Ucar rayon mərkəzində çəkilən görüntülər bir neçə gündür geniş müzakirə olunur. İddialara görə, həmin görüntülərdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil vasitəsilə rayonu qazla təmin edən ana xəttə hava vurulur. Bildirilir ki, evlərdə qaz sobaları yandırılan zaman qaz xəttindən ancaq hava gəlir. Nəticədə, abonentlər qaz işlətmədən əlavə ödəniş etməli olurlar.
“2-3 kubmetr qaz “Azəriqaz”a nə verir ki, belə işlərə getsin?” Sosial şəbəkələrdə başlayıb mətbuatda davam edən bu iddia nə dərəcədə realdır? Qaz xəttinə hava vurula bilərmi? Bunun hər hansı təhlükəsi varmı?
Video həqiqətə uyğun deyil?
Müzakirələrə səbəb olan bu görüntülərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də açıqlama yayıb. Açıqlamada Ucar rayonunda 22N-li Yol İstismarı MMC-yə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı sözügedən videonun həqiqətə uyğun olmadığı qeyd edilib:
“Rəsmi olaraq bildiririk ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib".
“Azəriqaz” yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov Faktyoxla Lab-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata münasibətini belə ifadə edib: “Bildirildiyi kimi suyu çıxartmaq məqsədi ilə qaz borularına hava vururlarsa, burada bir kriteriya olmalıdır. Əhalinin sayğacından keçəcək hava və qaz nə qədərdir? Bu əhalininn sayğacında nə qədər pul yazacaq. Bu kimi məsələlər aydınlaşdırılmalıdır”.
E.Hüseynov görüntülərin də, qaz xəttinə hava vurulmasının da həqiqət olduğunu söyləyib: “Gözümüzlə gördüyümüzü inkar edə bilmərik. Görüntülərdən aydın görünür ki, dorğrudan da hava vurulur. Bu, artıq FAKT-dır. Bu hava bütün hallarda əhaliyə verilən qaza qarışıb vətəndaşların evindən, sayğacından keçəcək. Bu havanın nə məqsədlə vurulduğunu “Azəriqaz” izah etməlidir. İzahat verməlidir ki, neçə kub-metr hava vurulur, bu hava vətəndaşların sayğacında necə əksini tapacaq. Bu cür məsələlərə görə “Azəriqaz” cavab verməlidir”.
Ə.Hüseynov bildirib ki, AİB-ə “Azəriqaz”la bağlı bu tip kifayət qədər şikayət daxil olub: “Qazın istilikvermə qabiliyyəti aşağıdır. İstiliktörətmə qabiliyyətinin aşağı olması isə kifayət qədər ciddi problemdir. Düşünürəm ki, müstəqil ekspertiza aparılmalıdır. “Azəriqaz” yanında İctimai Şuranın bu məsələlərə diqqət yetirəcəyini düşünürəm. İctimai Şuranın növbəti yığıncaqlarında, yəqin ki, bunun müzakirəsi üçün məsələ qaldıracağam. Eyni zamanda istehlakçılarla bağlanan müqavilələrdə əks olunub ki, onlar keyfiyyətli, standartlara uyğun təzyiqli qazla təmin edilməlidir. Üstəlik, bazarda moniopolist mövqe tutduğundan, “Azəriqaz”ın alternativi olmadığından qanun inhisarçının üzərinə çox aydın şəkildə məsuliyyət qoyub ki, o, istehlakçıları keyfiyyətli, və fasiləsiz qazla təmin etməlidir”.
“Yanlış olsaydı, hamının gözü qabağında etməzdilər”
Ucar rayonunda qaz xəttinə hava vurulması ilə bağlı sosial şəbəkələrdə başlayıb mətbuatda davam edən iddialara “Azəriqaz”dan izahat verilib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəisi Eldəniz Vəliyev Faktyoxla Lab-a açıqlamasında bunun adi prosedur qayda olduğunu bildirib: “Azəriqaz” İB bu metoddan lazım gələndə, yeri düşəndə istifadə edir. Bu tip addımın atılması yanlış olsaydı, hamının gözünün qabağında, şəhərin mərkəzində etməzdilər. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları öz məsuliyyətini yaxşı bilirlər. Bu çox sadə və effektiv üsuldur. Qazıntılar zamanı qaz xətləri zədələnir və qrunt suları, “Azərsu”ya məxsus zədələmnmiş borulardan axan su qaz borularına daxil olur. Eyni zamanda, evlərə kombi və ya başqa hər hansı istilik sistemləri ustaların da səhlənkarlığı üzündən səhv quraşdırılır, nəticədə su kütləsi qaz borularına dolur. Bu da qaz təminatına ciddi şəkildə təsir edir, qazın təzyiqli və keyfiyyətli verilişində problemlər yaranır. Ona görə də yüksək atmosferli hava vurararaq su kütləsini borulardan çıxarmaq zərurəti yaranır. Ancaq hava vurulmadan öncə ərazi üzrə əhaliyə mavi yanacağın verilişi dayandırılır, sonra həmin xəttə yüksək təzyiqli hava vurulur. Xəttin sonunda su kütləsinin borulardan çıxmasına şərait yaradılır. Yüksək atmosferli hava kütləsi borulardakı suyun boşalmasını təmin edir. Sonra qazın normal verilişi təmin edilir. Burada vətəndaşın hansısa ziyanından qətiyyən söhbət gedə bilməz. Bu proses başa çatdıqdan və mavi yanacağın verilişi bərpa edildikdən sonra boru xəttində qalan cüzi havanın çıxması üçün cəmi bir neçə saniyə tələb olunur”.
Videonun ictimai rəyin yanlış yönləndirilməsinə xidmət etdiyini vurğulayan sektor rəisi abonentlərinə çağırış da edib: “Videonu yayan adam bəlkə başqa sahələr üzrə peşəkar ola bilər, ancaq qaz istehlakı, qaz təsərrüfatı ilə bağlı məlumatı yoxdur. Ona görə də insanları yanlış yönləndirir. Hesab edirəm ki, abonentlər bu tip şeylərə uymamalı, “Azəriqaz”la abonentləri arasında yüksək etibar və inam olduğu kimi qalmalıdır”.
Bu mövzu ilə bağlı kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımovun “Qafqazinfo”-ya açıqlaması olub. O, iddiaları nəzəri və təcrübi cəhətdən əsassız hesab edib. N. Qasımovun fikrincə, qaz xəttinə heç kim hava vurmur, qazın özünün standartı var:
"Qazın tərkibinin standarta uyğun olması da müəyyən qurumlar tərəfindən yoxlanır. Kimin nə marağı var ki, qazın içərisinə hava vursun? Həmçinin, bu, çox təhlükəli bir işdir. Bəzən evlərdə qazı yandıranda yarım dəqiqə, bir dəqiqə ərzində hava gəlir. Bu, ona görə olur ki, bəzi insanlar naşı ustaları çağırırlar və onlar da qaz xəttini su xəttinə qoşur. Təcrübədə belə hallar baş verir. Su qaz xəttinə dolur, orada tıxac yaradır və qaz təchizatı pozulur. Bu da “Azəriqaz” İB üçün böyük problem yaradır. Bunu aradan qaldırmaq üçün kompressor çağırılmalıdır, qaz verilişi dayandırılmalıdır. Qazın işçi təzyiqi kəmərlərdə 500 mm-dir, onu 2-3 atmosfer təzyiqlə vurub suyu çıxarırlar.
Suyu çıxarandan sonra qazı bərpa edəndə boruda qalan hava qazla bərabər istehlakçılara gedir. Cihazlardan havanın çıxması üçün 1-2 dəqiqə tələb oluna bilər. Bəzi savadsız adamlar elə bilirlər ki, qaza hava vurulur”.
Ekspert bildirib ki, qaza hava vurmaq cinayətdir:
“Azəriqaz” bir ayda 60 milyon kubmetrdən çox qazı alıb-satır. Borunun içində qalan 2-3 kubmetr qaz “Azəriqaz”a nə verir ki, belə işlərə getsin? Bu, tamamilə absurddur. Kimsə, görünür, gündəmdə qalmaq üçün və ya digər səbəbdən belə bir məlumat yayıb”.