REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli bildirib ki, Cənubi Qafqaz respublikaları içərisində Azərbaycan adambaşına düşən büdcə xərclərinin məbləğinə görə ən geridədir. Onun fikrincə, Gürcüstanda adambaşına düşən büdcə xərcləri 2707 dollar, Ermənistanda 2566 dollar, Azərbaycanda isə 2379 dollar təşkil edir. 

Faktyoxla Lab. bu iddiaların nə qədər əsaslı olub-olmadığını araşdırıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsinin xərcləri 41 milyard 407 milyon 600 min manat (24,4 milyard dollar) həcmində təsdiqlənib. Əhalisi 10 milyon 180 min olan Azərbaycanda adambaşına büdcə xərci 2397 dollardır. Natiq Cəfərli isə 2379 dollar olduğunu deyir.  
Gürcüstanın 2025-ci il dövlət büdcəsinin xərcləri 27 milyard lari təşkil edəcək.



Bir ABŞ dollarının 2.81 GEL olduğunu nəzərə alsaq, qonşu ölkənin dövlət büdcəsinin xərcləri 9,6 milyard dollara bərabərdir.



Əhalisinin sayı 3,7 milyon nəfər təşkil edən Gürcüstanda adambaşıma düşən büdcə xərcinin məbləği bu halda (9,6 milyard dollar: 3,807 670 nəfər =2521) 2521 dollar təşkil edir, N.Cəfərlinin şişirtdiyi kimi 2707 yox.  

Cənubi Qafqazın sonuncu ölkəsi olan Ermənistanın isə 2025-ci il dövlət büdcəsinin xərcləri  3 trilyon 42 milyard dram həcmində təsdiq edilib. Bu, ABŞ valyutası ilə 7,8 milyard dollar deməkdir.


Bu rəsmi statistikaya əsaslanaraq əhalisinin sayı 3 milyon 60 min nəfər olan Ermənistanda adambaşına düşən büdcə xərcinin məbləğini də müəyyən edə bilərik. Cəmi büdcə xərclərinin bir nəfərə düşən həcmi (7,735 milyon dollar: 2 973840 nəfər = 2601) 2601 dollar təşkil edir.

Hər 3 ölkənin cəmi büdcə xərclərinə diqqət etdikdə, hər iki respublika maliyyə-fiskal gücünə görə Azərbaycandan qat-qat aşağı olduğunu görürük. Belə ki, Azərbaycanın büdcə xərclərinin cəmi məbləği 24,4 milyard dollar, Gürcüstanın xərcləri 9,6 milyard dollar, Ermənistanın büdcə xərcləri isə 7,8 milyard dollar təşkil edir. Yəni, bu, o deməkdir ki, Azərbaycan büdcə xərclərinin həcminə görə, Gürcüstanı 2,5 dəfə, Ermənistanı isə 3 dəfə üstələyir.

İndi büdcə xərclərinin hər nəfərə düşən xərcinə təsir edən amillərə baxaq.

Birincisi, büdcə xərclərinin hər nəfərə düşən xərcinə əhalinin say tərkibi ciddi təsir edir. Ermənistanın və Gürcüstanın əhalisi ayrı-ayrılıqda Azərbaycan əhalisindən bir neçə dəfə, cəm halda isə (iki respublikanın birlikdə əhalisi 6,7 milyon nəfərdir) 3,4 milyon nəfər azdırlar. Əgər Ermənistanda və ya Gürcüstanda əhali sayı Azərbaycandakı kimi 10 milyon nəfər olsaydı, onda bu ölkələrdə adambaşına düşən büdcə xərcləri 700-750 dollardan da çox ola bilməzdi.

Burada bir haşiyə çıxaq. Natiq Cəfərlinin yazdığı statusda izləyicilər bu faktı müəllifin diqqətinə çatdırsalar da Azərbaycan cəmiyyətinə iqtisadçı kimi təqdim olunan partiya sədri anlaşılmaz cavablar verib və özü-özünü bir neçə dəfə təkzib edib.

Bunu təsdiq edəcək bir neçə şərhə diqqət yetirək:  

1) Bu yazışmada N.Cəfərli özü qeyd edir ki, adambaşına düşən məlumatlardan danışır.

  2) Bu faktı ona xatırladan izləyicinin fikirlərinə cavab tapa bilməyən N.Cəfərli mövzu haqqında necə məlumatsız olduğunu nümayiş etdirir:

3) Burada partiya sədri tək bu mövzuda deyil, ümumiyyətlə dünyagörüşü və savad göstəricilərinin hansı səviyyədə olduğunu göstərir:

4) Bu şərh isə mövzuya nöqtə qoymağa kifayət edir:



Araşdırmanın davamı olaraq, Natiq Cəfərlinin diqqətinə çatdırırıq ki, hər 3 ölkənin icmal büdcəsinin gəlir və xərclərini müqayisə etsək Azərbaycan hər bir nəfərə düşən icmal büdcə xərclərinə görə də ilk sırada dayanır. Çünki icmal büdcə dövlət büdcəsi ilə yanaşı, regionların da yığımının payını əks etdirir. Eləcə də bir neçə dövlət qurumunun büdcədənkənar yığımları da dövlətin ümumi xərclərinə aid olduğundan bütün bu xərclərin cəmi ölkə üzrə əhalinin sayına bölünür.
Əgər 2025-ci il üzrə Azərbaycanın icmal büdcəsinin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat (28,2 milyard dollar) təşkil edəcəyini qəbul etsək, belə məlum olur ki, adambaşına düşən büdcə xərci 2804 dollar olacaq.

Natiq Cəfərlinin yazdığı mövzu ilə bağlı diqqətinə çatdıracağımız digər mühüm məqam büdcədə adambaşına düşən xərclərin ən mühüm səmərəverici amillərdindən biri sosial təyinatlı istifadənin yekun olaraq sosial göstəriclərə təsiri haqdadır. Belə ki, hansı ölkənin vətəndaşları maaş, pensiya, təqaüd, müavinət və s. ödənişlər üzrə daha çox pul alırlarsa, bu, onun adabaşına büdcə xərcinin səmərəliliyini əks etdirir. Azərbaycan pensiya, minimum əməkhaqqı, müavinət, təqaüd və digər sosial ödənişlərin məbləğinə görə Ermənistan və Gürcüstandan yüksəkdədir. Bundan başqa, Azərbaycanda dövlət büdcəsinin 40,9 faizi və ya 16,9 milyard manatının sosial yönümlü olması faktı var ki, bunu N.Cəfərli bilməlidir. Yəni xərcin təxminən 41 faizi və ya daha da sadələşdirsək hər 100 manat pulun 41 manatı vətəndaşların sosial-iqtisadi həyatı üçün nəzərdə tutulub.

Natiq Cəfərlinin təriflədiyi Gürcüstanın dövlət büdcəsi zərfində sosialyönmülü xərclərin məbləği dollar ifadəsi ilə 3,1 milyard və ya dövlət büdcəsi xərclərinin (27,9 milyard lari) 30,5 faizi deməkdir.
Ermənistan hökuməti 2025-ci ildə sosial xərclər üçün büdcədə 905 milyard dram və ya 2 milyard 250 milyon dollar nəzərdə tutub. Bu, ümumi büdcə xərclərinin 26 faizini təşkil edir.
Rəqəmlərdən də görünür ki, Azərbaycanda 2025-ci ildə adambaşına düşən sosial xərc 1000 dollar, Gürcüstanda 838 dollar, Ermənistanda isə 733 dollar təşkil edəcək.

Göründüyü kimi,

- Natiq Cəfərlinin Cənubi Qafqaz ölkələrində Azərbaycanın büdcə xərclərinin adambaşına düşən məbləğinə görə ən aşağıda olması barədə fikirləri həqiqəti əks etdirmir, səhv məlumatdır.

- Onun xərclə bağlı bu yanaşması manipulyasiya, Azərbaycanın büdcə-maliyyə potensialını məqsədli şəkildə təhrif etmək cəhdidir.  

 

Mövzuya əlavə: Cənubi Qafqaz respublikalarında sosial-iqtisadi vəziyyətin qısa analizi

Ümumilikdə, 2025-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərclərinin məbləği təxminən 42 milyard dollar təşkil edəcək ki, onun 24,4 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi 2 ölkənin payına düşür. Bu isə bölgədəki maliyyə-fiskal potensialın əsas güc sütünunu kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.

Gürcüstanın və Ermənistanın icmal büdcəsinin gəlir və xərcləri yuxarıda qeyd edilən rəqəmlərdən çox olmadığından toplam dövlət xərclərinin adambaşına düşən xərc və çəkisinə görə, hər iki respublika Azərbaycandan geridə qərarlaşır.
Bütün bunlara baxmayaraq, Azərbaycan büdcə xərclərinin ümumi həcmi ilə yanaşı, büdcədə birbaşa vətəndaşların sosial təminatını nəzərdə tutulan xərclərin məbləğinə görə də Ermənistan və Gürcüstandan irəlidədir. Belə ki, büdcədə adambaşına düşən xərclərinin strukturunda sosial xərclər büdcə effektivliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məsələ ondadır ki, Cənubi Qafqaz ölkələrindən Azərbaycan istisna olmaqla Gürcüstan və Ermənistanın dövlət büdcəsinin xərcləri real yığım resurslarına söykənmir. Xüsusilə də Ermənistanda bu, daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Bu ölkənin xərclərində təkcə xarici borcun faiz öhdəliklərinin ödənilməsinə 394 milyard dram (təxminən 1 milyard dollar) ayrılıb. Bu, dövlət büdcəsi xərclərinin 12 faizi, yaxud sosial sahəyə ayrılan vəsaitlərin 40 faizi həcmində məbləğ deməkdir.
Bura dövlət büdcəsinin kəsirini də əlavə etsək rəqəm 3 dəfə böyüyür. Belə ki, Ermənistan hökuməti 2025-ci ildə büdcə kəsirini təxminən 600 milyard dram müəyyən edib. Bu, 1,5 milyard dollar deməkdir. Kəsir isə xaricdən alınan borcla bağlanılır. 


Büdcədə borca xidmət haqqı və büdcə kəsiri üzrə borc birlikdə 994 milyard dram və ya 2,5 milyard dollar təşkil edir. Yuxarıda qeyd etdik ki, bu ölkənin büdcədə sosial xərclərinin məbləği  905 milyard dram və ya 2 milyard 250 milyon dollar nəzərdə tutub. Demək, Ermənistanın büdcə borcu adambaşına düşən sosial xərclərini xeyli üstələyir. Həmçinin, dövlət növbəti ildə büdcədəki xərcləri qarşılamaq üçün 1,247 milyard dollar məbləğində kredit cəlb edəcək. Nəticədə borc faizləri ödənişi, büdcə kəsiri və xarici kreditlərlə birgə büdcənin 3,8 milyard dolları və ya 42 faizi yerli resurslara deyil, xarici mənbələrin payına düşəcək.   
Bütün bunlar isə acınacaqlı vəziyyətdə olan borc yükünü artıracaq. 2025-ci ilin sonuna kimi Ermənistanın dövlət borcu təqribən 900 milyard dram artaraq 5 trilyon 914 milyard drama çatacaq. Bu, 3,4 trilyon dram dövlət büdcəsi olan ölkənin toplam xərclərindən 2,5 trilyon dram çox və ya büdcə xərclərindən 2 dəfə böyük (14,9 milyard dollar) borc yükü deməkdir. Yəni dövlət büdcəsində 6 milyard dollardan çox borc öhdəliyi yaranacaq.
Ermənistanda pensiya və təqaüdlərin orta aylıq məbləği təxminən 53 min dram, yəni 106 dollardır. Minimum pensiya məbləği təxminən 31,6 min dram və ya 75 dollar təşkil edir. (istinad)
Ermənistanda minimum əmək haqqı 68-75 min dram və ya 168-185 dollara çatıb. Yeni ildə artım nəzərdə tutulmur. (istinad)
Gürcüstanda isə 2024-cü ildə pensiyaların 315-415 lari (110 dollar) olacağı proqnozlaşdırılır.

 
Azərbaycanda isə pensiyaların orta məbləği 423 manat (249 dollar), yaşa görə pensiyaların orta aylıq məbləği 456 manat (268 dollar), minimum pensiya 280 manat (142 dollar) təşkil edir.
Azərbaycanda minimum əməkhaqqı 400 manat, yəni 235 dollara bərabərdir.
Nəticədə Azərbaycanda sosial inkişaf göstəriciləri hər iki Cənubu Qafqaz ölkəsindəki rəqəmləri daha da üstələmiş olacaq.
Bütün bu rəqəmlər onu təsdiqləyir ki, Ermənistan dövlət büdcəsini xarici kreditlər və borclar hesabına nizamlayır. Bu ölkədə adambaşına düşən büdcə xərcinin təxminən 42 faizi, yəni 2706 dolların 1137 dolları borc və ya kreditlər hesabına təmin olunur. Ölkənin milli fiskal gücü hesabına formalaşan büdcə xərci 1500 dollardan bir qədər çoxdur. Həmin məbləğin yarısından çoxu isə Rusiya faktoru ilə bağlıdır. Ermənistan regionda başqa ölkələrin sanksiyalaşdırılmış məhsullarını gizli və oğurluq sxemlərlə “re-export” (təkar ixrac) edir ki, nəticədə Rusiya Federasiyasına ixracın həcmi artır, büdcəyə əlavə tranzit daşımaları və “re-export”dan pul daxil olur. Əgər bu əməliyyatlar və xarici kreditlər olmasa, Ermənistanın büdcəsi 3 dəfə azalmış olardı.