Dünyanın nüfuzlu “Bloomberg” Agentliyi “İki aydan sonra Avropa qazsız qalacaq” sərlövhəli məqalədə Avropa regionunda yaşanacaq qaz böhranına toxunub. “Bloomberg Wood Mackenzie” analitiklərinin qənaətinə görə, Avropa regionu ölkələrinin daxili qaz anbarlarında olan ehtiyatların həcmi hazırda 56%-ə bərabərdir, bu da son 10 ildəki orta göstəricidən aşağıdır. Mövcud vəziyyət anbardakı qaz resurslarının martın sonuna kimi 15%-ə qədər düşməsi təhlükəsini meydan çıxarıb. (Mənbə)


Məqalə müəllifləri qeyd edirlər ki, hazırda Avropanın qaz təchizatında Rusiyanın üstünülüyü öz hökmünü qorumaqdadır, “Qazprom” ənənvi tranzit kəmərləri və “Şimal axını 2” vasitəsilə yanacaq tədarükündə əsas rol oynayır. Ehtiyatların azalması Rusiyanın əlavə ixrac imkanlarını artırmasını tələb edir. Əslində bu situasiya Rusiyanın qaz korporasiyaları üçün də əlverişlidir, dekabrda mavi yanacağın 1000 kub.metrinin qiymətinin 1000 dollara qədər qaldıran qaz yataqlarına və qaz sənayesinin mütləq əksəriyyətinə nəzarət edən “Qazprom” şirkəti yeni tariflər şərti ilə nəqli artırmağı istisna etmir.

Rusiyada hasil edilən 600 milyard kub.metr qazın 70 faizindən çoxu “Qazprom”un payına düşür və Avropa təbii qaz bazarının 40% -ni təmin edir. Ümumilikdə Rusiyanın Avropa qaz bazarında payı 48 faizə bərabərdir. Məsələ ondadır ki, Avropa regionunda qaz tariflərinin bahalaşmasında “Qazprom” spot bazarda əlavə müqavilələr imzalamaması, qaz nəqlinin artırmaq istəməməsi də ciddi təsir göstərib. Əgər Avropa bazarına daha çox qaz əlavə edilərsə, bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Müstəqil analitik Alexander Sobkon isə hesab edir ki, “Qazprom” nəinki mövcud tariflərlə hesablaşmaq istəyir, hətta yeni spot-müqavilələrə əlavə tariflər qoymaq istəyir. Nəticədə Avropa üçün ciddi gərginliklərin yaranması istisna olunmur. (Mənbə)

Faktyoxla Lab. “Bloomberg”-in, eləcə də digər mütəxəssislərin qənaətlərini araşdırıb və Azərbaycanın bu məqamda rolunu dəyərləndirib.

Xatirlatmaq lazımdır ki, qaza tələbatın artması qlobal tələb-təklifin son bir ildə yenidən dəyişməsidir. 2020-ci ildə ağır koronavirus pandemiyasından sonra 2021-ci ilin ilk rübündən etibarən dünya iqtisadiyyatında yenidən bərpa proseslərinin başlanması, o cümlədən Avropa İttifaqı regionunda iqtisadi canlanma, xüsusilə də sənaye-enerji komplekslərinin birillik daralmadan sonra istehsalı genişləndirməsi hədsiz dərəcədə yanacağa tələbi artırıb. Görünən odur ki, pandemiya dövründə neft-qaz gəlirlərinin on milyardlarla dollar itirən Rusiya Federasiyası bu fürsətdən yararlanmaq istəyir. Rusiyanın müxtəlif vaxtlarda enerji amilindən siyasi məqsədlər üçün istifadəsini istisna etməyən Avropa Birliyi ekspertləri gələcək enerji təhlükəsizliyinin təmin olunmasında rus qazından asılılığın azaldılmasını, Cənub Qaz dəhlizinin imkanlarının artırılmasını ən etibarlı və uzunömürlü təminat hesab edirlər. 
Beləliklə, Avropa perspektivdə Rusiyadan qaz tədarükünün əvəzində digər ixracatçı ölkələrdən - Oman, İndoneziya, Malayziya, Türkmənistan, və Norveç, Əlcəzair, Qətər, Qazaxıstan, Türkmənistan və Azərbaycandan daha çox yanacaq almağı düşünür. Qaz İxrac Edən Ölkələrin Forumunda (GECF) bir neçə dəfə Avropa İttifaqına qaz nəqli kəmərlərinin şaxələndirilməsi, yeni tranzin xətlərinin çəkilişi və birləşdirilməsi məsələsi müzakirə olunub. Forumun Baş katibi Məhəmməd Hamel uzunmüddətli dövrdə Avropaya qaz ixracının artırılmasının mümkünlüyünü bildirib. (Mənbə: gecf.org)

 

Avropa Birliyi həmçinin, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinə də xüsusi üstünlük verir və gələcək etibarlı yanacaq təminatının əsas həlqəsi kimi bu layihənin genişləndirilməsinə çalışır. Nüfuzlu “Forbes” nəşrinin 6 yanvar 2022-ci tarixli sayında dərc olunmuş “Bad News For Russia, As Gas From Azerbaijan Now Flows To Western Europe” (Rusiyaya bəd xəbər, Azərbaycan qazı Qərbi Avropaya axır) adlı yazıda Azərbaycanın “Şahdəniz” yatağından hasil etdiyi qazın İtaliyanın Adriatik sahilindəki Melenduqno məntəqəsinə tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizi (CQD) layihəsinin start götürdüyünə toxunulur. Müəllif bildirir ki,  uzunluğu 3500 km olan boru kəməri ilə illik 10 milyard kub.metr qazın Avropaya nəqli ilk müjdədir, layihənin yaxın gələcəkdə gücünün artması sayəsində Avropa Birliyinin qaz təminatında əhəmiyyətli dəyişiklilk baş verəcəkdir. (Mənbə: 
forbes.com)

Azərbaycanın qaz ehtiyatları Avropanın uzun illər enerji təminatında yer almağa kifayət edirmi?

Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa Birliyinin qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir.
Məsələ ondadır ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır. (Mənbə)

Reallıq budur ki, Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ötən 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə Azərbaycan Avropa regionuna 7-8 milyard kub.metr qaz ixrac edib. (Mənbə: interfax)

 Ötən il dekabrın 15-də Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində Azərbaycanın Aİ-nin qaz təminatında artan roluna diqqət yönəlib. Həmin tədbir çərçivəsində “İspaniyanin “El Pais” qəzetinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ixrac siyasətinin birbaşa Qərb istiqamətində olduğunu və Avropaya hər il qaz nəqlinin artcağını bəyan etməklə Aİ-nin enerji təminatında mühüm yer alacağımızı təsdiqlədi: “Bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir”. (Mənbə)

Azərbaycan Prezidenti dekabrın sonlarında İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində də Avropa ölkələrinə qaz ixracını artırmağa hazır olduğumuzu, ixracın artırılması üçün imkanların olduğunu vurğulayıb. Sitat: “Hasilatı artırmaq üçün investisiyalar lazımdır və bunun üçün müqavilələr lazımdır. Deməli, əvvəlcə müqavilələr, sonra investisiyalar, sonra qaz. Amma biz hazırıq. Bizim nəhəng yataqlarımız və Avropanın digər istiqamətlərinə qoşulmaq imkanı olan müasir infrastrukturumuz var”.  (Mənbə: tass.ru)

Qaz hasilatının ildə-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir. Proqnozlara əsasən, 2022-2025-ci illərdə ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü  20 mlrd. kubmetrədək artırıla bilər. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq.
Dünyanın nüfuzlu media orqanlarından olan “Blomerg” Agentliyinin nəşr etdiyi “Azerbaijan Says it Can Increase Natural Gas Exports to Europe” adlı məqalədə qeyd edir ki, Aİ 2021-ci ildə Azərbaycan təbii qazının ikinci ən böyük idxalçısı olub, hazırda mövcud potensialllar əsasında yanacağın gələcəkdə həcmləri üzərində tədqiqlər davam edir. Mənbə: (bloomberg.com)

Demək, Aİ ilə yeni qaz müqavilələrinin imzalanması üçün əlverişli fürsət yaranıb və Azərbaycan bu imkanlardan istifadə etməkdə qərarlıdır. Digər tərəfdən, ən mühüm məqamlardan biri odur ki, Azərbaycan yaxın illərdə Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyini bəyan etməklə faktiki olaraq Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hədəf proqramına, yəni Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasına qoşulduğunu xatırladır. 

Gerçəklik budur ki, Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini – Türkmənistan, Özbəkistan, Qazaxıstan və hətta İranın da gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ bununla bir neçə istiqamətdən – Afrika-Asiya-Yaxın Şərq, Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmağı və hazırda Rusiyanın üstünlüyündə olan bazarda bərabərsizliyi tam aradan götürmək niyyətindədir. (Mənbə:  bloomberg.com)

Yeri gəlmişkən, bir neçə gün əvvəl İranın “İrna” Agentliyinin dərc etdiyi bir məqalədə də dünyada qaz bərabərliyinin təmin edilməsində Fars körfəzindən Xəzər dənizinə qədər coğrafi tranzitin aktuallaşmasına dair analitik fikirlər yer alıbdır. Müəllif bildirir ki, Xəzər regionunun Asiya və Avropanın əsas qaz istehlak bazarlarına yaxınlığı və Xəzər dənizinin zəngin qaz ehtiyatları dünyanın qaz tədarükünün bölgüsünü dəyişə bilər. Reallıq odur ki, qlobal neft tələbatı azalır, əksinə mavi yanacağın istehlakı artır. Asiyanın əsas qaz istehlakçıları olan Çin və Hindistan öz qaz təchizatı üçün digər qaz istehsalçıları ilə intensiv danışıqlar aparır. Avropa İttifaqı ölkələri isə bir neçə enerji mənbəyinə ümid edir ki, onlardan ən rentabelli və perspektivlisi Xəzər regionudur. Bu baxımdan Xəzər regionunun qaz tədarükçüləri olan Türkmənistan, Qazaxıstan, Azərbaycan və İrana ehtiyac artır. Hazırda Türkmənistan daha çox Asiya bazarlarına qaz nəql etsə də Cənub Qaz Dəhlizinə qoşulması xeyli aktuallaşıb. 2021-ci ilin noyabr ayında Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi də bunu reallaşdırmağa imkan verir. Gələcəkdə İranla Avropa arasında münasibətlərin normallaşması Xəzər regionunun qaz resurslarının daha böyük həcmdə Aİ bazarlarına nəqlini tezləşdirə bilər. Mənbə: İRNA (xəbər agentliyi)


Gerçəklik budur ki, Avropanın qaz təchizatında Azərbaycanın yerləşdiyi Xəzər bölgəsinin əhəmiyyəti, eyni zamanda Xəzərin qaz resurslarının Qərbə nəqlində aparıcı lider ölkə kimi respublikamızın nüfuzu artmaqdadır.
Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarınnı Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. (Mənbə: eia.gov/todayinenergy)

Aparılan geoiqtisadi təhlillər onu deməyə əsas verir ki, Xəzər bölgəsinin kifayət qədər irihəcmli yanacaq ehtiyatlarının Qərbə daşınmasında Azərbaycan üzərinə məsuliyyət və yük düşür. Respublikamız təkcə öz ehtiyatlarını deyil, Xəzəryanı ölkələrin də resurslarını Avropaya nəql edə bilər. Bir sözlə, Azərbaycan həm də regionu Qərbə bağlaya biləcək iqtisadi gücdür.