Məlum olduğu kimi Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamına əsasən, 2022-ci il 1 yanvarın 1-dən etibarən əmək pensiyalarının sığorta hissəsi 3,4 faiz indeksasiya edilib, həmçinin sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulub. Beləliklə, indeksasiya və yardım faizi ilə birlikdə ölkə üzrə pensiyaların artımı təxribən 9-10 faiz təşkil edəcək. Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək. Beləliklə, ötən ilin sonlarından tətbiq edilən və 2 milyon vətəndaşı əhatə edən sosial paketin əsas prinsipləri – qlobal bazarlarda baş verən kəskin qiymət artımlarının Azərbaycan vətəndaşlarının sosial həyatına mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutan qabaqlayıcı tədbirlər 1,1 milyon nəfər pensiyaçıya da şamil edilməklə paketin toplam sosial qruplar üzrə əhatə dairəsi 3 milyon nəfəri ötmüş oldu.

 

Dövlətin son dövrlərdə sosial tədbirlərini sərt tənqid edən, təbir caizsə, gözdən salmağa çalışan ekspert rəylərinə də rast gəlindi. Belə ki, ekspertlərdən Qubad İbadoğlu, Natiq Cəfərli, Nemət Əliyevin pensiya artımları ilə əlaqədar rəyləri diqqətimizi cəlb edib.

Faktyoxla Lab. Qeyd edilən ekspertlərin pensiya artımı ilə əlaqədar səsləndirdikləri fikirlərin ədalətli olub-olmadığını yoxlayıb.

Qubad İbadoğlunun iddiası-1. İki mənbə üzrə, yəni həm indeksasiya, həm də maddi yardım əmsalı əsasında pensiya artımı 1 pensiyaçı üçün ayda orta hesabla 24 manat təşkil edəcək. 

Bizim şərh: Müxtəlif sosial qruplar üzrə pensiya məbləğlərini nəzərə alsaq artım 24 manatla məhdudlaşmayacaq, “24 manat” ən az pensiya alanların artım məbləğidir. Ölkəmizdə ən aşağı, yəni minumum pensiya 240 manatdır. 240 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla indeksasiya məbləği (240X3,4=8,16 manat) və yardım məbləği (200/12=16,7 manat) birlikdə 25 manata yaxın təşkil edir. Bu isə 240 manat pensiya alan vətəndaşımızın pensiyasının orta hesabla 11 faiz artması deməkdir. 300 manat pensiya alan vətəndaşların isə pensiyası indeksasiya faizi (300X3,4=10,20 manat) və maddi yardımla (200/12=16,7 manat) birlikdə təxminən 27 manat artmış olacaqdır. Ölkədə orta aylıq pensiyanın məbləği hazırda 343 manata bərabərdir. (Mənbə)


Bu o deməkdir ki, orta pensiya məbləğini nəzərə aldıqda ölkə üzrə pensiyaların artımı indeksasiya üzrə 11,7 manat (343X3,4=11,7 manat), maddi yardım üzrə (200/12=16,7 manat) 16,7 manat olmaqla ümumilikdə 28,5 manat təşkil edəcək.

Qubad İbadoğlunun iddiası-2. İndeksləşdirmə və 200 manatlıq maddi yardım hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına şamil olunmur.

Bizim şərh:
Dövlət başçısının yeni Sərəncamı qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Bununla bağlı Nazirlər Kabinetinə həmin kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə  2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Məlumat üçün bildirək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq. (Mənbə)
Bundan başqa, İbadoğlunun “pensiyaçılara 200 manatlıq  maddi yardım  yalnız 2022-ci il üçündür” fikri də həqiqəti əks etdirmir. Sözügedən sərəncamın 2.1.1. maddəsində qeyd edilib ki, maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflər hazırlansın. Yəni, növbəti ildə də pensiyaların artımında maddi yardım düsturunun tətbiqi davam etdiriləcəkdir. (Mənbə)
Eyni zamanda, hökumətin bəyanatından və niyyətindən aydın görünür ki, pensiyaçıların sosial müdafiəsi təmin edilərkən inflyasiya göstəricisi əsas götürüləcək və qiymət artımı yüksək olduğu təqdirdə davamlı olaraq pensiyalara yardım paketi əlavə olunacaq.

Q.İbadoğlunun iddiası-3.  Əgər biz sosial şəbəkələrdə təşviqat, təbliğat işləri aparmasaydıq, hökumət 200 manat əlavə ödənişi də nəzərdə tutmazdı.

Bizim şərh: Q. İbadoğlu bunu qəbul etməlidir ki, “200 manat yardım” ümumi sosial paketin bir hissəsidir, bu niyyəti isə hökumət hələ 2021-ci ilin oktyabr ayında elan etmişdi. Hökumət ötən ilin sonlarında bəyan etmişdi ki, pensiyaların məbləği orta hesabla 10 faiz artırılacaq. 2021-ci ilin sonlarından bəlli idi ki, ölkədə orta aylıq əmək haqqının illik artım faizi 10 faizə çatmayacaq və istehlak qiymətləri indeksindən 2-3 dəfə aşağı olacaq. Əmək pensiyalarının sığorta hissəsinin orta aylıq əməkhaqqının artım tempinə uyğun hesablanması nəzərə alınsaydı təbii ki, artım faizi inflyasiyadan 2 dəfə az olacaqdı. Ona görə də hökumətin müvafiq qurumları dekabr ayından bunu proqnozlaşdıraraq həm inflyasiya artımlarının, həm qlobal bazardakı bahalaşmanın ölkəyə təsirləri və s. faktorlarıın fonunda pensiya artımım daha ədalətli düsturunu müəyyən etmək üçün digər mexanizmlərin tətbiqini nəzərdə tuturdu. 200 manat həcmində illik, 50 manat rüblük pensiya əlavəsi də bu ssenarilərə əsasən müəyyənləşdi. Yəni, hökumət heç bir halda sosial mediada bahalaşma və inflyasiya təsirləri və digər amillərlə bağlı təşviqata əsaslanaraq bu addım atmayıb, mövcud qlobal amillər və daxili bazardakı qiymət dalğalanmalarını nəzərə alaraq bu sosial tədbirləri gerçəkləşdirdi.

Qubad İbadoğlunun iddiası-4: Hökumətin pensiyaçılara 200 manat maddi yardım verməsinin arxasında enerji daşıyıcılarının qiymətlərinin, kommunal xidmətlərin tariflərinin və nəqliyyatda gediş haqqlarını bahalaşdırılması dayanır.
Bizim şərh. İbadoğlu bu fikirləri yazmazdan əvvəl dövlət başçısının “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamındakı əsas bəndlərlə tanış olsa, nə qədər yalnışa yol verdiyini özü də dərk edər. Həmin sərəncamda qeyd edilib ki, 200 manat yardım beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq və əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. 
Hökumətin qiymət artımlarının pensiyalara təsirini yumşaltmağı hədəf seçdiyi halda, kommunal xidmətləri bahalaşdırması hansı dərəcədə əsaslı ola bilər?
Onu da unutmaq lazım deyil ki, enerji daşıyıcıları və kommunal xidmət tariflərinə ötən ilin oktyabrında dəyişiklik edilib və 2022-ci ildən tətbiq edilən sosial paketin məğzi-məzmunu da məhz həmin tarif dəyişikliyi sayəsində yaranmış əlavə xərcləri qarşılamaqdır. Hazırda sosial siyasət birbaşa artan xərclərin kompensasiya edilməsinə yönəldiyi təqdirdə, “tariflərin artırılması” iddiası adi şagird məntiqilə yanaşdıqda belə, gülünc görünür.


REAL Partiyasının katibi, iqtisadçı Natiq Cəfərlinin pensiya artımına dair rəyi də təəccüb doğurur.

Natiq Cəfərlinin iddiası: Hökumət pensiyaçılara daha az pensiya vermək üçün indeksləşmənin formulunu dəyişərək daha qənaətli pensiya sisteminə keçib. Sitat:“Azərbaycanda 2016-cı ilə qədər maaş və təqaüdlərin indeksləşdirilməsi rəsmi inflyasiya rəqəmləriə uyğun aparılırdı. 2015-də baş verən devalvasiyalar inflyasiyanı kəskin artırdı, 2016-cı ilin rəsmi inflyasiya rəqəmi 12,1% oldu, bunu görən hökumət indeksləşmənin formulunu dəyişdi – 2016-cı ildən sonra maaş və təqaüdlərin indeksləşməsi illik nominal gəlir, əməkhaqqı artımının səviyyəsinə uyğun aparılmağa başlandı ki, insanlara daha az kompensasiya ödəmək mümkün olsun. Yəni, hökumətin əsas istəyi insanlara veriləcək indeksləşmənin azaldılması, qənaət edilməsi idi – çünki, əməkhaqqının nominal illik artımı hər il 3% civarında olurdu. İndi də təqaüdlərin indeksləşməsini elan etdilər, 3,4% indeksləşmə olacaq, yəni, 300 manat təqaüd alan indi 310 manat 20 qəpik təqaüd almalıdır”. 

Bizim şərh: Birincisi hökumət, indeksasiyanın formulunu dəyişməyib, fərdi uçot sisteminin tətbiqi ilə əlaqədar olaraq əmək pensiyaları 2 metodoloji düstura- illik orta aylıq əmək haqqı faizinə və illik inflyasiya göstəricisinə uyğun indeksləşdirilir. Pensiya kapitalı inflyasiyaya uyğun indeksləşdirildiyindən vətəndaşın pensiya kapitalı da buna uyğun artır. İkincisi, əmək pensiyalarının birbaşa sığorta hissəsinin bir neçə il əvvəlki düsturla, yəni indeksləşdirilmə əsasında deyil, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun artırılması da birbaşa vətəndaşların sosial mənafeyinə xidmət edir. Yəni, burada vətəndaşa heç də daha az kompensasiya ödəmək niyyəti deyil, əksinə daha yüksək artımı təmin etmək məqsədi əsas götürülüb və bu, özünü tamamilə doğruldub. Son illərdə orta aylıq əməkhaqqının artım tempi orta illik inflyasiyadan həmişə 3-4 dəfə çox olub. 2021-ci il istisnadır, qlobal ərzaq inflyasiyası bütün dövlətlərdə, o cümlədən Azərbaycanda illik qiymət indekslərini artırdı. Lakin  ötən illərdə həmişə inflyasiya səviyyəsi əməkhaqqından aşağı qeydə alınıb. Məsələn, 2018-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2,3%, orta aylıq əmək haqqı  isə 7,6 artıb. (Mənbə). Yəni, əməkhaqqı inflyasiyanı 3 dəfə üstələyib. 2019-cu ildə orta aylıq əməkhaqq 16,6 faiz artıb, inflyasiya 2,6 faiz olub. (Mənbə). Bu dəfə orta aylıq əməkhaqqı inflyasiyanı 6,4 dəfə üstələyib və həmin il pensiyalar 16,6 faiz artırılıb. 2020-ci ildə isə inflyasiya 2,8%, orta aylıq əməkhaqqı artımı isə inflyasiyadan 4,4 dəfə artıq oldu (11,4 faiz) və pensiyalar da bu rəqəmə uyğun indeksləşdirilərək 11,4 faiz artırıldı.  (Mənbə)


Göründüyü kimi 2021-ci il istisna olmaqla, hər il Azərbaycanda orta aylıq əməkhaqqı inflyasiyanı 4-5 dəfə üstələyib. Əgər pensiya və təqaüdlərin artımı N.Cəfərlinin tərif etdiyi inflyasiya rəqəmi əsasında indeksasiya olunsaydı, demək vətəndaşlar daha 4-5 dəfə daha az pensiya artımı ilə əhatə olunacaqdı. Onun iddiasının əksinə olaraq, hökumət pensiyaçılara daha az kompensasiya ödəmək niyyəti deyil, əksinə büdcədən artımla bağlı daha çox vəsait xərcləyir. Və sosial ədalət prinsipi və sosial rifah nöqteyi-nəzərindən pensiyaların artımının ən səmərəli mexanizmi məhz orta aylıq əməkhaqqının nominal illik faiz düsturudur.
Yuxarıda vurğuladıq ki, 2021-ci ilin istisna olduğundan, hökumət inflyasiyanın orta aylıq əməkhaqqını 2 dəfə üstələməsini nəzərə alaraq aradakı fərqi kompensasiya etmək məqsədilə yeni bir düsturun tətbiqinə qərar verdi, bütün növ pensiyaçıların pensiyalarına illik 200 manat yardım olundu.


AXCP-çi iqtisadçı Nemət Əliyevin iddiası: Ötən il inflyasiya 12 faiz olduğundan pensiyaların yeni artım fazini üstələyir. Sitat: “Rəsmi statistikaya görə 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak malları 12%, o cümlədən qida məhsulları 16,2% bahalaşıb. Reallıqda isə bahalaşma faizini təxminən 35-40% səviyyəsində təsəvvür edin. 35-40%-lik bahalaşma hara, 8,4%-lik pensiya artımı hara? 8,4%-lik pensiya artımı ilə dekabrdakı 12%-lik rəsmi bahalaşma səviyyəsini kompensasiya etmək mümkün deyilsə, 35-40%-lik bahalaşma faizini kompensasiya etmək heç mümkün deyil. Odur ki, əmək pensiyalarının artırılması haqqında prezident sərəncamı pensiyaçıların pisləşmiş alıcılıq qabiliyyətini bərpa etmək, onların problemlərini yerindən tərpətmək gücündə deyil


N.Əliyev rəqəmlərə diqqətlə baxsa görər ki, ötən il istehlak qiymətləri indeksi 12 faiz deyil, 6,7 fazi artıb. (Mənbə)  Onu da qeyd edək ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, növündən asılı olmayaraq bütün əmək pensiyaları 9-10 faiz məbləğinə artıb və bu rəqəm rəsmi inflyasiyanı 3,4 faiz üstələyir.