“İndiki reallıqlar belədir ki, Qarabağ ermənilərinin təhlükəsizliyini Rusiya təmin edir. Rusiya qüvvələri olmasaydı, indi Qarabağda ermənilər də olmazdı. Bu sözləri Fransanın Ermənistandakı səfiri Conatan Lakot Azadlıq Radiosunun erməni xidməti Azatutyuna müsahibəsində deyib. Səfir əlavə edib ki, eyni zamanda 8 aydan sonra biz görürük ki, 9 noyabr bəyanatı bütün məsələləri həll etmir. Bu bəyanatın bəzi müddəalarına, o cümlədən hərbi əsirlərin azad edilməsinə tam əməl olunmayıb: “Ümumilikdə 9 noyabr bəyanatı Qarabağın gələcək statusu barədə heç nə demir. Beləliklə, 9 noyabr bəyanatı birinci mərhələ idi. Amma indi sülhü, atəşkəsi möhkəmləndirmək və ATƏT-in Minsk qrupunun egidası altında Ermənistan və Azərbaycan arasında siyasi prosesə başlamaq lazımdır”.
Conatan Lakot
Fransanın Ermənistandakı səfiri Conatan Lakot ermənipərəst açıqlamaları ilə fərqlənir. Elə bu günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətində yaşanan gərginiklə bağlı mövqe bildirib. Sərhəddə yaranan gərginliyin səbəblərini araşdırmadan Lakot öz sosial şəbəkə hesabında “Yerasx (Arazdəyən - red) yatmırsa, Yerevan da yatmır” statusunu paylaşaraq ermənilərin tərəfində olduğunu göstərib. Digər tərəfdən hazırda İrəvanı “Dağlıq Qarabağ münaqişəsi”nin bitmədiyi görüntüsü yaratmaqda dəstəkləyən yeganə ölkə Fransadır. Bu mənada səfirin Azadlıq Radiosunun erməni xidmətinə verdiyi açıqlamaların siyasi səbəblərlə bağlı olduğu ortaya çıxır.
Səfirin açıqlamaları arasında yalnız “9 noyabr bəyanatı Qarabağın gələcək statusu barədə heç nə demir” cümləsi reallığı əks etdirir. Həqiqətən də İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan üçtərəfli noyabr bəyanatında status kəlməsi yoxdur. Amma bu sözün niyə bəyanata salınmamasının səbəbləri də məlumdur. Çünki Azərbaycan 30 ilə yaxın Ermənistan işğalında olan torpaqlarının böyük hissəsini İkinci Qarabağ Müharibəsində azad edib. Cəbhədə ağır məğlubiyyətə uğrayan Ermənistan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb və daha üç, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etməklə bağlı öhdəlik götürüb və həmin öhdəliyə əməl edib.
Azərbaycan İkinci Qarabağ müharibəsində Fransanın da imzaladığı BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsinin tələbini icra edib. Həmin qətnamələrdə Ermnistandan işğal etdiyi əraziləri qeyd-şərtsiz çıxmaq tələb edilirdi. Azərbaycan tərəfi də bu mövqedən çıxış edərək status məsələsinin olmayacağını bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı noyabr bəyanatı imzalanan gün xalqa müraciətində münasibət bildirib. İlham Əliyev xatırladıb ki, Azərbaycan tərəfi vaxtilə Dağlıq Qarabağa muxtariyyət təklif edəndə onlar “bu, “müstəqil dövlətdir”” deyirdilər. Azərbaycan Prezidenti bildirib ki, o prezident olduğu müttədə status olmayacaq: “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”.
Bu günlərdə Azərbaycan Prezidenti bu məsələyə bir daha toxunub. Jurnalistin Avropa İttifaqının prezidenti Şarl Mişelin Bakıda səfərdə olarkən “Dağlıq Qarabağ” və “status” sözlərini işlətməməsinə dair sualı cavablandıran İlham Əliyev deyib ki, Ermənistan bundan nəticə çıxarmalıdır: “Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib”.
Səfirin “9 noyabr bəyanatı bütün məsələləri həll etmir, bəzi müddəalara, o cümlədən hərbi əsirlərin azad edilməsinə tam əməl olunmayıb” fikrinə gəlincə Azərbaycan tərəfi İkinci Qarabağ Müharibəsi dövründə əsir götürülən bütün erməni hərbçiləri qaytarıb.
Ceyhun Bayramov: “Azərbaycan bütün əsirləri Ermənistana verib, bu mövzu artıq bağlanıb”
Hazırda Azərbaycanda mühakimə olunan erməni hərbçiləri isə rəsmi Bakı əsir kimi qəbul etmir. Çünki həmin şəxslər Qarabağda müharibə dayandıqdan sonra, bir qədər də konkret desək 10 noyabr bəyanatı imzalandıqdan sonra Azərbaycanın Xocavənd rayonu ərazisinə keçərək burada təxribat törədiblər və nəticədə Azərbaycanın 5 hərbi qulluqçusu həlak olub, 3 hərbçi, 1 mülki şəxs isə yaralanıb. Bundan sonra Azərbaycan tərəfi xüsusi əməliyyat keçirərək terrorçu-diversantları saxlayıəb. Rəsmi Bakı bununla bağlı BMT baş katibinə məktub ünvanlayıb.
Səfirin “Rusiya qüvvələri olmasaydı, indi Qarabağda ermənilər də olmazdı” fikri də əsaslı deyil. Məsələ burasındadır ki, Azərbaycan tərəfi istər İkinci Qarabağ Müharibəsi ərərfəsində, istərsə də müharibədən sonra Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev həm xalqa müraciətində, həm də xarici media nümayəndələrinə müsahibələrində bildirib ki, Qarabağın erməni əhalisi orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır.
Səfirin “9 noyabr bəyanatı bütün məsələləri həll etmir” fikrinə gəlincə, əslində bu da rəsmi Parisin mövqeyidir. Rəsmi Paris sadəcə olaraq belə bir görüntü yaratmağa çalışır. Əslində sənəddə postmüharibə dövrü üçün bütün addımlar nəzərdə tutulub. Ən əsası da nəqliyyat dəhlizlərinin açılması kimi sülhün qaranatı rolunu oynaya biləcək məsələ salınıb. Üstəlik məhz bu məqamın reallaşmasını nəzərdə tutan üçtərəfli 11 yanvar 2021-ci il tarixli Moskva bəyanatı imzalanıb. 11 yanvar bəyanatında noyabr bəyanatına istinad olunması isə o demıkdir ki, nizamlama prosesinin davamı olaraq bu bəyanat əsas götürülüb, deməli sonrakı addımlar atılanda da bu sənəd əsas rol oynayacaq.
Fransalı diplomatın “sülhü, atəşkəsi möhkəmləndirmək və ATƏT-in Minsk qrupunun egidası altında Ermənistan və Azərbaycan arasında siyasi prosesə başlamaq lazımdır” fikri ilə bağlı Azərbaycan tərəfdən aydın mövqe qoyulub. Belə ki, rəsmi Bakı ATƏT-in Minsk qrupunun prosesdən kənarda qalmasına dair heç bir açıqlama verməyib. Sadəcə olaraq ATƏT-in Minsk Qrupunun yeni reallığa uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş tövsiyə və prinsipləri işləmir. O bildirib ki, Minsk Qrupu gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə bilər.
İqor Korotçenko: “ATƏT-in Minsk qrupu əhəmiyyətini itirib”
Xatırladaq ki, oxşar fikri hələ bu ilin fevral ayında Rusiya Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Minsk Qrupu formatının Qarabağ münaqişəsinin yekun nizamlanmasında hansı perspektivləri var” sualına cavabında səsləndirib. O bildirib ki, bu format çərçivəsində nəzərdə tutulanlar noyabr bəyanatında öz əksini tapıb. Ona görə də ATƏT-in Minsk Qrupu, onun həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər.
Sadalananlara əsasən bu qənaətə gəlirik ki, Fransanın Ermənistandakı səfirinin açıqlamaları reallığı əks etdirmir və daha çox ölkəsinin siyasi maraqlarına xidmət edir.