Gürcüstanda ABŞ-la birgə Agile Spirit 2021 çoxmillətli hərbi təlimlərə start verilib. Təlimlərdə Gürcüstan və ABŞ -dan başqa 13 müttəfiq və tərəfdaş ölkə - Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, Kanada, İtaliya və Azərbaycandan 2500-ə yaxın hərbi heyət iştirak edir. İyulun 26 –da başlayan təlimlər avqustun 6-dək davam edəcək. Plana komanda-məntəqə, səhra və döyüş atışları təlimləri daxildir.
Azərbaycanın bu təlimlərdə iştirakını təhlil edən Rusiyanın bəzi mətbu orqanları bu qənaətə gəliblər ki, Moskvan NATO təlimlərinə qatıldığına görə Bakıya etiraz və iradını bildirməli idi.
Məsələ burasındadır ki, rəsmi Moskva bu məsələyə kifayət qədər loyal reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakının Gürcüstanda keçirilən təlimlərdə iştirakını şərh edərkən öncə bildirib ki, bu təlimlər NATO-nun hərbi infrastrukturunun Rusiya ilə bilavasitə sərhəddə olması deməkdir. Ona görə də bu məsələ Rusiya tərəfindən diqqətlə izlənilir. Azərbaycanın təlimlərdə iştirakına gəlincə, Peskov deyib ki, Azərbaycan suveren dövlətdir, Rusiya Azərbaycanla münasibətlərə dəyər verir. Bu, tərəfdaş münasibətlərdir, münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün siyasi iradə var.
Politoloq Aleksey Makarkin, Peskovun yumşaq cavabını şərh edərəkən deyib ki, ondan Ukrayna ilə bağlı soruşulsa, cavabı daha sərt olardı. Birincisi, Rusiyada heç vaxt ruslar və azərbaycanlılar bir xalqdır deməzlər. Məlumdur ki, Ukraynaya tamamilə fərqli münasibət var. İkincisi, hərbi-strateji nüans mövcuddur. Azərbaycan və Gürcüstan uzaq ölkələr kimi qəbul edilir, amma söhbət Ukraynadan getdikdə dərhal NATO raketlərinin Xarkovda yerləşdirilməsinin mümkünlüyü xatırlanır, bu raketlərin böyük şəhərlərə uçuş vaxtları hesablanır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib. Azərbaycanla NATO arasında siyasi dialoq ən səmərəli mexanizmlərdəndir. Ölkəmiz təşkilatla əməkdaşlıq və dialoqun daha da genişlənməsini istəyir” deməsinə baxmayaraq rəsmi Bakı alyansa daxil olmağa can atmır. Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəldən təsdiq edilmiş plana əsasən, Azərbaycan ordusunun 2 hərbçisi avqustun 1 -dən 6 -dək təlimlərin yekun hissəsində müşahidəçi qismində iştirak edəcək.
Hərbi ekspert Aleksey İvanovun fikrincə, Azərbaycanın NATO -ya daxil olmaq ehtimalı azdır, lakin şübhəsiz ki, alyansla əməkdaşlığı xarici siyasətin prioritet istiqamətlərindən biri hesab edir. Ekspert MK (Московский комсомолец) nəşrinə müsahibəsində deyib ki, Azərbaycan hələ də Rusiyaya qarşı olan tərəflərin ağzına baxan Gürcüstan deyil: “Onların bizə qarşı heç bir iradları yoxdur, üstəlik, Azərbaycan fəal şəkildə Rusiya istehsalı olan hərbi texnika alır. Və ən müasirlərini... Özlərini hərbi sahədə tərəfdaş seçmək hüququna malik müstəqil ölkə kimi hiss edirlər ... Təbii ki, öz ərazilərində NATO-nun bəzi manevrlərini qəbul edəcək, çünki hazırda ölkəni beynəlxalq arenada tanıtmağa çalışırlar”.
Rusiyalı ekspert əlavə edib ki, bu cür təlimlərin Rusiya üçün təhlükəsi NATO-nun İordaniyadakı şərti təlimlərindən çox olmayacaq: “Yəni, gəldik, təcrübə mübadiləsi apardıq, dağılışdıq. Kiminsə xoşuna gəlməyə bilər, amma Bakı burdadır – öz tərəfində”.
Rusiya da Bakı ilə Alyans arasında əməkdaşlığın heç bir təhlükəsinin olmadığını başa düşür. Bunu müharibə ərəfəsində rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan mediasına verdiyi müsahibələrində deyib. Ekspert deyib ki, Bakı heç vaxt NATO və AB-nin tərəfində olmağa çalışmayıb. Azərbaycanı rus mədəniyyətinə hörmət edən və rus dilini inkişaf etdirən Prezident İlham Əliyev idarə edir. Azərbaycanda 150 mindən çox rus yaşayır. Ruslar indi Azərbaycan üçün can verirlər və bu ölkədəki Rus Pravoslav Kilsəsi, işğal olunmuş əraziləri geri qaytarmaq istiqamətində Azərbaycan dövlətini dəstəkləyib”.
Azərbaycan mətbuatı hurriyetdailynews.com-a istinadən bildirir ki, Bakı NATO ilə əməkdaşlıq edir, lakin Qoşulmama Hərəkatında iştirak etdiyi üçün heç vaxt bu ittifaqa üzv olmaq istəməyib.
Azərbaycanla NATO arasında əməkdaşlığın üçüncü tərəfə qarşı yönəlmədiyi bir ildən çoxdur Bakı tərəfindən bəyan edilir. Bir neçə il əvvəl Azərbaycanın NATO -dakı nümayəndəsi Kamil Xasıyev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsinin NATO ilə əməkdaşlığı Rusiya da daxil olmaqla üçüncü ölkəyə qarşı yönəlməyib. K.Xasıyevin sözlərinə görə, Azərbaycan NATO ilə əməkdaşlığı ikitərəfli əsasda inkişaf etdirir. Rusiya da alyansla ikitərəfli əməkdaşlığı inkişaf etdirir və bu, Azərbaycan tərəfdən müsbət qarşılanır. Xasıyev həmçinin Azərbaycanın NATO-ya daxil olması məsələsinin gündəmdə olmadığını diqqətə çatdırıb.
Bu məsələni türk ordusunun yaradılması ətrafında Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyası kontekstində də nəzərdən keçirmək olar. "Ortaq Türk ordusu yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıda keçirdiyi mətbuat konfransında deyib. İldırım Bəyazit adına Ankara Universitetinin professoru Salih Yılmaz Türkiyənin NATO üzvü olduğunu, buna görə də alyans üzvü olmayan Azərbaycanla vahid ordu yarada bilməyəcəyini deyib. Yılmaz qeyd edib ki, Ankara ilə Bakı arasında hərbi sahədə mövcud olan sıx əməkdaşlıq Rusiya başda olmaqla heç kəsi narahat etməməlidir. “Çünki Rusiya ilə Ermənistan və digər Orta Asiya ölkələri arasında hərbi əməkdaşlıq haqqında müqavilə Türkiyə ilə Azərbaycan arasındakı razılaşmadan daha irəliyə gedib. Rusiyanın Türkiyə ilə sərhəddə, Gümrüdə (Ermənistan) hərbi bazası var” deyə professor sözlərinə əlavə edib.
Bu arada Azərbaycan və NATO əməkdaşlığını davam etdirir. Alyans Azərbaycanın balanslaşdırılmış xarici siyasət xəttini anlayışla qarşılayır.
“Anlayırıq ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür, çünki mürəkkəb regiondadır. Ancaq Qərblə inkişaf edən münasibətlərin Azərbaycana müsbət təsiri də qeyd edilməlidir. Əfqanıstanda göstərdiyi dəstəyə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Azərbaycan Əfqanıstan məsələsində tranzit ölkə olaraq NATO -ya böyük kömək göstərdi, biz bunu yüksək qiymətləndiririk. Azərbaycan hərbçiləri NATO təlimlərində iştirak ediblər. NATO Etimad Fondu vasitəsilə müəyyən layihələr həyata keçirdik, bu layihələr Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə töhfə verəcək”. Bu fikirləri NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Latviyanın Azərbaycandakı Səfirliyinin ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avroatlantik Bölgədə Sülh və Təhlükəsizliyə Töhfəsi” adlı konfransada deyib.
Hərbi ekspert Azad İsazadə də qeyd edir ki, Azərbaycan ordusunun NATO standartlarına keçidinin sürətləndirilməsi məqsəd deyil: "Bəli, Azərbaycan ordusu Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirir, silahlı qüvvələrinin təcrübəsini mənimsəyir, Türkiyə kimi bir ordu qurur. Ancaq NATO standartları daha geniş bir anlayışdır. NATO standartları müxtəlif sahələrdə standartları müəyyən edən təxminən 300 cildlik sənəd deməkdir”.
O xatırladıb ki, hələ 1990 -cı illərdə Azərbaycan Sovet silahlı qüvvələri sistemindəki "alay - diviziya" modelindən imtina edərək, Türkiyə təcrübəsinə və NATO standartlarına uyğun olan "tabor - briqada - korpus" struktur modelini götürüb. Bundan başaq Azərbaycanın xüsusi təyinatlıları Türkiyə sisteminə uyğun təlim keçib. İkinci Qarabağ savaşında da döyüş qabiliyyətlərini nümayiş etdiriblər və qələbənin əldə edilməsində əhəmiyyətli rol oynayıblar. İsazadə əlavə edib ki, Türkiyə ordusunun təcrübəsindən radio rabitə, artilleriya və aviasiya qüvvələrində də istifadə olunur.
Onu da xatırladaq ki, Rusiya-NATO formatında danışıqlar bir neçə dəfə Bakıda təşkil olunub. Sonuncu belə danışıq 2020-ci ilin fevral ayında Rusiya Federasiyası Baş Qərargahının rəisi Valeri Gerasimov və NATO Silahlı Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında aparılıb.
Bundan əvvəl 2017 -ci ilin sentyabr ayında Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Peter Pavel ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib. 2018 -ci ildə Gerasimov iki dəfə Azərbaycanın paytaxtında (aprel və dekabr aylarında) NATO Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Kurtis Skaparotti ilə danışəqlar aparıb. 2019 -cu ilin noyabr ayında Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin sədri ser Stüart Piçlə görüşüb.
Qeyd edilənlərə əsaslanaraq bu qənaətə gəlirik ki, Azərbaycanla NATO arasında əməkdaşlığın Rusiya üçün heç bir təhlükəsi yoxdur, əksinə, dünya güc mərkəzləri arasında əlaqələrin qurulması üçün körpü rolunu oynayır. Bu o deməkdir ki, Azərbaycan hərbçilərinin Agile Spirit 2021 təlimində iştirakı Rusiya tərəfini narahat etməyə əsas vermir.