Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bu dəfə əhaliyə satılan qazın satış qiyməti ilə bağlı açıqlama verib.
Cənab İbadoğlu iddia edir ki, Azərbaycan hökuməti BP-dən səmt qazını havayı alıb öz xalqına gürcülərdən 1,6 dəfə baha satır. Sitat: “Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda xaricə satdığımız qazın ölkələr üzrə miqdar, dəyər göstəriciləri yer alıb. Mən də tənbəllik etməyib, qazın hər 1000 kub metrindən Azərbaycanın qazancını hesabladım. Məlum oldu, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır, Türkiyə və Bolqarıstana satdığı qazın qiyməti ilə demək olar ki, eynidir. Adını çəkdiyim ölkələrin hamısı qaz idxalatçılarıdır. Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun?”.
Faktyoxla Lab. Qubad İbadoğlunun bu iddialarını araşdırıb.
İlk olaraq, İbadoğlunun “BP-dən səmt qazını havayı alınan qaz”la bağlı məsələyə aydınlıq gətirək.
Məlum olduğu kimi Azərbaycanda qaz hasilatı ilə Dövlət Neft Şirkəti (SOCAR) və xarici neft-qaz konsorsiumları (“BP”) məşğul olur. 2020-ci ildə ölkəmzidə 37,1 milyard kub metr qaz hasil olunub. Qazın 7,3 milyard kub metri SOCAR-ın payına düşür. Yəni ölkəmizdə hasil edən qazın 80 faizi (30 milyard k.metr) “BP-Azerbaijan” şirkətinə məxsusdur. Azərbaycanın təbii qaza olan illik ehtiyacı isə 12 milyard k.metrə bərabərdir.
2020-ci ildə ölkəmizdə ümumilikdə istehlak edilən 12 milyard kubmetr təbii qazla yanaşı, 13,4 milyard k.metr qaz (16 faiz artım) ixrac edib. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanılıb. (Mənbə)
Beləliklə, Azərbaycanda il ərzində hasil edilən 37 milyard k.metr qazın 12 milyardı (33 faizi) daxili tələbata, 13,4 milyardı isə ixraca yönəlib. Yerdə qalan 11,6 milyard k.metr qaz isə emal zavodlarına və neft hasilatının sabit saxlanılması üçün “BP” şirkəti tərəfindən quyulara vurulur.
Azərbaycan özü hasil etdiyi 7 milyardlıq qazla tələbatını tamamilə ödəyə bilmir, yalnız 60 faizini ödəyir, 40 faizini, yəni 5 milyard k.metrlik həcmi isə “BP”dən alır. “BP” isə SOCAR-a il ərzində “Azəri-Çıraq-Günəşli” yatağından 2.5 milyard kub.metr həcmində səmt qazı verir, qazın qalan hissəsi isə bazar qiymətləri əsasında əvəzləşdirilir. Daha da sadələşdirsək, “BP” şirkəti hasil etdiyi 30 milyard kub.metr qazın cəmi 9 faizini (2.5 milyard) səmt qazı şəklində Azərbaycan pulsuz verir. Qalanını bazar qiyməti ilə satır.
Azərbaycanda illik istifadə edilən 12 milyard kubmetr qazın isə 6 milyardı əhalinin işlətdiyi qazdır, qalan 6 milyard kubmetr qaz isə sənayedə, elektrik enerjisi almaq üçün modul stansiyalarda işlədilir. Təkcə, “Azərenerji” ASC tərəfindən elektrik enerjisi istehsalında təbii qazın payı 96% təşkil edir.
Beləliklə, Azərbaycana verilən səmt qazı daxili tələbatın (12 milyard kubmetr) cəmi 20 faizini ödəyir.
Hasilatın başlanğıcından, yəni 1997-cü ildən qaz hasliatının başlanmasından 2019-cu ilin ikinci rübünün sonunadək xarici neft konsorsiumları “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə SOCAR-a, yəni Azərbaycan dövlətinə 44 milyard kubmetrdən artıq səmt qazı təhvil veribdir. AÇG-dən ilk dövrlərdə il ərzində 1 milyard kub.metr səmt qazı çıxarılırdı, sonrakı illərdə həcm artıb. Son 10 ildə hər il təxminən 2-3 milyard kubmetrə yaxın səmt qazı hasil olunur. Ümumilikdə isə 1997-2019-cu illərdə, yəni 22 il ərzində AÇG üzrə 44 milyard kub-metr səmt qazı çıxarılıb.
Yeri gəlmişkən, 2021-ci ilin birinci yarısında Azərbaycanda 17,2 milyon ton neft (kondensatla birlikdə), 20,3 milyard kubmetr qaz hasil edilib. Qazın 6,4 milyard kubmetri AÇG-dən, 10 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Və yataqlar istismara veriləndən, yəni 1997-ci ildən 2021-ci il iyulun 1-dək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kubmetr, “Şahdəniz”dən isə 145 milyard kubmetrdən çox qaz hasil edilib. (Mənbə)
Göründüyü kimi, “BP” şirkətinin AÇG-dən əldə etdiyi 183 milyard kubmetr qazdan Azərbaycan hökumətinə verdiyi səmt qazının ümumi həcmi ötən 23 ildə 44-45 milyard kubmetr təşkil edib. Bu da yuxarıda da vurğuladığımız kimi ildə cəmi 2-2.5 milyard kubmetr qaz deməkdir.
Digər faktlara istinad edək. 2021-ci ilin ötən aylarında da “BP” Azərbaycana əvvəlki həcmlərdə səmt qazı verməkdə davam edib. 2021-ci ilin yanvar-iyun aylarında, yəni birinci 6 ayda “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verib. Burada başqa bir məsələ isə ondan ibarətdir ki, səmt qazı pulsuz verilsə də, qazn daşınması, anbarlarda saxlanılması, digər əməliyyat xərcləri nəzərə alındıqda 1 k.metrinin xərc dəyəri 10 qəpiyə yaxın olur. Yəni, səmt qazının özü belə SOCAR-a havayı başa gəlmir. (Mənbə)
“BP” şirkətinin 2021-ci ilin birinci yarısının yekunları üzrə biznes əməliyyatları hesabatından da aydın şəkildə görünür ki, AÇG-dən hasil edilən neftin və qazın həcmi nə qədərdir, yanacaq hansı istiqamətlərə sərf edilir? Həmçinin, “BP” şirkəti cari ilin 6 ayı ərzində təbii qazın xarici bazarlara nəql həcmini və Azərbaycanın payına düşən səmt qazının həcminin nə qədər təşkil etdiyini də bəyan edibdir. Hesabatdan aydın görünür ki, Azərbaycana təhvil verilmiş səmt qazının həcmi 1, 6 milyard kubmetrdən artıq olmayıb. (Mənbə)
Beləliklə, bütün hesabat sənədlərindən də göründüyü kimi xarici neft-qaz konsorsimunun Azərbaycan verdiyi səmt qazının həcmi illik 2 milyard kubmetr, ən yüksək halda 2,5-3 milyard kubmetr olur.
Qubad İbadoğlu isə iddia edir ki, xarici şirkətlər ildə Azərbaycana 12 milyard kubmetrdən çox səmt qazı təhvil verir. Göründüyü kimi bu iddia yanlışdır. İqtisadçı alimin rəqəmi statistik məlumatı 10-12 dəfə şişirtməsi anlaşılan deyil.
İndi isə keçək, cənab Qubadoğlunun Azərbaycanın xarici ölkələrə ixrac etdiyi qazın qiymətinin öz vətəndaşlarımıza satdığı tariflərdən ucuz olması barədə iddiasının analizinə.
Məlum olduğu kimi enerji sahəsində liberal bazar prinsiplərinin təmin edilməsi və dövlətin bu sahəyə müdaxiləsi təsirlərinin azaldılması, eyni zamanda, təsərrüfat subyektlərinin müstəqil idaretmə sistemlərinin artırılması və müasir bazar qaydaları əsasında xidmətlərin səmərəliliyinin təşkili ilə bağlı aparılan islahatlara uyğun olaraq noyabrın 1-dən etibarən daxili bazarda yeni qaz tarifləri 3 tarif üzrə müəyyən edilir. Noyabr ayının 1-dən Azərbaycanda təbii qazın əhali qurupuna parakəndə satış qiymətləri
1200 kubmetrə qədər hissəsi hər 1000 kubmetr üzrə 120 manat (70,58 dollar),
1200-2500 kubmetrə qədər olan hissəsi 200 manat (117, 7 dollar),
2500 kubmetrdən çox istehlaka görə isə 250 manat (147,05 dollar)
təşkil edir.
(Mənbə)
Beləliklə, 3 tarif nisbəti üzrə (120+200+250=570:3=190) orta qiymət 190 manat (111,5 dollar) alınır. Belə olan halda, İbadoğlunun Azərbaycanda əhaliyə satılan qazın qiymətini 231 manat (147,7 dollar) kimi təqdim etməsi, daha doğrusu bu cür qiymət əmsalını haradan götürdüyü müəmmalıdır.
Q. İbadoğlu hələ bu azmış kimi Azərbaycanın Gürcüstana satdığı qazın qiymətinin 92,3 dollar olduğuni iddia edir. Həqiqətənmi Gürcüstanda qazın daxili bazar qiyməti 92 dollardır? Yoxlayaq!
SOCAR-ın Gürcüstana ixrac etdiyi təbii qazın qiyməti iddia olunan qiymətdən xeyli yüksəkdir. Qonşu ölkəyə ixrac olunan qazın topdansatış qiyməti müvafiq razılaşdırılmış düstur əsasında dəyişir və qazpaylayıcı şəbəkələrin xərcləri də nəzərə alındıqda hazırda Gürcüstan əhalisi üçün qüvvədə olan tarif 1000 kubmetr qaz üçün 180 ABŞ dollarına bərabərdir. Yəni, cənab İbadoğlunun “kəşf etdiyi” 92 dollardan 2 dəfə yüksəkdir. Azərbaycandakı qiymətdən isə hər 1000 k.metrə görə, 70 dollar çoxdur. Eyni zamanda, Gürcüstanda kommersiya təyinatlı qurumlar üçün topdansatış və parəkandə satış qiymətləri daha yüksəkdir və hər 1000 kubmetr üçün, müvafiq olaraq, 190-360 dollar arasında dəyişir. (Mənbə)
Gürcüstanın Milli Enerji və Təchizatı Tənzimləmə Komissiyası (GNERC) və əhalini qazla təmin edən “Tbilisi Energy” MMC-nin mayın 27-də birgə qəbul etdiyi qərara əsasən, 2021-ci ilin iyunun 1-dən etibarən təbii qazın istehlak tarifini 17% artırılaraq 46,1 min tetridən (100 tetri = 1 lari) 53, 9 min tetriyə çatdırılıb. Yəni 1000 kub.metr qazın qiyməti 53,9 min tetri və yaxud 540 lari müəyyənləşib. (Mənbə)
“Tbilisi Energy” şirkəti təbii qaz tariflərinin artırılmasına səbəb kimi məzənnənin dəyişməsi ilə bağlı son il yarımda 25 milyon lari zərər dəyməsi göstərilir. Şirkət bildirir ki, məzənnənin dəyişməsi ilə yanaşı bazarda baş verən dəyişikliklər də təbii qazın qiymətinin artamasını meydana çıxarıb. Beləliklə, 2020-ci il yanavrın 1-dən qüvvəyə minmiş istehlak tarifi (46 137 tetri) 2021-ci il iyunun 1-dən 53.910 tetriyə çatdırılıb. (Mənbə)
Bir gürcü larisi 54 qəpiyə bərabərdir və bu qiyməti əmsalı islə hesabladıqda qazın qiyməti manat dəyəri ilə 291 manata bərabər olur, yəni 190 dollar.
Neft-qaz sahəsi üzrə tanınmış mütəxəssis, beynəlxaql enerji bazarları üzrə araşdırmaçı İlham Şaban da Qubad İbadoğlunu fikirləri əsassız və həqiqətdən uzaq olduğunu bildirir. Sitat: “İlham Şaban: Bu reallığı tamamilə əks etdirən məlumatlar deyil. Burada problem odur ki, o ekspertlər adətən Gömrük Komitəsinin məlumatlarına istinad edir. Hətta o məlumatlara istinad etsək belə, bizim Gürcüstana satdığımız qazın qiyməti 160-170 dollar arasında dəyişir. Ancaq reallıq bundan ibarətdir ki, biz onu Gürcüstanda əhaliyə və yaxud kiməsə satmırıq. Onu Azərbaycan Dövlət Şirkəti özünün Gürcüstanda törəmə şirkəti olan SOCAR Georgia Qas şirkətinə satır. Onun Gürcüstanın daxili bazarında satdığı qazın qiyməti isə 200 dollardan artıqdır. Bu qiymət həmçinin kateqoriyalar üzrə dəyişir”. (Mənbə)
Yeri gəlmişkən, “Tbilisi Energy” MMC və “SOCAR Georgia Gas” hazırda dünyada yanacağın daxili bazar qiymətləri davamlı olaraq artmasını nəzərə alaraq gələn aydan etibarən Gürcüstanda da qazın kommersiya qurumları üçün daxili bazar qiymətlərinin artırılmasını bəyan edib. “SOCAR Georgia Gas” şirkəti 2021-ci il dekabrın 1-dən pərakəndə satış şəbəkəsinin kommersiya istifadəçiləri üçün tarifi 21% artırdığını açıqlayıb. ƏDV daxil olmaqla 1 kubmetr üçün 1,15 lari (cari məzənnə ilə təxminən 0,36 dollar - İF) təşkil edəcək. Azərbaycan milli valyutası ilə bu, 65 qəpik deməkdir. Yəni, 1000 kubmetr üçün isə 650 manat. Halbuki ölkəmizdə noyabrın 1-dən qüvəyə minən yeni tariflərlə sənaye və kommersiya müəssisələri üçün qazın 1000 kubmetri 220 manatdan artıq deyil, yəni Gürcüstandan 3,2 dəfə aşağı qiymət. (Mənbə)
İndi isə Azərbaycanın Avropaya satdığı qazın qiymət və həcmlərinə diqqət edək. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi 14 milyard 927,1 milyon kubmetr, dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib. Ölkəmiz İtaliyaya 3 milyard 995,4 milyon kubmetr qaz satıb və 1 milyard 267,9 milyon dollar gəlir əldə edib. Qazın 1000 kubmetri təxminən 317 dollar edir. Yunanıstana isə 163,7 milyon dollarlıq 501,7 milyon kubmetr qaz satıb. Qazın qiyməti 307 dollar təşkil edir. Bolqarıstana isə 25,5 milyon dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib. Qazın satış dəyəri 153 dollar olub. Hesabat dövründə Türkiyəyə 1 milyard 206,7 milyon dollarlıq 7 milyard 832,9 milyon kubmetr qaz satılıb, yəni 153 dollardan. (Mənbə)
Və onu unutmamlıyıq ki, Türkiyə ilə Azərbaycanın enerji üzrə iqtisadi əlaqələri digər ölkələrdən fərqlidir, əbəs yerə iki qardaş deyilmir. Dünya bazarında təbii qazın qiymətinin dayanmadan bahalaşmasına baxmayaraq, Azərbaycan Türkiyə ilə qaz kontraktlarında güzəştli tariflərə üstünlük verir. Avrapanın qazın qiymətləri pik həddə çatsa da, Türkiyəyə daha əlverişli şərtlərlə satırıq.
Cari ilin 9 ayında isə Gürcüstana ölkəmizdən 280,9 milyon dollarlıq 2 milyard 261,5 milyon kubmetr qaz ixrac olunub. Bu da təxminən 140 dollar edir. Və onu da nəzərə almalıyıq ki, Azərbaycan Gürcüstana bölgədə ən yaxın strateji müttəfiqlərindən biri kimi hörmət edir, enerji təminatında güzəştlərin əvəzində güclü və etibarlı tərəfdaş-dost qazanıb. Bu ikitərəfli münasibətləri və dostluğu, qardaşlığı isə bəzən pul, maliyyə ilə də əvəz etmək olmur.
Nəticə: İqtisadçı alim Qubad İbadoğlunun həm səmt qazı, həm də Azərbaycanın xarici ölkələrə satdığı qazın qiyməti ilə bağlı iddiaları əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş yalan məlumatdır.