AXCP sədri Əli Kərimli bildirib ki, bəzi ölkələr əhalinin kommunal xidmət və rabitə xərcləri üzrə borclarını silir, vətəndaşlara sosial dəstək xarakterli müxtəlif proqramlar icra edir. Sitat: “Türkiyədə hökumət 6 milyon insanın elektrik, qaz və suya görə olan 30 milyard lirəlik borcunu sildi. Gürcüstan hökuməti də 245 min insanın karantin rejimini pozmaqla bağlı (maska və s.) cəriməsini silmişdi. Almaniya hökuməti xalqın cəmisi 7.5 faizlik inflyasiyadan zərər görməməsi üçün 48 milyon almana 28 milyard avro vergi güzəşti edib, uşaq pulunu artırıb. Belə nümunələr dünyada çoxdur”.
Kərimli iddia edir ki, Azərbaycan hökuməti isə vətəndaşların sosial müdafiəsi yönündə heç bir addım atmır, güzəşt və sosial dəstək tədbirləri həyata keçirmir.

Faktyoxla Lab.
digər ölkələrdə və Azərbaycanda hökumətlərin vətəndaşlar və sahibkarlarla bağlı müxtəlif tipli sosial dəstək proqramlarının əhatə dairəsi, həmin sosial güzəştlərin maliyyə tutumu, tədbirlərin səmərəliliyini araşdıraraq AXCP sədrinin dediklərini analiz edib.

İlk növbədə, Türkiyədə vətəndaşların kommunal xidmət və elektrik enerjisi istehlakı üzrə borclarının silinməsi barədə məsələnə diqqət yetirək. Bu ölkədə aztəminatlı ailələri nəzərdə tutan sosial dəstək proqramı hələ ötən ilin sonlarından hazırlanıb və uzun müddətdir ki, üzərində aparılan işlərdən sonra bu günlərdə parlamentə təqdim olunması təklif edilib. Yalnız təklif edilib. Təxminən 6 milyon vətəndaşı əhatə edəcək dəstək paketi bütün borcları deyil, indiyə qədər müxtəlif kommunal xidmətlər üzrə ödənişləri yerinə yetirə bilməyən vətəndaşların borclarını nəzərdə tutur. Bütün borcları deyil! Maliyyə və xəzinədarlıq naziri Nurəddin Nəbati bildirib ki, borcların əhəmiyyətli hissəsi elektrik, su, təbii qaz və telefon abunə borcları təşkil edir. Mənbə
Paket ümumilikdə 2 istiqaməti əhatə edir. Birinci istiqamət, icra prosesində olan 2500 lirəyə qədər (təxminən 260 AZN) borcların ləğvini nəzərdə tutur və bu dəstəkdən 1 milyona yaxın vətəndaş yararlanacaq. Yəni, dövlət həmin insanların icra prosesində olan borcunu öz üzərinə götürərək kommunal xidmət təşkilatlarına ödəyəcək. İkinci istiqamət isə 5 milyona yaxın vətəndaşın 2 min lirəyə qədər borcunun icradan çıxılmasını nəzərdə tutur. Bu istiqamət üzrə vətəndaşların yığılmış borcları debitor borclar kimi kommunal xidmət göstərən təşkilatların mühasibat uçotunda xərc kimi nəzərə alınaraq onların büdcəyə ödədiyi vergilərdən çıxılacaq. Yəni, dövlət 2022-ci ildə həmin kommunal xidmət təşkilatlarının vergilərinin bir qismini silmiş olacaq. Mənbə
Türkiyə hökumətinin bu proqramı əslində amnistiyadır və dövlətin həmin kommunal xidmət təşkilatlarına öz xəzinəsindən maliyyə dəstəyi göstərməsi deməkdir. Türkiyənin hazırda dövlət büdcəsinin xərcləri 1 trilyon 750  milyard lirə təşkil edir. Beləliklə, hökumətin hazırda planladığı paketin həcmi 30 milyard lirə olmaqla ümumi büdcə xərclərinin 1,7 faizini təşkil edəcək.

Gürcüstan hökumətinin 2021-ci ildə qəbul etdiyi karantin cərimələri ilə bağlı paketin maliyyə tutumu isə 76 milyon lari - təxminən 25 milyon dollar təşkil edir. Mənbə
Bu, Azərbaycan manatı ilə cəmi 42 milyon manata bərabərdir, yaxud Gürcüstanın ümumi büdcə xərclərinin 0,4 faizindən də azdır

Almaniya ilə bağlı fikirlərə yekunda aydınlıq gətirəcəyik.

Əlbəttə, qardaş ölkədə və yaxud Gürcüstanda, digər ölkələrdə sosial xarakterli tədbirlərin görülməsini müsbət addım kimi qiymətləndirmək olar, qlobal iqtisadi böhran şəraitində insanlara az da olsa yardım məqsədi daşıyır. Ancaq məsələ ondadır ki, həmin xarakterli sosial tədbirləri Azərbaycan hökuməti daha genişmiqyaslı və irihəcmli maliyyə tutumlu paketlərlə, daha davamlı şəkildə həyata keçirib və bu proses davam etməkdədir.
Təəssüf ki, Ə.Kərimli yaxın tarixin gerçək sosial-iqtisadi həqiqətlərini xatırlamaq istəmir, Azərbaycan hökumətini sosial dəstək paketləri həyata keçirməməkdə ittiham edir.
Gəlin qısa xronologiya üzrə ölkəmizdə icra olunmuş müxtəlif sosial-iqtisadi xarakterli güzəşt və dəstək paketlərinə nəzər salaq.

Birincisi, əhalinin kommunal xidmət, o cümlədən su, qaz və s. xidmətlər üzrə borclarının silinməsi ilə bağlı dəstək paketlərini hazırlayan və icra edən ilk dövlətlərdən biri məhz Azərbaycandır. Hökumət 2009-cu ildə qlobal iqtisadi böhran zamanı ilk dəfə eyni məzmunlu dəstək tədbirləri həyata keçirib. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2009-cu il tarixli “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Fərmanına əsasən, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə yaranmış 327 milyon manat məbləğində borcları silinib


Həmin dövrdə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri təxminən 10,5 milyard manat, sosial xərclərin büdcədə payı 3 milyard manata bərabər idi. Sosial güzəşt isə büdcə xərclərinin 3,2 faizini, sosial xərclərin 10 faizini təşkil etmişdi. Demək, Azərbaycan hələ 13 il əvvəl ilk kommunal xidmət amnistiyasını icra etməklə büdcənin 3,2 faizini bu istiqamətə yönəldi. Türkiyə Gürcüstanın müvafiq göstəricilərinə bir daha diqqət yetirin və fərqi özünüz görün.  

İkincisi, Azərbaycan hökuməti növbəti kommunal amnistiyanı 2011-ci ildə həyata keçirib. Azərbaycan Respublikasının Prezidentinin 8 aprel 2011-ci il tarixli “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borclarının silinməsi haqqında” Fərmanına əsasən, əhalinin həmin xidmət üzrə yaranmış 294,2 milyon manat məbləğində borcları silindi
Bu da həmin dövrdə dövlət büdcəsi xərclərinin təxminən 2,9 faizlik xərclərinə bərabər vəsait demək idi.

Üçüncü, növbəti sosial dəstək paketi 2012-ci ildə reallaşdı, Prezident İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli fərmanına əsasən, müvəkkil bank olan “Kapital Bank” ASC tərəfindən 1 milyon 33 min əmanətçiyə 420 milyon manatdan çox fərdi birdəfəlik ödəmələr həyata keçirildi. Bu, həmin dövrdə büdcə xərclərinin 4 faizi demək idi. Əmanətçilərə ödəmələr 2012-ci ilin iyun ayından başlayaraq 2013-cü il dekabrın 31-dək nəzərdə tutulsa da, hökumət maliyyələşməni cəmi 1 il müddətində icra etdi. Azərbaycan əmanətlərin qaytarılmasını icra edən digər postsovet ölkələrindən fərqli olaraq maliyyələşməni ən qısa müddətdə başa çatdırdı, Rusiya və Qazaxıstanda bu proses 5 ildən artıq bir müddət apardı. Beləliklə, Azərbaycan MDB-nin heç bir ölkəsində reallaşmayan layihəni - əmanətlərin qaytarılmasında indeksasiyadan daha çox, sosial yardım mexanizmini tətbiq etməklə dünyada ən mükəmməl model yaratdığını nümayiş etdirdi.


Dördüncü,
bu siyasətin davamı olaraq hökumət 2017-ci ildə vergi və maliyyə amnistiyası tətbiq etdi. Prezident İlham Əliyev tərəfindən “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun təsdiqlənməsi sayəsində vergiləri vaxtında ödəməmiş sahibkarların hesablanmış faizlər üzrə bütün borcları silindi.
2017-ci il yanvar 1-dən qüvvəyə minən qanuna əsasən, ümumilikdə 45 min vergi ödəyicisinin 386,4 milyon manat məbləğində vergi borcunun silinməsi təmin olunub. Həmin vəsaitin 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aid olub
Beşinci, ölkəmizdə ən böyük sosial və maliyyə amnistiyasından biri 2019-cu ildə dövlət başçısı tərəfindən (fevralın 28-də) imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, həyata keçirilmiş irihəcmli dəstək paketi hesab edilə bilər. 
Ümumilikdə təqribən 2 milyondan artıq əhalini əhatə edən həmin amnistiya sayəsində vətəndaşların dollar kreditləri üzrə borcları dövlət tərəfindən ödənildi. Dövlət bu prosesə 900 milyon manata yaxın vəsait ödədi ki, bu da həmin dövrdə büdcə xərclərinin 4,4 faizi demək idi.

 
Altıncı, 2019-cu ildə qəbul edilmiş 2 sosial paket nəticəsində isə ölkə əhalisinin 48,8 faizi dövlətin sosial dəstək tədbirləri ilə əhatə olundu. Həmin 2 sosial paket nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz artırılıb. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri 50 faiz, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. Nəticədə həmin ildə əməkhaqqı fondu 43 faiz, median (orta) əməkhaqqı 52 faiz artaraq 800 min insanın əməkhaqlarının 50 faizdən çox artmasına səbəb olub. Ümumilikdə, 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfəri əhatə etməklə, illik maliyyə yükü 3 milyard manatdan çox olub. Bu, həmin ildə qəbul edilmiş dövlət büdcəsinin xərclərinin 12,5  faizi deməkdir. Mənbə
Yeddinci,
2020-ci ildə pandemiya dövründə Nazirlər Kabineti tərəfindən hazırlanmış Sosial dəstəklə bağlı Tədbirlər Planına əsasən, ayrılan vəsait ilk mərhələdə 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələdi. Bu, dövlət büdcəsi xərclərinin 15 faizindən çox vəsait deməkdir.
Həmin proqramın istiqamətləri məlum olduğundan təfərrüatlarını açıqlamağa ehtiyac duymuruq. Sadəcə onu vurğulamağı lazım bilirik ki, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir icra edildi ki, bu da 2,3 milyon insanı əhatə etdi
Səkkizinci,
vətəndaşlara kommunal xidmətlərlə bağlı güzəşti nəzərdə tutan digər bir qərar qəbul edildi. Pandemiya dövründə əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılaraq 400 kilovat-saat müəyyən edildi.
Doqquzuncu, hökumətin növbəti sosial dəstək proqramı 2021-ci ildə qəbul edilən 3-cü sosial paketi oldu. Həmin paketin icra olunması sayəsində minimum əmək haqqı 250 manatdan 300 manata qaldırıldi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları orta hesabla 20-30 faiz artırıldı. Müavinət və təqaüdlərin, pensiyaların məbləği 20-25 faiz civarında artırıldı. Əlilliyi olan şəxslərin müavinətləri və Prezidentin aylıq təqaüdünün məbləği 1-ci qrup üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə  üzrə 110 manatdan 120 manata çatdırıldı, Müharibə ilə əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manata qaldırıldı. Beləliklə, müharibə əlillərinin əmək pensiyası da hesablanmaqla onlara verilən ümumi məbləğ orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat təşkil etdi. Bundan başqa, bütün növ müavinətlər, hərbi qulluqçuların aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları da 20 faiz artırıldı.
Beləliklə, ötən il qəbul olunmuş 3-cü sosial paket çərçivəsində 2 milyondan çox insanın pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərində əhəmiyytli artımlar oldu. Bu məqsədlə büdcədən əlavə 1,7 milyard manat vəsait ayrılması təmin edildi.

Hökumət hazırda növbəti iqtisadi və sosial xarakterli layihələr üzərində çalışır, yeni maliyyə amnistiyasına hazırlaşır. Dövlət Vergi Xidməti indiyə qədər uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaratmaq məqsədilə əmlak və kapital amnistiyası layihəsi hazırlayır. Yaxın vaxtlarda qüvvəyə minməsi nəzərdə tutulan amnistiya dövlətin yürütdüyü iqtisadi siyasət prioritetlərinə əsasən, vergi ödəyicilərinin maliyyə borclarını üzərlərindən götürməklə onlara bir sıra təminatları əhatə edəcək. Mənbə


Ölkədə 1 milyondan çox vergi ödəyicisi olduğunu nəzərə alsaq, bu sosial-iqtisadi güzəşt paketi böyük bir biznes dairəsinin əhatə etmiş olacaq. Amnistiya ən azı 1 milyard manat kapitala vergi güzəşti deməkdir.
Əlbəttə, bunlar son deyil və hökumət yeni sosial tədbirlər paketinin qəbul olunması istiqamətində işləri davam etdirir. Ölkə başçısı bununla bağlı bir müddət əvvəl hökumət üzvlərinə tapşırıqlar verərək bildirib ki,növbəti ilin dövlət büdcəsində vətəndaşların sosial müdafiəsi ilə bağlı dsətək tədbirləri ön planda olmaldır və müvafiq layihə və proqramlar hazırlanmalı, icra edilməlidir. Sitat: “Gələn ilin büdcəsində - əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Ona görə baxın, təkliflər verin, hansı əlavə addımlar atıla bilər ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələləri həll olunsun”. Mənbə

Bu o deməkdir ki, yaxın aylarda büdcə müzakirələri zamanı növbəti sosial paket çərçivəsində vətəndaşların sosial təminatı ilə bağlı əlavə maliyyə vəsaitlərinin ayrılması təmin olunacaq.

Beləliklə, Əli Kərimlinin bəzi ölkələrin əhalinin kommunal xidmət və rabitə xərcləri üzrə borclarını silməsi, vətəndaşlara sosial dəstək xarakterli müxtəlif proqramlar icra etməsi haqda dediklərindən

- “Türkiyədə hökumət 6 milyon insanın elektrik, qaz və suya görə olan 30 milyard lirəlik borcunu sildi” iddiası yalandır, bu layihə hələ indi parlamentə təqdim olunub, qərarın nə olacağını yaxın vaxtlarda biləcəyik və layihənin tətbiqi ən yaxşı halda gələn ildən başlayacaq

- Gürcüstan hökumətinin 245 min insanın karantin rejimini pozmaqla bağlı (maska və s.) cəriməsini silməsinə gəldikdə bu ötən ilin sentyabrında baş verib. Həmin vaxt isə gürcüstanda parlament seçkiləri öncəsi idi. Müxalifət bu məsələni siyasiləşdirərək, hökuməti əhalini satın alması kimi qiymətləndirmişdi.

- Almaniyada 28 milyard avro vergi güzəşti və uşaq pulunun artırılması barədə fikirləri isə həqiqəti əks etdirmir. Birincisi, Almaniya uşaq pulunu artırmayıb, uşaqlar üçün müavinətlərdə artım növbəti ildə gözlənilir. İkincisi, vergi güzəşti ilə bağlı paket də hələ qəbul olunmayıb, hökumətdə müzakirə olunur və 2023-cü ilin yanvar ayından tətbiqi ehtimal edilir.

-Nəhayət, Azərbaycan hökuməti müxtəlif sosial xarakterli proqramlar çərçivəsində (kommunal xidmətlər, müxtəlif vergi və iqtisadi-sosial güzəştlər, vergi, maliyyə, kredit amnistiyaları və sosial paketlər) son 12 ildə vətəndaşlara 10 milyard manatdan çox sosial dəstək göstərib. Lakin Əli Kərimli bir dəfə də olsun bu haqda danışmır və ya danışmaq istəmir.