“10 noyabrda Azərbaycanın fiziki şəkildə  işğalı həyata keçirilib”.  Bu iddia ilə  azərbaycanlı siyasətçi  Vətəndaş və İnkişaf Partiyasının (VİP)  sədri  Əli  Əliyev  bumeranqmedia youtube kanalında  çıxış edib. VİP sədri deyib ki, həmin gün Azərbaycan ərazilərinə başqa dövlətin qoşunları soxulub.

Öncə qeyd edək ki, VİP  sədri  İkinci  Qarabağ  Müharibəsinin nəticəsi olaraq üçtərəfli bəyanatın imzalanmasını və bu sənədə əsasən Rusiya sülhməramlı kontingentinin Qarabağda müəyyən olunmuş ərazilərə  yerləşdirilməsini  nəzərdə tutur. 

İddia ilə bağlı dəqiqləşdirmələrə keçməzdən əvvəl “işğal” anlayışına nəzər salaq.

İşğal  (latınca  occupatio -  tutmaq, zəbt etmək)  ümumi mənada  silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin  zor  gücünə  zəbt  edilməsidir.      Bundan başqa beynəlxalq hüquq normalarına əsasən hərbi işğal həm də  bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının  mənimsənilməsi  deməkdir.   Cenevrə Konvensiyasına əsasən  işğalçı tərəf insan haqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir.  Şəxsi mülklərin, dini icma, mədəni-maarif, elmi və humanitar müəssisələrin toxunulmazlığını təmin etməlidir. Məsələn, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal edərkən bu tələblərə məhəl qoymayıb.  İşğal olunan rayonların əhalisi  kütləvi qırğınlara və deportasiyaya məruz qoyulub,  onlara məxsus mülklər,  dini icma, mədəni-maarif, elmi və humanitar müəssisələr  tamamilə dağıdlıb, qarət edilib.   

Nəticədə 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub, iki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb,  855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid,  473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi,  160 körpü və digər infrastruktur obyekti  dağıdılıb.

2020-ci il 10 noyabr tarixli bəyanata və bu sənədə əsasən Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinə gəlincə,  öncə qeyd edək ki, bu sənəd  Ermənistanın İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğramasının nəticəsi olaraq meydana  çıxıb.  Bir qədər də konkret desək, Ermənistan ordusu Qarabağda işğal etdiyi ərazilərin böyük hissəsini itirdikdən sonra bu sənədi imzalamaq məcburiyyətində qalıb.  Xatırladaq ki,  Azərbaycan tərəfi   müharibə gedən günlərdə  Ermənistana  işğal etdiyi ərazilərdən çıxmaq və bununla bağlı konkret qrafik vermək öhdəliyi  qarşılığında   atəşkəs təklifi edib. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin də  Ermənistana belə bir təklif  olunduğunu  təsdiqləyib.

Amma Ermənistan rəhbərliyi bu şərtlərlə   razılaşmayıb. Nətəcədə  ağır məğlubiyyətə düçar olub, müqavimət  göstərmək imkanı tam tükənib və  Rusiya rəhbərliyi vasitəsilə sənədl imzalamaq istəyini bildirib. Qeyd edək ki, bu, Azərbaycan rəhbərliyi tərəfindən təslimçilik  aktı kimi qiymətləndirilib.  Hətta  əksər  erməni siyasətçilər də Ermənistanın üzləşdiyi  durumu  kapitulyasiya  ilə  eyniləşdiriblər.

General Arşavir Qaramyan: “Artsax artıq Ermənistan deyil”

Yeri gəlmişkən, Ermənistanın çox ağır durumda qalaraq bu sənədə imza atdığı Rusiya rəhbərliyi tərəfindən də açıqlanıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin  “Rossiya1” telekanalına  müsahibəsində   noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi təfərrüatları açıqlayarkən Ermənistanın çox şətin duruma düşdüyünü bildirib:   “Sadəcə, hərbi əməliyyatlar zonasında elə vəziyyət yaranmışdı, açığını deyək, Ermənistan elə bir həddə gəlib çatmışdı ki, qərar qəbul etmək lazım idi”.   Putin həmçinin qeyd edib ki,  Ermənistanın  Qarabağ üzrə əldə edilmiş  razılaşmadan imtinası  ölkə üçün  intihar  olardı.

Yəni göründüyü kimi,  Azərbaycan tərəfi  bu  razılaşmanı imzalamağa məcbur edilməyib, əksinə  Ermənistan imzalamaq  məcburiyyətində  qalıb.  Bu isə onu deməyə əsas verir ki,  sonrakı proseslərdə  Azərbaycanın mövqeyi, razılığı nəzərə alınıb.

Bu mənada  Ermənistan rəhbərliyinin  məğlubiyyəti etiraf edib üçtərəfli bəyanatı imzalamasının ardınca Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini işğalla eyniləşdirmək  heç bir prizmadan düzgün deyil. Birincisi, Rusiya sülhməramlıları Qarabağ ərazisinə hücumla deyil,  Azərbaycanın razılığı əsasında yerləşib.  İkincisi,  kontingentin, hərbi texnikanın sayı (1960 hərbçi,  90  zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika – red)  əvvəlcədən müəyyən olunub.  Üçüncüsü və ən əsası  sənəddə sülhməramlı missiyanın Qarabağda  qalma müddəti  (5 il) təyin edilib.  Bu məqamlar bəyanatın 3-cü və 4-cü bəndlərində əksini tapıb.

Burada daha iki məqamı diqqətdən qaçırmaq olmaz:  birincisi,  Azərbaycan tərəfinin  tələbi ilə bəyanata  atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması (bəyanatın 5-ci bəndi) məsələsi salınıb.  Bu bəndə əsasən  2021-ci ilin yanvar ayında  Ağdam rayonunun ərazisində Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.  Mərkəzdə hər tərəfdən 60 nəfər olmaqla  Türkiyə və Rusiya hərbçiləri xidmət göstərir.  İkincisi  Qarabağa yerləşdirilən Rusiya hərbçiləri hansısa bazadan qeyri-ixtiyari seçilməyib, bu kontingent məhz  Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasına daxildir.  Bu briqada isə Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə qrupdur.

Yeri gəlmişkən, sülhməramlı missiyalar  münaqişələrdən sonra sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması məqədilə 1948-ci ildən bəri təşkil edilir.  İndiyə qədər  70-dən çox belə missiya reallaşdırılıb.  Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d’İvuar və digər münaqişə bölgələrində sülh missiyası  yerinə yetirirlər.   Ümumilikdə BMT mandatlı 13,  BMT mandatı olmayan 7 sülhməramlı missiya mövcuddur. Bu arada qeyd edək ki,  BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır. Yəni, bu o deməkdir ki,  Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlı missiyası da fəaliyyətində beynəlxalq  hüququn  prinsiplərini əsas götürür.

Sülhmərmalı missiyalarla   bağlı  əsas  prinsiplər    bunlardır:  

- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

- Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir.

Bu mənada Qarabağa  sülhmərmalı  kontingentin  yerləşdirilməsi  də üçtərəfli  bəyanatın icrasına dəstək məqsədi daşıyır.

Sadalananlar əsasında bu qənaətə gəlirik ki, VİP sədrinin “10 noyabrda Azərbaycanın fiziki şəkildə  işğalı həyata keçirilib, Azərbaycan ərazilərinə başqa dövlətin qoşunları soxulub”  fikri  yanlışdır.