“Mənim millət vəkili olduğum Tovuz rayonuna turisti nə ilə cəlb etmək olar? - Çox önəmli bir abidə ilə. Bu abidə ilkin Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeridir. Cənab Prezident 9 il öncə müvafiq Sərəncam imzalasa da, hələ də Göytəpə Arxeoloji Parkı yaradılmayıb. Niyə? Vəsait ayrılıb amma sonra o vəsait hansı istiqamətə yönəldilib bilən yoxdur və ortada arxeoloji park da yoxdur”.
Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlament toplantılarından birində mədəni turizm mövzusunda danışarkən deyib və bununla da illərdir icrası ləngiyən tarixi abidəni gündəmə gətirib.
Parkın indiyənə kimi NİYƏ yaradılmadığını Faktyoxla Lab. araşdırmağa çalışıb. Əvvəlcə gəlin görək söhbət hansı parkdan gedir?
Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləhmanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə q.y.y. Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir
2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlayıb. 2009 -cu ildə, tədqiqatçı Fərhad Quliyev Yaponiyanın Tokio Universitetinin Professoru, Orta Şərqin neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyaki ilə Göytəpə qədim yaşayış yerində və ətrafında olan (Tovuz rayonunda yerləşən) digər arxeoloji abidələrdə müştərək araşdırmalar aparılması ilə bağlı ilkin razılığa gəldikdən sonra tərəflər arasında (Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokiyo Universiteti) əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olmuş “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)” adlı layihə abidənin müəllifləri tərəfindən (Fərhad Quliyev, həmmüəllif Yoşhihiro Nişiyaki) yeni aspektdə məsələlərə yanaşmasına şərait yaratmış oldu. Abidənin məxsusi özəlliklərini əsas götürərək qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə "(arxeometrik elmlər)" paleobotanika, paleozoologiya, geomorfologiya, traselogiya, paleo-mühit və digər elmlərin qovşağında öyrənilməsi və həm də arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək arxeoloji abidənin ətrafında açıq səma altında arxeoparkın yaradılması nəzərdə tutulmuşdur.
2012 -ci ilin aprel ayının 12-də, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi növbəti səfəri zamanı, Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olmuş və abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işləri yeni dövrün reallıqları prizmasından təşkil olunması məqsədilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 18 aprel 2012-ci il tarixli sərəncam imzalamışdır. Prezidentin sərəncamına əsasən tədqiqat obyektinin müəllifləri tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur. Birinci olaraq abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə neolit dövrünün kəndinin rekonstruksiyası, qazıntı sahələrində qoruyucu örtüyün qurulması və abidədən aşkar olunmuş maddi mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması nəzərdə tutlmuşdur.
Həmin sənədə əsasən, layihələndirmə və tikinti işlərinin başlanılması üçün hələ 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 300 (üç yüz) min manat ayrılıb. Elə həmin sənəddə Maliyyə Nazirliyinə bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. (Mənbə)
Göytəpə qədim yaşayış yerində Azərbaycan və Yaponiya tədqiqatçılarından təşkil olunmuş yaradıcı kollektiv altı il ərzində 1000 kvadrat metrdən artıq sahədə araşdırmalar aparmışdır. Qazıntılar zamanı məlum olmuşdur ki, qədim yaşayış yerinin mədəni təbəqəsi 10 metrdir. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlığ horizontunu üzə çıxarmışdır. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalmışdır. Araşdırmalar zamanı qədim yaşayış yerindən aşkar olunmuş arxeoloji materiallar təyinatına uyğun şəkildə analiz və təhlillərə cəlb edilmişdir. Qədim yaşayış yerinin dəqiq yaş dövrünü təyin edilməsi məqsədilə qazıntı sahələrindən neolit sakinlərinin özləri tərəfindən vaxtilə istifadə olunmuş çoxlu sayda kömür parçaları və osteoloji qalıqlar götürülmüş və Tokiyo Universitetində laborator analizlərə göndərilmişdir. Nəticədə, radiokarbon analizlər Göytəpə qədim yaşayış yerinin e.ə. VI minilliyin əvvəlindən ortalarına qədər dövrləşdiyini göstərir.
Göytəpə qədim yaşayış yerində aparılan qazıntılar zamanı çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), biri-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilmişdir. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik dairəvi binalar iri ölçülü binalar ilə enli divarlar vasitəsilə birləşirdi. Nəticədə, binaların daxili həyəti əmələ gəlirdi. Kiçik məhəllələr şəklində formalaşmış binalar dövrün sosial-iqtisadi inkişafından irəli gələn yeniliklərdən idi. Abidənin bina tikililərinin yaxşı vəziyyətdə qalması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkməklə yanaşı həmçinin bina tikililərin mümkün rekonstruksiyasını həyata keçirməyi mümkün etmişdir.
Bundan əlavə bina tikililərin özündə və həyətində yəni məhəllələrin ərazisində istehsal ocağını əks etdirən insitu vəziyyətində arxeoloji artefaktlara rast gəlinməsi Göytəpə sakinlərinin təsərrüfat həyatında istehsalla məşğuliyyətin yüksək səviyyədə olduğunu göstərir.
Göytəpə qədim yaşayış yerinin əsas xüsusiyyəti, burada qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların səksən faizinin yaxşı vəziyyətdə olması ilə izah olunur. Göytəpə sakinlərinin təsərrüfat həyatında sümükişləmənin xüsusi yer tutması diqqətə layiq hadisə idi.
Alimlər örtük gözləyir
Sənədi “tapdıqdan” sonra “Park hanı?” sualıyla Faktyoxla Lab. parkın tədqiqatçısına üz tutub və bəlli olub ki, onlar gözləyir. Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyev deyib ki, tədqiqatçılar genişmiqyaslı tədqiqat işlərinə başlamaq üçün abidənin üstünün örtüləcəyi günü gözləyir. Həmsöhbətimizin dediyinə görə, arxeoloji parkın salınması ilə əlaqədar xarici mütəxəssislərlə birgə hazırlanan layihə reallaşmadan dərinlikdəki informasiyanı açmaq onu məhv etməyə bərabərdir: “Yerin aşağı qatlarındakı informasiyanı hələ əldə edə bilməmişik. Qazıntı aparmağa başlayanda evlər, tikililər, həyətlər canlı şəkildə ortaya çıxacaq. Abidənin xüsusiyyəti belədir ki, açıq havada çiy kərpicdən tikilmiş memarlıq nümunələri qısa zamanda məhv olur. Amma üstündə örtük olarsa, üzə çıxan tarixi qoruya bilərik. Ona görə də əvvəlcə tikinti işlri başlamalı, abidənin üstü örtülməlidir ki, üzə çıxacaq tarix ətraf mühitin təsiriylə aşınmaya məruz qalmasın”.
Örtük isə həm mürəkkəbdir, həm də məsrəfli...
F.Quliyevin sözlərinə görə, 8 metr hündürlüyündə, 145 metr diametri olan Göytəpənin alt qatlarından sensassiyaya səbəb olacaq informasiyalar çıxacaq: “Örtük dünyada qəbul olunmuş standartdır və abidənin qorunması üçün əsas şərtlərdən biridir. Bizdə problem budur ki, mədəni irslə bağlı işlər birtərəfli aparılır, paralelliklər gözlənilmir. Tutaq ki, alimlər qazıntı işləri görüb elmi araşdırmalar aparanda başqa bir idarə abidənin örtüyünü çəkməli, üçüncü bir təşkilat ətrafını abadlaşdırmalı, başqa biri isə abidənin təbliğatıyla məşğul olmalıdır. Kompleks iş olmalıdır ki, nəticə də olsun. Prezidentin Sərəncamında da mahiyyət etibarilə bu nəzərdə tutulub. Çəkilməli olan örtük mürəkkəb konstruksiyalıdır. Təsəvvür edin ki, 2 stadionun üstünün örtülməsindən söhbət gedir. Belə bir konstruksiya həm mürəkkəb və problemli, həm də böyük xərc tələb edir. Çünki bu örtük dirəksiz qurulmalıdır, eynən Türkiyədə olan və UNESCO-nun mədəni irs siyahısına daxil olan Göbəkli təpə üçün qurulan qoruyucu örtük kimi. Örtüyün qurulması, ətrafında arxeoloji parkın yaradılması kompleks iş tələb edir”.
Bəs, biz sensasiya doğuracaq və bütün dünyanın diqqətini öz üzərində cəmləşdirəcək həmin informasiyanı yerin dərinliklərindən gün işığına çıxarmada astagəlliyə səbəb nədir? Tədqiqatçı buna səbəb olaraq pul məsələsini istisna etmir: “Bu məsələdə ola bilsin ki, rentabellik ola bilər, maliyyə məsələləri üzündən gecikə bilər”.
F.Quliyevin fikrincə, tikintini aparacaq mütəxəssislər də xaricdən dəvət edilməlidir: “Abidənin aid olduğu neolit dövrünün replikası da yaradlılacaq. Neolit dövrünün kəndi qurulacaq. Nəzərdə tutulub ki, abidənin tam şəkildə elmi rekonstruksiyası qurulsun. Çiy kərpicdən binalar tikiləcək, dairəvi planlı evlər olacaq. İçəridə isə neolit dövrü insanının həyat tərzini əks etdirən interyer əksini tapacaq. Burada daha çox yaradıcı yanaşma, müxtəlif sənətlərdən başı çıxan insanların yaradıcılığı tələb olunur. Bizim istədiyimiz odur ki, qədim dövrü canlandıraq və ziyarətçilər burada özünü neolit dövründəymiş kimi hiss etsinlər”.
Örtükdən öncə kənd olarsa...
Əslində, sözügedən kənd kənarda qurulacağı üçün abidənin üst örtüyünün çəkilməsini gözləmədən də Neolit dövrü kəndinin salınmasına başlamaq mümkündür. Ancaq əhəmiyyətinə görə, abidənin üstünün bağlanması daha öncəlikli olduğundan hələlik kəndin qurulması da gündəmdə deyil. Baxmayaraq ki, abidədən kənarda Neolit dövrü kəndini qurmaqla dünyanın diqqətini Göytəpədə yatan tarixə cəlb etmək mümkündür. Ancaq alimlərimiz Neolit dövründə Göytəpədə baş verənlər haqqında dünyanı bilgiləndirmək üçün başqa yolu seçiblər. Belə ki, Göytəpədən əldə edilən ilkin informasiya ilə iki monoqrafiya hazırlayıblar. 2008-ci ildən bəri Göytəpədə toplanan bütün elmi informasiyaların əksini tapdığı ilk monoqrafiya artıq çap olunub. F.Quliyev artıq ikinci cildin də çapa hazır olduğunu vurğulayıb: “İnformasiya çox olduğu üçün onu iki hissəyə bölmüşük. 2008-2014-cü illər ərzində əldə etdiyimiz elmi məlumatlar ilk monoqrafiyada çap edilib və çox böyük marağa səbəb olub. Həmin monoqrafiyaya 600-dən artıq istinad var. Daha sonra əldə edilən məlumatlar isə ikinci monoqrafiyada öz əksini tapacaq”. (Fərhad Quliyev, Yoşhihiro Nişiyaki. "Sivilizasiyanın başlanğıc nöqtəsi - Göytəpə neolit dövrü abidəsi", Bakı, 2012, 32 səh. İSBN 978 9952-8135-3-1)
Tovuz rayonunda yerləşən Göytəpə neolit dövrü qədim yaşayış yerindən aşkar olunmuş qədim bitki qalıqları analizlərinin nəticələrinə həsr olunmuş geniş elmi məqalə 2015-ci ilin yanvar ayında İngiltərədə nəşr olunan impakt faktorlu “Journal of Achaeological Science- Elsevier” beynəlxalq elmi jurnalında dərc edilib.
Abidədə aparılan tədqiqatların rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Yaponiyanın, ABŞ-ın və İspaniyanın Yoşihiro Nişiaki, Çie Akaşi, Seici Kadovaki, Liza Maher, Marta Portillo və Roza M. Albert kimi paleobotanika elmləri üzrə aparıcı mütəxəsissləri məqalənin həmmüəllifləridirlər.
Məqalədə Göytəpə yaşayış məskənində aşkar edilmiş gildən hazırlanmış təsərrüfat quyularının içərisindəki torpağın tərkibinin geoarxeoloji və paleobotanik analizləri emal prosesində əldə edilən taxıl, buğda və arpa qalıqlarını müəyyən etmişdir. Beləliklə, dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılan analizlərin nəticələri Göytəpə yaşayış məskəni materialı timsalında neolit dövründə Azərbaycanda dövrü üçün qabaqcıl əkinçiliyin mövcudluğunu, qədim yerli əhali tərəfindən mədəni bitkilərin yetişdirildiyini göstərmişdir. Alınmış nəticələr, həmçinin neolitdə Azərbaycan əhalisinin dövrü üçün qabaqcıl aqrotexniki bilik və təcrübəyə malik olması barədə fikir yürüdülməsinə təkzibedilməz əsas verir.
2014-cü ildən bu yana qazıntı işlərinin genişləndiyini vurğulayan F.Quliyev yeni sahələr açdıqlarını və bu səbəbdən ikinci monoqrafiyanın da tarixi informasiya ilə zəngin olacağını bildirib: “Çox geniş nəşr olacaq. Rusiyada da həmin monoqrafiyaya böyük maraq var, orda da gözləyirlər. Ona görə həm də rus dilində nəşri məsələsi artıq həll olunub”.
Göytəpə ilə bağlı məlumat qıtlığı
Göytəpədə üzə çıxan elmi məlumatlar çox olsa da, bu məşhur təpəylə bağlı informasiya qıtlığı yaşanır. Gün üzünə çıxan informasiyalar ictimaiyyətlə paylaşılmır. F.Quliyev bunun səbəbini ölkəmizdə elmin öz nəticələrini populyarlaşdıra bilməməsiylə izah edib: “Heç bir elmi əhəmiyyəti olmayan məsələlər qısa zamanda əks-səda doğura bilir, ancaq dünyada tanınan elmi-tədqiqatlarımızdan ölkəmizdə heç kəsin xəbəri yoxdur”.
Tədqiqatçının fikrincə, bu işlə başqaları məşğul olmalıdır, tədqiqatçılar yox: “Məsələn, Türkiyədə bu işlə məşğul olan qurumlar var. Alimlərlə birgə işləyirlər, ancaq tədqiqatçılar təbliğat işinə qarışmır. Məsələn, qədim dövrün tibbi haqqında məlumat əldə etmişik. Göytəpədə tapdığımız bitki qalıqlarının xaricdəki laboratoriyalarda analizindən sonra botaniklər bu qənaətə gəlib ki, həmin bitkilərdən dərman kimi istifadə olunub. Bunu istənilən jurnalist maraqlı xəbər olaraq paylaşa bilər. Ancaq bu qısa müddət üçün effektli olur. Davamı gəlmədiyi üçün məsələ bitir. Şəxsi əlaqələrimizdən istifadə edib Göytəpəni təbliğ edən bir neçə materialın hazırlanmasına nail olduq. Ancaq bu, dediyim kimi, cəmi bir-iki işlə məhdudlaşdı. Əslində isə, bu işin peşəkarları olmalı, onlar bundan pul qazanmalıdır. Mənə xoş olardı, stimul verərdi ki, üzərində işlədiyimiz abidə haqqında, tutaq ki, uşaqlar üçün cizgi filmi çəkilərdi. Oğlum orta məktəbdə oxuyur, Türkiyənin abidələri haqqında çox böyük məlumata sahibdir. Bütün məlumatları da cizgi filmlərindən əldə edib”.
İrsimizə yanaşma dəyişməlidi
F.Quliyevin fikrincə, layihənin gecikməsinin də, təbliğatın düzgün qururlmamasının da kökündə duran bir başlıca səbəb var: “Mənim fikrimcə səbəb odur ki, çoxu bu məsələyə dırnaqarası baxır. Mədəni irs nümunələrinə, onların qorunmasına, təbliğinə yanaşma dəyişməlidir. Təəssüf ki, bu, sadəcə Göytəpəylə bağlı problem də deyil. Nə qədər başqa abidələrimiz, qoruqlarımız var. Onlara münasibət eynidir. Dövlət başçısı abidələrimizi ziyarət edir, tapşırıqlar verir, qərar qəbul edir, çünki o, bunların dəyərini yaxşı bilir. Lakin bu işlərin həvalə olunduğu şəxslər ya məsələnin mahiyyətini bilmir. Sadəcə bir nümunə deyim. Amerikadan olan qonağımız abidələrimizlə tanış olduqdan sonra dəhşətə gəlir, səhərə qədər yatmır, çoxlu suallar verir ki, bacardığı qədər çox məlumat əldə eləsin. Çünki onlarda tarix yoxdur. Bizdə isə tarix var, amma dəyərini bilmirik”.
AMEA RH-nin masasında dondurulan layihə
Bəs, bu tarixin dəyərini bilməyənlər kimlərdir? Təqdimatı belə keçirilmiş bir layihənin icrası niyə gecikir?
Tədqiqatçı deyib ki, onlar ideyanı verib, ona uyğun konsepsiyanı hazırlayıblar: “Kim bunu hansı məbləğə həyata keçirəcək, bu məni maraqlandırmır. Mən, sadəcə təklif etmişəm ki, bu işə xaricdən, xüsusən də Türkiyədən mütəxəssislər cəlb olunsun”.
Maraqlıdır, tarixçi bilirmi hazırladıqları konsepsiya sənəd harada ilişib, kimin masasında qalıb? Cavab konkretdir: “AMEA Rəyasət Heyətinin. Sərəncamı AMEA RH yerinə yetirməlidir”.
Fərhad Quliyevin fikrincə, Göytəpədə tikintini həyata keçirəcək şirkətlə danışıqlar aparılır: “Hesab edirəm ki, bu işi hər hansı şirkətə həvalə etmək olmaz. Burada işləyəcək şirkətin xüsusi yanaşması olmalıdır”.
Arxeoloji Parkın layihəsinin donu yazda açılacaq?
Tədqiqat qrupunun rəhbərinin barəsində danışdığı şirkət, ya da şirkətlər hansılardır? Nəzərdə tutulan şirkət bu işin öhdəsindən gələ biləcəkmi? Bunun üçün araşdırma aparılıbmı? Tender elan olunubmu və ya olunacaqmı? Göytəpə və ümumiyyətlə, milli-mədəni irs nümunələrinin təbliğatı niyə aşağı səviyyədədir? Yoxsa təbliğat üçün də mürəkkəb konstruksiya tələb olunur??
Göründüyü kimi, millət vəkili Qənirə Paşayevanın suallarına tarixçi alim Fərhad Quliyevin də sualları əlavə olundu. Ancaq AMEA RH-nə göndərdiyimiz sorğuya cavabdan belə görünür ki, 9 ildir həllini gözləyən Sərəncam kimi, bu suallar da hələ bir neçə ay cavabsız qalacaq. O da dedikləri kimi olarsa: “Layihədə xüsusi örtük mürəkkəb konstruksiyalı olduğu üçün, zaman tələb edir. Mart və aprel aylarında Parkın layihələndirmə mövzusu aktuallaşacaq. Bununla bağlı ictimaiyyətə də açıqlama veriləcək”.
Maliyyə Nazirliyinə bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırıldığından Faktyoxla Lab həmin qurumlara da sorğu ünvanlayaraq müvafiq sərəncamın yerinə yetirilməsi vəziyyətiylə maraqlanıb. Amma onlar susmağa üstünlük verib.
NƏTİCƏ: Gözləyirik...
-Masa üstündə layihə şəklində olan ideya, həmin ideyanı reallaşdırmağa əsas verən fundamental sənəd – Prezident Sərəncamının reallaşdırılacağı günü;
-Göytəpədə yerin üst hissəsində əlində qazıntı aparmaq üçün hər cür əsası olan tədqiqat qrupu hazır vəziyyətdə çəkiləcək örtüyü;
- Elə həmin Göytəpədə yerin altında yatan böyük bir tarix ona toxunub gün işığına çıxaracaq külüngü
- Azərbaycan Göytəpə Arxeoloji Parkının UNESCO-nun mədəni irs nümunələri siyahısına daxil edildiyi xəbərini
-Faktyoxla Lab. sorğularına cavabı.