Təhsil müəssisələri 7 aydır qazsızdır. Bu problem havalar soyuduqdan sonra xüsusilə hiss edilir. Bağça və məktəblərin çoxunun bu problemi yaşadığı bildirilir.  

Bu barədə sosial şəbəkələrdə də iddialara rast gəlmək mümkündür. Belə ki, “Facebook” istifadəçisi yazıb: “Bərdədə qazanxana ilə təmin olunan orta məktəblərə hələ də istilik verilmir. Səbəbi isə Elm və Təhsil Nazirliyinin “Azəriqaz”a olan borcu iddiasıdır. Qurumlar çəkişir, arada məktəbli soyuqdan donur”.  

Valideynlərin müraciəti əsasında məsələ mətbuatda da araşdırılıb. 310 nömrəli körpələr evi-uşaq bağçasında istiliyin olmadığı Bakı şəhər üzrə Təhsil İdarəsindən təsdiqlənib: “310 nömrəli körpələr evi-uşaq bağçasını istiliklə təmin edən qazanxananın qaz sayğacı müvafiq mütəxəssislər tərəfindən dövlət yoxlamasından keçirilmək üçün çıxarılıb. Hazırda müvəqqəti olaraq istilik təminatı elektrik qızdırıcıları vasitəsilə təmin edilir. Məsələnin qısa zamanda həlli məqsədilə zəruri tədbirlər görülür”.   

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlamasında təhsil müəssisələrində sayğacların may ayından çıxarıldığını təsdiq edib: “Sayğacların yararlı və ya yararsız olması barədə müəssisələrə məlumat verilib. Yeni sayğacla təmin olunmaları üçün həmin müəssisələr Elm və Təhsil Nazirliyinə müraciət etməli idi. Bildiyimizə görə, podratçı təşkilat bununla məşğuldur”.  

Onun sözlərinə görə, müvafiq sənədləri hazırlayıb “Azəriqaza”a təqdim edən 50 müəssisəyə sayğac ayrılıb. Qərara görə, onların metodik hesabatla qaz təminatı bərpa olunacaq. Müraciət etməyənlərə gəlincə: “Onların müraciəti olmalıdır ki, hesabatın forması müəyyənləşdirilsin, çünki ödənişi Bakı şəhəri üzrə Təhsil İdarəsi ayırmalıdır”.  

 MÜTDA-nın gündəmində bu problem yoxdur  

Maraqlıdır ki, məktəbəqədər və ümumi təhsil müəssisələrində 7 aydır davam edən bu problemlə bağlı müvafiq Dövlət Agentliyi sanki məlumatsızdır. Bu problemi yox sayan qurumun “Facebook” səhifəsində əksini tapan məlumatda istilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi üçün hələ yay aylarından - yəni, sayğaclar çıxarılır-çıxarılmaz hazırlıqlara başladıqları qeyd edilib: “Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir.  

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi üçün öncədən hazırlıq işləri görülür.   

 

Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yay aylarından etibarən təhsil müəssisələrinin təmir-tikintisi və təchizatı istiqamətində aidiyyəti qurumlarla birgə genişmiqyaslı işlər görülüb.   

Bu çərçivədə payız-qış mövsümündə uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. Təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib.   

Bununla yanaşı, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.   

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur.  

Beləliklə, həm məktəblərdə, həm də məktəbəqədər təhsil müəssisələrində qaz təminatında problem yaranıb, çünki “Azəriqaz” sayğacları “dövlət yoxlaması” üçün çıxarıb və yerinə geri qoymaq üçün Bakı şəhər və regional təhsil idarələrindən vəsait ayrılaraq onlara ödəniş edilməsini tələb edir.  

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə qazın verilişi dayandırılan müəssisələri elektrik qızdırıcılarla qızdırmağa çalışır, tabeliyindəki müəssisələrdə qaz olmaması ilə bağlı məsələyə münasibət bildirmir.