Ermənistan silahlı qüvvələri  Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətindəki  mövqelərini atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.  Erməni sayt və teleqram kanalları da  bu xəbəri yayıblar, amma diqqəti başqa məqama yönəltməyə çalışıblar.  Nazirliyin yaydığı xəbərdə  qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. 

Erməni sayt və teleqram kanalları  məhz  “Basarkeçər rayonunun Zərkənd kəndi” ifadəsinə diqqət çəkiblər. Səbəb də odur ki, ermənilər  adı çəkilən yaşayış məntəqələrini Vardenis və Kut  adlandırırlar. Görünür ermənilər bununla Azərbaycan tərəfinin xəbərdə adları dəyişməsinə etiraz ediblər.  Maraqlıdır, ermənilərin bu etirazı əsaslıdırmı?

Qeyd edilən yer adlarının Azərbaycan mənşəli toponimlər olmasını sübut etmək üçün  xüsusi bir araşdırmaya, qədim mənbələrə nəzər salmağa ehtiyac yoxdur.  Çünki hər iki yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi, daha doğrusu erməniləşdirilməsi prosesi çox da uzaq tarixdə baş verməyib. Belə ki, Basarkeçər rayonu  Ermənistan Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin  1930-cu il 9 sentyabr  qərarı ilə təşkil edilib. Ermənistan SSR Ali Sovetinin 11 iyun 1969-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Vardenis adlandırılıb.  

Zərkənd yaşayış məntəqəsinin adı  1890-cı illərə qədər Qamışlı bulağın adı ilə  bağlı olub. Həmin dövrdən 1935-ci ilə qədər  Zərzəbil, 1935-ci ilin yanvar ayının 3-dən isə Zərkənd adlandırılıb. 1988-ci ildə azərbaycanlıların Ermənistandan növbəti deportasiyası başa çatdırıldıqdan sonra  digər toponimlər kimi Zərkəndin adı da dəyişdirilib.  Erməni mənbələri kəndin adının 3 aprel 1991-ci ildə dəyişdirilərək Kut adlandırıldığını qeyd edirlər.  

Bundan başqa, Göyçə qəzasının 1902-сu il "Qafqaz təqvimi"ndə (Kafkazskiy Kalendar) verilmiş xəritə əsasında hazırlanan xəritəsi  də yaşayış məntqələrinin adlarının həmin dövrdə Basarkeçər  və  Zərzəbil olduğunu deməyə əsas verir.

İndiki Ermənistan ərazisindəki Yeni Bəyazid qəzasının xəritəsində (Novobayazid)  Basarkeçər  adı aydın şəkldə əksini tapıb.

SSRİ  Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən 1978-ci ildə tərtib olunan topoqrafik xəritədə isə  Zərkənd adını  aydın şəkildə görmək mümkündür.

Yerigəlmişkən, sözügedən yaşayış məntəqələrində azərbaycanlılar çoxluq təşkil edib.  Məsələn, 1948-1953-ci illərdə  azərbaycanlıların deportasiyası zamanı  Basarkeçərin 37 kəndindən 30-da azərbaycanlılar,  yalnız 5-də ermənilər yaşayıb,  2-si isə qarşıq kənd olub. Konkret olaraq Zərkənddə 1988-ci ildə  2 min  azərbaycanlı yaşayıb. 1988-ci ildə azərbaycanlıların Ermənistandan növbəti deportasiyası zamanı Zərkəndin əhalisi də Azərbaycanın müxtəlif yerlərinə köçmək məcburiyyətində qalıblar.   

Ermənilərin isə  bura gəlmə olduğunu tarixi faktlarla yanaşı  kəndin erməni sakininin parlament seçkisi ərərfəsində Nikol Paşinyana dedikləri də təsdiqləyir.  Paşinyan dialoq zamanı  ondan Kut kəndindən olub-olmadığını soruşur.  Həmin sakin  Kutda 33 ildir yaşadığını,  türkləri (azərbaycanlıları) buradan qovduqlarını bildirir. Paşinyanın onu susdurmağa çalışması isə   Feysbukun canlı efirindən yayımlanıb.  (9.55-ci saniyə-red)

Bu ərazidə təkcə Basarkeçər və Zərkənd toponimləri deyil,  digər toponimlər də Azərbaycana aiddir. Açıq mənbələrdə bununla bağlı kifayət qədər məlumat var. 

Ümumiyyətlə ermənilər indiki Ermənistan ərazisindəki Azərbaycan toponimlərini tamamilə erməniləşdirib.  Məsələn,  XX əsrin əvvəllərində Ermənistan ərazisindəki  2310 coğrafi addan 2000-i türk mənşəli olub.  Bunu sübut etmək üçünsə  Azərbaycan mənbələrinə nəzər yetirməyə ehtiyac yoxdur.  Bu rəqəmlər  erməni müəllif Z.Qorqodyanın "1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi" kitabında əksini tapıb.

Ermənistandakı Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi siyasəti əsasən sovet dövründə həyata keçirilib.  Belə ki,  1924-1930-cu illərdə  80,  1935-ci ildə 195, 1945-ci ildə 39, 1946-cı ildə 120, 1947-1978-ci illərdə 400-dən çox, 1978-80-ci illərdə 300-dən çox, 1991-ci ildə isə  94  yaşayış məntəqəsinin adı dəyişdirilib.

Tarixçilər bildiririlər ki,  ermənilər toponimləri dəyişdirərkən  çətinliklə üzləşdiklərindən, daha dəqiq desək ad tapa bilmədiklərindən  Azərbaycan mənşəli toponimlər erməni dilinə tərcümə olunub, ya da bi neçə hərf dəyişməklə  yer adları  fərləndirilib: Məslən:  Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik və s.

Bu arada Qarabağ işğalda olduğu müddətdə ermənilər buradakı Azərbaycan adlarını dəyişmişdi.  Məsələn, Kəlbəcər rayonu Karvaçar, Laçın rayonu Berdzor,  Cəbrayıl rayonu Carakan, Zəngilan rayonu Kovsakan, Qubadlı rayonu Sanasar, Füzuli rayonu Varanda, Ağdam rayonu Akna,  Şuşa şəhəri  Şuşi adlandırılırdı. İndi də  Ermıənistan mediasında və rəsmi şəxslərin açıqlamalarında  bu adlara tez-tez rast gəlmək mümkündür.   

Sadlanan faktları nəzərə alaraq bu qənaətə gəlirik ki, ermənilərin “Basarkeçər rayonunun Zərkənd kəndi”  ifadəsinə etirazlarının heç bir əsası yoxdur.