müdafiəsi” Komitəsinin 2023-cü ilə dair hesabatında o da qeyd edilir ki,  ötən il KİV nümayəndələrinə qarşı məhkəmə iddiaları da artıb, 2023-cü ildə 36 yeni iddia qaldırılıb, ümumilikdə son 2 ildə mediaya qarşı məhkəmə iddialarını sayı 71-ə çatıb. Məhkəmə  araşdırmalarının nəticələri isə onu göstərir ki, mediaya qarşı sifarişli işlərin arxasında dövlət dayanır və ədalətli məhkəməsi prinsipi tamamilə pozulmaqdadır.
Beynəlxalq icma da Ermənistanda insan haqlarının acınacaqlı olmasını öz sənədlərində qeyd edir. “Amnesty International” təşkilatı da Ermənistanda  polisin sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozduğunu və etirazçılara qarşı amansız davranmasını, ələlxüsus da parlamentin binası yaxınlığında qumbaralardan və qeyri-mütənasib gücdən istifadə etdiyini, insanların kütləvi zorakılıqla saxlandığını qeyd edib.



Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2023-cü ildə Ermənistanla bağlı 147 ərizəyə baxaraq 25 qərar qəbul edib. Bu, 2022-ci ildə qəbul edilmiş qərardadlarla nisbətdə 4 say çoxdur. Qərarlarda qanun pozuntuları kimi əsas yeri insan hüquq və  azadlığının məhdudlaşdırılması, ifadə və söz azadlığına qarşı maneələr yer alır. Sonrakı yerlərdə vətəndaşların biznes və şəxsi toxunulmazlığına qarşı məmur müdaxiləsi, başqa əqidəyə və inanca malik insanların ləyaqətinin alçaldılması və s. hallar qanun pozuntusu kimi səciyyələndirilir
ABŞ Dövlət Departamentinin bəyanatında da Ermənistandakı polis toqquşmaları ilə bağlı ictimai sabitlikdən narahatlıq ifadə olunub.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının 2023-cü ilə dair hesabatının Ermənistan bölməsində isə qeyd olunur ki, ölkədə konstitusiya islahatları dalana dirənib, məhkəmə, polis, əlillərin hüquqları və təhsil sahələrində sektoral islahatlar davam etdirilsə də, qeyri-qənaətbəxşdir. İnsan haqlarının qorunmasında məhkəmələrin fəaliyyəti zəif və sui-istifadə xarakteri daşıyır, hüquq-mühafizə orqanları tərəfindən məhbuslara qarşı zorakılıq, əlilliyi olan insanlara qarşı ayrı-seçkilik, cinsi oriyentasiya və gender bərabərliyinə qarşı zorakılıq və ayrı-seçkilik ənənəvi olaraq qalır, ölkədə cəzasızlıq mühiti hökm sürür. Siyasətçilər və biznesmenlər tez-tez jurnalistlərə və media qurumlarına qarşı mülki məhkəmə çəkişmələri aparır, onları ağır maliyyə cəzaları ilə hədələyirlər

İndi isə şəffaflıq və korrupsiya barədə...

“Freedom House” hesabatında Ermənistanda şəffaflıq və hesabatlılığın, korrupsiya ilə mübarizənin ləngiməsində riyakarlıq edərək Azərbaycanı ittiham etməyə çalışsa da, Ermənistanın özünün rəsmi hesabatları, statistikası Paşinyan hökumətinin əsl korrupsioner mahiyyətini açır. Həmin sənədlərdən də görünür ki, bu ölkədə 2023-cü ildə vəziyyət əvvəlki illərə nisbətən daha da pisləşib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti 2023-cü ildə ölkədə korrupsiya halları nəticəsində dövlətə dəymiş ziyanın məbləğinin 16 milyard dram (40 milyon dollar) təşkil etdiyini bildirib. Xidmətin direktoru Armen Abazyan  bildirib ki, korrupsiya halları gömrük, səhiyyə, iqtisadiyyat və hüquq-mühafizə sahələrində qeydə alınıb, həmçinin ölkədə “çirkli pulların yuyulması” motivi üzrə 204 korrupsiya cinayəti müəyyən edilib. Dövlətə dəymiş zərərin cəmi 395 milyon dramı  (1 milyon dollar) qaytarılıb, qalan vəsaitlər itib.
Korrupsiya orduda da geniş vüsət alıb. Ermənistan Hərbi Prokurorluğu 2023-cü ildə orduda yoxa çıxmış 2 milyard 482 milyon dram məbləğində (9,8 milyon dollar) təzminatı ödəmək üçün Silahlı Qüvvələrin rəhbərliyi qarşısında icraat qaldırıb. 2023-cü il ərzində Ermənistanın Silahlı Qüvvələrində və digər qoşunların hərbi hissələrində 52 korrupsiya cinayəti qeydə alınıb, bu hal üzrə məhkəməyə göndərilən işlərin sayı 2 dəfə artıb. Ümumilikdə, korrupsiya motivləri üzrə dövlətə dəymiş ziyanın məbləği 5 milyard 62 milyon dram ( 19milyon dollar) təşkil edib.
Ermənistanı silkələyən ən səs-küylü korrupsiya qalmaqalı isə birbaşa ən yüksək səviyyədə məmur korrupsiyası ilə bağlı olub. Paşinaynın ən yaxını və xüsusi etibar etdiyi iqtisadiyyat naziri Vaan Kerobyanın korrupsiya cinayətlərinə Ermənistan İstintaq Komitəsi də biganə qala bilməyib və 2024-cü ilin fevral ayında İqtisadiyyat Nazirliyində apardığı axtarışlardan sonra 7 nəfəri saxlayıb, ancaq onların əksəriyyəti sonradan sərbəst buraxılıb. Nazir Vaan Kerobyan korrupsiya ittihamları ilə bağlı vəzifəsindən azad edilib, ancaq cinayət məsuliyyətinə cəlb edilməyib. Dövlət tenderlərində və kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mənimsəmə ittihamı ilə saxlanılan şəxslərin arasında Ermənistan parlamentinin sədri Alen Simonyanın qaraşının yoldaşı Ani Gevorkyan, iqtisadiyyat nazirinin müavini Ani İspiryan, ölkənin ən iri İnTex şirkəti olan və Paşinyanın bütün dövlət layihələrini icra edən “Synergy”nin rəhbəri də yer alır, ancaq o da sərbəst buraxılıb.



Bu faktlar onu sübut edir ki, Ermənistanda şəffaflıq və korrupsiya ilə mübarizə yalnız imitasiya naminə aparılır və beynəlxalq təşkilatları aldatmaq məqsədi güdür. Ermənistanın baş naziri Nikol Paşinyan özü də etiraf edir ki, məhkəmələrdə çoxsaylı korrupsiya işlərinə baxılması heç bir fayda vermir və oğurluq və ya rüşvətxorluq üstündə tutulduqdan sonra sərbəst buraxılmış məmurlar İrəvan kafelərində və ya xaricdə rahat əylənirsə, bu, korrupsiya ilə mübarizənin süni xarakter daşıdığını göstərir
Bütün bunlara rəğmən “Freedom House” kimi ermənipərəst təşkilat belə ağır iqtisadi cinayətlərin üstündən sükutla keçərək hesabatda ancaq müsbət məqamları əks etdirir. Habelə, ABŞ-da eyni riyakar və saxtakar bir təşkilat olan Beynəlxalq Şəffaflıq Təşkilatı 2023-cü ilin hesabatında Ermənistanı 47 balla dünya sıralamasında 62-ci yerdə - orta mövqeyə malik ölkələr qrupunda qərarlaşdırıb.

İndi isə “Freedom House”-un qərəzli hesabatının hazırlayan müəlliflər haqda ehtimallar

Bu yöndə araşdırma apardığımız zaman bəlli oldu ki, qeyd edilən beynəlxalq təşkilatda milliyyətcə erməni olan 7 əməkdaş çalışır. Onların kimliklərini araşdırmışıq.

Enni BoyacyanFreedom House”-un siyasətinin və maraqlarının qorunması üzrə vitse-prezidentidir və bu təşkilatın ABŞ hökuməti və digər hüquq müdafiə qrupları ilə əlaqələrinə məsuldur.

Boyacyan dəfələrlə ABŞ Konqresində məruzə edib və Konqresin bir çox üzvlərinin məsləhətçisi olub. Freedom House”-da işləyənə qədər 7 il ərzində Nümayəndələr Palatası və Senatda müxtəlif vəzifələrdə çalışıb.

2007-2011-ci illərdə senator Sem Braunbekin ofisində qanunvericilik üzrə köməkçi, 2011-2013-cü illərdə konqresmen Tim Hyulskampın ofisində qanunvericilik üzrə köməkçi, 2013-2014-cü illərdə Konqresmen Ceki Valorskinin ofisində qanunvericilik məsələləri üzrə direktor vəzifələrində çalışıb. 

Boyacyanın çalışdığı hər üç konqresmen müxtəlif vaxtlarda “Amerika erməniləri Milli Komitəsi” (ANCA) tərəfindən qiymətləndirilib. Onlardan Ceki Valorski “erməni soyqırımının tanınması haqda “H.Res.296 Qətnaməsi”nə imza atıb, konqresmen Tim Hyulskampın fəaliyyəti “ANCA” tərəfindən ardıcıl olaraq 4 dəfə “məqbul” qiymətləndirilib. Senator Sem Braunbek isə qondarma qurumun təmsilçilərini qəbul edib, “erməni soyqırımı” qətnaməsinə səs verdiyi üçün “ANCA”-nın təşəkkürünü alıb və 2001-ci ildə “907-ci düzəliş”i dəstəkləyənlərdən biri olub.

 Boyacyanın “linkedin” sosial platformasında qeyd olunub ki, onun “xarici siyasət analitikası” üzrə bacarıqlarını tövsiyə edənlərdən biri “ANCA”-nın hökumətlə əlaqələr üzrə keçmiş direktoru Raffi Karakaşyandır.

 
Enni Boyacyan “X” platformasında aktivdir. Lakin burada neytrallığını qoruya bilmir. Misal üçün, o, “Freedom House”un 19 sentyabr 2023-cü ildə yaydığı “Biz Azərbaycan hökumətinin Dağlıq Qarabağdakı zorakı hücumlarını, regionun erməni əhalisinə qarşı etnik təmizləmə riskini artırmasını qətiyyətlə pisləyirik. Bölgənin demoqrafik göstəricilərini zorla dəyişdirmək cəhdi qeyri-qanunidir və qəbuledilməzdir” statusunu təkrar paylaşıb. Bundan başqa beynəlxalq təşkilatın təmsilçisi Senatın İnsan Hüquqları bürosuna, xüsusilə də senator Tom Tillisə Türkiyə ilə bağlı keçirilən brifinqə görə təşəkkür edib.  Xatırladaq ki, senator Tom Tillis 2017-2018-ci illərdə Türkiyəyə F-35-lərin satılmasını qadağan edən "S.2781" qətnaməsinin, Türkiyəyə maliyyə yardımını dayandırılmasını ehtiva edən "S.3248" qətnaməsinin, "Avrasiyada dini etiqad azadlığı haqqında  "S.Res.539" qətnaməsinin həmmüəllifi olub. Bundan başqa o, 2017-ci ildə R.T.Erdoğandan pastor Bransonu azad etməyi tələb edən "Korkr-Kardin məktubu"nu imzalayanlardan olub. Həmin illərdə sosial mediada Türkiyəyə qarşı aparılan kampaniyanın əsas iştirakçılarından biri sayılır. (mənbə)

Andranik Şirinyan, “Freedom House”-un Ermənistan üzrə nümayəndəliyinin rəhbəridir.

O, həmin qurumda əvvəl layihə rəhbərinin köməkçisi, layihə mütəxəssisi, layihə koordinatoru, hazırda isə nümayəndəlik rəhbəri vəzifələrində çalışıb. Şirinyan 3 oktyabr 2023-cü ildə Polşada keçirilən Varşava Konfransında (Warsaw Human Dimension Conference) Azərbaycan əleyhinə qərəzli və haqsız çıxışı ilə yadda qalıb.

Bundan başqa, beynəlxalq təşkilatın təmsilçisi olmasına baxmayaraq öz soydaşları tərəfindən idarə olunan “CaucasusHeritageWatch” profilinin Şuşa şəhərində Qazançı məbədinin dəyişdirilməsi haqda əsassız və saxta xəbərini təkrar paylaşıb. 

Roza Melkumyan jurnalist, hüquq müdafiəçisi, 2023-cü ildən “Freedom House”-un Ermənistan və Ukrayna proqramının partnyorudur

R.Melkumyan “Freedom House”-un saytında yayımlanan “Bakının düşmənliyi Dağlıq Qarabağın süqutundan sonra da heç bir zaman azalmayıb” məqaləsinin müəllifidir. Erməni müəllif düşünür ki, işğal olunmuş ərazi Azərbaycanın nəzarətinə qaytarılandan sonra Cənubi Qafqazda davamlı sülh hələ də diqqətdən kənar qalır. 

Beynəlxalq təşkilatın təmsilçisi “Freedom House”-un Ermənistan üzrə nümayəndəliyinin rəhbəri Andranik Şirinyanın Polşada keçirilən İnsan ölçüsü üzrə Varşava Konfransındakı 3 oktyabr, 2023 tarixli çıxışının videosunu təkrar paylaşaraq@Shirinyan, səninlə və təcavüzlə bağlı hazırlanan hesabat üzərində işləyən komanda ilə fəxr edirəm” yazıb. 

R.Melkumyan Qarabağda keçirilən antiterror tədbirlərindən az sonra, yəni 3 oktyabr 2023-cü ildə təmsil etdiyi qurumun anti-müharibə aksiyaçılarının həbs olunması ilə bağlı haqsız və arqumentsiz statusunu təkrar paylaşıb.

Anna Sukiasyan. 2024-cü ilin yanvarından “Freedom House”-un proqram əlaqələndiricisi vəzifəsində çalışır.

O, eyni zamanda www.europeancorrespondent.com-un əməkdaşıdır. Maastrix Universitetində “Siyasət və təhlükəsizlik” ixtisasında təhsil alıb. OSİNT, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi (AML/CFT) üzrə ixtisaslaşıb.

Həmin saytda işlədiyi dövrdəAzərbaycanın BMT-də Rusiyaya passiv dəstəyi”, “Uşaq bağçaları- Qarabağ ermənilərinin daxili məcburi köçkünləri üçün sığınacağı kimi”, “Dünya Mətbuat Azadlığı İndeksi Azərbaycanı media azadlığına görə 180 ölkə arasında 151-ci sırada”, “Ermənilərin Dağlıq Qarabağdan çıxması” və s. kimi anti-Azərbaycan, qərəzli, tərəf saxlayan məqalələr dərc olunub.  

Xatırladaq ki, A.Sukiasyanın “europeancorrespondent.com” saytında işləməsi təsadüfi deyil. Belə ki, həmin saytın rəhbərlərindən baş redaktor Viktoriya Muradyan və Şərqi Avropa üzrə redaktoru Aren Melikyan milliyyətcə ermənidirlər. 

Anna Sukiasyan da digər həmkarları kimi neytrallığını heç vaxt qorumayıb, Azərbaycan əleyhinə status və yazıları ilə xatırlanır. Onun “X” platformasında yazdığı əsassız fikirlər bunu təsdiqləyir. Misal üçün, 25 sentyabr 2023 -cü ildə yazdığı statusda Qarabağdan könüllü gedən erməniləri “deportasiyaya məruz qalan xalq” adlandırır və tamamilə saxta “Azərbaycan sərhədi bağlayana qədər cəld hərəkət etmək lazımdır” çağırışı edir.

O, 28 avqust 2023 -cü ildə yazdığı statusda isə faktları təhrif edir. “Laçın koridorunun davam edən blokadası...”

Artur Papyan “MDI Armenia”-nın direktoru, “CyberHUB-AM”-ın təsisçisi olan A.Papyan İnTex mütəxəssisidir və o, “Freedom House”-un araşdırmaçısı vəzifəsində çalışıb.

A.Papyan bu vəzifəyə qədər (2018-2019) “Azadlıq radiosu”nun Ermənistan bölməsinin direktoru olub. Qeyd edilənlər arasında ən çox saxta məlumatlar yayan, Azərbaycan əleyhinə hazırlanmış məqalələri paylaşan şəxslərdəndir. Paylaşımlarda “etnik təmizləmə”

“beynəlxalq təcavüz”

“Azərbaycanın hərbi təcavüzü”

sözlərindən istifadə edib.

Valeriya Andreasyan 2021-ci ildən bu günə kimiFreedom House”-da məsləhətçi, Paralel olaraq “Zinc Network”-da layihə meneceri vəzifəsində çalışır.

İrəvan Dövlət Universitetində ərəb dili üzrə bakalavr və magistr təhsili alıb.

V.Andreasyan da saxta və qərəzli məlumatları paylaşmaqla xatırlanır. Misal üçün, 5 yanvar 2023-cü ildə paylaşdığı statusda “Lacın koridorunun davamlı blokadası” ifadəsini işlədir və “beynəlxalq faktaraşdırıcı missiyanın yerləşdirilməsinin zəruriliyindən” danışır.

O, II Qarabağ müharibəsi zamanı “Azərbaycanın Qarabağda kaset bombalardan istifadə etməsi haqda” əsassız və saxta məlumatı da paylaşıb. 23 oktyabr 2020

Nəhayət, Freedom House”-da çalışan və aşkar edə bildiyimiz sonuncu erməni əməkdaş Şaron Nazaryandır.

S.Nazaryanın Azərbaycan əleyhinə paylaşımına, məqaləsinə rast gəlinmədiyini etiraf etməliyik. Lakin bu o demək deyil ki, S.Nazaryanın bu istiqamətdə fəaliyyəti olmayıb.

 

Yekun olaraq

-“Freedom House”un hesabatı ikili standartlara əsaslanır. Ölkələr arasında açıq ayrı-seçkiliyə yol verilir və ədalətlilik, obyektivlik tamamilə kölgədə qalıb.
Hesabatın Azərbaycanla bağlı bölməsi qeyri-obyektivdir, yoxlanılmamış və əsaslandırılmamış iddialar həqiqəti əks etdirmir.

- “Freedom House” bu cür yanaşma ilə Azərbaycanın ərazisindəki qondarma terrorçu rejimi siyasi hakimiyyət, terrorçuları müdafiə qüvvələri, bölgəni isə 1994-cü ildən fəaliyyət göstərən de-fakto dövlət kimi təqdim etməsi separatizmə və terrorizmə dəstəyin ifadəsidir.

- Hesabatın yazılışı, təqdimat dili müəlliflərin erməni millətindən olması ilə bağlı ciddi şübhələr yaradır.