“Global Firepower” araşdırma mərkəzi 2021-ci il üçün ölkələrin hərbi güclərini müəyyənləşdirib. Təşkilatın hesablamalarına görə, 138 ölkənin yer aldığı siyahıda Azərbaycan 63-cü pillədədir.
Faktyoxla Lab. bu siyahının nə qədər ədalətli olduğunu araşdırıb.
Öncə onu qeyd edək ki, Xorvatiyanın 62-ci, Qazaxıstanın 64-cü yerdə olduğu siyahının formalaşdırılması zamanı tam, əhatəli yanaşma olmadığını iddia etmək üçün tutarlı səbəblər var.
Məsələn, elə götürək Qazaxıstan ordusu ilə Azərbaycan ordusunu siyahıda yanaşı olması faktını. Əslinə qalsa, Qazaxıstan tərəfinin 2021-ci ilin yekunlarına aid hesabatında Orduda inkişaf, təminat, gücün artması haqda onlarla, yüzlərlə yazılar, hesabatlar verilir. “Qazaxıstan2050 strategiyası”nda nəzərdə tutulan müddəalara inansaq Orta Asiyada ən güclü ordu saymaq olar. Amma reallığa gələndə, qarşıya konkret tələb qoyulanda həmin proqram və tezislərin, göstəricilərin bir əhəmiyyət daşımadığını görürük. Yanvarın əvvəlində Qazaxıstanda baş verən ixtişaşlar zamanı bu ölkənin ordusunun hansı peşəkar xüsusiyyətlərə malik olduğu bilindi. Ordu, demək olar ki, bir qrup təxribatçıya təslim oldu.
“Qazaxıstan ordusu 2022-ci ilin yanvarında ölkədə baş verən iğtişaşlar zamanı ona verilən tapşırıqların öhdəsindən gələ bilməyib”. Bunu Respublika Prezidenti Qasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib. “Yanvar hadisələri zamanı silahlı qüvvələr son dərəcə qeyri-müəyyənlik və təşəbbüskar rəhbərliyin olmaması səbəbindən onlara verilən tapşırıqları ləyaqətlə yerinə yetirə bilmədi”, - Tokayev bildirib. O, müdafiə naziri Murat Bektanovun tutduğu vəzifədən azad edilməsi qərarını da “komandirlik keyfiyyətləri nümayiş etdirməməsi” ilə izah edib. (Mənbə)
Yaxşı, deyək ki, analitik mərkəz reytinq araşdırmalarını Qazaxıstanda baş verən hadisələrə qədər aparıb. Ona görə də, bu ölkənin ordusu ilə bağlı yanlışlığa yol verilib.
Bəs, Xorvatiyanın da siyahıda Azərbaycanla yanaşı olması necə, anlaşılandır? Xorvatiya ordusunun sonuncu dəfə hansı hərbi əməliyyat keçirdiyini xatırlayan tapılmaz. Ən yaxşı halda NATO Qüvvələri tərkibində hansısa bölgədə obyektlərin qorunması ola bilər.
Maraqlıdır ki, siyahının müəyyən olunmasında şübhə yaradan məqam təkcə Xorvatiya və Qazaxıstan ordularının Azərbaycan ordusuna tay tutulması deyil. “Global Firepower” Ermənistan ordusunu siyahıda 97-ci yerdə qeyd edib. 44 günlük müharibədə Azərbaycanın darmadağın etdiyi ordu bizim ordumuzdan cəmi 31 pillə geridə qərarlaşıb. Amma burada tamam başqa, özü də olduqca qəribə fakt var ki, ona mütləq diqqət ayırmaq vacibdir. Məsələ burasındadır ki, araşdırma mərkəzinin fikrincə, Ermənistan ordusu xeyli inkişaf edib. 44 günlük müharibədən əvvəl 112-ci yerdə olan bir ordu əvvəlcə 100-cü, daha sonra isə 97-ci pilləyə qaldırılıb.
Diqqət edək: 97-ci pilləyə qaldırılan ordunun azı 10 min zabit və əsgəri barədə fərarilik, Vətənə xəyanət, korrupsiya, silah-sursatla ehtiyatsız davranma, hərbi sursatı atıb-qaçma və digər maddələrlə cinayət işi açılıb. Bir dövlətin ki, sərhədləri başqa bir dövlət tərəfindən qorunur, hansı peşəkarlıqdan, hansı ordudan, hansı reytinqdən söhbət gedir?
Halbuki dünyanın bir çox hərbi ekspertləri, regionşünasları, politoloqları Azərbaycanı regionun ən güclü dövləti və Ordusu olan dövlət kimi qəbul edirlər. Con Hopkins Universitetinin Xarici Siyasət İnstitunun baş elmi işçisi, professor Taras Kuzionun hazırladığı məqalədə Azərbaycanın hərbi gücü və regionda güclü siyasi aktor olması 3 amillə qeyd olunur.
Birincisi, bu, Türkiyənin Azərbaycan zabitləri və elit hərbi birləşmələri üçün keçirdiyi NATO standartlarına uyğun təlimlərlə bağlıdır. Belə ki, təkcə 2019-cu ildə, yəni 44 günlük müharibənin başlamasına bir il qalmış Türkiyə ilə Azərbaycan arasında 13 birgə təlim keçirilib. Bu təlim və uğurlu hərbi təcrübə Azərbaycan silahlı qüvvələrini NATO standartları ordusuna çevirib.
İkincisi, İsrail və Türkiyədən külli miqdarda yüksək texnologiyalı hərbi texnika alıb. Azərbaycan İsrail və Türkiyədən müvafiq olaraq ikinci və dördüncü ən böyük hərbi texnika idxalçısıdır.
Üçüncüsü isə, Azərbaycan XXI əsrin Ordusuna malikdir, Ermənsitan isə XX əsrdə qalıb.
Azərbaycan Ordusu haqda əksər xarici mənbələrdə yetərli qədər məlumat əldə etmək olar. Bundan başqa Ermənistan və Azərbaycan Ordularının müqayisəli təhlilinə də rast gəlmək mümkündür
Yekunda bir sitatı da diqqətinizə çatdıraq: “Türkiyə-Azərbaycan-İsrail oxunun Böyük Yaxın Şərqdə regional təhlükəsizliyi inkişaf etdirmək üçün hələ də böyük potensialı var. ABŞ və NATO Azərbaycana əsas qeyri-NATO müttəfiqi statusu verməklə bu oxun meydana çıxmasını tanımalıdır ki, bu da Bakı üçün Vaşinqtondan təhlükəsizlik sahəsində əməkdaşlıq və hərbi yardım almaq imkanlarını açacaq. Artıq İsrail, Misir, İordaniya, Tunis və Küveyt bu statusa malikdir. Türkiyə və İsrail uzun müddətdir orta ölçülü hərbi güclər kimi tanınır. Artıq yeni bir hərbi güc - Azərbaycanın da onların oxuna qoşulduğunu anlamaq vaxtıdır”.
Yəni, fərq bu qədər böyükdür.
“Global Firepower” nəşrinin dərc etdiyi cədvəl “hərbi gücün reytinqi” adlanır, yəni burada əsas meyar kimi ölkənin döyüş potensialı götürülür. Nəşr reytinq indeksini 50-dən çox müxtəlif göstəricilər əsasında tərtib etdiyini bildirir. Əsas meyar olaraq orduların şəxsi heyətinin, tankların, gəmilərin, təyyarələrin və digər hərbi texnikanın sayı ilə yanaşı, onun maliyyələşdirilmə səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu, yanacaq-sürtgü məhsullarının ehtiyatı və ordunun döyüş effektivliyinə təsir edən digər amillər nəzərə alınır.
44 günlük müharibədən sonra Ermənistan ordusunda bu bəndlərin hansı biri üzrə inkişaf olub? Bəs bu müddətdə Azərbaycan Ordusu nəyə nail olub? Azərbaycan Ordusu Vətən müharibəsində sərf etdiyi hərbi sursatın yerini tamamilə doldurub. Yeni aviasiya vasitələri əldə edilib. Üstəlik, ən müasir silah və sursatların alınması üçün bir neçə müqavilə bağlanıb. Yeni qoşun növü, ordu birliyi və Komando hissələri yaradılıb və bu proses davam edir. Qarabağda və Şərqi Zəngəzurda mühüm hərbi infrastruktur layihələri həyata keçirilib.
İşğaldan azad olunan ərazilərdə Ordunun manevr imkanlarını artırmaq üçün 700 km müasir yol çəkilib, 3 hava limanı inşa olunur. Müharibədən keçən il yarım ərzində bu qədər qlobal iş görən bir Ordunu araşdırma mərkəzi görmür və Azərbaycan reytinq siyahısında yerində “sayır”. Əvəzində isə 10 min əsgər və zabitinə, hətta Azərbaycanın humanistlik edərək qaytardığı əsirlərə qarşı da cinayət işi qaldırılan Ermənistanda ordunun inkişaf etdiyi iddia olunur. Hətta Ermənistan Ordusunun rəhbərləri, generallar da belə bir institutun artıq fəaliyyət göstərmədiyini deyirlər.
Ermənistanın eks baş naziri Qrant Baqratyan mətbuata açıqlamasında etiraf etmişdi ki, “Bizim ordunun 80% yoxdur, o məhv edilib. Ordu yoxdur, bu məğlubiyyət deyil, bu iflasdır” (Mənbə)
O ordunun inkişafından danışılır ki, onun əsgərləri Azərbaycanla sərhəddə hətta çadır da tapa bilmirlər daldalanmaq üçün. Necə deyərlər, cəngəllik sakinlərinin yararlandığı üsuldan istifadə edirlər, qamış və budaqlardan sığınacaq düzəldirlər erməni əsgərləri.
Bu araşdırmadan belə nəticəyə gəlmək olar ki, “Global Firepower” siyahısı elan edilən kriteriyalar üzrə hazırlanmayıb, məlumatlar tutarlı faktlara deyil, ümumi, statistik göstəricilərə əsasən tərtib olunub, peşəkar yanaşmadan çox, xoşgörülük üstünlük təşkil edib. “Global Firepower” hər kəsə bəlli olan faktları görməzlikdən gəlməklə, həm də öz araşdırmasının peşəkarlığına ciddi xələl gətirir. Nüfuzlu hərbi araşdırma mərkəzi kapitulyasiya aktına imza atmış Ermənistan ordusuna görə nüfuzunu niyə zərbə altına qoysun ki?