Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ittihamla çıxış edərək bildirib ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 14-15 faizini hərbi xərclər təşkil edir. Paşinyan bu fikirləri ilə ona işarə etmək istəyir ki, Azərbaycan xüsusi hərbiləşdirmə yolu seçib və iqtisadi-maliyyə imkanları artdıqca gəlirlərinin böyük bir hissəsini silah almağa, hərbi təyinatlı xərclərlə qonşu ölkələri təhdid altında saxlamağa çalışır. istinad
Paşinyanın dedikləri nə dərəcədə əsaslıdır, həqiqətənmi Azərbaycanın hərbi xərcləri ÜDM-in 15 faizinə bərabərdir? Faktyoxla Lab. bu iddianı araşdırmağa çalışıb.
Azərbaycanda ÜDM 1 yanvar 2024-cü il tarixinə olan rəsmi statistikaya əsasən, 123 milyard manat və ya 72,4 milyard dollar təşkil edib. mənbə
Həmçinin, 2024-cü ilin büdcə layihəsində aparılan dürüstləşmələrdən sonra yeni xərc parametrləri də nəzərə alınmaqla ölkəmizin cəmi müdafiə və milli təhlükəsizlik xərclərinin birlikdə məbləği 7,1 milyard manat təsdiq olunub. Həmin məbləğin (2024-cü il büdcə xərclərinin istiqamətləri. 7.2 maddə) təxminən 1 milyard manatı sərhəd xidməti və milli təhlükəsizlik orqanlarının xərclərinin payına düşür, birbaşa hərbi xərclərin məbləği təxminən 6,1 milyard manat təşkil edir. mənbə
Bu rəqəmlərin müqayisəsindən görünür ki, Azərbaycanın hərbi xərcləri ÜDM-də 4,9 faizə bərabərdir.
Azərbaycanda hərbi xərclərin ÜDM-dəki payının 4-5 faiz civarında olmasını beynəlxalq iqtisadi institutların hesabatlarından da görmək mümkündür. mənbə
Ermənistandakı vəziyyəti də nəzərdən keçirək. Bu ölkənin hərbi xərclərin ÜDM-dəki payı Azərbaycanla müqayisədə təqribən 1,5-2 dəfə çoxdur. Belə ki, bu ölkədə 2024-cü il yanvarın 1-də ÜDM-in həcmi 9,5 trilyon dram və ya 24 milyard dollar təşkil edib.
2024-cü ilin dövlət büdcəsinin ümumi xərclərində isə hərbi xərclər 595 milyard dram və ya 1,5 milyard dollar təsdiq olunub ki, bu da ÜDM-in 7,4 faizi deməkdir. mənbə
Bundan başqa, hər iki ölkənin hərbi xərclərinin çəkisinin ÜDM-dən başqa, dövlət xərclərində, yəni büdcə xərclərindəki payına da diqqət edək.
Ermənistanın 2024-cü il üzrə dövlət büdcəsində cəmi xərclərinin həcmi 3 trilyon 206 milyard dram təşkil edir ki, bu da dollar ifadəsində 7,9 milyard dollara bərabərdir.
Ölkədə hərbi xərclərin məbləğinin 1,5 milyard dollar təşkil etməsini nəzərə alsaq, bu, büdcə xərclərinin 19 faizi deməkdir.
Azərbaycanda isə 2024-cü ilin büdcə xərclərinin həcmi 39,7 milyard manatdır. Hərbi xərclərin həcmi 6,1 milyard olmaqla cəmi büdcə xərclərinin 14,9 faizini təşkil edir. Mənbə
Hansı ölkənin son illərdə davamlı olaraq hərbi xərclərini sürətlə artırmasını 2020-2024-cü illərin büdcə parametrlərinə baxmaqla da müəyyən edə bilərik. Azərbaycanın 2020-2024-cü illərdə hərbi xərclərini faiz nisbəti Ermənistanın hərbi xərclərinin faiz nisbətinə görə xeyli azdır. 2020-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinə 3,9 milyad manat təşkil edib. mənbə
2024-cü ildə 6,1 milyard manat olub, yəni xərclər 4-5 il ərzində cəmi 52 faiz artırılıb.
Ermənistanda isə 2020-ci ildə 625 milyon dollar olan hərbi büdcə hazırda 1,5 milyard dollara çatıdırlıb. Bu isə 250 faiz və ya 2,5 dəfə artım deməkdir.
Yəni, Ermənistanın hərbi silahlanmaya son 4-5 ildə nominal baxımından Azərbaycandan 5 dəfə çox xərc yönəldib.
Göründüyü kimi Ermənistan hərbi xərclərin həm ÜDM-dəki, həm də büdcədə payına görə Azərbaycandan daha çox vəsait sərf edib. Bu isə dövlət xərclərində silahlanmaya hansı ölkənin daha çox üstünlük verməsini aydın göstərir.
Bir məsələni də nəzərə almaq lazımdır ki, Ermənistan hökumətinin hərbi xərclərinin arxasında real iqtisadi mənbə, maliyyə yığımı dayanmır. Hərbi büdcənin maliyyə təminatı yalnız xaricdən alınan böyükhəcmli borc vəsaitləri hesabına nizamlanır. Bu ölkənin 2024-cü il üzrə hərbi büdcəsinin həcmi 595 milyard dram təşkil etdiyi halda, büdcədə borcun ödənilməsi ilə bağlı xərclər 805,2 milyard dram (2,2 milyard dollar) nəzərdə tutulub. Yəni, bu o deməkdir ki, Ermənistan hərbi xərcləri tamamilə borc hesabına təmin edir.
Bu məntiqsiz iqtisadi siyasət isə Ermənistanın ağır xarici borclanmasını daha da çətinləşdirir. Belə ki, xarici borcun həcmi artıq 5 trilyon 314 milyard drama yüksəlməklə ÜDM-in 50,5 %-ni ötüb. İrəvan hökuməti gücü və maliyyəsi olmadığı halda silahanma ambisiyası ilə ölkənin iqtisadi təhülkəsizliyini risk altına salmaqdadır.
Bu azmış kimi, 2024-cü il üzrə büdcənin xərclərini bağlamaq üçün əlavə olaraq 341 milyard dram və ya 12 faizi defisitlər nəzərdə tutulub. Bu da ölkənin maliyyə dayaqlarının hədsiz dərəcədə çökmək riskləri ilə üz-üzə qoyur. mənbə
Paşinyan hakimiyyətinin hərbiləşdirmə israrlılığı Ermənistanı elə bir vəziyyətə salıb ki, ölkənin əsas xərclərə olan zəruri sahələri kənarda qalıb, sosial sahələrin maliyələşdirilməsi arxa plana keçib. Təhsil, səhiyyə, sosial müdafiə, investisiya, infrastruktur, kənd təsərrüfatı və digər sahələrin zəruri maliyyə ehtiyacları hərbi büdcənin iştəhası sayəsində ödənilə bilmir. Ölkədə əsaslı, yəni investisiya və infrastruktur sahələrinə ayrılan vəsaitlə hərbi xərclərin payı eyni həcmdədir.
Ermənistanın dövlət xərclərinin strukturunda hərbi xərclərlə investisiya, infrastruktur, sosial xərclərin həcmləri demək olar ki, eynidir. Əsaslı xərclər 695 milyard dram təşkil edir ki, bu isə hərbi xərclərdən cəmi 2 faiz çoxdur. Yaxud sosial müdafiə xərcləri 745 milyard dram olmaqla hərbi xərclərdən cəmi 150 milyard və ya 400 milyon dollar çoxdur. Təhsil, elm, mədəniyyət, idman xərcləri birlikdə 345 milyard dram, səhiyyə xərcləri 168 milyard dram təşkil edir. Bu sosial təyinatlı xərclərin cəmi məbləği 518 milyard olmaqla, hərbi xərclərdən təqribən 80 miyard dram azdır. Bütün bunlar bu ölkənin digər sahələrin xərclərini kəsərək hərbi büdcəyə yönəltməsinin təzahürdür. mənbə
Müqayisə üçün onu qeyd edək ki, Azərbaycanda hərbi büdcə digər xərc prioritetlərindən irəlidə deyil, hökumət sosial müdafiə və təminat, təhsil, səhiyyə, investisiya, azad edilmiş ərazilərin bərpası və s. sahələrin daha çox maliyyə təminatlarına üstünlük verir.
Azərbaycanın dövlət büdcəsinin 15,8 milyard manatı və ya 40 faizi sosialyönümlü xərclərdir. Büdcədə təkcə əməyin ödənişi xərcləri 9 milyard manat və ya cəmi xərclərin 24 faizinə bərabərdir. Ən strateji sahələrdən biri kimi təhsil, elm və səhiyyə xərclərinin (təkcə təhsil xərclərin həcmi 4,5 milyard manatdır) birgə həcmi (İcbari dövlət sığorta fondunun büdcəsi də nəzərə alınmaqla) 9,4 milyard manat təşkil edir. Yəni, hərbi xərclərdən 3,4 milyard manat çoxdur. 2024-cü il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi üçün 12,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 33,1 faizi həcmində vəsait nəzərdə tutulub ki, bu da müdafiə xərclərindən 6 milyard manat və ya 2 dəfə çoxdur. mənbə
Göründüyü kimi Azərbaycan hökuməti sosialyönümlü büdcə xərclərinə daha çox üstünlük verir. Bundan başqa, büdcədəki ehtiyat fondlarının vəsaitlərinin mütləq əksəriyyəti birbaşa infrastruktur, investisiya, sosial, yəni vətəndaşların həyat təminatlarının yaxşılaşdırılması üçün xərclənir. Halbuki həmin xərclərin də bir hissəsini hərbi sahəyə ayırmaq mümkündür, ancaq dövlət üçün əsas prioritet vətəndaşların həyat şəraitini və sosial rifahını yaxşılaşdırmaqdır. Büdcə siyasətinin məzmunu hərbiləşdirməyə xidmət etmir.
Yekun olaraq,
- Nikol Paşinyanın Azərbayan hökumətinin hərbi xərcləri ÜDM-də 15-17 faizə çatdırması barədə dediklərini tamamilə yalan və uydurmadır;
- Bu cür açıqlamalar total silahlanma yolu tutan bu ölkənin rəhbərliyinin gələcək hərbi niyyətlərini gizlətmək üçün manipulya xarakterli növbəti saxta iddiasıdır.