Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüar və foto vuranlara xəbərdaqlıq edib.

Xəbərdarlıqda deyilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir. BDYPİ-dən verilən açıqlamada əlavə olunub ki, bu cür yazılar və fotolar çıxarılmalıdır, əks təqdirdə həmin nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək. Faktların araşdırılması üzrə ixtisaslaşan Saxta.info internet nəşri avtomobilin arxa şüşəsinə foto və şüar vurulmasının, həmçinin yol polisinin tələbinin nə dərəcədə qanuni olub-olmadığını dəqiqləşdirib. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin VII (Konstruksiyanın digər ünsürləri) bölməsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran şüşənin şəffaflığını korlayan yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısına daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) 342.2.4-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə nəzərdə tutulub.

“Reklam haqqında” Qanunun 25-ci maddəsinin (Nəqliyyat vasitələrində reklam) 25.1 -ci bəndinə əsasən nəqliyyat vasitələrində reklam mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilə bilər. Bundan başqa nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Və ən əsası nəqliyyat vasitəsinin üzərində reklam onun yalnız yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır. Göründüyü kimi, sadalanan qanunvercilik aktlarına əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan vasitələrdən (pərdə və plyonka nəzərdə tutulur - red) istifadə qadağandır. Amma sözügedən sənədlərdə konkret olaraq avtomobilin arxa şüşəsinə foto və şüar vurulmasına görə cəza nəzərdə tutulmayıb. Baş Dövlət Yol Polisi İdarəsidə avtomobilin arxa şüşəsinə foto və şüar vurulmasını estetik görünüşə xələl gətirən, insanlar arasında pis fikirlər formalaşdıran, hərəkətdə olan avtomobil sürücülərinin fikrinin yayındıran elemntlər kimi təqdim edib.

Yeri gəlmişkən, bu ilin iyul ayının 16-da Bakıda avtomobilin arxa şüşəsinə yazı yazdıran sürücü saxlanılıb. Həmin avtomobilin götüntüləri “Facebook”-da yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, araşdırma nəticəsində 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü Əlizadə İlahi Qəhrəman oğlu saxlanılıb və onun avtomobilinə baxış keçirilib. Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Həmçinin adı çəkilən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs olunub. Göründüyü kimi, yol polisi sürücünü şüşəsinə yazı yazdırdığna görə saxlasa da o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə həbs edilib.

Qeyd olunanlar onu deməyə əsas veriri ki, qanunvericlikdə atomobilin arxa şüşəsinə foto və şüar vuranlarla bağlı hər hansı cəza tədbiri əksini tapmayıb. Bu mənada yol polisi şüar və fotolara sürücünün görünüş dairəsini məhdudlaşdıran maneə kimi irad bildirə bilər.