“Azərbaycan hökuməti ölkədə, əsasən, büdcə investisiyaları hesabına təmir-tikinti işləri həyata keçirən xarici şirkətləri “investor” kimi təqdim edir”.  Bu iddia ilə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli çıxış edib.    Maraqlıdır ki,  iqtisadçı  bu ilin  6 ayında Türkiyə şirkətlərinin  Azərbaycanda 543 milyon dollarlıq təmir-tikinti işləri həyata keçirdiklərini nümunə kimi göstərib və əlavə edib ki,    xarici şirkətlər məhz bu tipli layihələrə hədəfləniblər, burada öz ciblərindən investisiya qoymaq istəmirlər. Onun fikrincə, xarici şirkətlər  işğaldan azad edilən ərazilərin bərpası məqsədilə Azərbaycanın dövlət büdcəsindən  ayrılan vəsait üçün növbədə dayanıblar,  onlar isə investor deyil, pul qazanmağa gələn iş adamlarıdır.

REAL təmsilçisinin nümunə olaraq  məhz Türkiyəni qabartmasının arxasında hansı marağın dayandığını təhlil  etmək fikrindən uzağıq.  Sadəcə iki məqamı qeyd etmək yerinə düşər. Birincisi ola bilər  REAL-ın  mövqeyi belədir, ikincisi, görünür sözügedən partiya təmsilçilərinin 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra yaranan reallığı qiymətləndirməyə vaxtları olmayıb.

Bu mənada məsələnin bu yönü üzərində dayanmayacağıq. Azərbaycan hökumətinin  təmir-tikinti işləri həyata keçirən xarici şirkətləri “investor” kimi təqdim etməsinə gəlincə,  öncə qeyd edək ki,  iqtisadçı  iddiasını əsaslandırmaq üçün  heç bir  misal göstərməyib.  Bu iddianın doğru olub-olmadığını dəqiqləşdirmək üçünsə hazırda Qarabağda icra olunan layihələrə, o cümlədən  ölkə rəhbərliyinin, əlaqədar hökumət üzvlərinin  çıxış və açıqlamalarına nəzər salmaq lazımdır.

Bu ilin yanvar ayında 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə   Prezident İlham Əliyev  işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialından söz açarkən  bu sahəyə  böyük maraq olduğunu deyib.  Azərbaycan lideri əlavə edib ki,  bunları nəzərə alaraq xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik: “Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır”.

Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev  yerli və xarici media nümayəndələri üçün  keçirdiyi mətbuat konfransında işğaldan azad edilən ərazilərə investisiya cəlbinin perspektivlərindən bir daha danışıb.  Dövlət başçısı bildirib ki,  azad edilmiş ərazilərdə bərpaolunan enerji  üzrə yaxşı imkanlar mövcuddur: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Yəni, bu, çox böyük perspektivə malikdir. Üstəlik,  biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik”.

İlham Əliyev həmçinin əlavə edib ki,  dövlət işğaldan azsd edilmiş ərazilərdə  bütün infrastruktur sahəsini, üstəlik mənzil fondunun böyük hissəsini öz üzərinə götürəcək: “Lakin şəhərsalmanın və ekologiyanın bütün normalarına riayət olunmaqla razılaşdırılmış layihələr üzrə xüsusi ayrılmış yerlərdə özəl şirkətlər də investisiya qoymaq imkanına malik olacaqlar”.

“İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq”. Bu fikri  iqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə    səsləndirib. Nazir  bildirib ki,  işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.

Hazırda Qarabağda icra olunan layihələrlə bağlı apardığımız dəqiqləşdirmələr də  göstərir ki, həmin layihələrdə iştirak edən xarici şirkətlər  investor kimi təqdim edilmir. Məsələn, işğaldan azad edilmiş  ərazilərdə yol çəkilişində, xüsusilə Füzulidən Şuşaya, Göygöldən Kəlbəcərə çəkilən avtomobil yollarının tikintisində  Türkiyə şirkətləri iştirak  edir.  Bununla bağlı rəsmi açıqlamalarda Türkiyə şirkətlərinin  dövlət xətti ilə icra olunan  Qarabağın bərpası üzrə investisiya proqramına cəlb edildiyi  vurğulanır.

Bundan başqa  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsinin icrasına Türkiyə, Çin, İtaliya və İsrail şirkətləri cəlb edilib.  Azərbaycan Prezidenti İlham Əliyev  27 aprel 2021-ci ildə  burada  həmin şirkətlərin nümayəndləri ilə videoformatda söhbət aparıb.  Söhbətdən belə məlum olur ki, şirkətlər Ağalı kəndində ən müasir texnologiyaları tətbiq edəcəklər.  Qeyd edək ki,  həm layihələrin təqdimatında, həm də şirkət nümayəndləri ilə söhbətdə  onların investor olduğu qeyd edilməyib.

Apardığımız araşdırma və burada təqdim etdiyimiz  çıxışlardan aydın olur ki, hazırda Qarabağda layihələrə cəlb edilən xarici şirkətlər  investor kimi təqdim edilmir.  Həmin  şirkətlər daha çox öz sahələrində yüksək təcrübəyə malik olduqları üçün bu işə cəlb olunublar. Digər tərəfdən Azərbaycan tərəfi  Qarabağda ingrastruktur quraraq investisiya cəlbi üçün zəmin yaratmağı planlaşdırıb.  Hazırda icra olunan yol, hava limanı, enerji və digər layihələr məhz bu məqsədi daşıyır.  Qarabağ  böyük iqtisadi potensiala malik olsa da, təbii ki,  infrastruktur olmadan bu ərazilərə investisiya cəlbi mümkünsüzdür. Bundan başqa ilkin olaraq investorlara Qarabağın  bərpaolunan erneri potensialına sərmayə qoymaq təklif  olunur. Böyük ehtimalla digər sahələr də yuxarıda qeyd edildiyi kimi təhlükəsizlik təmin olunduqdan sonra investorlara təqdim ediləcək. Təbii ki, Qarabağ ərazisinin  minalardan  böyük ölçüdə  təmizlənməməsi də  investisiyanın qarşısını kəsən amillərdəndir.

Bu qənaətə gəlirik ki, REAL təmsilçisinin  “hökumət təmir-tikinti işləri həyata keçirən xarici şirkətləri “investor” kimi təqdim edir” fikri faktlarla manipulyasiyadır.