“Yeni sabah” xəbər saytının 16 dekabr sayında “Məmurların xaricə daşıdığı pullar: Bir ildə yarım milyard” başlıqlı məqalədə 2021-ci ilin 9 ayı ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin mənşəyi haqqında şübhə yaradan fikirlər yer alıb. Məqalədə iqtisadçı Nemət Əliyevin və REAI Partiyasının katibi, iqtisadçı Natiq Cəfərlinin fikirlərinə istinadən Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrlə bağlı iddialara rast gəlinir.
N.Əliyev iddia edir ki, ötən il tədiyyə balansında kəsirin ən önəmli səbəbi maliyyə hesabında yaranan 2,4 milyard dollar həcmindəki xalis kapital çıxışı ilə bağlı olub. “Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiları formasında, 1,4 milyard dollarıq hissəsi isə “digər investisiyalar” formasında kapital transferidir. Ötən il azərbaycanlı sahibkarların ən çox investisiya yatırdığı ilk 5 ölkənin siyahısına Türkiyə başçılıq edir – 334 milyon dollar. Növbəti yerləri ABŞ (171 milyon dollar), Lüksemburq (123 milyon dollar), Monteneqro (101 milyon dollar) və Rusiya (95 milyon dollar) tutur. 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni builki göstəricidən 376 milyon dollar daha çox olub”. (Mənbə)
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
Öncə, ötən il 2.4 milyard dollar həcmində xalis kapital çıxışı barədə ittihama aydınlıq gətirək.
Məlum olduğu kimi, həmin vəsaitin 1,4 milyard dolları depozitlər, nağd valyuta, kreditlər və s. vəsaitlərdir və Mərkəzi Bankın “2020-ci il üzrə Azərbaycan Respublikasının tədiyyə balansı” hesabatında da həmin vəsaitlərin təyinatı barədə bütün zəruri məlumatlar verilibdir. (Mənbə)
Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiyaları formasında axını barədə N.Əliyevin iddiaları da çox şişirdilib. Belə ki, bu əməliyyatlar “Hüquqi şəxs rezidentlərin valyuta sərvətlərinin ölkəyə köçürməsi və nağd şəkildə gətirməsi, habelə ölkədən köçürməsi və nağd şəkildə çıxarması “Valyuta tənzimi haqqında” Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilib və buarada hansısa bir qayda pozuntusundan söhbət gedə bilməz.
İkincisi, yerli banklar təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasını rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur. Mərkəzi Bankının da təsdiq etdiyi kimi, bu növ əməliyyatlar yerli bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədi daşıyıb. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməz. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur. (Mənbə)
İndi isə N.Əliyevin Azərbaycan iqtisadiyyatının sərmayə və xarici investisiyalara ciddi ehtiyac duyulduğu dövrdə vəsaitlərin xaricə axması, daha doğrusu bu barədə iddialarının nə dərəcədə doğru olub-olmamasına və Natiq Cəfərlinin bu mövzuda oxşaq ittihamlarına aydınlıq gətirməyə çalışaq.
REAL-çı ekspert deyir ki, Azərbaycandan çıxarılan kapitalın böyük bir hissəsi, çox güman, məmurlara məxsus biznesdən qazanılan, yaxud onların ailə üzvlərinin vəsaitləridir. “Əlbəttə, bu informasiyanı sübut etmək üçün araşdırmalara, dəlillərə ehtiyac var (?-red.). Amma mediada çıxan məlumatlardan da görünür ki, bəzi deputatlar, məmurlar xaricdə daşınmaz əmlaka yatırımlar edirlər. O cümlədən, Böyük Britaniyada çoxlu sayda daşınmaz əmlak aldıqları aydın şəkildə görünür (?-red.). Bu vəsaitlərin ölkədən çıxarılmasının əsas səbəblərindən bir də Azərbaycanda belə yatırımlar və biznes üçün əlverişli şəraitin olmamasıdır: “Bundan başqa, Azərbaycana nisbətən xaricdə məmurlar üçün bu vəsaitləri saxlamaq daha təhlükəsizdir. Təəssüf ki, bu mənfi tendensiyanın uzun illərdir davam etdiyinin şahidi oluruq”. (Mənbə)
Məlum olduğu kimi, Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə 501 milyon dollar birbaşa investisiya yatırıb. İnvestisiyaların 107 milyon dolları Böyük Britaniyanın, 82 milyonu Türkiyənin, 57,6 milyonu Gürcüstanın, 57,2 milyonu ABŞ-ın, 46 milyonu Maltanın, 21 milyonu Monteneqronun, 12 milyon dolları Rusiya Federasiyasının, 10 milyonu Almaniyanın, 9 milyonu İsveçrənin, 8 milyon dolları isə Niderlandın payına düşüb.
İlk öncə, vurğulamaq lazımdır ki, hər bir ölkə digərinə sərmayə yatırır, yaxud cəlb edir. Bu, iqtisadiyyatın normal qaydalarından biridir.
Ancaq müqayisəni aparanlar sanki elə təəssürat yaradırlar ki, Azərbaycan xarici ölkələrə investisiya qoymaqla ölkənin pullarını xaricə daşıyır. Bu, anormal düşüncə məhsuludur və iqtisadi savadsızlığın bariz nümunəsidir. Sərmayədar olmaq həmin dövlətin beybəlxalq miqyasda güclü investor olmasını və nüfuzunu təsdiqləyən əsas amillərdən biridir. Beynəlxalq reytinq agentliklərinin müəyyən etdiyi investisiya reytinqlərində həmin ölkənin bu potensialı da xüsusi olaraq nəzərə alınır.
Müqayisəni aparanlar o qədər savadsızcasına davranırlar ki, sərmayə axınlarının saldosuna baxmağı belə yaddan çıxarıblar. Azərbaycan ötən 9 ayda xarici ölkələrə 501 milyon sərmayə yönəldibsə, bəs əks tərəfin ölkəmizə yatırdığı sərmayənin həcmi nə qədər olub? Bu, niyə yaddan çıxır?
Diqqət edək, Mərkəzi Bankın tədiyyə balansı icmalına baxdıqda aydın görə bilərik ki, 2021-ci ilin yanvar-sentybar aylarında Azərbaycana cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 3,7 milyarda yaxın olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi 8,1 faiz artaraq 3,665 milyard dollar təşkil edib. Sərmayə qoyuluşlarında liderlik edən Böyük Britaniya Azərbaycana 1,235 milyard dollar vəsait yatırıb. Yeri gəlmişkən, Azərbaycan Birləşmiş Krallığa bu dövrdə 107 milyon dollar investisiya yatırıb. Aradakı fərq 12 dəfə artıqdır. Ölkəmizə ən çox sərmayə qoyan ikinci ölkə Türkiyədir - qardaş ölkə sərmayələri 28,3 faiz artaraq 530,1 milyon dollara çatdırıb. ABŞ-ın investisiyaları isə 411 milyon dollar təşkil edib (8,3 faiz artıb). Malayziyanın investisiyaları 324,9 milyon dollar, Kiprin investisiyaları 231,3 milyon dollar, Yaponiyanın investisiyaları 215,8 milyon dollar, İranın investisiyaları 209,4 milyon dollar, Norveçin investisiyaları 121,7 milyon dollar təşkil edib. (Mənbə)
İndi fərqə diqqət edək: Cari ilin 9 ayı ərzində Azərbaycan xaricə yatırdığı investisiyalardan 7,4 dəfə çox sərmayəni cəlb edib. Yəni, müsbət saldo 3,2 milyard dollardır. Kim daha çox qazanıb?
Göründüyü kimi “milyonların xaricə daşınması” kimi manipulyativ məlumatların heç bir əsası yoxdur.
Həqiqətənmi Azərbaycandan çıxarılan kapital, daha doğrusu sərmayə vəsaitləri məmurlaa məxsus biznesdən qazanılan, yaxud onların ailə üzvlərinin pullarıdır?
Məlumdur ki, Azərbaycanın xarici ölkələrdə yatırdığı sərmayələr əsas etibarilə neft-qaz, kimya, sənaye sektorlarında müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilir. Məsələn, Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkələr siyahısında lider olan Türkiyəyə yönəlmiş vəsaitlər enerji layihələri, neft-emalı, neft-kimya, qazpaylama, liman və digər sahələrə olan yatırımlardır. Həmin sərmayələr hesabına “Petkim” neft-kimya kompleksi, STAR neft emalı zavodu yaradılıb. Həmin sənaye müəssisələri Türkiyə iqtisadiyyatının ən aparıcı iqtisadi güc sütunlarından hesab edilir. (mənbə)
Türkiyəyə yönəlmiş sərmayələr əmlaka deyil, sənaye nəhənglərinin yaradılmasına xərclənib və gələcəkdə bu sərmayələrdən 4-5 qat artıq valyuta qazanılacaq. Yəni, həmin sərmayələr itən deyil, gətirən sərmayələrdir.
Azərbaycanın digər ölkələrə yatırdığı sərmayələrin də strukturuna diqqət edək. Gürcüstana xərclənən pullar enerji layihələri, TANAP, Bakı-Tbilisi-Qars və digər infrastruktur layihələrinə, yanacaq doldurma məntəqələri və qazpaylayıcı şəbəkələrinin yaradılmasına, nəqliyyat infrastrukturlarının bərpasına yönəlir və həmin vəsaitlər də divident gətirir. Hazırda qonşu ölkədə fəaliyyət göstərən “SOCAR Georgia Petroleum”, “SOCAR Gas Export-Import”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Gas Distribution”, “Black Sea Terminal” və digər müəssisələr havayı çalışmır, hər gün neft-qaz məhsulları satır və əldə edilən gəlirlərin böyük bir hissəsi Azərbaycana qayıdır. (Mənbə)
Sərmayə qoyuluşlarında digər mühüm paya malik Rusiya iqtisadiyyatına yatırılmış 1,2 mlrd. dollardan çox Azərbaycan investisiyaları əsas etibarilə dövlət investoru qismində yönəlib. Dövlət Neft Fondu Rusiyanın ən böyük banklarından biri olan “Bank VTB”-nin səhmdarına çevrilib, eyni zamanda, Moskvanın biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 133 milyon dollara satın alıb. Həmin əmlak müxtəlif ölkələrin nümayəndəliklərinə, maliyyə, sığorta və konsaltinq xidməti göstərən şirkətlərə və beynəlxalq ticarət brendinə icarəyə verilib və icarədən daxil olan gəlirlərin Fondun divident portfelində çəkisi kifayət qədər yer tutur. Eləcə də İsveçrəyə yatırılmış Azərbaycanın investisiyaları SOCAR-ın “ExxonMobil”lə müqavilə imzaladığı müqavilə əsasında yanacaqdoldurma şəbəkələrinin yaranmasına sərf olunub. Norveçdə Azərbaycan məxsus 180-dən çox yanacaqdoldurma məntəqəsi, Vanqen-Olendə qazdoldurma zavodu mövcuddur. Həmçinin, Ukraynada Azərbaycan kapitallı şirkətlərin sırasında əsas güc SOCAR-ın payına düşür. Şirkət bu ölkədə 2009-cu ilin sonundan neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışı ilə məşğuldur. (Mənbə)
Postsovet ölkələrindən Belarus və Moldova da Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır. Moldovada Azərbaycan investisiyası hesabına yanacaq terminallarının tikintisi həyata keçirilib. Azərbaycan həm də Şərqi Avropanın enerji infrastrukturunda daha mühüm rol oynayır, Rumıniyada və digər ölkələrdə enerji komplekslərinin tikintisinə sərmayə qoyur və böyük miqdarda gəlirlər əldə edir. (Mənbə)
Yekun olaraq bir faktı da deyək ki, Nemət Əliyevin sübutsuz, dəlilsiz açıqlamalarını nədənsə Ermənistan mediası havada tutub və yayırlar. Onun “Nemət Əliyev: Hökumət sərmayə adı altında 4 milyardı yoxa çıxarıb” açıqlamasını Ermənistan İctimai Radiosu yayıb, bundan sonra digər saytlar məlumatı sürətlə paylaşıblar. (Bu sayt Azərbaycanda bloklandığı üçün VPN vasitəsilə linklə tanış olmaq mümkündür)
Nəticə: Göründüyü kimi Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələr strateji sahələrə yönəldilib və həmin vəsaitlər səmərəsiz deyil, hər ay kifayət qədər valyuta gətirir. İqtisadçılar N.Əliyev və N.Cəfərlinin “ölkədən çıxarılan kapital məmurlaa məxsusdur” fikri həqiqəti əks etdirmir, kütlə ilə manipulyasiya və faktsız ittihamdır. Heç bir tutarlı arqument, fakt gətirmədən “Əlbəttə, bu informasiyanı sübut etmək üçün araşdırmalara, dəlillərə ehtiyac var”, “Amma mediada çıxan məlumatlardan da görünür ki, bəzi deputatlar, məmurlar xaricdə daşınmaz əmlaka yatırımlar edirlər”, “Böyük Britaniyada çoxlu sayda daşınmaz əmlak aldıqları aydın şəkildə görünür” fikirləri səsləndirmək isə nə siyasətçiyə, nə də iqtisadçıya yaraşır.