ADR Hərəkatının sədri Qubad İbadoğlu işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Zəngilanın Ağalı kəndində salınmış “Ağıllı kənd”də qaz təchizatının nəzərdə tutulmadığını, bu məqsədlə “Azəriqaz”ın heç bir iş görmədiyinə dair iddia ilə çıxış edib. Sitat: “Ağıllı kənd” yalnız korrupsiya layihəsi deyil, həm işğaldan azad olunan ərazilərdə məskunlaşmanı ləngitməyə, həm də daxildə qaz istehlakını azaltmağa xidmət edir. Burda məqsəd daxildə qaza artan tələbatı yavaşıtmaq və Avropaya daha çox qaz satmaqdır. Sonuncu hədəfə çatmaq üçün məcburi köçkünlər hələ də əvvəlki yerlərində yaşamaq məcburiyyətində qalacaq, hər il 100-200 ailə yurduna köçürülməklə qayıdış görüntüsü yaradılacaq. Elə ona görə də işğaldan azad olunmuş ərazilərdə Azərenerji, Azərsu fəaliyyətə başlasa da Azəriqaz orda əsaslı iş görmür”.


Faktyoxla Lab. Q.İbadoğlunun iddiası nə qədər əsaslı olduğunu araşdırıb. Həqiqətənmi “Azəriqaz” azad edilmiş ərazilərdə qaz çəkilişi ilə bağlı heç bir iş görmür? Yaxud, doğrudanmı hökumət həmin ərazilərin tələbatı üçün nəzərdə tutulan qazı Avropaya satmaq niyyətindədir?

Əvvəla, onu deyək ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və kommunal xidmət infrastrukturlarının yenidən qurulması ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında digər dövlət orqanları ilə yanaşı, “Azəriqaz" İstehsalat Birliyinin fasiləsiz çalışdığını təsdiq edən kifayət qədər foto-videofaktlar, əsaslı dəlillər vardır. Sözügedən qurum həmin ərazilər azad edildikdən sonra təxirəsalınmaz şəkildə qaz infrastrukturlarının bərpası və yenidən çəkilişi işlərinə başlayıb. Qurum tərəfindən, ilk növbədə, bu ərazilərdəki infrastruktur şəbəkləri və boru xətləri inventarlaşdırılıb, bu məqsədlə xüsusi komissiyalar və işçi qrupları yaradılıb. (Mənbə)

“Azəriqaz” müvafiq dövlət qurumları ilə birlikdə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərin təsdiq edilmiş Baş Planına uyğun olaraq, bütün rayonların sənaye və əhali kateqoriyası sxemi əsasında qaz xətlərinin çəkilişi ilə bağlı layihələr hazırlayaraq zəruri infrastrukturların təminatına başlayıb. Ötən dövr ərzində ilk növbədə, yaşayış məntəqələrinin yeri, quruluşu, sxemi müəyyən edilərək Şuşa şəhərinin, Ağdam rayonun, eləcə də digər ətraf bölgələrdəki müəyyənləşən yaşayış məntəqələrinin qazlaşdırılması layihələri hazırlanıb. (Mənbə


2021-ci ilin sonlarında təsdiq edilmiş Proqrama əsasən, “Azəriqaz” ilkin mərhələdə Ağdam rayonunun, ikinci mərhələdə Şuşa istiqamətində ərazilərin, Xocavənd rayonunun, növbəti mərhələdə Zəngilan, Cəbrayıl rayonlarının və ən sonuncu mərhələdə isə Kəlbəcər, Laçın rayonlarının qazlaşdırılmasını həyata keçirməkdədir. Eyni zamanda, cari ildə iş planına əsasən, “Azəriqaz” Zəngilanda, o cümlədən də Ağalı kəndindəki “Ağıllı” kəndin qaz xətlərinin çəkilişi işlərini davam etdirməkdədir.

Fakt budur ki, işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması işlərinə bir ildən artıqdır ki, start verilib və bu proses mərhələli şəkildə bütün yaşayış məntəqələrinin hər birini əhatə edəcəkdir. Ona görə də, Q.İbadoğlunun bu mövzuda iddialarının heç bir əsası yoxdur, onun fikirləri tamamilə yalandır.

Q.İbadoğlunun digər bir iddiası – azad edilmiş ərazilər üçün nəzərdə tutulan qazın Avropaya satılması barədə fikirlərinə də aydınlıq gətirək.

Azərbaycanın mövcud qaz hasilatının illik həcmi hazırda 44 milyard kub.metrdən artıqdır, 2021-ci qaz hasilatı 18,1% artaraq 43,9 milyard kub.metrə çatıb. 2022-ci ildə hasilatın ən azı 45 milyard k.metr olacağı gözlənilir. Hasil edilən qazın təxminən 8 milyard k.metri Xarici neft konsorsiumları tərəfindən “Azəri-Çıraq-Günəşli” və digər yataqlara neft və kondensant istehsalı üçün laylara vurulur. Ölkəmizdə əhalinin və sənayenin birlikdə təbii qaza olan tələbatına isə təxminən 11-12 milyard k.metr qaz sərf olunur. Həmin yanacağın təxminən 55-58%-i, yəni 6,8-7 milyard kub.metri əhali abonentlərinin təminatına yönəldilir. Ölkə üzrə qaz abonentlərinin sayı təxminən 2 milyon 222 min nəfərdir. (Mənbə)

Əhali abonentlərinə ilin 6 ayında, yəni payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr qaz sərf edilir. Bu rəqəmi yuvarlaqlaşdıranda bir gün ərzində əhaliyə düşən orta rəqəm 18,7 milyon k.metr qaz sərfiyyatına bərabərdir. Bir abonentə ildə düşən qazın həcmi isə təxminən 2500-2900 k.metr təşkil edir. Ölkəmizdə il ərzində 44 milyard, gündəlik isə 122 milyon k.metr qaz hasil olunduğunu nəzərə aldıqda əhaliyə bir gündə sərf olunan qazın həcmi ümumi hasilatda cəmi (122:18,7 =6,5) 6,5 % təşkil edir. Bu onu göstərir ki, ümumi yanacaq balansında əhali qrupunun istehlakını təmin etmək çox asandır.

İşğaldan azad edilmiş ərazilərin abonentlərinin sayına gəlincə, bu rayonların əhalisinin sayı 700-800 min nəfərə bərabər olduğundan həmin bölgə üzrə ümumi abonentlərin sayı təxminən 150-170 min nəfər təşkil edir. Bu isə ölkə üzrə ümumi abonentlərin 7 faizi deməkdir. Bir əhali abonentinin illik tələbatı üçün təxminən 2500-2900 kub.metr qaz tələb olunduğunu nəzərə aldıqda, həmin rayonlarda məskunlaşacaq bütün abonentlərin cəmi illik tələbatı üçün 400-450 milyon kub.metr qaz lazım olacaq. Bu, hazırda Azərbaycanda hasil edilən təbii qazın 0,9 faizi deməkdir. Cənab İbadoğlu, cəmi 0,9%! Yəni, işğaldan azad edilmiş ərazilərin sakinlərini qazla təmin etmək üçün ölkədə hasil edilən 4 günlük qaz kifayət edir.


Azərbaycanın Avropaya qaz nəqlinə gəlincə, Aİ-yə yanacaq ixracı “Şahdəniz-2” layihəsi hesabına təmin olunur. Bunun daxili tələbat mənbələri ilə heç bir əlaqəsi yoxdur, daxili tələbata yönəldilən qaz SOCAR-ın istehsal etdiyi və xarici konsorsiumun “Azəri-Çıraq-Günəşli” yataqlarından Azərbaycan hökumətinə verdiyi səmt qazıdır. SOCAR-ın hər il qaz hasilatını artırması daxili tələbatın tamamilə ödənilməsinə 100 faiz kifayət edir, üstəlik qaz anbarlarında artıq yanacaq qalır.
“Şahdəniz” yatağının ehtiyatları isə hər kəsə bəllidir, ildən-ilə qaz hasilatı artır. Bunun nəticəsidir ki, Azərbaycan xarici ölkələrə ötən il 19,5 milyard kub.metr qaz nəql edib. Yanacağın 10 milyard k. metri Türkiyəyə, 2 milyard k.metri Gürcüstana, qalan 8 milyardı isə Avropa regionu ölkələrinə yönəldilir. Avropaya nəql olunacaq əlavə qazın mənbəyi isə “Şahdəniz-2” yatağından hasil ediləcək əlavə qaz həcmləri olacaq. Bu yataqda hasilat davamlı olaraq qarşıdakı bütün illərdə yüksələn xətt üzrə gedəcək və Aİ-yə ixrac olunan yanacağın 20 milyard k.metrə qədər artmasına səbəb olacaq. (Mənbə)
Göründüyü kimi Azərbaycan Avropaya qaz nəqlini məhz “Şahdəniz-2” hesabına artıracaq və bunun yerli tələbat mənbələrinə, “AÇG” və SOCAR-ın hasilat quyularına, daha da sadələşdirsək əhalinin payına heç bir aidiyyatı yoxdur. 

Bütün bu, əsaslı iqtisadi göstəricilər və proqnozlar da təsdiqləyir ki, öz yurdlarına geri dönən keçmiş məcburi köçkünləri qazla təmin etmək üçün kifayət qədər mənbələr var.

Beləliklə,

♦ İşğaldan azad edilmiş ərazilərin qazlaşdırılması işlərinə bir ildən artıqdır ki, start verilib və bu proses mərhələli şəkildə bütün yaşayış məntəqələrinin hər birini əhatə edəcəkdir. Ona görə də, Q.İbadoğlunun bu mövzuda iddialarının heç bir əsası yoxdur, onun fikirləri tamamilə yalandır.

♦ Onun, azad edilmiş ərazilərin payına düşən qazın Avropaya satılması barədə ittihamları ucuz manipulyasiyadır və heç bir əsası yoxdur.