“BBC News Azərbaycan”  işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının tikintisinə diqqət çəkərək iddia edir ki, həmin aeroportlar turizmlə bağlı uğurlu nəticələrin əldə edilməsinə imkan verməyəcək, onların da taleyi Zaqatala, Qəbələ və Lənkəran beynəlxalq hava limanları kimi ola bilər. Yazıda qeyd olunur ki, hazırda Azərbaycanda beynəlxalq aeroportlardan yalnız Bakı, Gəncə və Naxçıvana beynəlxalq və yerli uçuşlar həyata keçirilir. Uçuşların 97 faizi Bakı Beynəlxalq Hava limanının payına düşür.

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Əvvəla, pandemiyanın son 2 ildə bütün ölkələrin beynəlxalq uçuşlarına hansı zərərlər vurduğu hamıya məlumdur. 2020-2021-ci illərdə aeroportlardakı, xüsusilə də region aeoroportlarındakı fasilələr təkcə, Azərbaycana deyil, bütün dünya ölkələrinin aviakampaniyalalarına xarakterik hal kimi qeydə alınıb. Dünyanın ən nüfzulu beyin mərkəzlərindən olan “McKinsey” şirkətinin apardığı təhlillərə əsasən, koronavirus pandemiyası bütün ölkələrin mərkəzi və regional aviaparklarına ağır zərbə vurmaqla yüz milyonlarla dollar zərərlərlə üzləşməsinə səbəb olub. Hava məkanlarının bağlanması, zəruri reyslər istisna olmaqla bütün uçuşlarıln dayandırılması nəticəsində 2020-ci ildə aviadaşıyıcıların qlobal maliyyə itkisi 168 milyard dollar təşkil edib. (Mənbə)

Pandemiyadan əvvəlki ildə, yəni 2019-cu ildə Azərbaycanda bütün hava limanlarından, o cümlədən Zaqatala, Qəbələ və Lənkərandakı aeroportlardan müxtəlif xarici ölkələrə, xüsusilə də Moskvaya, İstanbula, Sankt-Peterburqa  beynəlxalq uçuşlar həyata keçirilib. 2019-cu ildə Azərbaycanın beynəlxalq hava limanlarında sərnişinlərin sayına görə rekord göstərici qeydə alınıb, il ərzində sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib. Sərnişin sayının artımı təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeydə alınmayıb, Gəncə (154 min, 10% artım) və Lənkəran (18 min sərnişin, 14,5% çox) hava limanlarında sərnişin axını müşahidə olunub

Həmin ildə daşınmış 5, 56 milyon nəfər sərnişinin 4,73 milyon nəfərinin daşınması  paytaxtın hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən həyata keçirilib, qalan 1, 17 milyon sərnişin regionlardakı aerportların payına düşür. Bu o deməkdir ki, ümumi sərnişin sayının78 faizi Bakıdakı hava limanının, qalan 22 faizi isə regionlardakı aeroportların payına düşüb.  

Beləliklə, məlum olur ki, BBC-nin iddia etdiyi, uçuşların 97 faizinin  Bakıdakı hava limanı vasitəsilə həyata keçirilməsi haqda məlumat səhvdir.

Pandemiyanın təsirlərinin aradan qalxdığı dövrdən, yəni 2021-ci  ilin ortalarından etibarən isə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hava nəqliyyatının işindəki fasilələr tədricən aradan qalxıb, uçuşlar bərpa olunmağa başlayıb. Həmçinin, bölgədəki aeroportlar öz əvvəlki iş qrafiklərinə qayıdıb. 2022-ci il yanvarın ortalarından Qəbələ-Moskva aviareysi bərpa olunub.

Statistikaya görə, dünya ölkələrinin ərazi və əhali nisbətinə əsasən, təxminən orta hesabla 200-250 min nəfərə bir hava limanı düşür. Azərbaycanda isə bu rəqəm xeyli azdır: 1,5 milyon nəfərə bir aeroport. Ərazisi 41,5 min kv.metr olan (Azərbaycandan 2,2 dəfə az), əhalisi isə 17 milyon nəfər olan Niderlandda 15 beynəlxalq tipli hava limanı mövcuddur. Cəmi 12 min kv.metr ərazisi, 260 min əhalisi olan Mərcan dənizində yerləşən kiçik ada dövləti Vanuatu Respublikasında 32 aeroport var. 


Ərazisi Azərbaycandan 3,5 dəfə az olan Solomon adalarında 41 aeroport fəaliyyət göstərir. Yaxud ölkəmzidən 2-3 dəfə ərazicə böyük olan, heç bir qlobal tranzit və turizm cəlbediciliyi olmayan Qanada 30 hava limanı inşa edilib. Ərazisi Azərbaycandan 8 dəfə böyük olan Fransada 134 hava limanı var ki, ölkəmizlə müqayisədə bu 20 dəfə çoxdur. Yaxud, ərazisi ölkəmizdən cəmi 4 dəfə böyük olan Böyük Britaniyada 128 hava limanı fəaliyyət göstərir. Ərazisi Azərbaycandan 2,5 dəfə az olan Yaponiyanın 94 beynəlxalq əhəmiyyətli hava gəmilərini qəbul edən uçuş zonası vardır. Yaxud Konqoda 56, Qabonda və Mozambikdə 42, Myanmada və Salomon adalarında 41,  İslandiya və Marşal adaları kimi kiçik ada ölkələrində 39, Hondurasda 35, Namibiyada 34, Tanzaniya və Burkino-Fasoda 30 hava limanı inşa edilib. Həmçinin, Cudan, Nigeriya, Laos, Mavritaniya, Zambiya, kimi ölkələrdə 23 hava limanı mövcuddur. Hətta Somalidə 21 hava limanı fəaliyyət göstərir. Azərbaycan hava limanlarının sayı, ərazisinin ölçüsünə görə dünyada 189-cu yerdə qərarlaşan cırtdan ölkə Seyşel adaları ilə eyni cərgədə dayanır. Seyşel adalarının cəmi 92 min əhalisi var. Bu ölkənin əhalisi Azərbaycanın Füzuli rayonunun əhalisindən 30 min nəfər, ərazisi 459 kv.metr olmaqla 3,4 dəfə azdır. Ancaq bu ölkədə 6 hava limanı var. Yəni, hər 15 min nəfərə 1 hava limanı düşür. Azərbaycanda isə Qarabağda və Şərqi-Zəngəzurda inşa edildikdən sonra hər 1 milyon nəfərə 1 hava limanı düşəcək.

Göründüyü kimi, Azərbaycan dünyada hava limanlarının sayı az olan ölkələrdən biridir. Bu səbəbdən regionlarda, xüsusilə də işğaldan azad edilmiş bölgələrdə beynəlxalq aeroportların inşası vacibdir. Həmin ərazilərdə tikilən hava limanlarında sərnişin axınının gözlənilən qədər olmayacağı ehtimalını irəli sürənlərin isə bu fərziyyələri də məntiqli deyil. İlk növbədə, anlamaq lazımdır ki, Qarabağ və Şərqi-Zəngəzur bölgəsi hərbi-strateji zonadır, Ermənistan kimi təcavüzkar ölkə ilə sərhəddə yerləşir və aeroportlar həm də hərbi-strateji dövlət maraqlarına xidmət edir. Dünya praktikasında mülki hava limanların bəzən hərbi məqsədlər üçün istifadə edildiyi sirr deyil. (Mənbə) Bu baxımdan Qarabağdakı hava limanlarının Lənkəran və yaxud Zaqataladakı aerportlardan fərqli olaraq həm də milli hərbi təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi nəzərdə tutulub.

Azad edilmiş ərazilərin kasad turizm infrastrukturu olması barədə iddialara gəldikdə isə, bu,  Qarabağın iqlim və ekoturizm imkanları haqqında təsəvvürləri olmayan şəxslərin düşüncələridir. Prezident İlham Əliyevin Qarabağa son səfəri zamanı Kəlbəcərdə “İstisu” sanatoriyası, “İstusu” mineral zavodunun əsası qoyuldu. 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Eyni zamanda, bu ərazidə zəngin təbiəti ilə üstün olan İstisu qəsəbəsi inşa olunur. Bu isə bölgəyə müalicə məqsədi üçün gələnlərlə yanaşı turistlərin axını üçün böyük fürsət yaradır. Turistlər üçünsə ən zəruri şərtlərdən biri rahat və daha az vaxtı təmin edən yol infrastrukturudur. Laçındakı limanından Kəlbəcərə 60 kilometr məsafə var və limandan Kəlbəcərə cəmi 40-45 dəqiqəyə çatmaq mümkün olacaq.

Eləcə də Laçın rayonu təbii gözəlliyinə, iqlim xüsusiyyətlərinə və sərvətlərinə görə, bölgənin ən unikal mərkəzlərindən biridir. Laçında iri turizm komplekslərinin, xüsusilə də qış turizm infrastrukturlarının, hotellər şəbəkəsinin yaradılması, meşə qoruğunun salınması və digər imkanlar bu rayonun da turizm əhəmiyyətini artırır. Beləliklə, Laçın hava limanı həm də bu rayona cəlb olunacaq xarici qonaqların, turistlərin çatdırılmasını təmin edəcək.

Qarabağda inşa olunan hava limanları həm də daşınma və logistika-nəqliyyat zənciri potensiallarının yaradılmasına xidmət edir. Hazırda Çinin müəllifi olduğu “Bir kəmər Bir yol” qlobal marşrutunun ən rahat qollarından biri  Azərbaycan ərazisi hesab edilir.  Füzuli və Zəngilan hava limanları Zəngəzur dəhlizinin üzərində yerləşir və bu limanların regional nəqliyyat tranzitlərinə qovuşmasını şərtləndirir.
Eyni zamanda, Araz İqtisadi Zonasının, digər biznes modellərinin yaradılması, Türkiyə, İsrail, Rusiya, Cənubi Koreya, İtaliya və digər xarici ölkələrə məxsus investorların Qarabağ və Şərqi-Zəngəzurda sərmayə layihələri icra etməsi, istehsal, emal, xidmət, ticarət şəbəkələri infrastrukturlarının yaradılması bu bölgənin Cənubi Qafqazın nəhəng ticarət-sənaye-logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Həmin mal və xidmətlərin fasiləsiz digər region ölkələrinə daşınmasını həyata keçirmək üçün həm əsas nəqliyyat ağırlığı da Füzuli və Zəngilan hava limanlarının üzərinə düşəcək.

Nəticə:

- BBC-nin iddia etdiyi, uçuşların 97 faizinin  Bakıdakı hava limanı vasitəsilə həyata keçirilməsi haqda məlumat səhvdir

- Azərbaycanda hava limnalarının sayı dünya ölkələri ilə müqayisədə çox azdır və yeni limanların inşası ehtiyaclardan doğan tələbdir.

- Füzuli və Laçın hava limanları isə nəqliyyat infrastrukturu olmaqla yanaşı hərbi-strateji dövlət maraqlarına xidmət edir